Month: October 2025

  • Yuxarı Şirvan kanalında bir nəfər batıb

    Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • “Qarabağ” “Turan Tovuz”u məğlub etdi

    Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub edib.

    “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

    “Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

    Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Turan Tovuz” isə 15 xalla ikincidir.

    Qeyd edək ki, turun bu gün baş tutan “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

  • Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu

    Azərbaycanın 2026-cı il dövlət büdcəsində təhsil və elm sahələrinə ayrılacaq vəsaitlər məlum olub.

    2025-ci il üçün təhsil sahəsinə 4 milyard 937 milyon 283,2 min manat ayrılması nəzərdə tutulmuşdu. Yeni büdcə layihəsinə əsasən, 2026-cı ildə bu göstərici 5 milyard 15 milyon 897 min 622 manat olacaq. Yəni təhsil xərcləri təxminən 78 milyon manat artacaq.

    Elm sahəsində isə əks meyl müşahidə olunur. Bu il elmə 239 milyon 213 min 243 manat ayrılmışdı. Gələn il üçün bu rəqəm 228 milyon 998 min 838 manat təşkil edəcək. Bu isə 10 milyon manatdan çox azalma deməkdir.

  • Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu – MƏHKƏMƏ

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 17-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Əvvəlcə hakim Zeynal Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və iclasda elan olunmasını xahiş ediblər.

    Tərəflər həmin zərərçəkənlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

    Z.Ağayev deyib ki, həmin ifadələr növbəti iclaslarda elan olunacaq.

    Sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

    Belə ki, təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, Levon Mnatsakanyan və digərlərinin bir sıra internet informasiya resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdikləri fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub.

    Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.

    Sənədlərin elanı başa çatdıqdan sonra iclasa sədrlik edən təqsirləndirilən şəxslərə həmin sənədlərə münasibət bildirmələri üçün söz verib.

    Təqsirləndirilən şəxs L.Mnatsakanyan çıxış edərək, onun Cıdır düzündə erməni jurnalistə verdiyi müsahibənin yenidən tədqiq olunmasını istəyib.

    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov həmin müsahibənin ötən məhkəmə iclaslarının birində təqsirləndirilən şəxslərin dindirilməsi zamanı nümayiş etdirildiyini və Levon Mnatsakanyanın da bununla bağlı dövlət ittihamçılarının suallarını cavablandırdığını deyib. Vurğulayıb ki, sözügedən müsahibə həmin iclasda tədqiq olunanda Levon Mnatsakanyan razılaşmadığı hissələrə dair fikirlərini bildirib və bu, iclas protokolunda da öz əksini tapıb. Dövlət ittihamını müdafiə edən prokuror həmin sübutun yenidən tədqiqinə ehtiyac olmadığını deyib və məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edib.

    Bundan sonra hakim Zeynal Ağayev sözügedən videomüsahibənin nümayiş olunduğu iclasın protokolundan Levon Mnatsakanyanın narazılığını bildirdiyi hissəni elan edib.

    Ardınca təqsirləndirilən D.İşxanyan məhkəməyə müraciət edərək, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mediaya müsahibəsinin videosuna baxmağa şərait yaradıldığını bildirib.

    Qeyd edək ki, D.İşxanyan əvvəlki məhkəmə iclasında həmin videonun təqsirləndirilən şəxslərə verilən planşetə yüklənməsini istəmişdi.

    D.İşxanyan, həmçinin qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənədin surəti ilə tanış olmaq istəyib.

    Əmrin surəti tanış olmaq üçün təqsirləndirilən şəxsə təqdim edilib.

    Bundan başqa, təqsirləndirilən şəxslər Davit İşxanyan və David Babayan elan edilmiş sənədlərdə göstərilən bir çox xüsusatla razı olmadıqlarını bildirdilər.

    Təqsirləndirilən şəxs A.Qukasyan çıxışında elan olunan sənədlərlə bağlı növbəti məhkəmə iclasında münasibət bildirməsinə şərait yaradılmasını məhkəmədən xahiş edib.

    Hakim Zeynal Ağayev xahişin nəzərə alınacağını bildirib.

    Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq – AYNA

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib.

    Median.Az AYNA-ya istinadən xəbər verir ki, limit sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir, yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək.

    Qeyd edək ki, icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.

    “Hazırda taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verəcək”, – AYNA bildirir.

    Həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış edərək bildirilir ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmuş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.

    “Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yalnışdır. Hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv icazə mövcuddur. Gün ərzində isə bunlardan yalnız 22 000-23 000 taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 000 təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da yüksələcək.

    Taksi sahəsində təxminən 1 il əvvəl islahatlar başlayanda da, cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Lakin nəticə göz qabağındadır. İslahatların birinci mərhələsində taksi parkının yenilənməsi, uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi istiqamətində atıllan addımlar ciddi keyfiyyət artımını təmin etdi. Hazırda həyata keçirilən islahatların bu mərhələsinin məqsədi bu sahədə daha da keyfiyyətli və nizamlı xidmətə nail olmaqdır”, – məlumatda deyilir.

  • Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var

    Dünən gecə saatlarında Yunanıstanda miqrantları daşıyan qayığın Xios adasında qayalıq sahilə çırpılması nəticəsində iki miqrant həlak olub.

    Bu barədə Yunanıstanın sahil mühafizəsi məlumat yayıb.

    Məlumata görə, yanğınsöndürənlər hadisə yerindən beş nəfəri xilas ediblər, onlardan ikisi huşsuz vəziyyətdə olub. Quruda axtarışlar zamanı 24 miqrant tapılıb.

    Ümumilikdə 12 nəfər Xios adasındakı xəstəxanaya yerləşdirilib, onlardan ikisi ölüb.

  • “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab

    Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin maliyyə, aqrar, tikinti sahəsindəki ucsuz-bucaqsız sərvəti içərisində Sədərək və Binə Ticarət mərkəzinin də adı keçir. İddia edilir ki, R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzində obyektləri var. Buna görə də sabiq PA rəhbərinə məxsus obyektlər təcili satışa çıxarılır. Nəzərə alsaq ki, “Binə” və “Sədərək” yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın regionun ən böyük ticarət mərkəzləridir və bura hər gün qonşu ölkələrdən minlərlə tədarükçülər gəlir bu məsələ narahatlığı artırır.

    Bu qədər sahibkarın ticarət fəaliyyəti göstərdiyi mərkəzlərin aqibəti nə olacaq? Söküləcəkmi, fəaliyyəti dayandırılacaqmı?

    Çünki Mehdiyevin özünün, yaxın qohumlarının adlarına olan torpaqları və obyektləri təcili və ucuz qiymətə satışa çıxarılır. Xatırladaq ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidir. Onun oğlu Mehman Qədimbəyli PA-nın sabiq şöbə müdiri Əli Həsənovun köməkçisi olub.

    Mərkəzin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim “Bizim.Media”ya açıqlamasında bildirdi ki, Ramiz Mehdiyevin Sədərək Ticarət Mərkəzi ilə heç bir bağlılığı yoxdur:

    “Dünyanın hər yanında Ramiz Mehdiyevin əmlakı var, siyahısını veriblər, milyardlarla dəyərində olan obyektləri mövcuddur. Onun nəyinə lazımdır gəlib Sədərəkdə 3-4 dükan alsın?! O boyda sərvətinin arasında bizimlə əlaqəsi olmaya-olmaya Sədərəyin adı çıxır. Mən bu ticarət mərkəzinin rəsmisi olaraq deyirəm, başımla cavabdehəm, onun burda heç çöpü də yoxdur”.

    Sədərək Ticarət Mərkəzində bəzi korpusların köçürülməsi, bəzilərinin sökülməsi iddiasını da K.Qədim təkzib etdi:

    “Hamısı yalan məlumatdır! Gəlin baxın, burda sökülən hissə var? Bu məlumatları kim uydurur? Əksinə, yeni tikilən mağazalar var, əvvəlkilərdən təmir üçün müvəqqəti fəaliyyətini dayandıranlar ola bilər”.

    Kəbirə Məmmədovaya məxsus “Binə” Ticarət Mərkəzi mətbuata qapalı olduğu üçün əlaqə saxlamaq mümkün olmadı.

  • Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB

    AYNA Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhər istiqamətində 15 oktyabr tarixində qeydə alınan sərnişin daşınma göstəricilərini açıqlayıb.

    Median.Az həmin göstəriciləri təqdim edir:

    Taksi şirkətləri (sifariş):

    • Bolt: 508 (53%)

    • Baku Taxi: 222 (23%)

    • Uber / Yango: 209 (22%)

    • 189 Taksi: 23 (2%)

    H1 Ekspres avtobusu (şəhər istiqamətində) – 1841 sərnişin

    Xidmət keyfiyyəti ilə bağlı müraciətləri AYNA-nın 141 Çağrı Mərkəzinə edə bilərsiniz.

  • Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

    “Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir”.

    Median.Az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bildirib.

    Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir: “Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik”.

    Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

    İ. Mirzəliyevin fikrincə, istilik sayğacları qaz, su və elektrik sayğacları kimi sadə deyil: “Onların quruluşu və idarə edilməsi daha mürəkkəbdir. Mənzillərə gələn istilik bir nöqtədən deyil, bir neçə boru xətti ilə ötürülür. Bu səbəbdən hər otağın batareyasına ayrıca sayğac qoymaq texniki və inzibati baxımdan çətindir. Belə halda hər ay mənzillərə daxil olaraq sayğac göstəricilərini oxumaq, müdaxilələrin qarşısını almaq da problem yaradır. Buna görə də biz mərhələli şəkildə hərəkət etməyi planlaşdırırıq”.

    O qeyd edib ki, ilk mərhələdə qeyri-əhali abonentləri, yəni məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalar üzrə sayğacların quraşdırılmasını nəzərdə tutulur:

    “Bu obyektlərdə enerji bir nöqtədən daxil olduğu üçün texniki baxımdan sayğac yerləşdirmək mümkündür. Əhali abonentləri üçün isə artıq pilot layihə həyata keçirilir: 60 istilik sayğacı alınıb və bir hissəsi quraşdırılıb. Bu mövsümdə həmin sayğacların iş prinsipi və nəticələri təhlil ediləcək. Yekun qiymətləndirmədən sonra yaşayış binalarında da mərhələli şəkildə sayğac quraşdırılması məsələsi gündəmə gətiriləcək. Burada bir mühüm hüquqi məqam da var – sayğacın bir tərəfi təchizatçı (“Azəristiliktəchizat”), digər tərəfi isə istehlakçı olmalıdır. Amma çoxmənzilli binalarda hələ MMMC-lər tam formalaşmadığı üçün binalarda kim bu tərəfi təmsil edəcək, bu məsələ aydın deyil”.

    Bütün bunlara baxmayaraq, qurum rəhbəri deyir ki, proses davam etdirilir:

    “Pilot layihənin nəticələrinə əsasən, hökumətə konkret təkliflər paketi təqdim olunacaq. Sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və “Azəristiliktəchizat”ın hesabına, qeyri-əhali abonentləri üçün isə öz vəsaitləri hesabına həyata keçiriləcək”.

  • Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?

    İstehlakçı davranışları dəyişdikcə, bazarda şirkətlərin müştəriyə təsir mexanizmləri də dəyişir. Bu gün alıcının qarşısında üç əsas seçim faktoru var: reklam, keyfiyyət və qiymət. Amma sual yaranır: alış qərarını əslində hansı faktor formalaşdırır?

    Rəqəmsal marketoloq Mirsəid Hüsülü Valyuta.az-a bildirir ki, müasir dövrdə tək bir faktor üzərində qurulan strategiya nəticə vermir: “İnsan artıq məhsul almır, o təcrübə alır. Reklam bu təcrübəni yaddaşda yaradır, keyfiyyət onu təsdiqləyir, qiymət isə qərarı legitimləşdirir. Əgər bu üçü arasında balans olmazsa, müştəri itirilir”.

    Reklam bəzən keyfiyyəti kölgədə qoya bilərmi?

    Ekspertin sözlərinə görə, bəli, qısa müddətdə reklam müştərinin diqqətini çəkə, hətta onu inandıra bilər. Amma keyfiyyət bu inamı davam etdirməyin yeganə yoludur: “Gözəl hazırlanmış reklam müvəqqəti olaraq markanı tanıtsa da, məhsul və ya xidmət gözləntini doğrultmursa, ikinci alış baş vermir. Bu zaman reklam sadəcə səs-küy yaradır, brend isə etibar itirir. Reklam insanı cəlb edir, keyfiyyət isə onu bazarda saxlayır”.

    Qiymət artıq həlledici faktor deyil

    M.Hüsülü deyir ki, insanlar əvvəllər ucuz məhsul axtarırdısa, indi “ucuz” anlayışı yerini “dəyərli” anlayışına verib: “İndi insanlar pula yox, dəyərə baxır. Məhsul onun həyat tərzinə, gözləntisinə və brendə olan inamına uyğundursa, 10 manat fərq belə önəm daşımır. Qiymət artıq qərarı yönləndirən əsas yox, tamamlayan faktordur”.

    Balanslı yanaşma qalib gəlir

    Rəqəmsal marketoloq bildirdi ki, gələcəyin bazarında qalib gələn şirkətlər reklam, keyfiyyət və qiymət balansını düzgün quranlar olacaq:
    “Reklam qapını açır, keyfiyyət içəri daxil edir, qiymət isə orada qalmağa imkan yaradır. İstehlakçı artıq manipulyasiyadan çox, dəyərlilik və səmimiyyət axtarır. Buna görə də markalar dürüst və real olmalıdırlar”.

    Sosial medianın təsiri

    Mirsəid bəy hesab edir ki, sosial media artıq müştərinin qərar verməsində birbaşa platformadır: “Artıq ilk təəssürat TV-də yox, Instagram feed-də yaranır. Sosial media markanın nəfəsidir. Burada səmimiyyət, ardıcıl vizual üslub və aktiv dialoq vacibdir. Hər rəy, hər paylaşım potensial reklamdır. Brendin enerjisi orada hiss olunmalıdır”.

    “Marketinqin yeni qaydası: emosiyanı sat, məhsul özü satılar”

    Mirsəid bəy vurğulayır ki, artıq məhsulun tək funksiyası deyil, hekayəsi satılır:
    “İnsanlar nə alıram? sualından çox nəyə inanıram? sualını verir. Brendin hekayəsi düzgün danışılırsa, o, sadəcə məhsul deyil, həyat tərzinə çevrilir”.

    “Müasir dövrdə alıcının qərarına tək bir amil təsir etmir. Reklam, keyfiyyət və qiymət bir-birini tamamlayan üç sütun kimi fəaliyyət göstərir. Hər biri düzgün strategiya ilə işlədikdə, şirkət həm satış, həm də etibar baxımından davamlı uğur qazanır” – deyə M.Hüsülü qeyd etdi.