Month: October 2025

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının bir yolu iki gün bağlı olacaq

    Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, 11 oktyabr saat 08:00-dan 12 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı

    Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

    Bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
    Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.
    Qeyd edək ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
     //apa

  • Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub

    Qusar rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar. Hər üç şəxs barəsində Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb. 

    Araşdırma aparılır.

  • DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi oldu

    Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dəvət olunan rusiyalı milyarder Fərhad Əhmədov iştirak etməyib.

    Onun nümayəndəsi məhkəməyə müraciət edərək bildirib ki, F.Əhmədov ailəsi ilə əlaqədar məsələlərə görə iştirak edə bilmir.
    Sədrlik edən hakim sənədlərin tədqiq edilməsini, daha sonra şahidlərin dindirilməsini təklif edib.

    Təklifə etiraz olunmayıb və sübutların tədqiqi ardıcıllığı dəyişdirilib.

    Prosesdə şahidin dindirilməsi protokolundan başqa bütün sənədlər tədqiq edilib.

    Anass Derraz, Fərhad Əhmədov və Aleksandr Benallanın imzaladığı müqavilə, Fransa Respublikasına istintaq orqanı tərəfindən verilmiş sorğu, müvafiq sənədlərin əldə olunması ilə bağlı vəsatətlər və digər məlumatlar elan olunub.

    Prosesin davamında sənədlərdə şahid kimi göstərilən Tural Bayramovun ifadəsi elan olunub.

    İfadədə o, Anass Derrazı ərəb turist kimi tanıdığını bildirib: “Mən turistləri Bakıya gətirib aparmaqla məşğul olurdum. 2024-cü il 14 iyul tarixində Cavid adlı tanışım mənə zəng edib ərəb kimi tanıtdığı Anass Derrazı hoteldən götürüb hava limanına aparmağımı xahiş etdi. Mən ərəb dilini bildiyim üçün bunu xahiş edirdi. Hotelə gəlib Anass Derrazla tanış oldum. O mənə dedi ki, onun ölkəyə çıxışına qadağa qoyulub. Buna görə məndən kömək istəyir. Adətən turistlər gecikəndə ölkədən çıxışlarına qadağa qoyulur deyə düşündüm ki, aeroportda çalışan dostumdan kömək istəyim. Anass Derrazın məlumatlarını ona verdim. Həmin şəxs kömək edə bilməyəcəyini, çünki məsələnin DTX ilə əlaqəli olduğunu dedi”.

    Anass Derraz ifadə ilə razılaşaraq bildirib ki, o, dostlarından ölkədən çıxışına qadağa qoyulmasının səbəblərini öyrənməsini xahiş edib. Həmin dostları da adıçəkilən şahidlərlə əlaqə saxlayıb. O, həmin şahidləri tanımadığını və onların məhkəmədə dindirilmələrinə ehtiyac olmadığını əlavə edib.

    Daha sonra Anass Derrazın qardaşının Fransa Səfirliyinə müraciəti elan olunub. Belə ki, o qardaşı ilə əlaqə saxlaya bilmədiyini bildirib. Səfirlik öz növbəsində Xarici İşlər Nazirliyinə zəng edib və onlar da A.Derrazın barəsində cinayət işi açılması barədə məlumatı DTX-dən alaraq səfirliyə bildiriblər.

    Sənədlərin tədqiqinin başa çatdığı elan olunub və Fərhad Əhmədovun dindirilməsi üçün növbəti proses 16 oktyabr tarixinə təyin olunub.

    Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

  • Şirvanda qəbirstanlıqda oğurluq

    Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən qəbirstanlıqda oğurluq baş verib.

    Qaynarinfo xəbər verir ki, naməlum şəxslər üç qəbirin ətrafına çəkilmiş dəmir barmaqlıqlar oğurlanıb.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər müəyyən edilərək saxlanılıb. Qəbirlərin ətrafına çəkilmiş dəmir barmaqları oğurlayan Orxanla Heydər adlı iki dost olub. Onlar ilkin dindirmə zamanı əməllərini etiraf ediblər.

    Hər iki şəxsə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham elan edilib. Cinayət işinə Şirvan Şəhər Məhkəməsində hakim Ceyhun Mustafayevin sədrliyi ilə baxılıb.

    Məhkəmə zamanı dostlar verilmiş ittiham üzrə özlərini təqsirli bilib. Onlar əməllərini işsizliklə izah ediblər. Dostlar maddi sıxıntı yaşadıqlarını, lakin iş tapa bilmədiklərini bu baxımdan da oğurluğa əl atdıqlarını deyiblər.

    Məhkəmənin hökmü ilə Heydərə 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib və 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 24 gün müddət 1 günə 3 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    Orxana isə 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 24 gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Ev almaq istədi, 5 min pulu getdi – Qarabağ veteranına qarşı dələduzluq

    II Qarabağ savaşının veteranı dələduzluqla üzləşib.

    Hadisə Qusarda baş verib.

    Veteran Qadir Hüseynov (şərti) Qusar şəhərindən ev almaq istəyib. Seymur adlı şəxs bu işdə ona yardım edəcəyini bildirib. Lakin bunun müqabilində 5000 manat pul lazım olduğunu deyib.

    Qadir Hüseynovun atası hissə-hissə olmaqla həmin məbləği verib. Lakin Seymur vədinə əməl etməyib. Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Məlum olub ki, o başqa bir adama qarşı da torpağına sənəd alacağı vədi ilə 4000 manatlıq dələduzluq edib.

    Seymura Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işinə Qusar Rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Seymur verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay, 13 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il, 3 ay, 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
    //qaynar.az

  • Bakıda bir neçə notariusun fəaliyyəti dayandırıldı – SƏBƏB

    Bakıda fəaliyyət göstərən bir neçə notariusun fəaliyyəti hazırda dayandırılıb. Fəaliyyətin dayandırılmasına səbəb həmin notariusların şəhadətnamə müddətinin başa çatmasıdır.

    Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir.

    Həmin müddət bitdikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariusun fəaliyyəti qiymətləndirilir və fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır, şəhadətnaməsinin müddəti uzadılmayan şəxslərin xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.

    Hazırda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən müsabiqə elan edilib. Müsabiqənin sənəd qəbulu mərhələsi yekunlaşıb. Müsabiqənin növbəti mərhələləri – test imtahanı, müsahibə və icbari təlimdən ibarətdir.

    Müsabiqə yekunlaşdıqdan sonra hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi və notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaqdır.

  • Kolizeydə gizli tunel tapıldı: Hansı məqsədlə istifadə olunub?

    Kolizeydə qədim Roma dövrünə aid gizli tunel tapılıb. Arxeoloqların müəyyənləşdirdiyinə görə, bu tunel tamaşaçılardan gizli saxlanılan yeraltı VIP keçid olub və Roma imperatorlarına arenanı diqqət çəkmədən tərk etməyə imkan verib. Mütəxəssislər hesab edirlər ki, bu tikili eramızın I və II əsrləri arasında, Kolizey inşa edildikdən bir neçə onillik sonra yaradılıb.

    Qaynarinfo xəbər verir ki, “Daily Mail” nəşrinin yazdığına görə, hazırda bu keçid ictimaiyyət üçün açıqdır və ziyarətçilər Roma imperatorlarının addımladığı həmin yollarla gəzə bilirlər.

    Tunelin indiki uzunluğu təxminən 55 metrdir. Təxminən 2000 il əvvəl o, daha uzun olub, lakin bir neçə əsr öncə kanalizasiya borularının çəkilişi zamanı bir hissəsi dağıdılıb.

    Tunel imperatorun lojasına, Kolizeyin cənub tribunasında yerləşən əsas yerə aparır. O, tribunaların və yerin altından keçərək imperatora səhnəni gizli şəkildə tərk etməyə şərait yaradır. Həmçinin güman edilir ki, bu tunel vasitəsilə imperator döyüşlərdən əvvəl gladiatorları “Ludus Magnus” adlı məşhur təlim məktəbində ziyarət edə bilib.

    Arxeoloqlar tunelə, ondan istifadə etdiyi güman edilən Roma imperatorlarından birinin – imperator Kommodun adını veriblər. Kommod imperiyanın ən uğursuz hökmdarlarından biri hesab olunur və o, adətən arenada şəxsən döyüşüb.

    “Kommod imperator kimi özünü rahat hiss etmək üçün lazım olan nüfuza malik deyildi – çox gənc idi, hərbi uğurları yox idi, parlaq natiq deyildi. Buna görə də o, bu çatışmazlığı cəsarət nümayişi ilə kompensasiya etməyə çalışırdı”, deyə “Daily Mail”ə Oksford Universitetinin Klassik Elmlər kafedrasından doktor Endryu Sillett bildirib.

    Roma Kolizeyi dünyanın ən tanınmış tarixi abidələrindən biridir. Hər bir turist orada olmaq arzusundadır, lakin bəzilərinin səfər təəssüratları o qədər də müsbət olmur. “Business Insider” nəşrinin turizm icmalçısı Coi Hadden Kolizeyə səfəri zamanı yaşadığı mənfi təcrübəni bölüşərək, onu ən çox nəynin məyus etdiyini izah edib.

  • Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

    Ağdamda dəbdəbəli yas məclislərinin ləğvinə dair qərar verilib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilir ki, rayon ərazisində yas məclislərinin yüngülləşdirilməsi məqsədilə mərasimin cəmi üç gün olması və isti yeməklər verilməməsi barədə razılığa gəlinib.

    Xatırladaq ki, daha öncə Qusar, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları, Mingəçevir şəhəri və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.//Modern.az

  • Xidmət satışından milyonlar qazanan rayonlar – CƏDVƏL

    İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə mehmanxana və mehmanxana tipli obyektlərin 2025-ci ilin yanvar-iyun ayları üzrə məhsul (xidmət) satışından əldə etdikləri gəlir ümumilikdə 55 milyon 824 min 500 manat olub.

    Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 131 min manat və ya 5,3% azdır.

    2024-cü ilin yanvar-iyun aylarında isə gəlir 58 milyon 955 min 500 manat təşkil edib. Ən çox gəlir 36 milyon 362 min 500 manatla Bakı şəhərində qeydə alınıb.

    Bu ilin yanvar-iyun aylarında xidmət satışı üzrə gəlirləri milyon manatı keçən 6 rayon cədvəldəki kimi olub: