Month: October 2025

  • Yaxın onilliklərdə məlumat mərkəzləri kosmosa yerləşdiriləcək – Ceff Bezos

    “Amazon” şirkətinin qurucusu və icraçı sədri Ceff Bezos İtaliyanın Turin şəhərində keçirilən “Texnologiya Həftəsi” zamanı kosmosun gələcəyi ilə bağlı futuristik bir proqnoz verib. O bildirib ki, qarşıdakı 10–20 il ərzində kosmosda “gigavat gücündə məlumat emalı mərkəzləri” inşa olunacaq.

    Qaynarinfo xəbər verir ki, Bezosun fikrincə, fasiləsiz mövcud olan günəş enerjisi bu mərkəzlərin Yer üzündəki analoqlarından daha səmərəli olmasına imkan verəcək.

    Bezosun “Reuters” agentliyinə istinadən dediyinə görə, bu fikir artıq bir çox texnologiya nəhəngləri arasında maraq doğurub. Çünki Yer üzündəki məlumat mərkəzləri sürətlə artan enerji və su tələbatı ilə qarşı-qarşıyadır — xüsusilə serverlərin soyudulması üçün.

    “Bu nəhəng klasterləri kosmosda qurmaq daha məqsədəuyğundur. Orada 24 saat fasiləsiz günəş enerjimiz var. Bulud, yağış və ya hava şəraiti problemi yoxdur”, deyə Bezos qeyd edib.

    Onun sözlərinə görə, bu plan qarşıdakı bir neçə onillik ərzində reallaşa bilər. Bezos hesab edir ki, kosmik infrastrukturun yaradılması, kosmosun Yer üzündə həyat şəraitini yaxşılaşdırmaq məqsədilə istifadəsinin daha geniş bir tendensiyasının tərkib hissəsidir. O, bu baxımdan hava proqnozu və rabitə peyklərini nümunə göstərib:

    “Sonrakı mərhələ məlumat mərkəzləridir, daha sonra isə digər istehsal növləri gələcək”.

    Bezos əlavə edib ki, məlumat mərkəzlərini kosmosa yerləşdirmək bir sıra çətinliklər yaradır — texniki xidmətin və modernləşmənin mürəkkəbliyi, raket buraxılışlarının yüksək dəyəri və uğursuz start riskləri bunlar arasındadır.

    “Amazon” rəhbəri həmçinin süni intellektin (AI) inkişafını 2000-ci illərin əvvəllərindəki internet bumu ilə müqayisə edib və insanlığı nikbin olmağa çağırıb. Onun sözlərinə görə, süni intellekt dalğası da “dotcom” dövrü kimi əvvəlcə böyük həyəcan yaratsa da, nəticədə cəmiyyətə dərin və davamlı təsir göstərəcək.

    “Biz süni intellektin ictimai və faydalı nəticələrinə son dərəcə optimist yanaşmalıyıq. 25 il əvvəl internetlə olduğu kimi, bu dəyişiklik də gerçəkdir və uzunömürlü olacaq. Sadəcə, potensial ‘balonlar’ və onların partlaması ilə real inkişafı bir-birindən ayırmaq lazımdır”, deyə Bezos vurğulayıb.

    O, yaxın illərdə süni intellektin üstünlüklərinin geniş şəkildə tətbiq olunacağını da qeyd edib.

  • İdman zallarında gizli risklər

    Sentyabrın 29-da Əməkdar artist Cabir İmanovun idman zalında ürək tutmasından dünyasını dəyişməsi kədərli fakt oldu. Ölüm faktının idman zalında baş verməsi suallar da doğurdu. Çünki bundan öncə də idman zallarında ürək tutmasından baş verən ölüm faktları olmuşdu. İstər-istəməz idman zamanı qəbul edilən dərmanların ölümə səbəb olması barədə ehtimallar gündəmə gəldi. Həqiqətən də, görəsən, idman zalları, istifadə edilən dərmanlar hansı hallarda ölümə səbəb ola bilərmi?

    Nutrisioloq, fəal idmanla məşğul olan Emil Allahverdiyev bildirib ki, ürək tutmaları sadəcə idman zallarında deyil, hər yerdə ola bilər: “Bu, sükan arxasında, hətta yemək yeyərkən də mümkündür. İdman zalında olması o demək deyil ki, məhz idmanla bağlıdır. İnsan içki içirdimi, yağlı yeməklər yeyirdimi, nəslində infarktdan dünyasını dəyişənlər varmı, əsas bunlara diqqət etmək lazımdır”.

    Nutrisioloqun fikrincə, idmana başlamazdan əvvəl sağlamlıq müayinəsindən keçmək lazımdır: “Yaşın 40-ın üzərindədirsə, heç vaxt idmanla məşğul olmamısansa, idmana gedirsənsə, müayinə mütləqdir. Xroniki xəstəliklər varsa, həkimlə məsləhətləşmək lazımdır. Amma bunları zaldan tələb etmək doğru deyil. Bu, insanın şəxsi məsuliyyətidir”.

    E.Allahverdiyev idman zallarında təqdim edilən proteinlərin və qida əlavələrinin ürək problemlərinə heç bir təsiri olmadığı qənaətindədir: “Bəzi idmançılar stereoidlər istifadə edirlər. Onlar protein və ya qida əlavəsi deyil. Onlar insan ömrünü qısaldır. Bir çox stereoidlər qadağandır. Lakin bəzən gizli şəkildə alına bilir. Azərbaycanda bəzi preparatlar qadağandır. Amma zallarda bu dərmanlar təklif edilir. Məşqçilər idmanla məşğul olanlara sürətli nəticə almaq üçün preparat təklif edirlər. Məşqçilər bu dərmanların fəsadlarından da danışmalıdırlar. Deməlidir ki, nəticəyə tez çatsan da, ürəyində problemlər yaranacaq, təzyiqin qalxacaq, ömrün bir neçə il qısalacaq. Heyif ki, bir çox məşqçilər bunu etmir”.

    E.Allahverdiyevin fikrincə, idman zallarında çalışan məşqçilər tibbi yardım kursları keçməlidirlər.

    Almaniyada fəaliyyət göstərən həkim-kardioloq Firudin Qurbanov da bildirib ki, idman zallarında qəfil ürəktutmalarının bir çox səbəbi var: “Əsas risk qrupu yaşı 40-dan yuxarı olan insanlardır. Siqaret çəkənlər, artıq çəkisi olanlar, ailəsində ürək-damar xəstəliyi olanlar, şəkərli diabetdən və ya təzyiqdən əziyyət çəkənlər xüsusilə risk altındadırlar. Belə şəxslərin tac damarlarında problem ola bilər, amma gündəlik həyatda bunu hiss etməzlər. İdman zalında fiziki yüklənmə nəticəsində infarkt və ya qəfil ürək tutması baş verə bilər. Gizli ürək-damar xəstəliyi olan insanlar var. Bu, bəzən irsidir”

    Həkim-kardioloq bildirdi ki, hipertrofik obstruktiv kardiomiopatiya zamanı ürək əzələsi qalınlaşır. Bu, gündəlik həyatda simptomsuz ola bilər, amma fiziki yüklənmə zamanı bədxassəli ritm pozğunluqları yarana və qəfil ölümlə nəticələnə bilər: “Bunu biz tez-tez gənc idmançılarda görürük – məşq və ya oyun zamanı qəflətən yıxılırlar və həyatlarını itirirlər”.

    F.Qurbanov yaşın yaratdığı risklərdən də bəhs edib: “Elə insanlar var ki, 40 yaşına kimi heç vaxt idman etməyib. Amma birdən sağlam həyata keçid etmək istəyir, idmana başlayır. Maksimal yüklənmə edir. Bu, çox risklidir. Təcrübəsiz şəxslər isinmə hərəkətləri etmədən ağır çəkilərlə məşqə başlayırlar. Halbuki ürəyin maksimal yüklənmə həddi var: 220-dən insanın yaşını çıxırıq. Məsələn, 50 yaşında insan üçün maksimal nəbz 170-dən yuxarı olmamalıdır. İsinmə hərəkətləri və yüklənmənin mərhələli artırılması mütləqdir”.

    Kardioloqun fikrincə, stres və stimulyatorlar da təsir edə bilir: “Daim kofein və enerji içkilərindən istifadə ürək damarlarında spazm yaradır, ritm pozğunluqlarına səbəb ola bilir. Bu da qəfil ürək tutmalarını artıran amillərdəndir”.

    Müsahibimiz bildirib ki, idmana başlamazdan əvvəl tibbi müayinələrdən keçmək mütləqdir: “Xüsusən 30–40 yaşdan sonra müayinələr vacibdir. EKQ ilə ürəyin ritminə baxmaq, gizli infarkt olub-olmadığını qiymətləndirmək lazımdır. Qan təzyiqi ölçülməlidir, çünki gizli hipertoniyaya çox rast gəlinir. Yüksək təzyiq idman zamanı aorta və ya beyin damarının yırtılmasına səbəb ola bilər. Qan analizləri ilə xolesterin, şəkər və lipidlər yoxlanmalıdır. Stres-test – qaçış və ya velosiped üzərində – ürəyin fiziki yüklənməyə reaksiyasını göstərir. Bu müayinələr əsasında həkim hansı idmanın və hansı intensivliyin uyğun olduğunu təyin edir”.

    Həkim idman zalında təklif edilən dərmanların orqanizmə təsirindən də danışdı: “Steroidlər bədənin həcminə uyğun olmayan dozada qəbul ediləndə çox zərərlidir. Tərkibində kofein, taurin olan stimulyatorlar dozanı aşdıqda ürək döyüntülərini sürətləndirir, qəfil ölümlərə gətirib çıxara bilir. Yağ yandırıcılar da təzyiqi qaldırır, ürək ritmini pozur. Protein tozları sağlam ürəyi və böyrəyi olan şəxslər üçün təhlükəsizdir, amma həddindən artıq qəbul böyrəklərə ziyan verir”.

    F.Qurbanovun sözlərinə görə, idman zallarında ilkin tibbi yardımı bilən məşqçilər olmalıdır: “İlk növbədə təcili yardıma zəng edilməlidir. Sonra nəfəsin olub-olmadığı yoxlanmalıdır. Əgər şəxs nəfəs almırsa və huşsuzdursa, dərhal ürək masajına başlanmalıdır. Dəqiqədə 100–120 dəfə sinə kompressiyası aparılmalıdır. 30 kompressiyadan sonra iki dəfə süni nəfəs verilir. İdman zallarında mütləq defibrilyator olmalıdır. Təlim keçmiş işçilər bu cihazdan istifadə edərək təcili yardım gələnədək xəstənin həyatını xilas edə bilərlər”.

  • Ağdamda 12 min manatlıq pensiya dələduzluğu

    Pensiya dələduzluğu ilə bağlı daha bir cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Dələduzluq Ağdam rayonunda baş verib.

    Cinayət işində zərərçəkmişlərin əsas şikayətçi olduğu Yasən adlı şəxsdir. Lakin o bu əməli tək törətməyib. Yasən bu işdə Tofiq adlı şəxsin əsas adam olduğunu bildirib. Hətta ondan polisə də şikayət edib.

    Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş var. Onlar ifadələrində pensiya üçün Yasənə pul verdiyini bildiriblər.
    Dəymiş zərərin ümumi məbləği 12 000 manatdır.

    Hər iki şəxs zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham elan edilib. Cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə zamanı məlum olub ki, Yasən dəymiş zərəri və dövlət büdcəsinə zərərin 25 faizini ödəyib. Bu baxımdan, o, cinayət məsuliyyətindən azad edilib.

    Digər təqsirləndirilən şəxs isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
    //qaynar.az

  • Yaponiyada ilk dəfə qadın baş nazir ola bilər

    Yaponiyanın hakim partiyası şənbə günü 64 yaşlı Sanae Takaitini öz lideri seçib. Bu, onun ölkənin ilk qadın baş naziri olmaq yolunu açır.

    Qaynarinfo “Financial Times”a istinadən xəbər verir ki, yeni baş nazirin seçilməsi ilə bağlı parlament səsverməsi 15 oktyabrda keçiriləcək. Hakim koalisiyanın parlamentdə ən çox yerə sahib olması Takaitiyə üstünlük verir.

    Sərt xəttli mühafizəkar kimi tanınan Takaiti Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerdən nümunə götürür. O, şənbə günü keçirilən seçkilərin ikinci turunda ən yaxın rəqibi Sindzirc Koidzumini məğlub edib. Takaiti siyasi veteran sayılır — o, bir neçə dəfə nazir vəzifəsi tutub və mərhum Şindzo Abenin “abenomika” siyasətinin əsas tərəfdarlarından biri olub.

    Bununla belə, qeyd olunur ki, Yaponiyanın hakim partiyası parlamentin hər iki palatasında çoxluğu itirib. Bu səbəbdən Takaiti 15 oktyabrda keçiriləcək səsvermədə baş nazir kimi təsdiqlənmək üçün bir və ya bir neçə müxalif partiyanın dəstəyini qazanmağa çalışmalı olacaq.

    Siyasi analitiklərin fikrincə, səsverməyə qədərki on gün ərzində hakim Liberal Demokrat Partiya ilə potensial tərəfdaşlar arasında gərgin danışıqlar aparılacaq. Bu partiyaların əksəriyyəti Takaitinin mühafizəkar baxışlarını bölüşmür.

    Əgər Takaiti baş nazir postunu tuta bilsə, ABŞ prezidenti Donald Trampın Yaponiyaya planlaşdırılan səfərinə hazırlaşmaq üçün onun cəmi iki həftədən az vaxtı olacaq.

  • Tarif Şurasından bu səlahiyyət alınmalıdır – İqtisadçı

    Oktyabrın 3-dən etibarən Azərbaycanda əhalinin ən çox istifadə etdiyi dərmanların qiyməti qalxıb. Bu barədə Tarif Şurasının qərarında qeyd edilib.

    İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiyməti qaldırılıb, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

    Tibbi ekspert Rəşid Mahmudov Qaynarinfo-ya açıqlamasında bunun səbəbini Azərbaycanda dərman istehsal olunmaması ilə əlaqələndirib:

    “Mən həkiməm, dərman qiymətini azaldıb-artırmıram. Azərbaycanda dərman istehsal olunmur. Niyə əziyyət çəkək, kənardan dərman alırıq. Dərmanı hazırlamaq çətindir. Yalan danışan deyiləm, əziyyət verməyin mənə”.

    İqtisadçı Natiq Cəfərli Tarif Şurasının bu qiymət tənzimləməsini kökündən yanlış olduğunu deyib:

    “Tarif Şurasından bu səlahiyyət alınmalıdır. Molekullara və istehsalçı ölkələrə görə tənzimləmə mexanizmi ölkədə dərmanın keyfiyyətini aşağı saldı, qiymətləri isə artırdı. Bu, artıq illərdir davam edir. Bu yanlış praktikadan imtina olunmalıdır, rəqabətli mühit yaradılmalıdır. Dövlət ancaq keyfiyyətə nəzarət etməlidir”.

    Natiq Cəfərli ölkədə dərman satışının təşkili ilə bağlı onlarla şirkət yaranmasının vacibliyini vurğulayıb:

    “Nə qədər ki, Tarif Şurasından öncə ölkədə vəziyyət belə idi, ölkədə 200-dən çox dərman şirkəti fəaliyyət göstərirdi. Onlar həm də rəqabətli mühit şəraitində fəaliyyət göstərirdi. İndi onların sayı çox azalıb. Onlarla şirkət bağlanıb və sıradan çıxarılıb. Çünki ölkədə dərman bazarında bir neçə iri şirkət dominantlıq edir. Bu da Tarif Şurasının siyasətinin nəticəsidir”.

  • “Ali təhsil haqqında” qanun niyə gecikir?

    “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb. Amma hələ də qəbulu yubanır. Parlamentin payız sessiyasında bu qanunun qəbulunun prioritet məsələlərdən biri olması gözlənilir. Layihə Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına da daxil edilmişdi. Lakin layihənin müzakirəyə çıxarılması alınmadı. Layihə işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib. Layihə artıq beşinci sessiyadır ki, işlər planına salınır, amma plenar iclasın müzakirəsinə çıxarılmır.

    Qeyd edək ki, ölkəmizdə “Təhsil haqqında” qanun qəbul olunub. İndi isə ayrıca “Ali təhsil haqqında” qanun layihəsinin qəbulu planlaşdırılır.

    Bəs yeni qanun layihəsi təhsil sistemində hansı yenilikləri özündə əks etdirir?

    Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirir: “Ali təhsil haqqında” qanunda bir çox mühüm məsələlər öz əksini tapıb. Bu qanun Azərbaycanda ali təhsili tənzimləyəcək. Düzdür, “Təhsil haqqında” qanunumuz var, amma “Ali təhsil haqqında” ayrıca bir qanun yoxdur. Bu qanunun qəbul edilməsi ali təhsil müəssisələri üçün də olduqca önəmlidir. Bu gün təhsildə bir sıra çağırışlar var ki, onların yerinə yetirilməsi üçün bu qanuna ehtiyac var”. Millət vəkilinin sözlərinə görə, sənəddə distant təhsil, xarici diplomların tanınması, universitetlərin idarə olunması, tələbə yataqxanaları, tələbələrin köçürülməsinin yeni qaydaları, doktorantura pilləsinin ikili səviyyədən bir səviyyəyə endirilməsi və s. məsələlər yer alıb. C.Məmmədov bildirir ki, adətən qanunlar qəbul edilərkən mərkəzi icra orqanlarının rəy və yanaşmaları nəzərə alınır: “Hesab edirəm ki, hazırkı mərhələdə qanunun qəbul edilməsi Elm və Təhsil Nazirliyindən asılıdır. Nazirlik bu prosesdə fəal olmalıdır. Yəni burada məsələ təkcə Milli Məclisdən asılı deyil, həm də digər strukturlardan asılı olan məsələlər var”.

    Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının fikrincə, zaman, tələbat və şərait dəyişdikcə qanunlar da dəyişir: “Ya yeni maddələr əlavə olunur, ya da dəyişikliklər edirlər. Yəqin ki, yeni dövrə uyğun dəyişikliklərə ehtiyac var”. H.İsaxanlı bildirir ki, ali təhsil sistemi ilə orta təhsil sistemi arasında kəskin fərqlər mövcuddur. Bu baxımdan, ali təhsilin ayrıca xüsusiyyətləri olduğundan, onun ayrıca qanununun olmasının heç bir ziyanı yoxdur: “Bunlar başqa səviyyələr, ayrı-ayrı problemlərdir. Hər cəhətdən fərqlər çoxdur. Ona görə də “Ali təhsil haqqında” ayrıca qanunun olması yaxşı olardı”.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamal isə hesab edir ki, qəbulu gözlənilən qanun təhsilin mərhələlərini, təhsilalma formalarını qaydaya salacaq və artıq bu çərçivədən kənara çıxmaq olmayacaq: “Təhsil hər bir ölkənin prioritet sahəsidir. Elə bir ailə yoxdur ki, bu və ya digər dərəcədə təhsillə bağlı olmasın. Ölkənin Konstitusiyasından sonra bu qanun ikinci vacib sənəddir. Təhsil sistem içində sistemdir. Bu sistemlərin ahəngdar işləməsi üçün vacib olan isə qanundur”. Professor hesab edir ki, bizim dünya təhsil sisteminə inteqrasiya olunmağımız üçün “Ali təhsil haqqında” qanunda dünya təhsil sistemində baş verən müsbət hadisələr, yerli, milli xüsusiyyətlər nəzərə alınacaq”. Professorun fikrincə, qanun layihəsi çap edilib ictimai müzakirəyə də verilməlidir ki, müəllimlər, ictimaiyyət nümayəndələri də onunla tanış olsunlar: “Bu qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu sənəd təhsilimizdə ortaya çıxan süni əngəlləri də aradan götürə bilər. Çünki ortada qanun olarsa, bu, bir çox məsələlərdə redaktə işlərini sürətləndirəcək”.

    Dosent İlham Əhmədov da Milli Məclisdə “Ali təhsil haqqında qanun” layihəsi üzərində 4 ildir ki, işlərin davam etdiyini bildirir: “İndi bu işə yenidən start veriləcək. Bu halda proses hələ xeyli davam edə bilər”. Ekspert bildirir ki, bizdə hazırda “Təhsil haqqında qanun” və digər normativ sənədlər var: “Onlara doğru-düzgün əməl edilsə, mövcud problemlərin çoxu həll edilə bilərdi. Amma, əksinə, problemlər ilbəil artdı. Bu gün də təhsildə olan bir çox problemlər, baş verən bəzi proseslər “Təhsil haqqında qanun”la uzlaşmır. Gec-tez “Ali təhsil haqqında qanun” da qəbul ediləcək, amma bu gedişlə ali təhsildəki problemlərimiz tezliklə öz həllini tapmayacaq”. İ.Əhmədov hesab edir ki, qanundan əvvəl və ya paralel olaraq ali təhsilə dair yol xəritəsi, inkişaf strategiyaları qəbul edilməlidir: “Hələ də ali təhsilə dair normal strategiyamız yoxdur. Son 15 ildə ali təhsilə dair cəmi bir strategiya qəbul edilib. Bu, 2009-2013-cü illər üzrə olan sənəddir. Onun da icrası yarımçıq oldu. Bizdə belə təsəvvür var ki, intizarla gözlənilən hansısa qanun qəbul edilən kimi, bu sahənin bütün problemləri avtomatik həll ediləcək. Sahənin inkişafı üçün mükəmməl qanunvericilik aktlarının olması zəruridir, lakin bu, kafi deyil. Əlavə digər məsələlər də həll edilməlidir”.

    Mənbə: “Kaspi” qəzeti

  • Yaşıl çaydan da çox antioksidant: Mütəxəssislər 5 faydalı içkini açıqladı

    Yaşıl çay uzun müddətdir ki, antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Lakin diyetoloqların fikrincə, sağlamlığa daha çox fayda verən və yaşıl çaydan da çox antioksidant ehtiva edən bir neçə içki mövcuddur.

    Qaynarinfo xəbər verir ki, “Very Well Health” nəşri bu içkilərin siyahısını təqdim edib.

    Ağ çay – Antioksidant tərkibinə görə birinci yerdə dayanır. Yaşıl çaydan fərqli olaraq, ağ çay minimal emal prosesindən keçir, buna görə də tərkibində daha çox katexin və polifenol qalır. “National Library of Medicine”də dərc olunmuş tədqiqatlara əsasən, ağ çayda olan bu maddələr xolesterin və trigliserid kimi zərərli yağların səviyyəsini aşağı salaraq lipid mübadiləsini yaxşılaşdırır.

    Qibiskus (hibiskus) çayı – Tünd qırmızı rəngə və turşməzə dadına malik olan bu çay flavonoidlər və antosianinlərlə zəngindir. Bu antioksidantlar orqanizmdə iltihabı azaldır, xolesterin səviyyəsini normallaşdırır və arterial təzyiqi salmağa kömək edir.

    Bənövşəyi çay – Yaşıl və qara çayla eyni bitkidən əldə olunur, lakin Keniya dağlarının yüksək hissələrində yetişir. Onun bənövşəyi rəngi antosianinlərin və katexinlərin birləşməsindən yaranır. Tərkibindəki polifenollar, o cümlədən EGCG, ürək-damar sağlamlığına, şəkər səviyyəsinin tənzimlənməsinə və bağırsaq fəaliyyətinə müsbət təsir göstərir.

    Roybuş (rooibos) çayı – Cənubi Afrikada yetişdirilən, təbii olaraq kofeinsiz və şirin dada malik bu çay əsəbləri sakitləşdirməyə və yuxu keyfiyyətini artırmağa kömək edir. Onun tərkibindəki aspalatin maddəsi qlükoza və yağ mübadiləsini tənzimləyir, notofagin isə sidikqovucu təsir göstərərək böyrəkləri qoruyur.

    Matça – Toz halına salınmış yaşıl çay yarpaqlarından hazırlanır və ən yüksək antioksidant sıxlığına malik içkilərdən biridir. Xüsusilə EGCG adlı katexinlə zəngindir. Araşdırmalar göstərir ki, matça beyin fəaliyyətini gücləndirir, stress və narahatlığı azaldır, eləcə də neyrodegenerativ xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

    Qidalanma üzrə mütəxəssislər 60 yaşdan yuxarı insanlara qazlı içkilərdən, xüsusilə “kola” tərkibli məhsullardan uzaq durmağı məsləhət görür. Çünki belə içkilərdəki fosfor turşusu sümük sıxlığını azaldır və qırıq riskini artırır.

    Həmçinin, qəhvənin də yüksək antioksidant tərkibinə baxmayaraq, onu çox miqdarda qəbul etməyin orqanizmə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

  • ChatGPT və “Google”u geridə qoydu: Dünyada yeni ən çox yüklənən tətbiq – Video

    “OpenAI” şirkətinin süni intellektlə video yaradan tətbiqi “Sora” cəmi iki gün ərzində ABŞ “App Store” reytinqinin zirvəsinə qalxıb. Beləliklə, proqram ChatGPT və “Google Gemini” kimi nəhəngləri də geridə qoyub.

    Qaynarinfo xəbər verir ki, “Appfigures” analitik platformasının məlumatına görə, “Sora”nı ilk sutkada 56 min, iki gün ərzində isə ümumilikdə təxminən 164 min “iPhone” istifadəçisi yükləyib. Bu göstərici ChatGPT də daxil olmaqla bir çox digər süni intellekt tətbiqlərinin debüt nəticələrini üstələyib.

    Hazırda “OpenAI Sora” yalnız ABŞ və Kanada hesabı olan “iPhone” istifadəçiləri üçün əlçatandır və tətbiqdən istifadə etmək üçün xüsusi dəvət (invayt) tələb olunur. Ekspertlər qeyd edirlər ki, bu uğur süni intellekt vasitəsilə qısa video yaradan tətbiqlərə artan marağı nümayiş etdirir.

    “Sora by OpenAI” tətbiqi sentyabrın 30-da təqdim edilən “Sora 2” neyrovideo modeli əsasında işləyir. Yeni model kino keyfiyyətində videolar yarada bilir, istifadəçilərin üz və səslərini dəqiq şəkildə təqlid edir və fizika anlayışında da əvvəlkindən xeyli inkişaf edib.

    Mobil tətbiq “TikTok”a bənzər şəkildə qurulub: istifadəçilər süni intellektlə yaradılmış videoları izləyə və öz lentlərini fərdiləşdirə bilirlər. Lakin adi kamera ilə çəkilən videoları yükləmək burada mümkün deyil.

    Süni intellekt əsasında video yaradan platformalar arasında rəqabət sürətlə artır. Keçən həftə “Meta” şirkəti yalnız Al videolar üçün nəzərdə tutulan “Vibes” adlı yeni “Shorts” platformasını istifadəyə verib. “Google” isə “Veo 3” video generatorunu “YouTube”a inteqrasiya edəcəyini təsdiqləyib.

    Eyni zamanda, ChatGPT çatbotu artıq internet üzərindən məhsul axtarışı və ödəniş əməliyyatlarını bir kliklə həyata keçirə bilir. Mütəxəssislər hesab edirlər ki, bu yenilik onlayn ticarət mühitini tamamilə dəyişə bilər, çünki uzun illər əsas giriş nöqtəsi sayılan “Google” və “Amazon”un rolunu indi süni intellekt köməkçiləri tədricən əvəz etməyə başlayır.

  • Bakıda nəhəng gəmi tikilir (VİDEO)

    Bakıda nəhəng gəmi inşa edilir.

    Median.Az AZTV-yə istinadən xəbər verir ki, gəmidə işlərin 70 faizi yekunlaşıb.

    Gəminin gövdə hissəsinin inşası başa çatıb. Boru sistemləri üzrə 80 faizdən çox, elektrik sistemləri üzrə 70 faizdən çox iş tamamlanıb. Gəmi 100 sərnişin, 56 sistern tipli vaqon və 50 TIR daşımaq imkanına malikdir.

    Gəmidən görüntüləri təqdim edirik:

  • Millimiz Rusiyaya uduzdu

    Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medalla kifayətlənib.

    Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən finalda Rusiya yığması ilə üz-üzə gəlib.

    Matçın əvvəlində üstün oyun nümayiş etdirən kollektivimiz 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. İkinci hissədə ardıcıl 3 qol buraxan U-16 komandamız görüşdən məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov hər iki qola imza ataraq dubl edib.

    Qeyd edək ki, yığmamız qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi.
    //qafqazinfo