Month: October 2025

  • Qazi maşını o qədər “prava”sız sürüb ki, 34 min cərimə yığılıb

    “Cənab Prezidentin mənə verdiyi avtomobili “Nəvai” postunda saxlayaraq əlimdən alıblar. Buna səbəb kimi 34 min manat cəriməmin olduğunu deyiblər”.

    Median.Az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində qazi Rəşad Əhmədli deyib.

    “Bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da “pravam” yoxdur. Maşınım cərimə meydançasına aparıldığı gündən bu yana cərimələrimin üstünə faiz gəlir. Qayda pozuntusu etmiş ola bilərəm, amma birinci dəfə cərimə olunsaydım, bir daha buna yol verməzdim”, – deyə şikayətçi əlavə edib.

    O bu vaxta qədər sürücülük vəsiqəsi almamasına isə belə aydınlıq gətirib: “Elə bilirdim ki, əlillərə “prava” verilmir. Amma nazirliyin icazə kağızı ilə sürücülük vəsiqəsi almaq olurmuş”.

    Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Rəşad Əhmədlinin sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb: “Araşdırma zamanı onun törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozuntuları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb”.

    Daha ətraflı videomaterialda:

  • Evləri plana düşən bu binanın sakinləri kompensasiyadan narazıdır (VİDEO)

    Bakıda söküntü üçün təyin olunan kompensasiya məbləğinin sakinlərə ödənilmədiyi iddia edilir. Bu iddia ilə paytaxtın Sabunçu rayonu, Qambay Vəzirov, Döngə 2 Q ünvanında yaşayan sakinlər “Xəzər Xəbər”ə müraciət ediblər.

    Rixard Zorgenin Ev-muzeyi olan və hazırda yaşadıqları bina qəzalı vəziyyətdə olduğu üçün plana düşüb. Sakinlərə bunun üçün evin kvadratına uğun olaraq 1350 manat məbləğində kompensasiya təklif edilib. İddiaya görə, bu məbləğə razı olmasalar da, bəzi sakinlər ödəniş olunaraq evdən zorla çıxarılıblar, bir neçə ailəyə isə ümumiyyətlə kompensasiya ödənilməyib.

    Sakinlər onu da iddia edirlər ki, yaşadıqları əraziyə uyğun olaraq 2500-2800 manat kompensasiya məbləği təyin olunsa da, onlara bundan daha az pul verilir. Evlərinin ölçüləri isə az hesablanır.

    Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sakinlərin çoxsaylı müraciətlərinə əsasən aidiyyəti qurumlar tərəfindən sözügedən binaya baxış keçirilib və qəzalı vəziyyətdə olması müəyyən edilib. Sözügedən ünvan üzrə 15 mülkiyyət sahibinə hüquqmüəyyənedici və digər zəruri sənədlər əsasında notarial qaydada müqavilə bağlanılaraq, kompensasiya ödənilib və köçürülmə təmin edilib. Digər sakinlər isə təklif edilən kompensasiya məbləği ilə razılaşmayıblar.

    Komitədən o da qeyd edilib ki, həmin ünvanda hər kvadratmetr üzrə kompensasiya məbləği 2500-2800 deyil, 1350 manat təyin olunub. Bu məbləğ qiymətqoyma şirkəti tərəfindən müəyyənləşdirilib. Sakinlər təklif edilən kompensasiya məbləği ilə razılaşacaqları təqdirdə, qısa müddət ərzində eyni qaydada müqavilə bağlanılaraq, kompensasiya ödəniləcək və köçürülmə təmin olunacaq.

  • Birinci müavini olmayan nazirlər (SİYAHI)

    Azərbaycanda bir sıra dövlət qurumlarında və nazirliklərdə birinci müavin ştatı mövcuddur. Birinci müavinlər zərurət yarandıqda rəhbər şəxsin səlahiyyətlərini icra edirlər.

    Ancaq Azərbaycanda bəzi nazirlərin birinci müavinləri yoxdur.

    Bizim.Media-nın araşdırmasına görə, ölkəmizdə 10 nazirlikdə nazirin birinci müavini yoxdur.

    Həmin nazirlərin siyahısını təqdim edirik:

    Pərviz Şahbazov

    Energetika naziri Pərviz Şahbazovun birinci müavini yoxdur. Lakin onun ümumilikdə 4 müavini var. Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov və Orxan Zeynalov Pərviz Şahbazovun müavinləridir.

    Fərid Əhmədov

    Ədliyyə naziri Fərid Əhmədovun da birinci müavini yoxdur. Baxmayaraq ki, onun 5 müavini var. Abidin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev və Mirsaleh Seyidov ədliyyə nazirinin müavinləridir. 

    Anar Əliyev

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev də birinci müavinsiz çalışır. Bununla belə onun 4 müavini var: Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov, Rəşad Mustafayev.

    Fərid Qayıbov

    Gənclər və İdman naziri Fərid Qayıbovun da birinci müavini yoxdur. Ümumilikdə, isə onun 2 müavini var: İndira Hacıyeva və Fərhad Hacıyev.

    Ceyhun Bayramov

    Xarici İşlər naziri Ceyhun Bayramov da hələki birinci müavinsizdir. Baxmayaraq ki, onun 6 müavini var. Yalçın Rəfiyev, Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov və Samir Şərifov xarici işlər nazirinin müavini vəzifəsində çalışırlar.

    Məcnun Məmmədov

    Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun da birinci müavini yoxdur. Ümumilkdə isə onun 3 müavini var: İlhamə Qədimova, Elçin Zeynalov və Sarvan Cəfərov.

    Adil Kərimli

    Mədəniyyət naziri Adil Kərimli də birinci müavinsiz çalışır. Bununla belə onun 3 müavini var. Səadət Yusifova, Fərid Cəfərov və Murad Hüseynov mədəniyyət nazirinin müavinləridir.

    Vüqar Mustafayev

    Müdafiə Sənayesi naziri Vüqar Mustafayevin də birinci müavini yoxdur. Nazirin 2 müavini var: Mehman Baxışov və Hidayət Əzimov.

    Rəşad Nəbiyev

    Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev də hələki müavinsizdir. Halbuki onun 5 müavini var. Həmin müavinlər Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov, Elman Məmmədov və Saməddin Əsədovdur.

    Emin Əmrullayev

    Elm və Təhsil naziri Emin Əmrullayevin də birinci müavini yoxdur. Ümumilikdə isə onun 4 müavini var. Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə.

  • Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb

    Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

    “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E.Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L.Abdullayeva, 1978-ci il təvəllüdlü S.Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.

    Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • FHN-dən küləkli hava ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

    Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Müraciətdə deyilir:

    “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Bunu nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

    Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!”

    FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

  • Türkiyədə ali təhsil müddəti üç ilə endiriləcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən 2025-2026 ali təhsil tədris ilinin açılış mərasimindəki çıxışında bu sahədə əhəmiyyətli yeniliklərdən danışıb.

    Median.Az “TGRT News”a istinadən xəbər verir ki, dövlət başçısı yeni dövrdə kurs planlarının sadələşdiriləcəyini və tələbələrin layihənin hazırlanması, tətbiqi və tədqiqata əsaslanan öyrənmə modelləri əsasında təhsil alacağını bildirib.

    O həmçinin bir çox Avropa ölkələrində olduğu kimi, tələbələrin üç il ərzində məzun ola bilməsi üçün struktur islahatlarının gündəmdə olduğunu açıqlayıb.

    “Bu islahatlarla ali təhsil sistemimiz həm daha səmərəli olacaq, həm də beynəlxalq standartlara uyğunlaşacaq”, – deyə Ərdoğan qeyd edib.

  • Bakıda cibgirlik edən şəxs saxlanıldı – VİDEO

    Bakıda ictimai yerlərdə — əhalinin sıx olduğu avtobus dayanacaqlarında cibgirlik yolu ilə oğurluq əməlləri törədən şəxs müəyyən olunub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub.

    Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini talamaqla məşğul olub.

    R. Kazımovun paytaxtda digər analoji cinayətlər törətməsi istisna olunmur.

    Araşdırmalar davam etdirilir.

  • “İtkinlərlə bağlı məlumat bazasının yaradılmasına ehtiyac var “

    Xocavənd, Ağdam, Şuşa və digər şəhərlərdə aşkarlanan kütləvi məzarlıqlar bir çox ailənin qaranlıq xatirələrini ortaya çıxarıb.

    Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyasının Katibliyinin sədr müavini Mahi Həsən Əbdül-Lətif “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

    Komissiya rəsmisi qeyd edib ki, itkin şəxslərin taleyi haqda davam edən qeyri-müəyyənlik onların ailələrinə təmamilə sağalmağa imkan vermir.

    “İtmiş insanların aşkarlanması ailələrinin beynəlxalq hüququdur. İtkinlərin məsələsi heçvaxt siyasiləşdirilməməlidir. Onların məsələsi şəffaflıqla araşdırılmalıdır”.

    Mahi Həsən Əbdül-Lətif vurğulayıb ki, ən son elmi alətlərdən istifadə edərək bir məlumat bazası hazırlanmasına və itkinlərin şəxsliyyətlərin müəyyənləşməsinə ehtiyac var.

    “Bu zaman onların ailələri bu prosedə aktivlilk göstərməlidirlər. Biz öz təcrüməzi ən yaxşı praktikanı Azərbaycanla paylaşmağa hazırıq”,- komissiya rəsmisi əlavə edib.

  • “Bavariya” 35 milyon avroluq təklif göndərəcək

    “Köln”ün futbolçusu Said El Mala Almaniyada klubunu dəyişə bilər.

    “Bavariya” 19 yaşlı vingeri transfer etmək istəyir.

    Bundesliqa nəhəngi Almaniya U-21 millisinin üzvü üçün onun klubuna 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.

    Qeyd edək ki, “Köln” Said El Malanı 2024-cü ilin yayında “Viktoriya Köln”dən 350 min avroya transfer edib. Gənc futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir – Xəbərdarlıq!

    İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir.

    Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra keytrinq şirkətlərinin qaydalara əməl etmədiyi və ciddi nöqsanlara yol verdiyi aşkar edilib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib.

    Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır:

    − müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;
    − mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;
    − texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması;
    − xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;
    − xammalların müşayiətedici sənədlərinin olmaması;
    − yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;
    − məhsulların saxlanma qaydalarına əməl olunmaması;
    − dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;
    − işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.

    Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

    Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilir. Nəzarət tədbirləri davam etdirilir.