Month: October 2025

  • Azərbaycanda sadələşdirilmiş verginin bəyannaməsini artıq öncədən doldurmaq mümkün olacaq

    Azərbaycanda “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib.

    Median.Az bu barədə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Yeni “prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

    Bəyannamənin əvvəlcədən doldurulması sistemi həm vergi ödəyiciləri, həm də vergi inzibatçılığı üçün bir sıra üstünlüklər verir. Sistem inzibatçılıq yükünü azaldır, vergi ödəyicilərinin vaxtına qənaət edir, məlumatların düzgünlüyünü artırır və hesabatlılıq prosesini sadələşdirir. Eyni zamanda, vergi bəyannamələrinin daha operativ və dəqiq tərtib edilməsinə, məlumatların öncədən yoxlanılması ilə səhvlərin aradan qaldırılmasına, nəticədə, vergi ödəyicilərinə göndərilən uyğunsuzluqların azalmasına və əlavə yazışmaların qarşısının alınmasına şərait yaradır. Ümumilikdə, “prefiling” sistemi vergi hesabatlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və vergi ödəyicilərinin inzibati yükünün əhəmiyyətli dərəcədə azalmasına xidmət edir.

    “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması xidmətinin tətbiqi bəyannamələrin tərtib edilməsi istiqamətində həyata keçirilən islahatların davamıdır. Yaxın gələcəkdə Dövlət Vergi Xidməti tərəfindən digər bəyannamələr üzrə də öncədən doldurulma (“prefiling”) sisteminin də istifadəyə verilməsi planlaşdırılır.

    Qeyd edək ki, “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “yol xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi nəzərdə tutulur.

  • Rusiyada miqrantlar işdən azad olunur

    Dördgünlük iş həftəsinə keçiddən sonra Rusiyanın avtomobil zavodlarında əməkdaşlar kütləvi şəkildə işdən çıxırlar.

    Avtosfer.az xəbər verir ki, iyulda QAZ Qrupunda başlayan proses indi Avtovazda müşahidə edilir. İş günlərinin sayı azaldığı üçün əməkdaşların maaşları da 25-30 faiz azaldılıb. Buna görə də əməkdaşlar kütləvi surətdə işdən çıxmaqla bağlı rəhbərliyə müraciət edirlər.

    Maraqlı burasıdır ki, işdən uzaqlaşmaq istəyənlər əsasən peşəkarlardır. Buna görə də, qaynaqçı, təmirçi, pres ustası kimi peşələrə ciddi tələbat yaranıb. Bu gün isə Avtovaz xarici əməkdaşları işdən azad etməyə başlayıb.

    Maraqlıdır ki, Rusiyada işçilərin kütləvi ixtisarları qeyri-rəsmi formada qadağan edilib. Lakin ciddi maliyyə problemləri olan zavodlar maaşları azaldaraq əməkdaşları getməyə məcbur edir. QAZ-ın zavodlarında isə problem daha ciddidir: sovetdənqalma avadanlıqlar tez-tez təmir tələb etidiyi bir vaxtda peşəkar təmirçilərin işdən çıxması konveyerin müntəzəm fəaliyyətinə mane olur. Ordunun sifarişlərini yerinə yetirən şirkətin maliyyə qıtlığından danışması isə artıq vəziyyətin nə yerdə olduğunun göstəricisidir.

    Miqrantların kütləvi şəkildə işdən çıxarılması həm də imic formalaşdıran amildir: belə bir addım şirkətin kütlənin arasındakı nüfuzunun artmasına səbəb olur. Bizcə, əlavə şərhə ehtiyac yoxdur.

  • Şəmkirdə “Niva” yanıb

    Şəmkirdə yanğın hadisəsi baş verib.

    Median.Az-ın “Unikal”a istinadən məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü B.Rzayevə məxsus “Niva” markalı minik maşınında yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib. Fakt araşdırılır.

  • Bakıda yarım milyonluq maşına görə 300 manat cərimə yazıldı

    Bakıda fəaliyyət göstərən şirkət gömrük sənədlərini vaxtında təqdim etmədiyinə görə 300 manat məbləğində cərimələnib.

    Median.Az-ın məlumatına görə, şirkətin ünvanına Böyük Britaniyadan 2025-ci il istehsalı olan “Bentley” markalı avtomobil idxal olunub. Lakin avtomobil “Mazımqara” gömrük postundan keçərək ölkəyə gətirildikdən sonra, qanunla nəzərdə tutulmuş 15 gün müddətində gömrük bəyannaməsi təqdim edilməyib.

    Gömrük Komitəsi bu faktı aşkar edərək inzibati xəta protokolu tərtib edib. İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən cərimə tətbiq olunub.

    Qeyd edək ki, 2025-ci il istehsalı “Bentley” markalı avtomobillərin bazar qiyməti, model və komplektasiyasından asılı olaraq, yarım milyon manata yaxın qiymətləndirilir.
    //modern.az

  • Mobil telefon rabitə sahəsində əldə olunan gəlirlər 23 milyon manatdan çox artıb

    İnformasiya və rabitə xidmətlərinin həcmi artıb.

    Cari ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2 milyard 740,7 milyon manat dəyərində xidmət göstərilib.

    Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 185,5 milyon manat və ya 7,26% çoxdur.
    Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 2 milyard 555,2 milyon manat təşkil edib.

    Hesabat dövründə xidmətlərdən əldə edilən gəlirlərin 932,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
    Ötən ilin eyni dövründə bu sahədə gəlirlər 908,9 milyon manat idi. Beləliklə, mobil rabitədən əldə edilən gəlirlər 23,4 milyon manat və ya 2,57% artıb.

  • VÖEN-i necə aktivləşdirmək olar?

    Bir müddət əvvəl fəaliyyətimi dayandırdığım üçün VÖEN-i bağlatdırmışam. Onu yenidən necə aktivləşdirə bilərəm?

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs fəaliyyətini aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı və ya “Fiziki şəxsin fəaliyyətinin bərpası” arayışını təqdim etməlidir.

    Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı Dövlət Vergi Xidmətinin internet səhifəsinin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə istifadəçi təlimatı vasitəsilə tanış ola bilərsiniz.

    Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası: https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

  • Lənkərandakı Dairəvi qalanın bərpası üçün satınalma proseduru başlanılıb

    Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) bərpasına başlanılır.

    “Report”un əldə etdiyi məlumata görə, bərpa prosesi üçün satınalma prosesinə başlanılıb.

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bir neçə il öncə qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb.

    “Dairəvi qalanın bərpası ilə bağlı 2019-cu ildə ilkin layihə-smeta sənədləri hazırlanıb.

    Ötən dövrdə tarixi abidədə təbii təsirlərdən baş verən dəyişiklikləri nəzərə alaraq, 2024-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə əlavə layihə-smeta sənədləri hazırlanıb və aidiyyəti üzrə ekspertizadan keçirilib və hazırda qanunvericiliyə əsasən, satınalma prosedurlarına başlanılıb”.

  • Bakıdakı məşhur restoran cərimələndi

    Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsində yerləşən “Moon Crow” restoranı cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, restoran barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati qaydada protokol yazılıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə “Moon Crow” restoranın rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

  • AAAF Park-da oğurluq: Mənzildən soyuducu və paltaryuyan, anbardan bilyard oğurlandı

    AAAF Park yaşayış kompleksində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo xəbər verir ki, yaşayış kompleksindəki mənzillərin birində 350 manat dəyərində “Vestel” markalı soyuducu, 300 manat dəyərində “Hoffman” markalı paltaryuyan maşın və 100 manat oğurlanıb “Prestige” markalı qaz sobası oğurlanıb.

    Bundan başqa, yaşayış kompleksində yerləşən anbardan da oğurluq edilib. Anbardan AAAF Park-da fəaliyyət göstərən “Black Ball” bilyard salonuna məxsus bilyard masaları və müxtəlif avadanlıqlar oğurlanıb.

    Hüquq-mühafizə orqanlarına edilən şikayət əsasında oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş Şakir Quliyev (şərti) saxlanılıb. İlkin dindirmə zamanı o, əməlini etiraf edib. Şaiq Quliyevə Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Şakir Quliyev verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, dəymiş zərərin məbləği ilə razılaşmayıb. Məlumat üçün deyək ki, ittihama əsasən, təqsirləndirilən şəxs ev sahibinə 750 manat, anbardakı malların sahibinə isə 13 000 manat ziyan vurub.

    Məhkəmənin hökmü ilə Şakir Quliyevə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxsin barəsində Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki cəza ilə qismən toplanılıb və ona 3 il 2 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

    Şaiq Quliyevin birinci cinayət işində saxlanıldığı 2 gün və hazırki iş üzrə saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 1 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

  • Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?

    “Henley & Partners” konsaltinq şirkəti yeni pasport indeksini dərc edərək, ölkələri vətəndaşları üçün vizasız gediş-gəliş yerlərinin sayına görə sıralayıb.

    Qaynarifno xəbər verir ki, Sinqapur yenə də birinci yeri tutub. ABŞ isə ilk dəfə olaraq ilk 10-luqdan çıxıb və 12-ci yerdə qərarıaşıb

    2025 Pasport İndeksində ilk üç yeri Asiya ölkələri tutur: Sinqapur 227 ölkə və yurisdiksiyadan 193-nə vizasız səyahət imkanı ilə birinci yerdədir. İkinci yerdə Cənubi Koreya (190 ölkə), üçüncü yeri isə Yaponiya tutur (189 ölkə).

    İndeks 20 il əvvəl yaradılandan bəri ilk dəfədir ki, Birləşmiş Ştatlar artıq dünyanın ilk on ən güclü pasportları arasında deyil. “2014-cü ilin reytinqində birinci olan Amerika pasportu indi 12-ci yerə enib və eyni yeri Malayziya ilə bölüşür. ABŞ vətəndaşları 227 ölkədən 180-nə vizasız səyahət edə bilər.

    Reytinq tərtibçiləri ABŞ pasportunun reytinqinin aşağı düşməsini son bir ildə baş verən bir sıra dəyişikliklərlə əlaqələndiriblər. Aprel ayında ABŞ braziliyalılar üçün vizasız səyahətini dayandırdıqdan sonra Braziliya ABŞ vətəndaşları üçün viza tətbiq edib. Bunun ardınca Papua Yeni Qvineya və Myanma viza düzəlişləri edib. Bu yaxınlarda Somalinin yeni elektron viza sistemini (eVisa) işə salması və Vyetnamın ABŞ-ı Vizadan İmtina Proqramından çıxarmaq qərarı son zərbəni vuraraq ölkəni ilk onluqdan çıxarıb.

    “Henley & Partners” şirkətinin sədri Kristian Kalin qeyd edib ki, kiçik görünən bu dəyişikliklərin böyük nəticələri var: “Son on ildə ABŞ pasportunun əhəmiyyətinin azalması reytinqlərin dəyişdirilməsindən daha çox şeydir; bu, qlobal mobillik və yumşaq güc dinamikasında əsaslı dəyişiklikdən xəbər verir. Açıqlığı və əməkdaşlığı qəbul edən ölkələr sürətlə inkişaf edir, köhnə imtiyazlara arxalanan ölkələr isə geridə qalır”.

    Böyük Britaniya pasportu da reytinqdə nəzərəçarpacaq geriləmə yaşayıb, ən aşağı mövqeyə (səkkizinci) düşüb, baxmayaraq ki, cəmi bir il əvvəl Britaniya pasportu altıncı yerdə idi və 2015-ci ildə reytinqə başçılıq edirdi.

    2025-ci il reytinqinin ilk onluğuna Almaniya, İtaliya, Lüksemburq, İspaniya və İsveçrə daxildir (4-cü yer, 188 ölkəyə vizasız giriş); Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya və Hollandiya (5-ci yer, 187 ölkə); Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya və İsveç (6-cı yer, 186 ölkə); Avstraliya, Çexiya, Malta və Polşa (7-ci yer, 185 ölkə); Xorvatiya, Estoniya, Slovakiya, Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya (8-ci yer, 184 ölkə); Kanada (9-cu yer, 183 ölkə); Latviya və Lixtenşteyn (10-cu yer, 182 ölkə).

    Azərycan pasportu 72-ci illədə qərarlaşıb. Vətəndaşlarımız hazırda dünyanın 227 ölkəsindən 71-nə vizasız səfər edə bilir.

    Reytinqin sonuncu pilləsində, həmişə olduğu kimi, vətəndaşları yalnız 24 ölkəyə vizasız gedə bilən Əfqanıstan (106-cı yer), Suriya (26 ölkə, 105-ci yer) və İraq (29 ölkə, 104-cü yer) kimi ölkələr qərarlaşıb.

    Rusiya pasportu builki reytinqdə 50-ci yeri tutub (114 ölkəyə vizasız gediş-gəliş). Rusiya pasportu Moldova (48-ci yer, 121 ölkə) və Venesueladan (49-cu yer, 118 ölkə) geri qalır. Qardaş Türkiyə pasportu 51-ci yerdir. Türkiyə vətəndaşları 113 ölkəyə vizasız səfər edir.