Month: October 2025

  • Şirvanda kişi 39 yaşlı həyat yoldaşına 11 bıçaq zərbəsi vurub

    Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

    Qeyd edək ki, L.Qambayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.

  • Metronun “28 May” stansiyasındakı dəyişiklik barədə AÇIQLAMA – VİDEO

    Metronun “28 May” stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:

    “28 May” stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. “28 May”da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər”.

    O, həmçinin vurğulayıb ki, xüsusilə son aylarda “Bakı Metropoliteni”ndə intervallara nəzarət yüksək səviyyədədir:

    “Son 6 ay ərzində yalnız bu ay bir dəfə iki qatar arasında interval fərqli olub. Bu da qatarın nasaz vəziyyətdə xətdən çıxarılması ilə bağlı baş verib. Problem ən qısa müddətdə aradan qaldırılıb”.

    Ətraflı Baku TV-nin süjetində:

  • İctimai nəqliyyatla bağlı YENİ TƏKLİF – Gedişhaqqı bu qaydada HESABLANA BİLƏR

    Son günlər ictimai nəqliyyatla bağlı qiymət artımı, o cümlədən bəzi sosial qruplar üzrə güzəştlərin olacağıyla bağlı açıqlamalar ictimaiyyətin diqqətindədir.

    Bəs digər ölkələrin praktikasında ictimai nəqliyyatda hansı güzəştlər var?

    Məsələn, Türkiyədə böyük şəhərlərin əksəriyyətində ictimai nəqliyyat kartlarında “aktarma sistemi” mövcuddur. Yəni, sərnişin təxminən 1–2 saat ərzində başqa nəqliyyat vasitəsinə keçsə, ikinci və üçüncü gedişlər daha ucuz olur. Bu da həm sərnişinlərə sərf edir, həm də ictimai nəqliyyata marağı artırır.
    Bəs belə bir praktika bizdə də tətbiq oluna bilər?

    Bizim.Media mövzuyla bağlı millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.

    Deputat bildirib ki, belə üsullar, müddətli kartlar, qiymətin məsafədən asılı olaraq müəyyənləşdirilməsi təklif edilir.

    “Gedişhaqqı məsafəyə görə hesablansın”

    “İnkişaf etmiş ölkələrin əksəriyyətində gedişhaqqı məsafədən asılıdır. Daha yaxın məsafədə az, uzaq məsafədə isə daha çox gedişhaqqı hesablanır. Bir stansiya dayanacaq gedən sərnişin, bir neçəsindəm sonra düşən sərnişinlə eyni məbləğdə pul ödəyir. Bu, arzuolunan deyil”.

    Vüqar Bayramov müddətli kartların tətbiq edilməsinin də tərəfdarıdır.

    “Müddətli, yəni həftəlik, gündəlik, aylıq kartların verilməsi vacibdir. Bu, ictimai nəqliyyatdan çox istifadə edənlərin xərclərinə daha çox qənaət etməsinə şərait yaradacaq”.

    Qeyd edək ki, deputatın nümunə gətirdiyi müddətli kartlar bir çox ölkədə, o cümlədən Türkiyədə də istifadə edilir. Məsələn, İstanbulda “Mavi Kart”, Ankarada “EGO Abonman” kartları, İzmirdə “İzmirim Kart” və s var.

  • Böyük partlayışdan sonra böyük çöküş: Kainat necə və nə vaxt sona çatacaq?

    Kainatın sonsuzadək genişlənəcəyi barədə geniş yayılmış fikir, Kornell Universitetindən gələn yeni bir araşdırma ilə sarsılıb.

    Qaynarinfo-nun məlumatına  görə, fiziklər bildirirlər ki, kainatın gələcəyini müəyyən edən əsas qüvvə – qaranlıq enerji – sabit olmaya bilər, əksinə, zaman keçdikcə zəifləyir.

    Təxminən 13,8 milyard il əvvəl Böyük partlayışla (Big Bang) yaranan kainatın necə sona çatacağı sualı hələ də alimlərin ən çox düşündüyü mövzulardan biridir. Bu taleyin necə formalaşacağı isə iki böyük sirrlə – qaranlıq maddə və qaranlıq enerji ilə – sıx bağlıdır.

    Kornell Universitetinin professoru Henri Tay və onun komandası tərəfindən aparılan yeni araşdırma göstərir ki, kainat düşündüyümüzdən daha tez, təxminən 33,3 milyard il sonra öz içinə çökə bilər.

    Əvvəllər elm dünyasında Böyük çöküş (Big Crunch) adlanan nəzəriyyə üstünlük təşkil edirdi. Bu hipotezə görə, kainatın genişlənməsi əbədi deyil: müəyyən vaxtdan sonra bu genişlənmə dayanacaq, sonra tərsinə dönəcək və nəticədə hər şey Böyük partlayışdan əvvəlki kimi son dərəcə sıx və kiçik bir nöqtəyə toplanacaq.

    Son onilliklərdə aparılan müşahidələr kainatın genişlənməsinin dayanmadığını, əksinə, sürətləndiyini göstərib. Bu müşahidələr Böyük çöküş ideyasını arxa plana keçirdi və qaranlıq enerjinin varlığına əsaslanan “sonsuz genişlənmə” modelini önə çıxarıb. Əgər bu enerji sabit qalsaydı, kainatın sonsuza qədər genişlənməsi gözlənilə bilər.

    Lakin professor Tay bildirir ki, indiyədək hazırlanmış ən böyük qalaktika və kvasar xəritəsindən əldə edilən yeni məlumatlar qaranlıq enerjinin sabit deyil, zamanla zəifləyən bir qüvvə ola biləcəyini göstərir.

    Qaranlıq enerjinin mürəkkəb quruluşu

    Yeni tədqiqat göstərir ki, qaranlıq enerji düşündüyümüz qədər sadə deyil və mürəkkəb tərkibə malikdir. Tədqiqatçılar hesab edirlər ki, bu enerji həm ənənəvi kosmoloji sabitdən, həm də “aksion” adlanan və elektronlardan çox daha yüngül olduğu düşünülen, qaranlıq maddənin tərkib hissəsini təşkil edən hissəciklərdən ibarətdir.

    Bu qarışıq struktur, Böyük çöküş ssenarisini yenidən gündəmə gətirir. Tədqiqata görə, kainatın son mərhələsində cazibə qüvvəsi yenidən üstün gələcək və bütün maddə vahid bir nöqtəyə toplanacaq. Professor Tay qeyd edir ki, təqdim etdikləri model təkcə kainatın çökəcəyini deyil, həm də bunun necə və nə vaxt baş verəcəyini göstərir.

    Kainatın sonu üçün digər ehtimallar

    Böyük çöküş güclü bir ssenari hesab edilsə də, alimlər kainatın sonu üçün başqa mümkün mexanizmləri də araşdırırlar. Onlardan biri Böyük dağılma (Big Rip) nəzəriyyəsidir. Bu modelə əsasən, qaranlıq enerji o qədər güclənə bilər ki, kainatın genişlənmə sürəti zamanla bütün maddəni – qalaktikalardan atomlara qədər – bir-birindən ayıraraq məhv edər.

    Digər bir ehtimal Böyük sıçrayış (Big Bounce) nəzəriyyəsidir. Bu modelə görə, kainat sonsuz döngü şəklində təkrarlanan Böyük partlayış və Böyük çöküş dövrlərindən ibarət ola bilər.

    Ən fərqli ssenari isə “Yalan vakuumun dağılması” (False Vacuum Decay) adlanır. Bu hipotezə görə, təsadüfi bir kvant hadisəsi nəticəsində kainat heç bir xəbərdarlıq olmadan, ani şəkildə tamamilə yox ola bilər.

    Son sirr: qaranlıq enerjinin təbiəti

    Kainatın son taleyini müəyyən edəcək əsas amil qaranlıq enerjinin əsl mahiyyətidir. Elm adamları bu sirri aydınlaşdırmaq üçün Avropa Kosmik Agentliyinin Euclid” teleskopu və Vera C. Rubin Rəsədxanası kimi iri müşahidə layihələrindən gələcək yeni məlumatları səbirsizliklə gözləyirlər.

  • Maaşdan tutulmalardan imtina etmək olar? – İqtisadçı açıqladı

    Rəsmi müqavilə ilə çalışan şəxslərin əmək haqqından, Dövlət Sosial Müdafiə Fonduna, Həmkarlar İttifaqınz, İcbari tibbi sığortaya, o cümlədən, işsizliyə görə və gəlir vergisi çıxılır. Həmin məbləğlər isə maaşdan kifayət qədər vəsaitin silinməsinə səbəb olur.

    Bəs görəsən, şəxs öz istəyi ilə həmin vergiləri verməkdən imtina edə bilərmi?

    İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, əmək haqqından tutulmalar bir neçə növə bölündüyü üçün, məcburi vergilərdən yayınmaq mümkün deyil:

    “Vətəndaşların əmək haqqından tutulmalar bir neçə növə bölünür. Onların arasında qanunla məcburi olanlar, könüllü tutulmalar və işçinin- işəgötürənin razılığı əsasında formalaşanlar var. Gəlir vergisi, sosial sığorta ödənişləri, eləcə də icbari tibbi sığorta məcburidir və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında təsbitini tapır. Bununla yanaşı Həmkarlar İttifaqının üzvlük haqqı prinsip etibarı ilə könüllü olsa da, təcrübədə görünür ki, bir qurum üzv olandan sonra kütləvi şəkildə proses davam edir.

    Kredit məsələləri, digər növ sığorta və ödənişlər isə işə götürən və işçi arasında müqavilə ilə təsbit edilir”,-deyə iqtisadçı fikrini yekunlaşdırıb.

    Adından da göründüyü kimi məcburi vergilərin ödənilməsi, vətəndaşın bilavasitə sağlamlığının sığortalanması, həkim və xəstəxana kimi xərclərinin ödənilməsi zamanı əlindən tutur, lakin insanlar könüllü adı altında tutulan vergilərin səfasını sürə bilmirlərsə, o zaman onların tutulması nəyə gərəkdir? Vətəndaşdan il boyunca tutulan vergilərdən sonra o, kurort və digər istirahət növlərindən istifadə edə bilmirsə, maaşından faizlərin çıxılması absurd görünür.

  • “Qarabağ” – “Çelsi” oyunu BOS-da keçiriləcək?

    UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən “Qarabağ” klubunun “Çelsi” ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, iddialar əsassızdır.

    “Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, daha əvvəl “Qarabağ” Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.
    //Baku.ws

  • Rusiyanın sursat tələbatını 50 faizədək bu ölkə təmin edir – Kəşfiyyat

    Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Şimali Koreya Rusiyanın sursat tələbatının 35–50 faizini təmin edir.

    Qaynarinfo xəbər verir ki, bunu “Ukrinform”a açıqlamasında Ukrayna Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı Oleq Aleksandrov bildirib.

    “Hazırda Şimali Koreya Rusiyanın sursat ehtiyacının 35–50 faizini təmin edir, ayda 152 və 122 mm-lik 200–260 min mərmi göndərir”, – o deyib.

    Aleksandrov xatırladıb ki, Pxenyan Rusiyaya buraxılış qurğuları və qısa mənzilli ballistik raketlər – KN-23 və KN-24 – verib, Rusiya bu silahlarla Ukraynanın şəhərlərini atəşə tutur.

    Onun sözlərinə görə, Rusiya və Şimali Koreya Ukrayna ilə müharibədən həm də Şimali Koreya silahlarının döyüş şəraitində sınaqdan keçirilməsi və təkmilləşdirilməsi üçün istifadə edir. Buraya, xüsusən, sovet istehsalı “Konkurs” tank əleyhinə raket kompleksinin modernləşdirilmiş versiyası olan “Feniks-2”, uzaqmənzilli Bulsae-4 tankəleyhinə kompleks və 600 mm-lik KN-25 reaktiv yaylım sistemləri daxildir.

    Kəşfiyyatın qiymətləndirməsinə görə, Rusiyanın Kursk vilayətində 8,5–13 min nəfərlik şimali koreya hərbi kontingenti yerləşdirilib. Bu, Rusiyaya Ukraynaya qarşı döyüşlərdə eyni sayda öz qüvvələrini azad etmək imkanı verir.

    Bundan başqa, sentyabr ayında Pxenyanın əlavə qüvvə göndərməsi barədə bəyanatından sonra Kursk vilayətinə 1 min şimali koreyalı hərbçinin, o cümlədən 1 min minatəmizləyici və 5 min hərbi inşaatçının göndərildiyi qeydə alınıb.

    Kreml həmçinin səfərbərlik tədbirləri nəticəsində azalan əmək qabiliyyətli əhalinin yerini doldurmaq üçün Şimali Koreyadan gələn əmək miqrantlarını fəal şəkildə cəlb edir. Kəşfiyyatın məlumatına görə, hazırda Rusiyada 17,8 mindən çox şimali koreyalı işçi çalışır. Eyni zamanda, daha 26 min nəfərin cəlb edilməsi planlaşdırılır, onlardan 6 mininin müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində tikinti işlərinə göndərilməsi nəzərdə tutulur.

  • 100 min kvadrilyon dollar dəyərində qızıl Yer orbitində fırlanır

    2023-cü ilin oktyabrında NASA “16 Psixeya” adlı asteroidə missiya başladıb. Marsla Yupiter arasında yerləşən bu nəhəng kosmik obyekt qızıl və digər qiymətli metallar baxımından olduqca zəngindir.

    “The Daily Galaxy”nin məlumatına görə, “Psixeya” təxminən 100 000 kvadrilyon ABŞ dolları dəyərində qiymətli metallara malik ola bilər. O, Yer sərhədlərinin kənarında gizlənən nəhəng resursların simvoluna çevrilib. Lakin bu sərvətlərin hasilatı hələ ki, reallıqdan uzaqdır — texnoloji irəliləyişə və özəl şirkətlərin artan marağına baxmayaraq, kosmosda faydalı qazıntıların çıxarılması hələ də əlçatmaz xəyaldır.

    “Qızıl nəhəng” yaxınlıqdadır

    “16 Psixeya” asteroidinin diametri 226 kilometrdən çoxdur. Alimlərin fikrincə, bu obyekt dağılmış bir proto-planetin açıq nüvəsi ola bilər. Digər daşlı asteroidlərdən fərqli olaraq, “Psixeya” əsasən dəmir, nikel və elektronika ilə avtomobil sənayesində vacib rol oynayan platin və palladium kimi nadir metallardan ibarətdir.

    Bununla belə, “NASA Psyche” missiyası resursların hasilatını deyil, planetlərin daxili təbəqələrinin necə formalaşdığını öyrənməyi hədəfləyir. Alimlər hesab edirlər ki, bu missiya gənc bir planetin metal nüvəsini xatırladan nadir obyektin tədqiqi üçün unikal imkandır.

    Hasilat mümkündür, amma hələ məqsədəuyğun deyil

    Mərkəzi Florida Universitetinin planetar fizikası üzrə mütəxəssisi Filip Metsgerin sözlərinə görə, asteroidlərdə mədənçiliyin texniki maneələri çox da böyük deyil.

    “Yeganə fərq ondadır ki, avadanlıq aşağı cazibə qüvvəsi və güclü radiasiya şəraitinə tab gətirə bilməlidir”, deyə o bildirib.

    Kosmosda işləyə bilən alətlər və robotlar artıq laboratoriyalarda hazırlanıb və sınaqdan keçirilib. Lakin NASA-nın texnologiyaların hazırlıq səviyyəsini ölçən TRL sisteminə əsasən, asteroid hasilatı üçün texnologiyalar hələ 3–5-ci səviyyə arasındadır. Real missiyaya başlamaq üçün 6–7-ci səviyyəyə çatmaq, yəni sistemləri kosmik şəraitə maksimal yaxın mühitdə sınaqdan keçirmək lazımdır.

    “Texnologiyalar bu səviyyəyə çatmadan uçuşdan danışmaq mümkün deyil. Hazırda əsas çatışmazlıq maliyyədir”, deyə Metsger əlavə edib.

    Özəl sektor kosmosa çıxır

    Dövlət agentlikləri əsasən tədqiqatlara diqqət yetirərkən, “AstroForge” və “TransAstra” kimi özəl şirkətlər gələcək kosmik mədənçiliyi üçün sistemlər üzərində işləyirlər. Lakin onları ciddi maliyyə və logistika problemləri gözləyir.

    Kolorado Mədənçilik Məktəbinin dosenti Kevin Kennon hesab edir ki, metalların Yerə daşınması iqtisadi baxımdan sərfəli deyil. Onun fikrincə, bu ideya “iqtisadi cəhətdən şübhəli” görünür, çünki missiyaların xərcləri çox böyükdür və platina qrupu kimi metallara tələbin azalması bazar dəyərlərini aşağı sala bilər.

    Ekspertlərin rəyinə görə, daha real istiqamət resurslardan birbaşa kosmosda istifadə etməkdir. Məsələn, su ilə zəngin asteroidlərdəki sudan hidrogen və oksigen ayrılaraq raket yanacağı kimi istifadə oluna bilər. Metallar isə Yerə göndərilmədən peyklərin və orbital konstruksiyaların istehsalında tətbiq edilə bilər.
    //qaynar.az

  • 5 manatlıq şirkətin 1 milyon borcu var

    “Naviqator Mobil Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu bir milyon manata yaxınlaşıb.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 973691.96 AZN vergi borcu yaranıb.

    Bakı şəhəri Yasamal Rayonu, Talıblı küçəsi, ev 3, mənzil 23-də qeydiyyata alınan “Naviqator Mobil Servises”in qanuni təmsilçisi Hacıyeva Cəmilə Həsən qızıdır. 24.12.2010-cu ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 5 manatdır.

  • Gecə saat 2-də qonşusundan borcunu istədi – Həbs edildi

    Ağstafa rayonu Köçəsgər kəndində qonşusunun hasarına çıxıb, onu narahat edən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1971-ci ildə Köçəsgər kəndində doğulmuş V.H. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, təqsirləndirilən şəxs borcunu istəmək üçün gecə saat 02.00 radələrində T.Hüseynova adlı qonşusunu narahat edib. Belə ki, V.H. onun evinin önündə qaz borusunu üstündə oturaraq gözləyib, qapının zəngini çalaraq onu narahat edib.

    Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək izahatında bildirib ki, 3 il T.Hüseynovanın bağında işləyib və pulunu ala bilmədiyi üçün zərərçəkmiş şəxsi narahat edib.

    Məhkəmənin hökmü ilə, V.H. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 5 gün müddətə inzibati qaydada həbs olunub.