Month: August 2025

  • Qalmaqallı kosmetoloqla bağlı məhkəmə qərarı

    Nərimanov Rayon Məhkəməsi bu il iyunun 25-də kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində ekspertiza təyin edib.

    Median.Az Teleqraf-a istinadla xəbər verir ki, ekspertiza “Nitq fəaliyyəti məhsullarının tədqiqi” ilə bağlı olub.

    Ekspertiza Elnarə Rzayeva tərəfindən sosial şəbəkədə Rüfət Nigar Rüfət qızı barədə təhqiramiz ifadələrini araşdırıb.

    Aparılan tədqiqat bu nəticəyə gəlib ki, Elnarə Rzayeva tərəfindən “dr.elnaraest” adlı profildə paylaşılmış yazılarda qarşı tərəfin əməllərində cinayət hallarının təsvirinə yönəlmiş məlumatlar, həmin şəxslərin insanlara qarşı Çin istehsalı olan zəhərli dərmanlar tətbiq etdikləri, süni gellər vuraraq şikəst etdikləri, haram (qanunsuz) pullar qazandıqları, E.Rzayevanı öldürmək istədikləri öz təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli məlumatlar kimi qiymətləndirilə bilər.

    Həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi isə hüquqi araşdırmaya aiddir, ekspert-linqvistin səlahiyyətlərinə aid deyil.

    Elnarə Rzayevaı tərəfindən “dr.elnaraest” adlı profildə paylaşılmış yazılarda təhqir xarakterli söz və ifadələr müəyyən edilib.

    Qeyd edək ki, bir neçə ay öncə Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Ramiz qızı Rzayevanı məhkəməyə vermişdilər.

    İddiaçılar müxtəlif vaxtlarda məhkəməyə müraciət etmiş, apelyasiya şikayəti vermişdilər.

    Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət alıb, 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilib. Rəna Soltanova və Nigar Rüfətin iddiası üzrə daha bir məhkəmə bu il fevralın 14-də yekunlaşıb.

    Hakim Ramin Quliyevin sədrliyi ilə keçirilən prosesdə yeni qətnamə çıxarılıb.

    Elnarə Rzayevanın üzərinə iddiaçılar Rəna Soltanova və Nigar Rüfətin ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin yayıldığı İnstaqram internet platformasında öz durumu (profili) vasitəsilə üzr istəməsi vəzifəsi qoyulub.

    Həmçinin Elnarə Rzayevaya iddiaçılara qarşı eyni davranışların edilməsi qadağan olunub. Mənəvi zərərə görə 500 manat pul Elnarə Rzayevadan tutularaq iddiaçılara ödənilməsi barədə də qərar verilib.

  • Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı

    Londonda Azərbaycanla bağlı turizm şirkəti yaradılıb.

    Bu barədə Valyuta.az-ın əldə etdiyi eksklüziv məlumatda bildirilib. Məlumata görə, “Azerbaijan Travel LTD” adlı yeni şirkət Böyük Britaniyada qeydiyyata alınıb. Şirkət bu il avqustun 20-də Böyük Britaniyanın “Şirkətlərin dövlət reyestr orqanı” tərəfindən təsdiqlənərək məhdud məsuliyyətli özəl şirkət statusu qazanıb.

    Yeni şirkətin hüquqi ünvanı Docklands Business Center, 10-16 Tiller Road, London olaraq göstərilib. Şirkət turizm fəaliyyəti ilə məşğul olmağı planlaşdırır.

    Təsisçi və yeganə səhmdar isə 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Fatimə Ağayevadır. O, şirkətin 100% səhminə sahib olub, həm də direktor kimi qeydiyyata alınıb.

    Qeyd edək ki, 2020-ci ildən sonra Böyük Britaniyanın “Şirkətlərin dövlət reyestr orqanı” Ağayev/ Ağayeva soyadlı bir neçə şirkəti dövlət qeydiyyatına alıb. Onların arasında Fərəh Ağayeva, Maya Ağayeva, Jalə Ağayeva və başqaları var. Lakin Fatimə Ağayevanın onlarla qohumluq əlaqəsi barədə rəsmi təsdiq yoxdur.

  • Avropa ölkəsi məktəbli qızlara hicab taxmağı qadağan edir

    Avstriya hakimiyyəti bu payızda 14 yaşından kiçik qızların məktəblərdə hicab taxmasına qadağa qoymağı planlaşdırır.

    Qaaynarinfo xəbər verir ki, bunu “Austria Presse Agentur”a açıqlamasında respublikanın gənclər, ailə, Avropa İttifaqı və inteqrasiya üzrə naziri Klaudiya Plakolm deyib.

    “Mənim üçün söhbət hansısa dinin nümayəndələri ilə bağlı deyil, 14 yaşına qədər çadranın yeri olmamasından gedir”, deyə rəsmi bildirib və İslam dinində də belə bir tələbin olmadığını qeyd edib.

    Plakolm əlavə edib ki, hicabla bağlı rəsmi qadağa ilə yanaşı, tələbələrə psixoloji yardım göstəriləcək, o cümlədən, zəruri hallarda valideynlərlə söhbət də aparılacaq. Bundan əlavə, məktəb uşaq və gənclərin hüquqlarının müdafiəsi agentliklərini cəlb edə bilər.

  • Ötən il həbs edilən cərrah azadlığa buraxıldı

    Külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 3 il 6 aylıq həbsə məhkum edilmiş cərrah Azad Hüseynzadə azadlığa buraxılıb.

    Ali Məhkəmə belə qərar qəbul edib.

    Hakimlər 67 yaşlı məhkumun cəmiyyətdən təcrid olunmadan da islah ola biləcəyini əsas gətirib. Bundan əlavə, onun 1-ci və 2-ci Qarabağ müharibələrində ön cəbhədə iştirak etməsi və yaşı da müstəsna hal kimi nəzərə alınıb.

    Qərara əsasən, Azad Hüseynzadənin qalan 17 aylıq cəza müddəti şərti hesab edilib və o, dərhal azadlığa buraxılıb.

    Qeyd edək ki, A.Hüseynzadə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləyib. O, əməliyyat etdiyi qadının ölümündən sonra cinayət məsuliyyətinə cəlb edilib. Prokurorluqda aparılan araşdırma nəticəsində cərrahın korrupsiya cinayətinin də üstü açılıb.

    Bu iş üzrə son 2 ildə müxtəlif instansiyalar fərqli qərarlar çıxarıb. Belə ki, 2023-cü ilin yayında A.Hüseynzadəyə xəstənin ölümünə səbəb olma maddəsindən bəraət verilib. O, külli miqdarda rüşvət almaqda təqsirli bilinərək məhkəmə zalında 3 il 6 aylıq həbs olunub. Dörd ay sonra isə apellyasiya instansiyası onu azadlığa buraxıb. Lakin həmin qərar da prokurorun protesti ilə ləğv edilir. 2024-cü ilin avqustunda apellyasiya instansiyası cərrahı yenidən əvvəl təyin edilmiş müddətə həbsə göndərib.

  • Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi

    Bakıda hava limanında Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xanım əməkdaşına söz atan 62 yaşlı şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1963-cü ildə Bakı şəhərində anadan olmuş P.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb.

    Məlum olub ki, P.D. 14 ildən çoxdur aeroporta Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gələn vətəndaşlara pul müqabilində köməklik göstərib.
    Təqsirləndirilən şəxsin orada G.V. adlı xanımdan xoşu gəlib. P.D. məhkəmədə G.V.-dan xoşu gəlsə də, onu narahat edəcək heç bir hərəkətə yol vermədiyini deyib.

    Amma Hava Nəqliyyatında Baş Gömrük İdarəsinədə gözətçi işləyən şəxs Q.B. izahatında deyib ki, sözügedən şəxs hər gün binanın qarşısına gələrək avtmobillərin saxlanmasına icazə verilməyən yerdə avtomobilini saxlayaraq inzibati binaya daxil olur və idarənin xanım əməkdaşına qarşı xoşagəlməz hərəkətlər edir. O, xəbərdarlıq edilməsinə baxmayaraq, eyni hərəkətlərə yol verib.

    Məhkəmənin hökmü ilə, P.D. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 5 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

  • “Fədək Market”in kassirindən ƏDV dələduzluğu – Məhkum edildi

    Hacıqabul rayonunun Pirsaat qəsəbəsində fəaliyyət göstərən “Fədək Market”in kassiri dələduzluq edib.

    Qaynarinfo xəbər verir ki, o, saxta çeklər düzəldərək “ƏDV geri al” sistemi ilə öz hesabına 5 503,26 manat pul köçürüb.

    Daha sonra rəhbərlik bundan xəbər tutaraq onu işdən azad edib. Eyni zamanda məsələ ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsinə və vergi orqanına müraciət edib.

    Kassir saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs məhkəmədə ona verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    O, bildirib ki, aldığı maaş az olduğuna görə əlavə qazanc əldə istəyib. Bu səbəbdən gecə marketdə olan zaman kassa aparatına həqiqətdə olmayan satış çekləri vurmaqla “ƏDV geri al” sistemi vasitəsilə pul əldə etmək qərarın gəlib. 2023-cü ilin fevral ayından başlayaraq gecə növbədə olan zaman adminstrator və satıcının onu görmədiyi müddətdə əsl həqiqətdə olmayan satış çeklərini kassa aparatında hazılamağa başlayıb. Həmin çeklərin satış məbləğini yüksək rəqəmlərlə ifadə edib ki, ƏDV-dən geri aldığı məbləğ də yüksək olsun.

    Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    “Fədək Market” “Fədək Azərbaycan” MMC-nin nəzdində fəaliyyət göstərir.

  • Bakı binaları zəlzələyə davamlıdırmı? – Ekspertdən açıqlama

    Dünən gecə saatlarında Rusiyada 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu zəlzələ yerli vaxtla saat 00:33-də baş verib və Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt və digər şəhərlərdə 3–4 bal gücündə hiss olunub. Sosial şəbəkələrdə yayılan məlumata görə, bundan narahat olan Bakı sakinlərinin əksəriyyəti yaşadığı evi tərk edib və səhərə kimi həyətdə qaldıqlarını bildiriblər.

    Bakı binaları zəlzələyə davamlıdırmı?

    Əmlak eksperti Elnur Fərzəliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, yalnız Bakı-Abşeron ərazisində 11 minə yaxın istismar müddəti bitmiş köhnə tipli çoxmənzilli yaşayış binaları və yüz minlərlə tikinti normalarına uyğun gəlməyən, bir-birinə çox sıx tikilmiş fərdi yaşayış evləri var:

    “Bundan əlavə, Bakı və Abşeron ərazisində artıq aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydə alınmış köhnə tipli yaşayış binaları mövcuddur. Hər hansı ciddi zəlzələ və ya təbii fəlakət baş verərsə, həmin binaların uçma təhlükəsi daha böyükdür. Sıx şəkildə tikilmiş məhəllələrdə isə yanğın və ya zəlzələ zamanı insan itkisi və dağıntıların miqyası digər yerlərə nisbətən daha çox ola bilər. Artıq Bakı şəhərinin Baş Planı təsdiqlənib. Bu plana uyğun olaraq köhnə, xüsusilə də qəzalı vəziyyətdə olan yaşayış binalarının və paytaxtın xarici görünüşünə xələl gətirən istismar müddəti bitmiş evlərin söküntüsü prosesi aparılır”.

    Ekspert xatırladıb ki, Bakıda ciddi zəlzələlər çox nadir hallarda baş verir:

    “Ən son güclü zəlzələ 2000-ci ilin əvvəlində qeydə alınmışdı. O zaman bəzi yaşayış binalarına müəyyən zədələr dəymişdi. Həmin dövrdən sonra Azərbaycanda Əsrin Neft Müqaviləsi imzalandı. Bunun nəticəsində dənizdə və ətraf ərazilərdə neft hasilatı zamanı yeraltı təkanlara səbəb ola biləcək qazların çıxarılması riskləri azaldı. Bu baxımdan ölkəmizdə zəlzələ təhlükəsi daha aşağıdır”.

    Regionlara gəlincə, ekspert kiçik yeraltı təkanların mütəmadi qeydə alındığını vurğulayıb:

    “Bakı şəhərində zəlzələnin episentri daha çox dəniz ərazisinə düşdüyündən paytaxt çox vaxt təhlükədən kənarda qalır. Lakin hər halda bu tip hadisələrə hazırlıqlı olmaq vacibdir. Ən əsas məsələ – qəzalı vəziyyətdə olan köhnə binaların təcili sökülərək yeniləri ilə əvəzlənməsi və ya həmin ərazilərdə yaşayanların köçürülməsidir. Əks halda, təbii fəlakət zamanı uçqunlar və insan itkisi qaçılmaz olacaq”.

    Elnur Fərzəliyev əlavə edib ki, yeni tikili binaların çoxu sıxlıqla tikildiyindən, hər hansı zəlzələ və ya yanğın zamanı insanların evakuasiyası çətinləşə bilər:

    “Bəzi ərazilərdə binaların sıx tikilməsi, yolların ensizliyi, avtomobillərin küçələrdə parklanması təcili yardım və yanğınsöndürən maşınların hərəkətinə də ciddi mane olur. Gələcəkdə belə bir təbii fəlakət baş verərsə, evakuasiyanın mümkünsüzlüyü səbəbindən bizi çox böyük problemlər gözləyir”.

  • Yeni tələbələri rektorsuz qarşılayan universitetlər

    Bu il ali təhsil müəssisələrinə 57 min 236 nəfər qəbul olunub. Tələbə adını qazanan 60 minə yaxın şəxs Azərbaycanın müxtəlif universitetlərində təhsillərini davam etdirəcəklər.

    Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalsa da, bir sıra universitetlər tələbələri rektorsuz qarşılayacaq.

    Modern.az-ın məlumatına görə, Azərbaycanda hazırda bir sıra ali təhsil müəssəsinin rektoru yoxdur.

    Sumqayıt Dövlət Universitetinin sonuncu rektoru Rüfət Əzizov bu ilin fevral ayınadək bu vəzifəni icra edib. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. 12 fevral 2025-ci ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyin olunub. O, rektorun səlahiyyətlərini icra edir.

    Azərbaycan Dövlət Dəniz Akademiyası da yeni tələbələrini rektorsuz qarşılayacaq. Ali təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən ilin sentyabr ayında deputat seçilib və rektor vəzifəsindən azad olunub.

    Bakı Xoreoqrafiya Akademiyasının sonuncu rektoru Timuçin Əfəndiyev 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun 80 yaşı var və hazırda təqaüddədir. 4 ildir ki, rektor vəzifəsini Akademiyanın Tədris işləri üzrə prorektoru Əməkdar artist Nailə Məmmədzadə icra edir.

    Naxçıvan Müəllimlər İnstitutunda 2020-2024-cü ildə rektor pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov olub. O, ötən il parlament seçkilərində iştirak edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı seçilib və bu səbəbdən İnstitutdakı vəzifəsindən azad edilib. Artıq 1 ildir ki, ali təhsil ocağında rektor vəzifəsi boşdur.

  • Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər

    Məlum olduğu kimi, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib.

    Yeniavaz.com xəbər verir ki, bu ilin sonunda tətbiq edilən güzəşt müddəti başa çatır və güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə heç bir rəsmi məlumat açıqlanmayıb.

    Qeyd edək ki, güzəşt tətbiq edildikdən sonra ölkəyə idxal olunan hibrid avtomobillərin sayında kəskin artım olub. Əgər 2021-ci ildə ölkəyə idxal olunan 91 min 194 ədəd avtomobilin 14,2%-i və ya 12 min 936 ədədi hibrid avtomobil olubsa, ötən il bu göstərici 28,5% və ya 26 min 197 ədədə yüksəlib. Bu ilin ilk 7 ayında isə artım daha böyük olub. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan 63 min 401 ədəd avtomobilin 47,3%-i və ya 29 min 958 ədədi hibrid avtomobil olub.

    Onu da bildirək ki, bu ilin ilk 7 ayında idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri təxminən 20 min 70 dollar (34 min 120 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 28 min 930 dollar (49 min 180 manat) olub. Beləliklə, idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri son bir il ərzində 8 min 860 dollar (16 min 60 manat) və ya 30,6% ucuzlaşıb.

    Bəs vergi güzəşti ləğv olunarsa, bu Azərbaycanda avtomobil bazarına necə təsir edəcək?

    Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, əgər 1 yanvar 2025-ci ildən etibarən hibrid avtomobillərə tətbiq olunan ƏDV güzəşti ləğv edilərsə, bu, bazarda həm qiymətlərə, həm də tələbə birbaşa təsir göstərəcək:

    “Hazırda idxalçılar və alıcılar üçün əsas stimullaşdırıcı amil məhz həmin vergi güzəştidir. Onun aradan qaldırılması avtomobillərin satış qiymətinin ən azı 18% artmasına səbəb olacaq. Bu isə, təxminən, orta hesabla 34 min manata başa gələn hibrid avtomobilin ən azı 6 min manat bahalaşması ilə nəticələnəcək.

    Nəticədə, alıcıların bir hissəsi hibrid avtomobil əvəzinə ya köhnə benzin ilə işləyən modellərə, ya da daha ucuz avtomobillərə üz tutacaq. Bu isə hibridlərin satış tempini ciddi şəkildə azalda bilər. Digər tərəfdən, əgər güzəşt dayandırılarsa, son zamanlar avtomobil qiymətlərində müşahidə olunan ucuzlaşma tendensiyasını qorumaq çətin olacaq”.

    İqtisadçı bildirir ki, əgər güzəşt müddəti artırılmasa, növbəti ilin ilk aylarından başlayaraq avtomobil satışları kəskin zəifləyəcək, qiymətlər isə yükəsləcək:

    “Uzunmüddətli perspektivdə dövlətin vergi güzəştini davam etdirməsi həm ekologiya, həm də yanacaq sərfiyyatına qənaət baxımından ölkə iqtisadiyyatı üçün daha sərfəlidir. Çünki hibrid avtomobillərdən istifadə həm benzin idxalına tələbatı azaldır, həm də hava çirkliliyini müəyyən qədər aşağı salır. Yəni əgər güzəşt uzadılmasa, hibridlər bazarda əvvəlki qədər əlçatan olmayacaq və ölkəyə gətirilən maşınların strukturunda yenidən ənənəvi benzin mühərrikli modellərin payı artacaq. Bu isə həm alıcıların cibinə əlavə yük gətirəcək, həm də ölkənin enerji və ekoloji siyasətinə mənfi təsir göstərəcək”.

  • İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir

    2021-ci ildə İsveçrə F/A-18C/D qırıcılarını əvəzləmək üçün F-35 seçib. 2022-ci ildə ölkə 36 təyyarə üçün 6,25 milyard frank (o zaman 6,55 mlrd. dollar) dəyərində sifariş verib, lakin indi bu alış İsveçrəni “tələyə” salıb.

    Bu barədə “Defense Express” yazır.

    Ekspertlərin sözlərinə görə, müqavilədə sabit qiymət nəzərdə tutulmamışdı, buna görə də indi onun dəyəri 7,3 milyard İsveçrə frankına (9,1 mlrd. dollar) yüksəlib. Bundan başqa, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi 39%-lik əlavə ixrac rüsumları İsveçrənin iqtisadiyyatına ağır təsir edib.

    “Zərbə yalnız saat və qəhvəyə dəymədi, həm də bu təyyarələrin alınmasının ləğv edilməsi ideyasını gücləndirdi. Amma İsveçrə hansı qərarı versə də – bu, həm pul, həm də vaxt itkisi olacaq”, – nəşrdə vurğulanır.

    Analitiklərin fikrincə, əsas problem ondadır ki, hazırda İsveçrənin istifadəsində olan 30 F/A-18C/D qırıcısının istismar müddəti 2030-cu ilə qədərdir. F-35-dən imtina etmək, alternativ müqavilə bağlamaq və onu gözləmək ölkəni qırıcı aviasiyasız qoya bilər. Ona görə də mütəxəssislər mövcud təyyarələrin xidmət müddətini uzatmağın vacib olduğunu bildirirlər.

    Hökumət bu müddətin 2035–2037-ci ilə qədər uzadılmasını 0,8–1 mlrd. frank (1–1,24 mlrd. dollar) olaraq qiymətləndirib. Bu isə hər bir F/A-18 üçün 5–7 il əlavə istismar xərci olaraq təxminən 33–41 milyon dollar deməkdir.

    Ekspertlər əlavə edirlər ki, bu, F-35 alınması qərarının yaratdığı “tələnin” yalnız ilk mərhələsidir. İsveçrə bu təyyarələrdən imtina edib Avropa alternativlərinə yönəlsə, yalnız üç seçim qalacaq – “Rafale”, “Eurofighter” və “Gripen”. Lakin burada ikinci “tələ” ortaya çıxır.

    Üç il əvvəl İsveçrə 36 F-35-i 6,55 mlrd. dollara, yəni hər biri üçün 182 mln. dollara almağı planlaşdırırdı. Halbuki Serbiya ilə müqaviləyə əsasən Rafale qırıcısının son məlum qiyməti 225 mln. avrodur. Bu isə faktiki olaraq İsveçrə üçün F-35-in indiki qiyməti (253 mln. dollar – təxminən 220 mln. avro) ilə eynidir. Üstəlik, istehsal tempi nəzərə alınanda “Rafale” üçün növbə 9 ilə qədər uzanır.

    Gripen isə ən ucuz seçim hesab olunur. Taylandla müqaviləyə görə, onun hazırkı qiyməti silahsız 138,25 mln. dollardır. Amma “F-35 tələsi” burada da qalır – “Gripen” ABŞ istehsalı olan “General Electric”in F414-GE-39E mühərriki ilə uçur və bir sıra digər amerikalı komponentlərə malikdir. Yəni İsveçrənin “Gripen” alması üçün ABŞ-ın icazəsi lazımdır. Amma F-35 müqaviləsini pozmaq ABŞ-la münasibətləri kəskin şəkildə korlaya bilər.

    “Eurofighter” variantı isə uzun müddətdir satılmadığından dəqiq qiyməti məlum deyil, lakin fərqin ciddi olmayacağı gözlənilir. Buna görə də ekspertlər hesab edirlər ki, İsveçrənin sadəcə F-35-dən imtina etməsi o qədər də asan deyil.

    Xatırladaq ki, daha əvvəl Britaniyanın F-35 qırıcısı Yaponiyada texniki nasazlıq səbəbindən məcburi eniş etmişdi. Hadisə zamanı xəsarət alan olmayıb. Həmçinin İspaniya da F-35 almaq planından imtina edib və indi seçim qarşısında qalıb – ya “Eurofighter”, ya da gələcək nəsil FCAS layihəsi. 2023-cü ildə İspaniya yeni qırıcıların alınması üçün 6,25 mlrd. avro ayırsa da, əlavə 10,5 mlrd. avroluq müdafiə büdcəsinin başqa istiqamətlərə yönəldilməsi ABŞ istehsalı olan F-35-in alınmasını mümkünsüz edib.