Month: October 2025

  • Biləsuvarda yanğınlar oldu

    Biləsuvar rayonunda evdə və fərdi təsərrüfatda yanğınlar olub.

    Hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, yanğın ümumi sahəsi 216 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evdə baş verib. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb.

    Hadisə nəticəsində evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 40 kvadratmetr
    sahədə yanıb.

    Daha bir hadisə isə rayonun Aşağı Cürəli kəndində fərdi təsərrüfatda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

    Yanğın nəticəsində ümumi sahəsi 600 kvadratmetr olan tiklinin dam örtuyünün yanar konstruksiyaları 10 kvadratmetr sahadə və yaxınlıqda yığılan 22 ton ot bağlamasının 8 tonu yanıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Ət alarkən bunlara diqqət yetirin – VİDEO

    Hazırda ölkə üzrə 120-dən çox müasir standartlara cavab verən və baytar mütəxəssislərin daimi nəzarəti altında olan heyvan kəsimi məntəqələri fəaliyyət göstərir.

    Mövcud infrastruktur ölkənin ət və ət məhsullarına olan tələbatını tam qarşılayır.

    Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Kəsimdən sonra cəmdəklərə baytarlıq-sanitariya ekspertizası aparılır və soyudularaq saxlanılır. Daha sonra ətin üzərinə rəsmi baytarlıq möhürü vurulur və müşayiətedici sənədlərlə ticarət şəbəkələrinə göndərilir.

    AQTA vətəndaşlara yalnız kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrindən ət məhsulları almağı tövsiyə edir.

    Ət alarkən:

    – Rəsmi baytarlıq möhürünə diqqət yetirin

    – Baytarlıq sənədlərini satıcıdan tələb edin

  • Bu televiziyalara ayrılan vəsait azalır

    Gələn il “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi açıqlanıb.

    Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

    Dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub.

    Qeyd edək ki, bu, 2025-ci ilin büdcəsi ilə müqayisədə 0,5% azdır. Ötən il 65,1 milyon manat vəsait ayrılıb.

  • Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq

    Şəkərli diabet xəstəliyi ilə bağlı xərclər İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq.

    Bu barədə 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

    Qeyd olunub ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək.

  • Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı

    Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-ci kilometr bazarı”nın qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu” metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

  • Azərbaycanda qadın sahibkarların sayı açıqlandı

    2025-ci ilin oktyabr 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 435 min 420 nəfər olub.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,1%), Lənkəran-Astara (10,3%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

    Qeyd edək ki, fərdi sahibkarların 76.4%-ni( 1096659 nəfəri) kişilər, 23.6%-ni (338 761 nəfəri) isə qadınlar təşkil edib.

    Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kişi fərdi sahibkarların sayı 3.9% və ya 40.7 min nəfər, qadın fərdi sahibkarların sayı isə 6.7% və ya 21.2 min nəfər artıb.

  • “İnsan yeyən” milçək peyda olub – Alimlər həyəcan təbili çalır

    Dünyada “insan yeyən” milçək peyda olub.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, təkcə heyvanlar üçün deyil, insanlar üçün də təhlükəli olan həşərat Meksika-ABŞ sərhədində aşkarlanıb.

    Mütəxəssislər ət ilə qidalanan parazit milçək növünün ABŞ-də yayılması ilə bağlı həyəcan təbili çalıb.

    Meksikada yüz mindən çox heyvana təsir edən epidemiyadan sonra Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamenti (USDA) həşəratı həm qida təchizatı, həm də milli təhlükəsizlik üçün təhlükə adlandırıb.

    “Yeni dünya qurdu” kimi də tanınan milçək yumurtalarını isti qanlı heyvanların və insanların açıq yaralarına qoyur. Sürfələr yumurtadan çıxır və heyvanın əti ilə qidalanır, ciddi, çox vaxt ölümcül zərər verir. USDA-ya görə, bu 100 mindən çox heyvan və yüzlərlə insana təsir edə bilər.

    Bildirilir ki, kənd yerlərində yaşayan insanlar, uşaqlar və yaşlılar və immuniteti zəif olanlar “insan yeyən” milçəyin qurbanı ola bilərlər.

    Xəstəlik ABŞ-nin mal-qara sənayesinə yayılarsa, heyvanların ölümü və istehsalın azalması səbəbindən qida tədarükü zəncirinə və ət qiymətlərinə ciddi təsirlər görünə bilər.

    Məlumata görə, “insan yeyən” həşəratla elmi müharibə başlayıb. Səlahiyyətlilər erkək milçəklərin çoxalmasını dayandırmaq üçün radiasiya ilə sterilizasiya texnologiyası üzərində işləyirlər. Bundan əlavə, USDA Texasda həftədə 300 milyon steril milçək istehsal edəcək nəhəng bir obyekt tikməyi planlaşdırır. Bu steril milçəklər vəhşi populyasiyanın çoxalmasının və yayılmasının qarşısını almaq üçün təbiətə buraxılacaq. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür parazitlər və ağcaqanadlarla ötürülən denq qızdırması kimi xəstəliklər qlobal istiləşmə səbəbindən daha da yayıla bilər.

  • Ötən ay karxanada xəsarət alan fəhlə öldü

    Abşeronda ötən ay hündürlükdən yıxılaraq xəsarət alan şəxs ölüb.

    1992-ci il təvəllüdlü Nurlan Balaqardaşov sentyabrın 28-i Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasında hündürlükdən yıxılıb.

    Nurlan Balaqardaşov xəstəxanaya yerləşdirilib, oktyabrın 22-də orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Həbsdən qaçış” izləyicilərinə şad xəbər

    Bütün dünyada həyəcanla gözlənilən “Həbsdən qaçış” (“Prison break”) serialı yenidən ekrana qayıdır.

    Bu barədə “Variety” məlumat yayıb. Artıq “Hulu” platforması layihəyə start verib.

    Yeni serialda Emili Brauninq, Dreyk Rodcer, Lukas Geyc, Kleytın Kardenas, Cey Ar Born, Corci Flores və Mayls Ballok rol alacaqlar.

    Süjet ABŞ-nin ən təhlükəli həbsxanalarından birində işləməyə başlayan keçmiş hərbçi qadın üzərində qurulacaq.

    Hadisələr orijinal serialda olduğu kimi cərəyan edəcək, lakin hekayə tamamilə yeni personajlar və süjet xətti üzərində qurulacaq.

    Qeyd edək ki, “Həbsdən qaçış” serialı 2005-ci ildən etibarən “Fox” kanalında yayımlanmış və 5 mövsüm davam etmişdi. Ekran işində baş rolları Ventuort Miller və Amori Nolasko canlandırırdı.

  • Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

    İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

    Təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.