Month: October 2025

  • Rusiya bu yarışa da buraxılmayacaq

    Rusiyanın futbol üzrə U-19 millisi Avropa çempionatının 2026/27-ci il seçmə mərhələlərində iştirak etməyəcək. Buna görə də turnirin final mərhələsini də buraxacaq.

    Bu barədə “Sport-ekspress” qəzeti məlumat yayıb.

    UEFA-nın baş katibi Teodor Teodoridisin bütün 55 milli assosiasiyaya göndərdiyi dövri məktubda bildirilib ki, U-19 yaş qrupu arasında Avro-2026/27 turnirinin seçmə mərhələlərinin ilk raundlarının püşkatması bu ilin 10 dekabrında İsveçrənin Nyon şəhərində keçiriləcək. Məktuba U-19 komandalarının iştirak siyahısı da əlavə olunub. Siyahıda UEFA-ya üzv olan 55 ölkədən 54-nün adı var. Yalnız Rusiya püşkatmaya dəvət edilməyib.

    Xatırladaq ki, 2022-ci ilin fevralından Rusiyanın milli və klub səviyyəsində bütün komandaları beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.

  • 600-ə yaxın tələbə ödənişsiz təhsil alma hüququ qazandı

    2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

    Bu barədə DİM-dən məlumat verilib.

    “Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib”, – məlumatda qeyd olunub.

  • “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb

    AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən aparılmış monitorinqlərin nəticəsinə əsasən, sərnişin tələbatının artdığı daha bir hərəkət sahəsində interval azaldılır.

    Bu barədə QSC-dən bildirilib.

    Məlumata görə, yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə “Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.

    Plana uyğun olaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilib.

    Xatırladaq ki, 2024-cü il noyabr ayının 30-da “Həzi Aslanov” stansiyasının dalan yolunda başlanılmış əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Qırmızı və Yaşıl xətlərdə yeni hərəkət qrafiki tətbiq edilib, qatarların hərəkəti hələlik yalnız “Əhmədli” stansiyasına qədər təşkil edilir. Təmir işlərinin yalnız dalan hissədə aparılması nəzərə alınaraq, “Həzi Aslanov” stansiyası sərnişinlərin girişinə bağlanmadan xüsusi hərəkət cədvəli qurulub və 10 dəqiqəlik interval tətbiq edilib.

    Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.

  • Zlatan İbrahimoviç özünü tanrı adlandırdı

    İtaliyanın “Milan” klubunun sahiblərinin müşaviri Zlatan İbrahimoviç özünü tanrı adlandıraraq, klubun mümkün çempionluğu haqda danışıb.

    Median.Az bu barədə “La Gazzetta dello Sport”a istinadən xəbər verir.

    İbrahimoviç “Milan”ın çempion olacağına inanırsanmı” sualına belə cavab verib:

    “Bəli, hamımız buna inanmalıyıq. Amma bu, bir prosesdir, komanda işidir. İbrahimoviç hələ də tanrıdır. Meydanda olsaydım, bütün suallara cavab verərdim”, deyə veteran futbolçu bildirib.

    İbrahimoviç 2023-cü ilin yayında karyerasını bitirib. Onun son klubu İtaliya çempionluğunu qazandığı “Milan” olub. O, həmçinin Niderland, İspaniya və Fransa çempionatlarının qalibi adını qazamıb. İsveçli futbolçu karyerası ərzində “Ayaks”, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” komandalarında da çıxış edib, İsveç millisində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib.

    İsveçli forvard matçın hər dəqiqəsində qol vuran ilk futbolçu olub: ilk dəqiqədən 90-cı dəqiqəyə qədər.

  • Yumurta ötən illə müqayisədə ucuzdur?

    Yumurtanın qiymətində heç bir artım olmayıb.

    Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında yumurtanın bahalaşması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Sədr ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurtanın qiymətinin ucuz olduğunu xatırladıb:

    “Hazırda yumurta sentyabr ayına olan qiymətlə satışdadır. Mağazalara topdansatış 0,14 qəpiklə təhfil verilir”.

    Qeyd edək ki, sentyabr ayı üzrə qiyməti artan və azalan qida və qeyri-qida məhsulları açıqlanıb. Məlumata görə, ət və ət məhsulları 2,3%, balıq 1,5%, yumurta 1,1%, tərəvəz 6,2%, kərə yağı 0,6% bahalaşıb.

  • Ölkədə bəzi məhsullar bahalaşdı (SİYAHI)

    2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 105.7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107.9 faiz, qeyri-qida məhsulları üzrə 102.4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.3 faiz təşkil edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.7 faiz təşkil edib.

    2025-ci ilin sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.8 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106.7 faiz təşkil edib.

    Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox artım mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, azalma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.6 faiz təşkil edib. Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından artım mebelin, avtomobillər üçün ehtiyat hissələrinin, şəxsi gigiyena məmulatlarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, azalma isə yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.6 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106.8 faiz təşkil edib. Sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Azərbaycanın tikinti şirkəti faktiki müflis olub

    Tikinti fəaliyyəti ilə məşğul olan “Diadem” ASC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

    Valyuta.az xəbər verir ki, şirkət ötən ili 5,5 milyon manat xalis zərərlə tamamlayıb.

    Bu, əvvəlki illə müqayisədə 7,4 milyon manatlıq pisləşmə deməkdir. Belə ki, 2023-cü ildə “Diadem” 1,9 milyon manat xalis mənfəət əldə etmişdi.

    Şirkətin illik gəlirləri 30,4 milyon manata düşüb ki, bu da ötən ilə nisbətən 28 milyon manat və ya 47,9 % azalma deməkdir. Eyni zamanda, maya dəyəri xərcləri də 32,4 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə 31,2 % azalıb.

    Nəticədə, əvvəlki il 11,3 milyon manat ümumi mənfəət əldə edən şirkət bu dəfə 2 milyon manatlıq ümumi zərərlə üzləşib. Maliyyə xərclərinin 7,3 milyon manata qədər artması isə şirkətin vergiyəqədərki nəticəsini 6,9 milyon manatlıq zərərə çevirib.

    Bu göstəricilər fonunda “Diadem”in cəmi aktivləri 114,4 milyon manata yüksəlib. Bu, ötən ilin sonuna nisbətən 11,2 % artım deməkdir. Eyni zamanda, cəmi öhdəliklər 17,2 % artaraq 114,8 milyon manata çatıb. Nəticədə, şirkətin kapitalı mənfiyə düşüb – 2024-cü ilin sonunda mənfi 408,6 min manat təşkil edib.

  • Ronaldo hansı avtomobillərdə gəzir? (SİYAHI)

    Futbol ulduzu Kriştiano Ronaldo 40 yaşında olmasına baxmayaraq, hələ də futbolun ən yüksək səviyyəsində çıxış edir və qazandığı gəlirlərlə lüks avtomobil kolleksiyası yaradır. O, həmçinin futbol tarixində milyarder statusu qazanan ilk ulduz kimi tanınır.

    Qaynarifno xəbər verir ki, bu barədə “Supercarblondie” portalı məlumat yayıb.

    Portuqaliyalı hücumçu karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klublarında oynayıb. “Əl-Nəsr”lə imzaladığı 230 milyon dollarlıq illik müqavilə ona 73 milyon dollara başa gələn şəxsi təyyarə də daxil olmaqla bir sıra yeni lüks imkanlar qazandırıb. O, bu təyyarədən məşqlərə və oyunlara Dubaydakı iqamətgahından, həmçinin Portuqaliyanın Madeyra adasındakı evindən uçmaq üçün istifadə edir.

    2025-ci ildə müqaviləsinin müddəti başa çatdıqdan sonra Ronaldo “Əl-Nəsr”lə yeni razılaşma imzalayıb və 2027-ci ilə qədər komandada qalacaq. Yeni müqavilənin illik dəyəri təxminən 460 milyon dollar təşkil edir. Bununla o, Lebron Ceyms, Maykl Cordan, Rodcer Federer və Tayger Vuds kimi idman milyarderləri sırasına qoşulub.

    Ronaldo xüsusilə “Bugatti” markasının sadiq pərəstişkarı kimi tanınır. Onun kolleksiyasında “Bugatti Veyron Grand Sport Vitesse”, həmçinin son dərəcə nadir “Centodieci” modeli var – bu avtomobildən dünyada cəmi on ədəd istehsal edilib. Məlumata görə, Ronaldo ilk “Veyron”unu mühafizəçisinin qəzaya salmasından sonra eyni modelin yenisini alıb və ya əvvəlkini bərpa etdirib.

    Bundan başqa, onun qarajında “Bugatti Chiron”, “Ferrari Monza SP1”, “Ferrari F12 TDF”, “McLaren Senna”, “Chevrolet Camaro”, “Lamborghini Aventador” və “Ferrari Daytona SP3” kimi nadir hiperkarlar da yer alır.

    Futbolçu həmçinin dəbdəbəli yolsuz avtomobilləri sevir. “Mansory” şirkəti ona “G-Wagen” hədiyyə edib, bu avtomobil bir neçə dəfə Dubay küçələrində görüntülənib. Ronaldo gündəlik istifadə üçün bu modeli seçir. Onun SUV kolleksiyasına “Rolls-Royce Cullinan”, “Phantom Drophead”, “Bentley Continental GT” və “BMW XM Red Label” də daxildir.

  • Deputat: Ayın 1-i məktub yazırsan, qəsdən gözləyib sonunda cavab verirlər

    “Əndirəbadi cəhət odur ki, ayın 1-də məktub yazırsan, qəsdən gözləyib ayın 30-31-də cavab verirlər”.

    Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.

    “Azərbaycanda ərizə və şikayətlərə niyə 30 gün ərzində cavab verilir? Bununla bağlı normativ hüquqi aktlara bənd əlavə edək ki, Azərbaycanda ərizə və şikayətlərə 10 gün ərzində cavab verilsin. Məsələn, səbəb torpaq mübahisəsidir. Bunu 30 gün düşünmək, nələrisə araşdırmaq nəyə lazımdır? Buna konkret cavab verilsin ki, mməsələ nədir və şikayətçi də rahat olsun. Xahiş edirəm ki, bu məsələyə ciddi münasibət bildirsin”, deyə deputat qeyd edib

  • Azərbaycan və Türkiyə SAT-SAS üzrə ikitərəfli xüsusi təlimlər keçirəcək

    Azərbaycan-Türkiyə SAT-SAS (sualtı hücum,sualtı müdafiə) ikitərəfli xüsusi təlimləri keçiriləcək.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bu gün keçirilən həftəlik brifinqdə deyib.

    Qeyd olunub ki, təlimlər oktyabrın 13-17-də baş tutacaq.