Month: October 2025

  • Tiflisdə gərginlik pik həddə: Prezident sarayına basqın…

    Gürcüstan paytaxtında mitinq iştirakçıları prezident sarayının Atoneli küçəsində yerləşən həyətinə basqın ediblər.
     
    Bu barədə TASS məlumat yayıb.
     
    Bildirilib ki, sarayın həyətinə basqın edən etirazçılarla polis arasında toqquşma baş verib. Polis bibər qazından istifadə edərək nümayişçiləri geri çəkilməyə məcbur edib. Etirazçılar geri çəkiliblər, lakin yenidən binaya basqın etmək üçün hasarı aşmağa çalışıblar.
     
    Hazırda isə etirazçılar prezident sarayına daş, polis əməkdaşlarına isə pirotexniki vasitələr atırlar.
     
    Bundan əlavə, keçmiş opera müğənnisi Paata Burçuladze mitinqdə ölkənin hazırkı hakimiyyətini qeyri-legitim olduğunu bildirib.

  • Marketlərdən bu məhsulları almayın – Ekspertdən xəbərdarlıq

    Marketlərdə satılan “fit”, “eko” və “şəkərsiz” kimi etiketli məhsullara aldanmayın.
     
    Bunu rusiyalı qidalanma mütəxəssisi Veronika Qusakova söyləyib.
     
    Onun sözlərinə görə bu cür “sağlam” hesab edilən məhsulların çoxunda gizli şəkər var.
     
    “Ümumdünya Səhiyyə Təşkilatı gündəlik şəkər qəbulunun ümumi kalori miqdarının 10 faizindən çox olmamasını tövsiyə edir. Lakin araşdırmalara əsasən, insanlar düşündüklərindən 20-30 faiz artıq şəkər qəbul edirlər. Bunun səbəbi isə istehsalçıların şəkəri başqa adlarla gizlətməsidir, məsələn, aqava siropu, meyvə şirəsi konsentratı, maltodekstrin və ya kokos şəkəri kimi…
     
    Ən çox aldanılan məhsullar meyvəli yoqurtlardır. Belə yoqurtların 100 qramında 6-12 qram şəkər olur. Yəni, kiçik bir yoqurt, uşağın gündəlik şəkər normasına bərabərdir”, – deyə o bildirib.
     
    Ekspert həmçinin “şəkərsiz” batonçiklərə və “dənəli” çörəklərə də diqqətli yanaşmağı məsləhət görür. Bu məhsulların çoxunda da şəkər siropu və ya şirinləşdirici maddələr olur. Məsələn, dənəli çörəyin bir dilimində təxminən 3-4 qram şəkər var.
     
    Qusakova qeyd edib ki, soya sousu, ketçup və hazır salat sousları da çoxlu gizli şəkər ehtiva edir. Bəzi ketçuplarda 100 qramda 20 qramadək şəkər olur.
     
    Bundan əlavə, meyvəli smuzilər və bitki südləri də düşündüyünüz qədər sağlam deyil. “Yulaf südü ilə hazırlanan soyuq latte içkisində 25 qramadək şəkər ola bilər və bu, bir banka koladan da çoxdur,” – deyə o bildirib.
     
    Qusakova məsləhət görür ki, məhsul alarkən qablaşdırmada yazılan “şəkərsiz” ifadəsinə deyil, tərkib siyahısına baxmaq lazımdır. “Əgər “sirop”, “nektar” və ya “konsentrat” kimi sözlər varsa, bu, şəkərin gizli şəkildə əlavə edildiyini göstərir,” – deyə mütəxəssis əlavə edib.
     
    O sonda bildirib ki, ən doğru seçim təbii və emal olunmamış məhsullardır: meyvələr, giləmeyvələr, qoz-fındıq və sadə süd məhsulları. Bu qidalarda şəkər təbii olur və orqanizmə zərər vermir. (Milli.az)

  • Tanınmış polkovnik qəfil vəfat etdi – FOTO

    Azərbaycanın tanınmış polkovniki qəfil vəfat edib. 
     
    Median.Az Manset.az-a istinadən xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinologiya Şöbəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rafiq Hüseynov qəfil vəfat edib. 
     
    O, bu gün günorta saatlarında dünyasını dəyişib. 
     
    Qeyd edək ki, R.Hüseynov FHN-nin tanınmış polkovniklərindən olub. O, uzun illər FHN-də müxtəlif vəzifələrdə çalışıb.

  • İstanbulda terror törətmək istəyən iki yeniyetmə saxlanıldı: Şifrəli yazışmaları ortaya çıxdı

    İstanbulda terror hazırlığı edən iki yeniyetmə saxlanılıb. Onlardan birinin Türkmənistan, digərinin isə Türkiyə vətəndaşı olduğu bildirilir.
     
    Median.Az-ın məlumatına görə, saxlanılan D.R. və A.Y.G.-nin İŞİD-lə əlaqəli gizli yazışmaları aşkar edilib. Onların “yalnız qurd” taktikasına əsaslanan qanlı hücum planlaşdırdıqları üzə çıxıb. Şübhəlilərdən əldə edilən rəqəmsal materiallarda partlayıcı hazırlığı, silah təlimi, dron istifadəsi və təbliğat videoları aşkarlanıb.
     
    D.R. haqqında “ev həbsi” qərarı çıxarılıb, A.Y.G. isə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
     
    İstintaq materiallarında qeyd olunur ki, hər iki yeniyetmə keçmiş terror aktlarından ilhamlanaraq İstanbulda yeni hücuma hazırlaşıb.

    //oxu.az

  • Niyə itlər bəzi insanları sevmir?

    Əgər it insana etimadsız və ya aqressiv yanaşırsa, onun instinktlərinə inanmaq lazımdır. Əgər it mənfi reaksiyaya girirsə, bunun səbəbi var.

    Lent.az bu səbəbləri təqdim edir:

    Bəzən elə hallar olur ki, tamamilə mehriban görünən it qəfil gərginləşir və ya müəyyən bir insanın yanında aqressiv olur. Bu, sadəcə kapriz və ya pis əhval-ruhiyyə deyil. İtlər çox vaxt bizim diqqətimizdən yayınan incə siqnallara reaksiya verirlər.

    İtlərin “gizli silahı” onların qeyri-adi qoxubilmə qabiliyyətidir. İnsanlarda təxminən 5 milyon qoxu reseptoru olduğu halda, itlərdə bu rəqəm 220 milyondur, bəzi cinslərdə isə 300 milyona qədərdir. Baytarlıq nevroloqlarının məlumatına görə, qoxuları işləyib emal edən beyin hissəsi qoxu soğanağı itin beyninin ümumi həcminin təxminən 10%-ni təşkil edir. Bu o deməkdir ki, itlər qoxuları sadəcə “iyi duymaq” üçün deyil, biz görməni necə qavrayırıqsa, eləcə də qoxuları emal edirlər. Onlar stres, qorxu, hətta xəstəliklə bağlı bədən kimyasındakı dəyişiklikləri belə hiss edə bilirlər.

    İnsan bədənindən gələn siqnallar
    İnsanlar qorxu, stress və ya narahatlıq keçirəndə xüsusi kimyəvi siqnallar ifraz edirlər. İtlər adrenalinin, kortizolun və emosional vəziyyəti əks etdirən digər markerlərin qoxusunu hiss edirlər. 2018-ci ildə aparılan bir araşdırmada labradorlar və qolden retriverlərə qorxmuş insanlardan götürülmüş tərləmə nümunələri verilib. Nəticədə, itlər də nəzərəçarpacaq dərəcədə həyəcanlanıblar.

    Qoxu və yaddaş: sıx bağlılıq
    Araşdırmalar göstərib ki, itlər müəyyən qoxuları keçmiş təcrübə ilə əlaqələndirə bilirlər. Məsələn, bir itin pitsa yeyən qonaqlara daim pis reaksiya göstərdiyi müşahidə olunub. Sonradan məlum olub ki, balalıq dövründə ona pis davranan şəxs məhz pitsa çatdıran idi. Bu qoxu onda mənfi assosiasiya yaradıb. Beləliklə, qoxu və davranış arasındakı bu bağlılıq onu göstərir ki, itlərin reaksiyaları təsadüfi deyil. Onlar yadda saxlanılmış təcrübələrə cavab verirlər.

    İtlər və emosional sağalma
    Elə bu qabiliyyətləri itləri emosional travma yaşayan insanlar üçün əla yoldaş edir. Getdikcə daha çox sübutlar göstərir ki, itlərə PTSD-dən (travma sonrası stress pozuntusu) əziyyət çəkən insanlara kömək etməyi öyrətmək mümkündür. Onlar insanın əhvalındakı dəyişiklikləri vaxtında hiss edib, böhran başlamazdan əvvəl təsəlli verə bilirlər.

  • Azərbaycanda 4 yaşlı qıza iynə vurub öldürən keçmiş baş həkimə HÖKM OXUNDU

    İmişlidə 4 yaşlı qıza iynə vuraraq, ölümünə səbəb olan həkimə hökm oxunub.

    İmişli rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxs, Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri 68 yaşlı Ümidəli Həsənov (soyad şərtidir) 2 il müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma qadağan edilərək, həmçinin hüququndan məhrum olunub.

    Qeyd edək ki, hadisə bu il martın 2-də rayonun Yalavac kəndində qeydə alınıb. Hərarəti qalxan 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsində heç bir sınaq qoyulmadan “Seftriaksion” antibiotik iynəsi vurulub. Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi açılıb.

    Xatırladaq ki, Ümüdəli Həsənov 2012-ci ildən 2022-ci ilədək İmişli rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.
    //lent.az

  • Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU

    Təzə balığı məsələn, sazan, kərp, ya da ləş təmizləmək çox vaxt yorucu olur, çünki bərk pulcuqları hətta bıçaqla belə çətin çıxır. Amma sadə bir kulinariya hiyləsi var ki, bu prosesi cəmi bir neçə saniyəyə asanlaşdırır.

    Lent.az bu üsulu təqdim edir:

    Sirr: Qaynar su

    Bunun üçün balığı mətbəx çanağına qoyun, üstünə qaynar su tökün və dərhal ardınca soyuq su ilə yuyun. Bu temperatur fərqi sayəsində pulcuqlar yumşalır və çox asanlıqla çıxır.

    Alətlər

    Pulcuqları təmizləmək üçün adi yemək qaşığından istifadə edə bilərsiniz. İstəsəniz, tərəvəz soyacağı da bu işdə əla nəticə verir.

    Son Addım

    Bütün pulcuqlar təmizləndikdən sonra balığı yaxşıca yuyun artıq bişirməyə hazırdır. Bu üsul həm vaxtınıza, həm də gücünüzə qənaət edəcək və balıq yeməklərinin hazırlanmasını daha ləzzətli hala gətirəcək.

  • “1 manatlıq taksilər”lə bağlı VACİB AÇIQLAMA: Qiymətlər artacaq?

    Son vaxtlar cəmiyyətdə “1 manatlıq taksilərin” qiymətinin artacağı ilə bağlı fikirlər səslənir.

    Maraqlıdır, bu, nə dərəcədə realdır?

    Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu xidmət sahəsi qeyri-rəsmi fəaliyyət göstərdiyi üçün qiymət artımını proqnozlaşdırmaq mümkün deyil:

    “1 manatlıq taksilər leqal fəaliyyət göstərmirlər. Onların qiymət siyasətini və gələcəkdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkün deyil. Bu taksilər əsasən öz qonşusunu və ya yolda gördüyü sərnişini aparan şəxslərdir. Buna görə də qiymət yüksəlməsi ilə bağlı konkret fikir söyləmək çətindir”.

    Ekspertin sözlərinə görə, bu cür daşımalar qeyri-rəsmi olduğundan nəzarətsiz şəkildə fəaliyyət göstərir və onların qiymət artımı bazar prinsiplərinə deyil, fərdi qərarlara əsaslanır.(konkret.az)

  • İndiyədək növbədə olan imtiyazlı şəxslərdən neçəsi avtomobillə təmin edilib? – AÇIQLAMA

    Ötən dövr ərzində müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan 7,8 min nəfərə avtomobil təqdim edilib.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, son illər bu istiqamətdə tədbirlər ardıcıl xarakter alıb və qeyd edilən kateqoriyalara aid olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə isə 7,8 min avtomobil təqdim edilib. “2024-cü ildə bu təminat üçün növbədə olan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı artıq tam şəkildə yekunlaşdırılıb. Avtomobilə tibbi göstəriş veriləcək şəxslərin də avtomobillərlə təminatı həyata keçiriləcək”,- qurumdan əlavə olunub.

    Qeyd edək ki, müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunurlar.

  • İsmayıllıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

    Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

    Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.