Month: August 2025

  • Lavrov: ABŞ Ukraynanın Rusiya ilə danışıqlara razılaşmasına töhfə verib

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın ABŞ Prezidenti Donald Trampın israrı ilə İstanbulda danışıqlara razılaşdığını bildirib.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, XİN başçısı bu barədə brifinqdə danışıb.

    Onun sözlərinə görə, ABŞ administrasiyası mövcud reallıqlardan xəbərdardır və Ukrayna böhranının köklü səbəblərini nəzərə almağa çalışır:

    “ABŞ Dövlət katibi Marko Rubio bu yaxınlarda məsuliyyətli yanaşmanı təsdiqləyərək açıq şəkildə bildirdi ki, ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurmaya heç vaxt yol verilməməlidir. Biz bununla tam razıyıq. Bu həm də Rusiya-Amerika dialoqu zamanı əldə olunan qarşılıqlı anlaşmanın nəticəsidir”.

    Lavrov həmçinin bildirib ki, Rusiya Ukraynaya siyasi və hərbi məsələlər üzrə işçi qruplar yaratmağı təklif edib və bununla bağlı rəsmi Kiyevdən cavab gözlənilir.

  • В Ширване отец и сын утонули в коллекторе

    Двое человек утонули в главном коллекторе, проходящем по территории города Ширван.

    Инцидент произошел на участке коллектора, проходящего через территорию города.

    По предварительным данным, в воде утонули отец и сын.

    В настоящее время водолазы-спасатели Министерства по чрезвычайным ситуациям Азербайджана проводят поисковые работы. Дополнительная информация будет предоставлена позже.

  • Baş Şirvan kollektorunda iki nəfər boğulub

    Baş Şirvan kollektorunda iki nəfər boğulub.

    Hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.

    Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc- xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.

  • Laçında 1,4 milyonluq söküntü

    Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi çərçivəsində söküntü işləri həyata keçiriləcək.

    Valyuta.az xəbər verir ki, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı tender elan edib.

    Söküntü işlərinin 1 491 654,68 manata başa gələcəyi proqnozlaşdırılır.

    Tender sentyabrın 9-dək davam edəcək.

  • “Google” ChatGPT dialoqlarınızı axtarış nəticələrinə çıxarır – Nələri bilməlisiniz?

    İnternetdə istifadəçilər diqqət yetiriblər ki, ChatGPT ilə aparılan bəzi söhbətlər artıq “Google” axtarış nəticələrində görünməyə başlayıb.

    Bu, xüsusilə ictimai keçidlə paylaşılmış dialoqlara aiddir. “OpenAI” isə bildirir ki, bu cür söhbətlər axtarış sistemləri üçün yalnız istifadəçi özü onu “ümumi” olaraq paylaşdıqda görünür.

    Niyə bu baş verir?

    “Fast Company” nəşrinin araşdırmasına görə, əgər “Google” axtarış çubuğuna site:chatgpt.com/share (açar söz) yazılsa, bir çox istifadəçi dialoqu açıq şəkildə görünür. Bu dialoqlarda şəxsi söhbətlər, iş sənədləri, proqram kodları və ya fərdi məlumatlar yer ala bilər.

    İnsanlar getdikcə daha çox ChatGPT-ni şəxsi psixoloq kimi istifadə edir və ailə problemləri, depressiya, hətta seksual həyatla bağlı detallar bölüşürlər. Bəzən ad, yaş, ünvan kimi identifikasiyaedici məlumatlar da daxil olur.

    Mütəxəssislər nə deyir?

    Mütəxəssislər vəziyyəti həyəcan siqnalı adlandırır və vurğulayırlar ki, ChatGPT saytında bu təhlükə ilə bağlı heç bir aydın xəbərdarlıq edilmir. İstifadəçilər çox vaxt söhbətlərinin gizli qaldığını düşünür, lakin “ümumi keçid” yaradılan anda bu söhbətlər axtarış sistemlərinin indeksinə düşür.

    ChatGPT-də söhbətlərinizi necə qorumaq olar?

    Əgər keçid vasitəsilə bir söhbəti paylaşmısınızsa, artıq o “ümumi” sayılır və axtarış sistemləri tərəfindən tapıla bilər. Bunun qarşısını almaq üçün:

    * ChatGPT ayarlarına daxil olun
    * “Verilərin idarə olunması” (Manage Data) bölməsinə keçin
    * “Paylaşılan keçidlər”i (Shared Links) açın
    * Hər bir ümumi keçidin yanında olan zibil qutusuna klikləyərək onu silin

    Əgər gələcəkdə bir söhbəti paylaşmaq istəyirsinizsə, keçid yaradarkən “ümumi et” seçimini aktiv etməyin. Belə olduqda, həmin dialoq axtarış sistemləri üçün əlçatmaz qalacaq – ən azı “OpenAI” belə vəd edir.
    //valyuta.z

  • Robot tarixdə ilk dəfə universitetə qəbul olundu

    Tarixdə ilk dəfə humanoid robot ölkənin aparıcı ali təhsil müəssisələrindən birində magistraturaya qəbul olunub.

    Valyuta.az bu barədə “South China Morning Post”a istinadən xəbər verir.

    “Xueba 01” (“Süeba” – Çin dilindən tərcümədə “əlaçı” deməkdir) adlı bu robot Şanxay Elm və Texnologiya Universiteti ilə texnologiya şirkəti “DroidUp Robotics” tərəfindən hazırlanıb. O, 14 sentyabr tarixindən etibarən Şanxay Teatr İnstitutunda drama və kino ixtisası üzrə ənənəvi Çin operasına fokuslanan dördillik magistr proqramında təhsil alacaq. Bu təşəbbüs 27 iyulda keçirilən Beynəlxalq Süni İntellekt Konfransı çərçivəsində elan edilən akademik təşəbbüsə daxildir.

    175 sm boyu və 30 kq çəkisi olan “Xueba 01” silikon dəri ilə örtülmüş insanabənzər üzü, mimika ifadələri və fiziki ünsiyyət imkanları ilə təchiz olunub. Robot artıq insan-maşın qarşılıqlı fəaliyyəti sahəsində potensialını nümayiş etdirib – aprel ayında Pekində keçirilmiş ilk humanoidlər arasında yarımmarafonda üçüncü yeri tutub.

    Təhsil müddətində “Xueba 01” teatr dərslərində iştirak edəcək, məşqlərə və səhnə tamaşalarına qatılacaq, həmçinin magistr dissertasiyası üzərində çalışacaq. Layihənin rəhbəri institutun professoru və rəssamı Yan Tsin-tsin olacaq.

    SCMP-nin məlumatına görə, robot artıq rəsmi tələbə bileti alıb. Sosial şəbəkələrdə isə “Xueba 01” təhsilini zarafatla belə şərh edib:

    “Professor Yan dedi ki, əgər ali təhsil almasam, məni muzeyə verəcəklər. Bu da pis səslənmir. Heç olmasa, incəsənət tarixinin bir hissəsi olaram”.

  • 1724-cü ildə yerə düşən meteoritdə unikal xüsusiyyətlərə malik material tapıldı

    Alimlər qeyri-adi kristal-şüşə istilik xüsusiyyətlərinə malik materialın mövcudluğunu təsdiqləyiblər. Bu material 1724-cü ildə Almaniyanın Ştaynbaş bölgəsinə düşən meteoritin tərkibində aşkarlanıb.

    Bu barədə “Interesting Engineering” məlumat yayıb.

    Söhbət silisium dioksidinin nadir forması olan tridimitdən gedir. Kolumbiya Universitetinin Fu Fondunun mühəndislik və tətbiqi elmlər fakültəsinin alimləri apardıqları araşdırmada bildiriblər ki, bu material istilik keçiriciliyinin ənənəvi qaydalarına tabe olmur.

    Tədqiqatçılar qeyd ediblər ki, tridimit geniş temperatur intervalında sabit istilik keçiriciliyini saxlayır. Bu xüsusiyyət elektron qurğuların və aerokosmik sənayenin inkişafı üçün faydalı ola bilər.

    Xatırladılıb ki, adətən kristalların istilik keçiriciliyi temperatur artdıqca azalır, şüşə isə əksinə – qızdıqca daha yaxşı keçirici olur. Bu kəskin fərq uzun illərdir ki, istilik tənzimləməsinin vacib olduğu sahələr üçün materialların optimallaşdırılmasına mane olurdu.

    Alimlər tridimitin istilik keçiriciliyinin temperaturdan asılı olmayaraq sabit qalacağını ehtimal ediblər. Bu fərziyyəni yoxlamaq üçün onlar 1724-cü ildə Almaniyanın Ştaynbaş bölgəsinə düşən meteoritdən götürülmüş tridimit nümunəsi ilə təcrübələr aparıblar.

    Təcrübələrin nəticələri alimlərin hipotezini təsdiqləyib: tridimitin atom strukturu kristal ilə şüşə arasında aralıq vəziyyətdədir və onun istilik keçiriciliyi 80 ilə 380 kelvin arasında praktiki olaraq dəyişməz qalır.

    Bundan əlavə, tridimitin Marsda da aşkarlandığı vurğulanıb. Onun xüsusiyyətlərinin öyrənilməsi planetin istilik tarixi barədə mühüm məlumatlar verə bilər.
    //qaynar.az

  • Alimlər kartofun əcdadını tapdı – Gözlənilməz kəşf

    Alimlər kartofun mənşəyinə dair gözlənilməz nəticəyə gəliblər: Bu bitki təxminən 9 milyon il əvvəl pomidorun əcdadından yaranıb.

    Qaynarinfo-nun “The Guardian”a istinadən məlumatına görə, son araşdırmalar göstərir ki, And dağlarında bitən vəhşi pomidor növləri Etuberosum adlı bitki ilə hibridləşərək yeni genetik birləşmə yaradıb. Bu proses nəticəsində tamamilə yeni bir bitki xətti – kartofun ilkin forması – meydana gəlib.

    “Cell” jurnalında dərc olunan araşdırmada alimlər 450 mədəni kartof növü və 56 vəhşi növün genomunu təhlil ediblər. Tədqiqatın müəllifi Çjiyan Çjan bunu “vəhşi kartofun ən böyük genom kolleksiyalarından biri” adlandırıb.

    Alimlərin fikrincə, kartof bədənindəki nişastalı yumruların yaranmasında iki gen əsas rol oynayıb: pomidorda aşkarlanan SP6A və Etuberosum bitkisində olan IT1. Bu genlər təkbaşına kifayət etmir, lakin birlikdə olduqda güclü bir mexanizm işə düşür və yeraltı gövdələrin yumru formalı, nişastalı orqanlara çevrilməsinə səbəb olur.

    Bu qida ilə zəngin orqanlar kartofun And dağlarının yüksələn iqlim şəraitində inkişaf etməsinə imkan verib. Bitkilər yeni şəraitə uyğunlaşaraq yayıldıqca, müxtəliflikdə əhəmiyyətli artım baş verib. Yerli xalqlar daha böyük və yeyilə bilən yumrulara malik növləri seçərək onları əhliləşdiriblər.

    London Təbiət Tarixi Muzeyinin botaniki doktor Sandra Knapp qeyd edib: “And dağlarında yerli xalqların yüzlərlə kartof növü var. Avropada isə bəlkə də cəmi beş növ mövcuddur və onların hamısı eyni növə – Solanum tuberosuma aiddir”.

    Kartof XVI əsrdə ispan gəmiləri ilə And dağlarından Avropaya gətirilib. Əvvəllər insanlar ona şübhə ilə yanaşırdı – torpaq altında yetişir, Bibliyada adı çəkilmir və qeyri-adi görünüşə malik olub. Lakin qidalandırıcı dəyəri və çətin şəraitə dözümlülüyü sayəsində kartof tezliklə Avropada və dünyanın bir çox yerində əsas qida məhsuluna çevrilib.

  • Gecə baş verən təbii fəlakətlər niyə daha ölümcül olur?

    Araşdırmalar göstərir ki, sel və qasırğa kimi təbii fəlakətlər gecə baş verdikdə daha ölümcül olur. 

    Qaranlıq, yuxuda reflekslərin zəifləməsi və vizual təsdiqin çətinləşməsi kimi amillər müdaxiləni çətinləşdirir.

    Gecə risk kəskin artır

    Aparılan tədqiqatlara görə, təbii fəlakətlər gecə saatlarında daha çox insan itkisinə səbəb olur. Xüsusilə ani sel hadisələri zamanı bu risk daha da artır. 

    Məlumatlara əsasən, seldən qaynaqlanan ölümlərin yarıdan çoxu gecə baş verir. Ani daşqınlar zamanı isə bu göstərici 75 faizədək yüksəlir. Təkcə sel deyil, qasırğa, fırtına və meşə yanğınları kimi digər fəlakət növləri də gecə şəraitində daha ölümcül olur.

    Gecə xəbərdarlıqları daha çətin qəbul edilir

    Mütəxəssislər bildirir ki, gecə saatlarında edilən xəbərdarlıqların daha az hiss edilməsi əsas səbəblərdən biridir. Villanova Universitetindən coğrafiyaçı Stefan Streder hesab edir ki, yalnız siren səsinə və ya ailə üzvündən gələn zəngə güvənmək kifayət deyil. 

    Onun fikrincə, mobil şəbəkədən asılı olmayan, milli fövqəladə hallar sisteminə bağlı işləyən hava durumu radioları bu baxımdan həyati əhəmiyyət daşıyır. Bəzi ekspertlər bu cihazların gecə saat 3-də belə insanları oyadaraq hərəkətə keçirmə gücündə olduğunu vurğulayır.

    Reflekslər zəif, yön tapmaq çətindir

    Ancaq xəbərdarlıq edilsə belə, gecə insanların bu xəbərdarlıqlara tez reaksiya verməsi hər zaman mümkün olmur. Yuxudan oyanmaq, yön tapmaqda çətinlik, nə baş verdiyini anlamağa çalışmaq kimi faktorlar hərəkət imkanlarını azaldır. 

    Bundan əlavə, qaranlıqda ətrafda nələrin baş verdiyini müşahidə etmək çətinləşir. Bəzi insanlar təhlükənin miqyasını anlamadan çölə çıxır, lakin sel və ya fırtınanın gücünü gecə vizual olaraq qiymətləndirmək demək olar ki, mümkün deyil. Bu səbəbdən bəzi sürücülər suyun səviyyəsini görmədən avtomobilləri ilə dərin daşqın sahələrinə girə bilirlər. Görünüşün məhdud olması təxliyə və xilasetmə əməliyyatlarını da ləngidir.

    Sürətlə baş verən fəlakətlərdə vəziyyət daha da pisləşir

    Gecə saatlarının yaratdığı əlavə risklər, xüsusilə ani və sürətlə inkişaf edən fəlakətlərdə daha qabarıq görünür. Məsələn, 4 iyul səhəri Texasın Kerr qraflığında Qvadalupe çayı cəmi 45 dəqiqədə səkkiz metr qalxmışdı. Belə hadisələrin sayı iqlim dəyişikliyi ilə artan intensiv və ani yağışlara görə çoxalmağa davam edir.

    Yanğınlar üçün də gecə artıq təhlükəsiz deyil

    Əvvəllər sərin hava və rütubət meşə yanğınlarının gecə zəifləməsinə səbəb olsa da, bu təbii üstünlüklər artıq təsirini itirir. 2003–2020-ci illər arasında gecə başlayan yanğınların qlobal səviyyədə 7 faiz artdığı müəyyən edilib. Bəzi yanğınlar isə səhər saatlarında daha da sürətlənə bilir. 

    Los-Ancelesdə baş vermiş İton yanğını buna nümunədir. Quru bir yanvar gecəsi başlayan bu yanğında bəzi sakinlər yalnız tüstü evlərinə dolduqda və ya xilasedicilər pəncərələrə döyəndə oyana bilmişdi.

    Tornado ölümləri gündüz azalır, gecə isə artır

    Araşdırmalar göstərir ki, gündüz saatlarında tornado səbəbilə baş verən ölüm halları zamanla azalsa da, gecə baş verənlərdə bu meyil əksinədir. Şimali İllinoys Universitetindən fəlakət coğrafiyaçısı Volker Eşli hesab edir ki, bu vəziyyəti təkcə qaranlıqla izah etmək olmaz. Onun fikrincə, gecənin yaratdığı idrak və ətraf mühit çətinlikləri bir yerdə riski artırır.

    Sadə tədbirlərlə risklər azaldıla bilər

    Eşlinin fikrincə, bəzi sadə tədbirlərlə bu risklər azaltmaq mümkündür. Məsələn, hər kəsin bir hava durumu radiyosuna sahib olması və pis ssenarilər üçün əvvəlcədən plan hazırlanması həyatda qalma şansını ciddi şəkildə artırır. 

    “Məlumata çatmaq üçün bir neçə vasitəniz olsun” deyən Eşli hazırlıqlı olmanın vacibliyini belə vurğulayır: “Ən güclü hortumda belə, düzgün məlumat və sürətli reaksiya ilə sağ qalmaq mümkündür”.
    //qaynar.az

  • “MoreCup”da 143 manatlıq oğurluğa görə 2,6 il həbs

    Yasamal rayonu Hüseyn Cavid prospekti 28E ünvanında fəaliyyət göstərən “More Cup” adlı kofe şopda oğurluq baş verib.

    Qaynarinfo-nun məlumatına görə, kofe şopdan 128 manat nağd pul və 15 manat dəyərində fincan oğrulanıb. Kofe şopa ümumilikdə 143 manat maddi ziyan dəyib.

    Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü ( Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdərmirovun sədrliyi ilə aparılıb. Müttəhim verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, kofe şopdan yalnız pul oğurlayıb.

    Məhkəmənin hökmü ilə ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.