Month: October 2025

  • Oqtay Şirəliyev təcili yardım gələnə kimi vəfat edib

    Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri Oqtay Şirəliyev bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

    TƏBİB-dən bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.

  • Azərbaycan badmintonçuları finalda

    III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışında 1/4 finala adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib.

    Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub – 2:0.

    Qadınlarda Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.

    Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumayyahon Hasanova və Mohira Karimova cütlüyünü məğlub edib – 2:0.

    Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli- Aysel Kazımova dueti Qazaxıstandan olan Yerassil Ahmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, badminton yarışına oktyabrın 5-də yekun vurulacaq.

  • Bakıda qadın maşının qapısını açıb ətrafdakılardan kömək istədi – VİDEO

    Bakıda qadın avtomobilin içərisində şiddətə məruz qaldığı iddia olunur.

    Bu barədə sosial şəbəkədə paylaşım edilib.

    Bildirilib ki, şiddət görən qadın, tıxac zamanı maşının qapısının açıb kömək istəyib. Ətrafdakı sürücülər isə sözügedən avtomobili yolda sıxışdıraraq hərəkətinə mane olub və xanıma kömək etmək üçün həmin maşına yaxınlaşırlar.

  • 37 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

    Sentyabr ayında ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

    Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.

    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.

  • Britaniyada bayraqlar yarıya endirildi

    Mançesterdə sinaqoq yaxınlığında baş verən ölümcül terror aktından sonra Böyük Britaniyada bayraqlar yarıya qədər endirilib.

    Bu barədə “Sky News”un məlumat yayıb.

    Bildirilir ki, səhər saatlarından etibarən İcmalar Palatası və Baş Nazirlik binası üzərində bayraqlar yarıya endirilib.

    Daha əvvəl Mançesterdə sinaqoqda törədilən hücumda hücumçu da daxil olmaqla 3 nəfərin öldüyü, yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilmişdi.

  • Bu itlərdən təlimlərdə istifadə edilə biləcək

    “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, Ədliyyə Nazirliyinə yeni hüquq verilib.

    Belə ki, məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin kinoloji xidməti tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə oluna biləcək.

  • Nərimanovda evdən pul oğurlandı

    Bakının Nərimanov rayonunda evlərin birindən oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək evindən 2000 avro, 100 dollar və 2700 qriven (113 manat) və 500 manat dəyərində qızıl-zinət əşyasının talanmasını bildirib.

    Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Qəbələ rayon sakini Y.Qrestsenyuk müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • “Şərurlu İsfəndiyar”la bağlı ekspertiza rəyi məlum oldu

    “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi elan edilib.

    Ekspertiza rəyinə görə, İsfəndiyar Axundov müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqəti alçaldan təhqir formalı, ritolika, təsdiq verən sözlərdən istifadə edib. Lakin nalayiq ifadələrə rast gəlinmir.

    İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli və Şahbaz Kərimli ekspertizanın rəyi ilə razılaşmayıb və Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin verdiyi rəyi ziddiyyətli olduğunu bildirib. Həmçinin ekspertini maraqlı şəxs adlandırıb. Vəkil bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutuna linqvistik ekspertizaya göndərilməsi barədə vəsatət verib.

    Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasovun vəsatətin vəsatətin təmin olunmamasını istəyib.

    Məhkəmə isə vəsatəti təmin edib.

    Daha sonra vəkil Asim Abbasov vəsatət verib.

    O, bildirib ki, rəyi verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin eksperti Almaz Bayramova da çağırılsın, hər iki şəxs dindirilsin, sonra məhkəmə müşavirə otağında qərar versin.

    Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.

    Proses oktyabrın 16-da davam etdiriləcək.

    Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.
    //unikal.az

  • TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək? – AÇIQLAMA

    “Bu qurumlar yaranıb, yeniliklər edilib. Əgər təkmilləşməyə ehtiyac olacaqsa, bu, cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir”.

    Bunu açıqlamasında deputat Siyavuş Novruzov TƏBİB və Səhiyyə Nazirliyinin birləşdirilməsi ehtimalından danışarkən deyib.

    Deputat bildirib ki, bununla bağlı hökumət, dövlət hər hansısa qərar verəcək: “Dövlət strukturlarında islahatlar gedir. Həmçinin, regional sahədə də islahatların aparılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Hesab edirəm ki, bunlar hamısı kompleks şəkildə öz həllini tapacaq”.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 8 qumbara, 14 tüfəng, 9 patron darağı və müxtəlif çaplı 1029 ədəd patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.