Month: October 2025

  • İrəvandan Zəngəzur açıqlaması: Ruslar Mehridən çıxarılır?

    “Ümid edirik ki, TRIPP (“Tramp yolu və ya Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi regional kommunikasiyaların təkcə bir hissədə deyil, həm də ümumi regional kommunikasiyaların blokdan çıxarılmasına töhfə verəcək”.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

    “Söhbət təkcə Ermənistan, Azərbaycan və Cənubi Qafqazdan getmir. Bu gün ölkələr daha çox marşrutlar, alternativ əlaqələr axtarırlar. Bu, daha böyük layihənin, Orta dəhliz və Asiyanı Avropa və əksinə birləşdirməyi hədəfləyən digər layihələrin bir hissəsi ola bilər. Ermənistanda həyata keçirilən istənilən kommunikasiya layihəsi Ermənistanın suverenliyi altında qalır. Bu, bizim üçün çox vacibdir. Digər texniki detalları müzakirə edəcəyik, kimin və necə işlədiyinə qərar verəcəyik”, – Badalyan qeyd edib.

    Razılaşmaya əsasən, hazırda Rusiya əsgərləri Ermənistanın İranla cənub sərhədində patrul həyata keçirir. Sülh müqaviləsi bu əsgərlərin gedəcəyi anlamına gəlirmi?

    Ani Badalyan suala belə cavab verib: “Bu, Rusiya ilə ikitərəfli müqavilə ilə tənzimlənir, ona görə də bu, bizim parafladığımız sülh sazişinə aid deyil”.

    Bəs sülh sazişi sovet dövründə yaradılmış və əvvəllər Ermənistanın İranla cənub sərhədində işləyən dəmir yolunu (Mehri) bərpa edəcəkmi?

    “Əlbəttə, ərazinin logistikasını öyrənirik. Bu, tranzit marşrut olacaq. Eşitdiyiniz mənada dəhliz deyil. Ermənistan Respublikasının suverenliyi altında olan marşrut”, – sözçüsü suala cavabını söyləyib.

  • Mərkəzi Univermaqda 21 sahibkar işini dayandırıb? – VİDEO

    Son günlər dünyada qızılın rekord həddə bahalaşması yerli bazara da təsirsiz ötüşməyib. Bu da alıcı qıtlığına səbəb olub.

    Mediada isə Mərkəzi Univermaqda 21 sahibkarın fəaliyyətini dayandırması xəbəri yayılmağa başlayıb. Məsələyə münasibət bildirən univermaq rəsmisi Rəhman Məmmədov xəbəri təkzib edib.

    “Bu informasiya tamamilə yanlışdır. Ümumiyyətlə bu il ərzində heç bir sahibkar fəaliyyətini dayandırmayıb. Xəbəri yayan saytlara təkzib vermələri ilə bağlı müraciət ediləcək”, – deyə o bildirib.

    Qeyd edək ki, dünya bazarında qızılın qiyməti 4000 dollara yaxınlaşıb. Ölkədə 999.9 əyar qızılın bir qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında təklif olunur.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Azərbaycan bu ölkəyə heyvanı 33 manatdan baha satıb

    Cari ilin ilk 7 ayında Azərbaycan xaricə ümumilikdə 746,82 ton heyva satıb. İxracdan əldə olunan gəlir isə 800,8 min ABŞ dolları təşkil edib.

    Əsas ixrac bazarları sırasında Rusiya, Qazaxıstan və Səudiyyə Ərəbistanı yer alıb.

    Belə ki, Qazaxıstana qeyd olunan dövr ərzində 3,22 ton heyva göndərilib. Bu ixracın dəyəri 1,61 min ABŞ dolları olub. Orta qiymət hər kiloqram üçün 0,5 dollar və ya 0,85 manat təşkil edib.

    Rusiya bazarı isə əsas istiqamət olub. Buraya 742,9 ton heyva ixrac edilib. Dəyəri 785,28 min ABŞ dolları olan məhsulun orta qiyməti hər kiloqram üçün 1,05 dollar və ya 1,79 manat olub.

    Səudiyyə Ərəbistanına isə 0,7 ton heyva satılıb. İxracın ümumi dəyəri 13,91 min ABŞ dolları təşkil edib. Orta qiymət hər kiloqram üçün 19,87 dollar və ya 33,78 manat olub.

    Beləliklə, ixrac olunan heyvanın ən çox həcmi Rusiya bazarına yönəlsə də, ən yüksək qiymət Səudiyyə Ərəbistanına satışlarda qeydə alınıb.
    //valyuta.az

  • Bir milyon dollarlıq “ağac köçürmə” əməliyyatı

    Amerika Birləşmiş Ştatlarının Texas ştatındakı Kayl şəhərində yerli əhali tərəfindən

    Jolene adlandırılan təxminən 400 illik tarixi palıd ağacı mübahisəli yol genişləndirmə layihəsi çərçivəsində köçürülməyə hazırlanır. Təxminən 1 milyon dollara başa gələn bu riskli əməliyyat həm şəhər rəhbərliyi, həm də ekoloji fəallar arasında ciddi fikir ayrılığı yaradıb.

    Adını müğənni Doli Partonun məşhur “Jolene” mahnısından alan bu ağacın rəsmi adı “Old Stagecoach Heritage Oak Tree” (Köhnə Araba Yolu Tarixi Palıd Ağacı) kimi qeyd olunur. 1,3 metrlik gövdə diametrinə malik bu nəhəng palıd əsrlərdir dimdik dayanaraq şəhərin mədəni simvoluna çevrilib. Yaşı dəqiq bilinməsə də, onun bölgənin tarixi kimliyində mühüm yer tutduğu qəbul olunur.

    Hazırda Jolene yol kənarında cəmi 15 santimetr məsafədə yerləşir və bu, nəqliyyatın hərəkətini məhdudlaşdırır. Kayl şəhərinin mer müavini Amber Şmays bildirib ki, ağacın indiki yeri yolda dar bir keçid yaradır. Bu səbəbdən ağacın təxminən 400 metr uzaqda salınacaq yeni kiçik park sahəsinə köçürülməsi qərara alınıb.

    Qərar şəhər sakinləri arasında narazılıq doğurub. Təxminən 2 min nəfər ağacın köçürülməsinə qarşı çıxan müraciətə imza atıb. Yerli sakinlərdən Keysi Lenders bildirib:

    “Bu ağac Amerika Birləşmiş Ştatlarının özündən daha qədimdir. Biz onu qorumağa borcluyuq”

    Şəhər rəhbərliyi əməliyyatın riskli olduğunu qəbul edir, lakin ağacın yaşaması üçün bütün tədbirlərin görüləcəyini bildirir. Layihənin rəsmi saytında qeyd olunur:

    “Daşınma həyatda qalmağı təmin etmir… Lakin şəhər canlı palıdın ən yaxşı şansa sahib olması üçün uzunmüddətli qayğı proqramına sadiqdir”.

    Bu proqram çərçivəsində ağacın müntəzəm suvarılması, hər il torpağın üzərinə qoruyucu örtük tətbiq edilməsi və aylıq mütəxəssis yoxlamaları planlaşdırılır.

    Jolene-in köçürülməsi üçün hazırlıqlar iyul ayında başlayıb və ümumi dəyəri 932.800 dollar təşkil edib. Kök budaması, kök topunun nəm saxlanması və torpağın kök inkişafını dəstəkləyəcək şəkildə işlənməsi kimi ilkin mərhələlər tamamlanıb.

    Əsas daşınma prosesi payızda həyata keçiriləcək və təxminən bir ay davam edəcək. Bu böyük əməliyyatdan sonra “Jolene” 2027-ci ilin payızına qədər xüsusi nəzarət və qulluq altında saxlanılacaq.
    //qaynar.az

  • Məşhur müğənni Maykl Ceksona verilən ləqəbi açıqladı: “İyli”

    Bəzi məişət vərdişləri nəticəsində pop musiqisinin kralı Maykl Ceksona “Smelly” (“İyli”) ləqəbi verilib.

    Qaynarinfo xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, bu barədə əfsanəvi amerikalı müğənni Layonel Riçi öz “Truly” adlı xatirələr kitabında danışıb.

    Onun sözlərinə görə, Cekson ailəsi ilə çox yaxın münasibətdə olub, lakin müəyyən vaxtdan sonra “azad həyata” atılıb:

    “Onun gündəlik həyatını eksantrik adlandırmaq olardı. Sanki bir az səpələnmiş professor idi, amma eyni zamanda uşaq kimi sadəlövh idi”.

    Riçi xatırladıb ki, amerikalı bəstəkar və aranjor Kvinsi Cons tez-tez zarafatla Ceksona “Smelly” deyə müraciət edib:

    “Maykl da buna gülürdü, çünki bəzən günlərlə paltarını dəyişmir və ya ütüləmirdi. Hamımızın qəribə vərdişlərimiz var”.

    Musiqiçinin sözlərinə görə, Ceksonun gigiyena qaydalarına əməl etməməsi onun məşhurluğu ilə əlaqədar olub. O, daim qastrollarda olurdu və gündəlik işlərə vaxt tapmırdı. Bundan başqa, paltarlarını kimyəvi təmizləməyə verə bilmirdi, çünki çox vaxt geyimləri ona geri qaytarılmırdı – insanlar onları xatirə kimi saxlayırdı:

    “Maykl mənə gələndə istənilən geyimdə olardı – cins şalvar və köynək. Cinslər ya aşağı düşürdü, ya da çox qısa idi və etiraf edim ki, bir az qəribə qoxu gəlirdi.”

    Nəşr xatırladır ki, daha əvvəl Ceksonun beş keçmiş ev işçisi onu “Hollivudun ən çirkli və ən qeyri-gigiyenik insanı” kimi təsvir etmişdi.

  • Tibbdə inqilabi yenilik: A qrup böyrək 0 qrup xəstəyə necə köçürüldü?

    Orqan köçürülməsi gözləyən xəstələr üçün böyük ümid yaradan mühüm bir elmi irəliləyiş əldə edilib.

    Alimlər qan qrupu uyğunluğundan qaynaqlanan problemləri aradan qaldırmaq məqsədilə A qan qrupuna aid bir böyrəyi uğurla universal donor orqan – 0 qrupuna çeviriblər və daha sonra beyin ölümü baş vermiş bir xəstəyə köçürüblər. Dəyişdirilən böyrək əməliyyatdan sonrakı iki gün ərzində problemsiz işləyərək bu metodun potensialını göstərib.

    1950-ci illərdən bəri həyatı xilas edən müalicə üsulu kimi tanınan böyrək köçürülməsi bir sıra əsas məhdudiyyətlərlə üzləşir. Ən vacib məhdudiyyətlərdən biri donorla alıcının qan qruplarının uyğun gəlməməsidir. İnsanlarda dörd əsas qan qrupu (A, B, AB və 0) mövcuddur və insanın immun sistemi özündə olmayan antigenləri daşıyan yad orqana qarşı dərhal güclü reaksiya verir.

    Bu məhdudiyyət xüsusilə 0 qan qrupuna malik xəstələr üçün çətinlik yaradır. 0 qrup xəstələr yalnız 0 qrup orqan qəbul edə bildikləri halda, A, B və AB qrupuna malik xəstələr 0 qrup orqanlardan da yararlana bilirlər. Bu səbəbdən 0 qrup xəstələr orqan gözləmə siyahısında digərlərinə nisbətən 2–4 il daha çox gözləməli olurlar.

    Alimlər 1980-ci illərin sonlarından etibarən qan qrupu uyğunsuz (ABOi) orqan köçürülməsini mümkün edən mürəkkəb üsullar hazırlamışdılar. Lakin 2022-ci ildə Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları prosesi sadələşdirən ferment əsaslı yeni müalicə protokolu yaratdılar. Bu yenilikçi üsul “fermentlə çevrilmiş 0” – qısaca “ECO” adlanır.

    Tədqiqatın müəlliflərindən biri, biokimya professoru Stefan Vizers bu metodun mahiyyətini belə izah edib: “Orqanların əməliyyata qədər qorunması üçün istifadə olunan xüsusi mayeyə qan qrupu antigenlərini təmizləyən fermentlər əlavə edildi. Bu fermentlər A qrup böyrəyin səthindəki A antigenlərini effektiv şəkildə təmizləyərək böyrəyi universal donor olan 0 qrupuna çevirdi. Beləliklə, alıcının qanındakı anti-A anticisimləri böyrəyi hədəf ala bilmədi”.

    Komanda metodu sınaqdan keçirmək üçün ailəsinin razılığı ilə beyin ölümü baş vermiş bir xəstəyə ECO böyrəyi köçürüb. Xəstənin qanında normalda orqanı dərhal rədd etməyə kifayət edən yüksək miqdarda anti-A anticisimləri olub. Alimlər böyrəyin davamlılığını sınamaq məqsədilə əməliyyatdan əvvəl adətən tətbiq olunan güclü anticisim azaldıcı müalicəni bu dəfə aparmayıblar.

    Köçürülmədən sonrakı ilk iki gün ərzində böyrək problemsiz işləsə də, üçüncü gün A antigenlərinin yenidən əmələ gəlməsi ilə alıcının immun sistemi reaksiya göstərməyə başlayıb.

    Bu nəticələr metodun klinik tətbiqi üçün vacib məlumatlar təqdim edir. Professor Vizers uzunmüddətli uyğunlaşmanın mümkün olduğunu, lakin real transplantasiyalarda ECO orqanlarla birlikdə standart immuniteti zəiflədici müalicələrin də tətbiq edilməli olduğunu vurğulayır.

    Alimlər hesab edirlər ki, orqanların qan qrupunu dəyişdirmək imkanı orqan gözləmə siyahısındakı namizədlərin yarıdan çoxunu təşkil edən 0 qrup xəstələr üçün inqilabi əhəmiyyət daşıyır. Bu üsul orqan köçürülməsi gözləmə müddətlərini əhəmiyyətli dərəcədə azalda bilər.
    //qaynar.az

  • Sirrli molekul Günəş sistemindəki həyat nəzəriyyəsini şübhə altına aldı

    Elm adamları “Wolf 1130C” adlı qəhvəyi cırtdan ulduzda fosfin adlı kimyəvi birləşmə aşkar ediblər – bu, bir vaxtlar Venerada həyatın mümkünlüyü barədə mübahisələrə səbəb olmuş molekul olub.

    Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” yazıb.

    Qəhvəyi cırtdan nədir?

    Qəhvəyi cırtdanlar nə tam ulduz, nə də planet sayılır. Onlar kosmosdakı qaz buludlarının çökməsi nəticəsində yaranır, lakin daxillərində hidrogeni helyuma çevirən ulduz istiliyi formalaşmır. Əgər bu qaz buludu Yupiterdən 13 dəfə ağır olarsa, o zaman yalnız qısa müddətlik “deyterium” adlı daha ağır hidrogen növünü yandıra bilir.

    Ən isti qəhvəyi cırtdanların səth temperaturu təxminən 2000°C, ən soyuqlarının isə otaq temperaturuna qədər düşə bilir. Bu cisimlər əsasən infraqırmızı işıq yayır və buna görə də onları yalnız kosmosdakı teleskoplarla – məsələn, “James Webb” (JWST) vasitəsilə müşahidə etmək mümkündür.

    Fosfinin tapılması və onun mənası

    Yeni araşdırma “Science” jurnalında dərc olunub. Burada qeyd edilir ki, “Wolf 1130C” qəhvəyi cırtdanında fosfin (PH₃) aşkarlanıb — bu, çox sadə, lakin elm üçün dərin mənalı molekuldur.

    Yer üzündə fosfin yalnız bioloji proseslər nəticəsində yaranır, buna görə də alimlər onu bir növ “həyat siqnalı” hesab edirlər. 2020-ci ildə Venerada fosfin aşkar oluna biləcəyi barədə xəbər yayıldıqda, bu, planetdə mikrobların mövcud ola biləcəyi ehtimalını gündəmə gətirmişdi.

    Lakin “Wolf 1130C” kimi tamamilə yaşayışsız və ekstremal mühitdə eyni molekulun aşkarlanması bu nəzəriyyəni şübhə altına alır. Deməli, fosfin yalnız canlı orqanizmlər tərəfindən deyil, həm də müəyyən fiziki və kimyəvi reaksiyalar nəticəsində yaranmış ola bilər.

    Niyə bu kəşf mühümdür?

    JWST-nin daha əvvəl apardığı 23 fərqli qəhvəyi cırtdan müşahidəsində fosfin aşkarlanmamışdı. “Wolf 1130C” istisnadır — onun atmosferindəki təxminən 320°C istilik və aşağı “metal” tərkibi bu molekulun sabit qalmasına şərait yarada bilər.

    Tədqiqatçılar bildirirlər ki, bu müşahidə fosfinin yaranma mexanizmini daha dərindən öyrənməyə kömək edəcək və “həyat əlamətləri” üçün istifadə olunan meyarları yenidən nəzərdən keçirməyə məcbur edəcək.

  • Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? – ARAŞDIRMA

    Şanlı İkinci Qarabağ savaşından 5 il ötür. Bu müharibədə iştirak edib, öz qanı və canı bahasına zəfərin əldə olunmasında iştirak edən hər kəs bu gün böyük ehtiramla yad edilir.

    44 günlük müharibədə 3 minə yaxın şəhid verdik, onminlələrlə soydaşımız isə şərəfli qazi adını qazandı.

    Bu gün şəhidlərlə yanaşı qazilərimizə qarşı xüsusi hörmət var. Amma bəzi hallarda qazilərə fərqli münasibət görürük. Bu isə qətiyyən doğru yanaşma deyil.

    Bəri başdan deyək ki, Birinci Qarabağ savaşının bütün iştirakçıları müharibə veteranıdırlar. Amma İkinci Qarabağ savaşının sağ qalan bütün iştirakçıları isə həm müharibə veteranı, həm də qazidirlər.

    Niyə?

    Səbəb çox sadədir. Qazi döyüşdən qalib dönənə deyirlər. Nəzərə alaq ki, qazi sözü ərəbcədəki qəzənfər, qəz, qəzavət və s. sözlərilə eyni kökdən olub mənası qalib (qalib gələn, müzəffər olan) deməkdir.

    Bu da o deməkdir ki, qazi sözünün dilimizə tərcüməsi, leksik baxımdan ümumi mənası qalib əsgər, qələbə çalan döyüşçü kimi anlaşılmalıdır. Bu baxımdan da qazi ifadəsi təkcə yaralı döyüşçüyə, döyüşlərdə sağlamlığını itirən, əlil olan əsgərə deyil, ümumiyyətlə, qalib gəlmiş bir ordunun bütün əsgər və zabit heyətinin hər bir üzvünə şamil edilməlir.

    Çox təəssüf ki, Birinci Qarabağ savaşında biz döyüşləri uduzmuşuq. Ona görə də həmin döyüşlərdə iştirak edənlər qazi yox, müharibə veteranıdır.

    Nəzərə alaq ki, rəsmi olaraq qazi ifadəsi işlənmir. Məsələn Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaralanan döyüşçülərin hamısına bu faktı təsdiqləyən şəhadətnamə verir. Həmin şəhadətnamədə “Azərbaycan Respublikasını müdafiəsi zamanı yaralanmışdır” sözü yazılır. Şəhid olubsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub”, müharibə iştirakçılarının hamısı üçün isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib” kimi qeydiyyat aparılır.

    Qazi ifadəsi sadəcə ehtiram mənasında, bəzənsə müharibə veteranının qısaldılmış formasında işlədilir.

    Təbii ki, həm birinci, həm də ikinci Qarabağ savaşında iştirak edən, şəhid olan hər kəs eyni hörmətə və qayğıya malikdir. Dövlət tərəfindən hər iki müharibənin iştirakçısına eyni cür yanaşma var.

    Amma bəzən cəmiyyətdə, hətta dövlət qurumlarında bilərəkdən və yaxud bilməyərəkdən müharibə veteranlarına fərqli yanaşma sərgilənir. Məsələn bəzi hallarda veteranlara müəyyən diqqətsizlik göstərərək “sən qazi deyilsən”deyirlər. Belələrinin məntiqincə, müharibədə yaralanmamısansa və yaxud sağlamlığını itirməmisənsə sən qazi sayılmırsan.

    Bu cür yanaşma kökündən səhvdir.

    Əgər vətəndaş Müdafiə Nazirliyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib” sözləri yazılmış vəsiqə göstərirsə və o İkinci Qarabağ savaşının iştirakçısıdırsa o həm qazi, həm də müharibə veteranıdır. Lakin Birinci Qarabağ savaşının iştirakçıları yalnız müharibə veteranıdır.

  • У берегов Японии произошло землетрясение магнитудой 6

    Землетрясение магнитудой 6 зарегистрировано у берегов острова Хонсю в Японии.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр стихии находился в 78 км к северо-востоку от города Иваки, где проживают порядка 357 тыс. человек. Очаг залегал на глубине 47 км.

    Информации о пострадавших и разрушениях не поступало. Угроза цунами не объявлялась.

  • Yaponiya sahillərində 6 maqnitudada zəlzələ baş verib

    Yaponiyanın Honsyu adasının sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri təxminən 357 min insanın yaşadığı İvaki şəhərindən 78 km şimal-şərqdə, zəlzələ ocağı 47 km dərinlikdə yerləşib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.