Month: October 2025

  • Zakir Həsənov Türkiyəyə səfər edib

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • Mingəçevirdə şagird məktəbdə ağır xəsarət aldı

    Mingəçevirdə bədbəxt hadisə baş verib.

    Oxu.az xəbər verir ki, hadisə şəhərin 4 saylı orta məktəbində qeydə alınıb.

    Belə ki, məktəbin 6-cı sinif şagirdi məktəbin həyətində sinif yoldaşları ilə birlikdə olarkən baş nahiyəsindən ağır bədən xəsarəti alıb.

    Xəstəxanaya çatdırılan yaralı oğlan əməliyyat olunub.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məktəblinin xəsarət alması barədə polisə məlumat daxil olub. İzahatlar alınıb və hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

  • Türkiyədə saxlanılan müğənni İrem Dericinin vəkili danışdı: “Müvəkkilim bir ildir siqaret belə çəkmir” – FOTO

    Türkiyədə məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyat üzrə istintaq davam edir.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan məşhur türkiyəli müğənni İrem Dericinin vəkili Ayşegül Mermer məsələ ilə bağlı açıqlama verib.

    “Bir çox sənətçi və aktyorların ifadələri alınır. Onların arasında müvəkkilim İrem Derici də var. Hazırda ifadə verirlər. Müvəkkilim son bir ili siqaret belə çəkməyən insandır. İddia edildiyi kimi, qadağan olunmuş maddədən istifadə etmək və ya qadağan olunmuş maddədən istifadəni təşviq etmək kimi bir cinayət əsla törətməyib. Onsuz da hesabat açıqlandığı zaman bu ortaya çıxacaq. Dosyedə məxfilik qərarı var. Detalları görə bilmirik. Yaxın saatlarda təsdiqlənmiş məlumatları əldə etdikdən sonra daha dəqiq məlumat verə biləcəyəm. Hazırda saxlanılma prosesi deyil, ifadələri alınır. Ölkə xaricində olanlar qayıtdıqları zaman onların da ifadələri alınacaq”, – deyə Ayşegül Mermer qeyd edib.

    Xatırladaq ki, İstanbul Baş Prokurorluğu narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə ittihamı üzrə İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Dilan Polat, Engin Polat, Metin Akdülger ve Ceren Moray barəsində istintaq başladıb. İstintaq çərçivəsində şübhəlilər ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıb.

    38 yaşlı İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə İstanbulun Şişli rayonundakı evində saxlanılıb.

  • Perinatal Mərkəzdə körpələrin ölümü ilə bağlı keçirilən məhkəmədə yeni şahidlər ifadə veriblər

    Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.

    Şahid Leyla Abdullayeva hadisə vaxtı mərkəzdə çalışdığını deyib:

    “Hadisə zamanı mən mərkəzdə, ordinator otağında idim. Səs eşitdim. Gördüm, yanğın baş verib. Mən də yanğının söndürülməsi üçün hərəkətə keçdim. Yanğın otaqda bir küncdə başladı. Öncə adyalla, sonra isə yanğınsöndürən balonla söndürməyə çalışdım. Yanğın küncdən başlamışdı və o tərəfdə də uşaqlar var idi. O uşaqları tərpətmək olmazdı, vəziyyətləri stabil deyildi. Uşaqları tərpətmədən yanğını söndürmək lazım idi. Mühafizəçi balonu alov olan hissəyə yönəldəndə qara tüstü ətrafı basdı. Biz uşaqları çıxarmağa başladıq. Otaq qaranlıq oldu. Biz də otaqdan çıxdıq. Bizim şöbədə dörd otaq var idi. Bütün otaqlarda ümumi 37 uşaq var idi”.

    Şahid bildirib ki, yanğınla əlaqədar öncə polisə zəng edib və sonra Mehriban Abasquliyevaya (həmin vaxt mərkəzin direktoru – red.) məlumat verib.

    L.Abdullayeva onu da bildirib ki, ordinator otağından uşaqların olduğu otağadək məsafə 5-10 metrdir və səs eşidən kimi otağa gedib. Sözügedən otaqda tibb personalının zəruri əşyaları, tibbi ləvazimatlar yerləşdirilib. Həmçinin mərkəzdə uzadıcılardan istifadə edilib. Elektrik cərəyanı ilə vurulma halı ilə qarşılaşmayıb, amma elektrik yuvalarının üstü açıq olub. Bununla bağlı tibb bacılarının rəhbərliyə məlumat veriblər.

    Daha sonra şahid Elşad Bayramov ifadə verib. O bildirib ki, hadisə baş verən zaman mərkəzdə işləməyib.

    “Mərkəzin təsərrüfat bölməsində çalışırdım. Hadisədən altı ay öncə mən öz ərizəmlə işdən çıxmışam. Bizə Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı təlim keçib, mərkəzdə yoxlama zamanı nöqsanlar aşkar edib. Həmin nöqsanlar yanğınsöndürən balonların düzgün yerləşdirilməməsi, balonların yerdə olması, altıncı mərtəbədə tavanın lambirdən olması, yanğınsöndürmə siqnalizasiyasının olmaması tipli kiçik nöqsanlar idi. Çalışdığım dövrdə mərkəzin cərimə edilməsi ilə bağlı məlumatım olmayıb. Lakin mərkəz cərimə edilibsə də, mən çalışdığım dövrdə olmayıb”.

    Şahid bildirib ki, əvvəllər təsərrüfat şöbəsində çalışsa da, oradakı əmək fəaliyyətinin son on beş gününü anbardar kimi davam etdirib. Anbara ləvazimatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

    Proses oktyabrın 22-də davam etdiriləcək.

    Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yanğın baş verib.

    Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, eləcə də Dəstək Xidmətləri Şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

  • İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi açıqlandı

    İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir.

    Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər.

    Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.

    AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

  • Bakının Nəsimi rayonunda kafenin fəaliyyəti məhdudlaşdırıldı

    Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Zeynəb Salamulla qızı Bədəlovaya məxsus “Bizim Məkan” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində işçi masaların asan yuyulan və dezinfeksiyayadavamlı materialdan təşkil edilmədiyi, soyuducularda rəflərin korroziyaya uğradığı və məhsulların saxlanma temperaturuna nəzarət olunmadığı, işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib.

  • “Şərurlu İsfəndiyar”: “Mənə 15 il də həbs verə bilərlər”

    “Mənə 15 il də həbs verə bilərlər. Yox, güllələnmə verəcəklər. Ayıbdır!”

    Bunu oxu.az-a açıqlamasında üç ilə qədər azadlıqdan məhrumetmə cəzası ala biləcəyi barədə xəbərə münasibət bildirən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) deyib:

    “Yalan yazılıb. İndi şikayət edəcəyəm, sonra deyəcəklər, “bağışlayın, səhv etmişik”. Deyirəm ki, yoxdur belə şey. Qayda var, qanun var. Nə edəcəklər mənə? Çox olsa, məzəmmət edərlər. Mən nə etmişəm? Adam öldürməmişəm, söyməmişəm, eləməmişəm. Bu, jurnalist təxribatı olub. Bir kəlmə söz dedim, ondan da belə problem yaratdılar”, – deyə İ.Axundov bildirib.

    Qeyd edək ki, “Şərur MTK”nın sahibi barəsində məhkəməyə müraciət edən “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovu ittiham olunduğu Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi üzrə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlədiyini deyib.

    Ş.İsfəndiyar bundan öncə verdiyi müsahibəsində məsələ ilə bağlı bu cür açıqlama vermişdi:

    “Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı “dələduz” sözünü işlətmədiyimi qeyd etmişəm”.

  • Bir sevgi, bir qaçış, bir nikah: Azərbaycanlılar niyə əcnəbilərlə evlənir?

    Ədliyyə Nazirliyi bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşlarının əcnəbilərlə evlənməsi ilə bağlı statistikanı açıqlayıb. Statistikaya əsasən, Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır. Məlumata görə, azərbaycanlılar daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb. 
    Əvəllər Azərbaycan vətəndaşlarının xaricilərlə evliliyi cəmiyyətdə birmənalı qarşılanmırdı. Xüsusi ilə də qadınların əcnəbi vətəndaşla evliliyi bölgə və kənd yerlərində qınağa səbəb olurdu. Kəndlərdə qızın xarici ilə evliliyi həmişə ata və anaya başqaxıncı olub. Amma bu gün cəmiyyətdə əcnəbi kişi ilə evlilik məsələsində vəziyyət fərqlidir. İstər bölgələrdə, istərsə də paytaxtda əcnəbi ilə ailə quran qadınlara həmkarları, qohumları belə desək, həsəd aparanlar var. Görünən odur ki, Azərbaycan qadınlarının xarici oğlana ərə getməsi səbəbsiz deyil. Sual olunur, filankəsin qızı niyə qara dərili oğlanla evləndi? Belə qadınlardan birinin Qaynarinfo-ya dediklərindən: “Ailəm rayonda yaşayırdı, çox gözəl münasibətlərimiz, sayılıb-seçilən nəslimiz var idi. Amma bir gün… Hamı kimi mən də sevib-seçdim. Ən başlıcası isə inandım. Bir də baxdım ki, hamiləyəm. Bunu oğlana deyəndə ailəsi daş atıb baş tutdu. Dedilər ki, “Bizə qarnıburnunda olan gəlin lazım deyil”. İş böyüdü, bütün kənd, rayon məndən danışmağa başladı. O qədər stress keçirdim ki, hamiləliyim sonuclandı, uşaq tələf oldu. Beləcə məni həmin evliliyə aparan səbəb qalmadı. Ondan sonra qaragünlərim başladı, nəsil, kənd, kim gəldi başqaxıncı edirdi. Atam bu utanca üzləşməmək üçün kəndən köçməyə qərar verdi. Baxdım ki, atam doğulduğu kəndi qoyub getməyə qərarlıdır, onu durdurmağın bircə yolu var idi – evdən qaçdım, Bakıya gəldim. Burada kafe və restoranlarda iş tapdım. Həmin vaxtlar işlədiyim kafeyə tez-tez qara dərili tələbələr gəlirdi. Onların biri ilə dostlaşdım. Bu münasibətlər bizi daha da yaxınlaşdırdı və bir gün dedi ki, gəl bir yerdə yaşayaq. Beləcə bu təklifə razılıq verdim. Əlacım da yox idi, hara getsəydim yaşadıqlarım məni qarabaqara izləyəcəkdi”. 
    Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əvvəl Azərbaycanda xarici oğlanla ailə quran yox idi:

    “Biz mühafizəkar cəmiyyətdə yaşayırdıq, ictimai qınaq böyük idi. Uşaqlar əsgər gedəndə deyirdilər ki, xidmətdən sonra vətənə dön, başqa millətin nümayəndəsi ilə ailə qurma, gələrsən öz millətinlə ailə qurarsan və s. kimi bir yanaşma var idi. Azərbaycan qlobal dünyaya açıldı, açıq cəmiyyətə inteqrasiya etdi xarici ölkələrə gediş-gəliş, seriallar, kliplər və s. bütün bunlar insanları düşüncəsində dəyişdi.  İctimai qınaq zəiflədi, insanlar ailə qurmaq qərarlarında sərbəst seçim etməyə başladılar. Əvvəl Azərbaycan  qadını xarici oğlanla ailə qurmazdı. Amma bu gün edilən təklifə dərhal “hə”  deyir. Səbəbləri var. Qızın nişanı qayıdır, yaxud da ailə qurur, evlilik həyatı qaydasında olmayan kimi boşanmağa qərar verir. Azərbaycan cəmiyyətində belə qadınlarla ailə qurmaq bir qədər qəribə qarşılanır. Qızlar da fikirləşir ki, əgər cəmiyyət mənim ikinci dəfə ailə qurmağımı pis qarşılayırsa, o zaman xarici vətəndaşla da ailə quraram. Xarici vətəndaş qadını sorğulamır, nişanlı, yaxud ərdə olub-olmayıb, niyə boşanıb deyə. Ona görə də qadın əcnəbiyə gedir”.

    Sosioloq bu gün Azərbaycan kişilərinin də əcnəbi qadınlarla ailə qurmasının müxtəlif səbəbləri olduğunu xatırladıb: 

    “Kişilər çox vaxt işləmək üçün üz tutduğu ölkədə daimi yaşamaq kimi məqsədlərlə ailə qururlar. Belə olanda onlara həmin ölkədə dəyib-dolaşan olmur”.

    Üzeyir Şəfiyev hər bir halda bunun yaxşı bir tendensiya olmadığını diqqətə çatdırıb:

    “Yaxşı olardı ki, öz vətəndaşlarımızla ailə qursunlar. Bu genefond təhlükəsizliyi baxımından bizi sığortalamış olar, həm də bütövlükdə Azərbaycanın ailə dəyərlərini, ailə institutunu qoruyub saxlayardı”.

  • Alla Puqaçova Rusiyanın icbari tibbi sığorta sistemindən çıxarılıb

    Alla Puqaçovanı Rusiyanın icbari tibbi sığorta sistemindən çıxardıblar.

    Bu barədə “Mash” “Telegram” kanalı yazıb.

    Bildirilir ki, müğənninin icbari tibbi sığorta sənədi, çox ehtimal ki, şəxsi məlumatların uyğunsuzluğu səbəbindən ləğv edilib.

    Primadonna indiyədək köhnə sənəddən istifadə edirmiş və o, əvəzlənməsi tələb olunan bu sənədi yeniləməyə macal tapmayıb.

    Sənədin ləğvi müğənni barəsində məlumatda səhvlər, məsələn, soyad, ünvan və doğum tarixində uyğunsuzluq səbəbindən baş verə bilərdi. Əgər müğənni Rusiyaya qayıtsa və dövlət klinikasına müraciət etsə, ona təcili yardım göstəriləcək, sonra dərhal sənədinin yenilənməsi üçün sığorta şirkətinə yönləndiriləcək.

    Puqaçovadan fərqli olaraq həyat yoldaşı Maksim Qalkin daha ehtiyatlı tərpənərək sənədini vaxtında yeniləyib və hətta bir neçə tibb ocağına, stomatologiyaya və psixi sağlamlıq mərkəzinə təhkim olunub.

  • Emin “Titanik”in məşhur aktyoru ilə görüşdü

    Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor, “Titanik” filmi ilə məşhurlaşan Billi Zeynlə görüşüb.

    Bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib.

    “Aktyor Billi Zeynlə birlikdə, əminəm ki, siz onu “Titanik” filmindən tanıyırsınız. Birlikdə dünya musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumilikdə meqapeşəkar və həqiqətən də məşhur insanlarla möhtəşəm görüş oldu”.