Month: November 2025

  • Prebiotiklər və probiotiklər: Fərq nədədir və hansısı bağırsaq üçün daha faydalıdır?

    Bağırsaq sağlamlığı artıq rəsmi şəkildə əsas tendensiyalardan birinə çevrilib. Təkcə 2018-ci ilin yanvarından 2019-cu ilin oktyabrına qədər ABŞ və Kanadada bu mövzuda 830-dan çox material dərc olunub. Başlıqlar tez-tez bağırsaqla bağlı dəb dalğasını qabardır, lakin real elmi izah verən materiallar azdır.

    Bu diqqət fonunda elə görünür ki, hər bir əlavələr istehsal edən şirkət prebiotik və ya probiotik təklif edir və onların sağlamlıq üçün son dərəcə vacib olduğunu iddia edir. Bəs prebiotik və probiotik nədir və hansının faydası daha çoxdur? 

    Qaynarinfo xəbər verir ki, bu suallara aydınlıq gətirmək üçün “EatingWell” mövcud elmi araşdırmaları təhlil edərək bu “bağırsaq qəhrəmanları”nın hansının daha effektiv olduğunu öyrənib.

    Bağırsaq üçün hansı daha yaxşıdır: Probiotiklər, yoxsa prebiotiklər?

    Həm prebiotiklər, həm də probiotiklər bağırsaq sağlamlığı üçün vacibdir, amma prebiotiklər daha uzunmüddətli fayda verə bilər. Lakin əvvəlcə onların arasındakı fərqi anlamaq vacibdir. Probiotiklər kifayət qədər qəbul edildikdə orqanizmə fayda verən canlı mikroorqanizmlərdir. Onlar adətən bakteriyalardır, lakin bəzi maya növləri də probiotik ola bilər.

    Prebiotiklər isə əksinə, bağırsağınızdakı faydalı bakteriyaları qidalandıran xüsusi lif növləridir. Başqa sözlə, prebiotiklər faydalı mikroblarınız üçün “yanacaqdır”.

    “Hər ikisi vacibdir, amma mən adətən prebiotiklərə üstünlük verirəm. Probiotiklərlə zəngin qidalar bizə faydalı bakteriyalar verir, lakin bu mikroblar keçicidir. Onlar bağırsaqdan keçir, amma orada uzun müddət məskunlaşmır”, deyə magistr dərəcəli dietoloq, qidalanma üzrə məsləhətçi Kara Xoxrayter bildirir.

    Bundan başqa, onun sözlərinə görə, hansı ştamların orqanizminizə lazım olduğunu bilmədən probiotik qəbul etməyin bir mənası yoxdur. Prebiotiklə zəngin müxtəlif qidalar istehlak etdikdə siz təbii şəkildə davamlı və sağlam ekosistem formalaşdırırsınız və əlavə probiotiklərə ehtiyac azalır.

    Prebiotiklərin qəbulunun faydası

    Maraqlıdır ki, prebiotiklər və probiotiklər tez-tez birlikdə araşdırılır. Bu isə aradakı fərqi ayırd etməyi çətinləşdirir, çünki onlar bir-birini tamamlayaraq işləyə bilirlər. Araşdırmalar göstərir ki, prebiotiklərin bir sıra təsiredici üstünlükləri var. Onlar bağırsağa daxil olduqda qısazəncirli yağ turşularının istehsalını artırır. Bu maddələr bağırsaq divarını, immunitet sistemini dəstəkləyir və iltihabı azaldır, uzunmüddətli sağlamlıq təmin edir.

    Prebiotiklər həmçinin nəcisin konsistensiyasını yaxşılaşdırır, bağırsaq fəaliyyətini tənzimləyir. Bundan əlavə, bəzi prebiotiklər – məsələn, yulafda olan beta-qlükan – xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

    “Prebiotiklər təməl rolunu oynayır, çünki onlar mövcud mikrobiotanızın vəziyyətini yaxşılaşdırır. Demək olar ki, hər kəs üçün prebiotiklərin qəbulunu tədricən artırmaq faydalıdır – xüsusilə normal maye qəbulu, stressin idarə edilməsi və müntəzəm hərəkətlə birlikdə”, deyə bağırsaq sağlamlığı üzrə mütəxəssis, dietoloq Cessi Vonq vurğulayır.

    Prebiotiklərin faydasını görməyin ən yaxşı yolu geniş çeşiddə bitki mənşəli qidalar yeməkdir. Ən zəngin mənbələrə sarımsaq, pırasa, soğan, yerarmudu, qulançar və kəpəkli lopalar daxildir.

    Probiotik qəbul etməyin mənası varmı?

    Probiotiklər də faydalıdır: onlar qıcıqlanmış bağırsaq sindromunun simptomlarını yüngülləşdirə, səyahət zamanı və ya antibiotik qəbulundan sonra yaranan ishaldan qorumağa kömək edə bilər. Lakin onlar universal deyil. “Probiotiklərin faydası konkret ştama bağlıdır. Bir ştam köpü azaldır, digəri qəbizliyi yüngülləşdirir, bəziləri isə ümumiyyətlə işləmir və ya simptomları daha da gücləndirə bilər. Ona görə reklamla probiotik seçmək düzgün deyil”, deyə Vonq bildirir.

    Probiotik əlavələri populyarlaşsa da, onları qidalardan da almaq olur – xüsusilə yoqurt və kefirdən. Bu qidalar faydalı bakteriyaları təbii formada təqdim edir, üstəlik kapsullarda olmayan əlavə qida maddələri də ehtiva edir.

    Bağırsağı sağlam saxlamağın yolları

    Bağırsağa qulluq uzunmüddətli sağlam həyat tərzinin açarıdır. Prebiotiklər və probiotiklər yaxşı başlanğıcdır, amma mütəxəssislərin tövsiyə etdiyi digər strategiyalar da var:

    * Müxtəlif bitki mənşəli qidalar yeyin. Bitkilər liflə zəngindir – bağırsağın ən yaxşı dostu məhz odur. Gündə 25–38 qram lif qəbul etməyə çalışın (tərəvəz, meyvə, qoz-fındıq, toxum, tam taxıl və paxlalılardan). Lifə öyrəşməmisinizsə, onu tədricən artırın və daha çox su için.

    * Yavaş yeyin. Necə yediyiniz, nə yediyiniz qədər vacibdir. Oturaraq, yaxşı çeynəyərək yemək həzmə kömək edir.

    * Davamlı olun. Mikrobiotaya nizam lazımdır. Hər gün eyni saatlarda yemək həzmi sabit saxlayır. Gec yeməklərdən mümkün qədər qaçın.

    * Bağırsaq–beyin əlaqəsini qoruyun. Stress, yuxu və fiziki aktivlik sinir sistemi ilə bağırsaq arasındakı əlaqəyə təsir edir. Sinir sistemini sakitləşdirmək bağırsağı da sakitləşdirir. Stressi azaltma texnikalarından istifadə edin, dərin nəfəs alın, yeməkdən sonra 10 dəqiqəlik gəzinti kimi yüngül aktivlik əlavə edin və 7–9 saat yuxuya diqqət edin.

  • Cəfər Cabbarlının büstü bərpa ediləcək

    Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının “Azəbaycanfilm” kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq “Kinopark”da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: “Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin bərpasıdır. Bərpa zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq”.

  • Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu

    Bakıda fəaliyyət göstərən məşhur “Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

    Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.

    10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.

    Qeyd edək ki, “Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.
    //teleqraf.az

  • Hacıqabul gölü quruyub, yoxsa qurudulub?- Ekoloqdan açıqlama

    Azərbaycanın ən böyük göllərindən biri Hacıqabul gölünün qurumasının bəzi səbəbləri açıqlanıb.

    Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında gölün kimlərsə tərəfindən qurudulduğu ehtimalını da irəli sürüb:

    “Öncə bu araşdırılmalıdır ki, Hacıqabul gölü quruyub, yoxsa qurudulub? Gölə hardansa su gəlməlidir ki, qidalansın. Qidalanmasa, su haradan olacaq? Göl elə-belə yerdən əmələ gəlmir, ya altından qrunt suları qalxır, ya da kənardan su axını gəlir. Burada məqsəd nədir? Ola bilsin, kənardan gələn su axınının qarşısı kəsilib, suvarmada istifadə olunub. Urmiya gölü ilə bağlı da buna bənzər hadisə olmuşdu. Böyük sensasiya yaratmışdı. Gölü qəsdən qurutmuşdular. Suyun səviyyəsi aşağı düşən kimi duzluluq çoxalır. Sonra göl quruyur. Külək duzu onların yaşadığı əraziyə səpir, səhralaşma gedir. İndi Hacıqabul gölündə məqsəd nə olub, öncə bu araşdırılmalıdır”.

    Ekoloq hesab edir ki, gölü qidalandıran su mənbəyinin qarşısı kəsilib.

    Xatırladaq ki, 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan Hacıqabul gölü quruyub.

  • “Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb” – Video

    Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə, onların külli miqdarda vergi borcu yaranıb.

    Şkayətçi Teymuraz Abbasov deyir ki, onun adıma 232 min manat vergi borcu var.

    O, bundan bir il sonra ünvanına göndərilən məhkəmə qəbzi ilə xəbər tutub.

    Zərərçəkmiş Nicat Hüseynov deyib ki, onun da adına şirkət açılıb və 99 min manat vergi borcu yaranıb.

    Röyal Əzimov isə bildirib ki, onun adı 3 şirkət açılıb, nəticədə, 16 min 700 manat vergi borcu yaranıb və artmaqda davam edir.

    Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.

    Qeyd edək ki, məsələ hazırda məhkəmə müstəvisindədir.

    Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

  • 30 min abonentin suyu kəsiləcək – XƏBƏRDALIQ

    Sabah Sumqayıt şəhərində 30 min abonentin suyu kəsiləcək.

    Bu barədə Sumqayıt Sukanal İdarəsinin məlumatında deyilir.

    Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq.

    Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin “Qızılqum” yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda müşahidə olunacaq və təqribən 30 min abonenti əhatə edəcək.

    Suyun verilişi təmir işləri başa çatdıqdan sonra tədricən bərpa olunacaq.

  • Bakıda tapança ilə gəzən şəxs həbs edilib: “Bu mənim hobbimdir…”

    Bakıda “tapança gəzdirmək mənim hobbimdir” deyən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş B.V. barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, B.V. Rusiyanın Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş tapança, bir ədəd darağı və onun içərisində olan iki ədəd patronu üzərində gəzdirib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Məhkəmədə ifadə verən B.V. özünü təqsirli bilərək deyib ki, silahlara marağı var, buna görə də silahların bəzi növlərini tanıyır və bundan böyük zövq alır. Maraq göstərdiyi silahlardan biri də tapançadır. 4 iyun 2025-ci il tarixdə Müşfiqabad qəsəbəsində zibil qutusunun yanından keçən zaman orada bir ədəd tapançanın olduğunu görüb. Silahlara marağı olduğu üçün həmin tapançanı, darağını və patronları götürərək üzərində saxlayıb. Lakin tapançadan istifadə etməyib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Azərbaycanın daha bir klubunun oyunları Yevlax şəhər stadionunda keçirilə bilər

    Misli Premyer Liqasının daha bir klubu ev oyunlarını Yevlax şəhər stadionunda keçirə bilər.

    Klubun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Kəpəz” klubu ev oyunlarını Yevlax şəhər stadionunda keçirmək üçün müraciət edib:

    “Kəpəz” klubunun da Misli Premyer Liqasındakı ev oyunlarını Yevlax şəhər stadionunda keçirmək üçün Peşəkar Futbol Liqası ilə danışıqlar gedir. Əgər PFL icazə versə, “Kəpəz” klubu da ev oyunlarını Yevlaxda oynayacaq”.

    Qeyd edək ki, Gəncə təmsilçisi ev oyunlarını müvəqqəti olaraq Qəbələ şəhər stadionunda keçirir.

    Xatırladaq ki, “Karvan-Yevlax” klubu tərəfindən Yevlax şəhər stadionunda təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib. Klub Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

  • İstanbulda hoteldə bir ailənin müəmmalı ölümü: İlkin hesabat açıqlandı

    Noyabrın 9-da İstanbulun Fatih rayonunda dörd nəfərlik Böcek ailəsinin şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb.

    Median.Az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.

    Hesabata əsasən, ailə üzvlərinin qaldıqları hoteldə kimyəvi maddəyə məruz qalma ehtimalı daha çoxdur. Qida zəhərlənməsi ehtimalı isə arxa plana keçirilib.

    Qeyd edək ki, istintaq çərçivəsində saxlanılan 11 nəfərdən dördü həbs edilib.

    Xatırladaq ki, Beşiktaşdakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılan Kadir Muhammet və Masal Böcek, eləcə də onların anaları Çiğdem Böcek həyatlarını itiriblər. Ata Servet Böcek xəstəxanada müalicə almasına baxmayaraq, noyabrın 17-də dünyasını dəyişib.

  • Xəzərdə su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir – Coğrafiya İnstitutu

    Xəzər dənizi bəzi ərazilərdə 100 metr, 150 metr, 200 metr çəkilib. Qızılağac körfəzi ərazisində isə Xəzər 2 kilometrə qədər çəkilib. Bu prosesin 15-20 il də davam edəcəyi gözlənilir.

    Bunu Trend-ə açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib.

    “Son bir əsrdə Xəzərin səviyyəsində 3 dəfə kəskin dəyişiklik olub. Birinci dəfə 1930-cu ildən 1977-ci ilə qədər dənizin səviyyəsi 3.2 metrə qədər aşağı düşmüşdü. 1978-ci ildən 1995-ci ilə qədər dənizin səviyyəsi 2.5 metr qalxıb.1996-cı ildən bugünə qədər isə Xəzər dənizinin səviyyəsi 2.1 metrə qədər aşağı düşüb.

    Xəzərin ən mühüm xüsusiyyəti su səviyyəsinin həmişə dəyişkən olmağıdır. Son dəfə 1805-ci ildə Xəzərin səviyyəsi yüksək olub. Hesablamalar göstərir ki, bu proses təxminən 2040-2050-ci illərə qədər davam edəcək. Ondan sonra yeni proseslər Xəzərin səviyyəsinin qalxmasına səbəb olacaq”.

    Əmir Əliyev vurğulayıb ki, Xəzərin səviyyəsinin düşməsi Azərbaycan ərazisində əsasən gəmiçilik təsərrüfatına, balıqçılığa, neft-qaz sənayesinə və kənd təsərrüfatına böyük təsir edir.

    “1978-ci ildən 1995-ci ilə qədərki dövrdə dəniz səviyyəsinin 2.5 metr yüksəlməsi zamanı Azərbaycan sahil zonasında 50 min hektara yaxın torpaq suyun altında qalmışdı. Həmin vaxt təsərrüfatlara dəyən ziyanın miqdarı 2 milyard amerika dolları olmuşdu. Hazırda həmin su altda qalan ərazilər suyun altından çıxır. Təxminən 80 faiz ərazi suyun altından çıxıb. Qeyd etmək lazımdır ki, bu prosesdə ən intensiv subasma Azərbaycanın cənub ərazilərinin payına düşmüşdü.

    Xəzər dənizində su səviyyəsinin azalmasının əsas 3 səbəbi var: İqlim dəyişiklikləri – bu, təxminən 75-80 faizini təşkil edir; Antropogen təsirlər – 10-15 faiz; Yerdə qalanı isə tektonik proseslərin payına düşür.

    Son illərdə Xəzər dənizinin səviyyəsi düşmə mərhələsindədir və bu, təbii prosesdir. Əsas səbəb dənizin su balansının dəyişməsidir. Xəzər dənizinin su balansını iqlim parametrləri təyin edir. Gəlir hissəsini çay suları, dənizin birbaşa səthinə yağan yağıntılar, yeraltı sular, məxaric hissəsini isə dəniz səthində gedən buxarlanma və Qaraboğazqol körfəzinə gedən axınlar təşkil edir.

    Hazırda Xəzər dənizinə gələn suyun 80 faizini Volqa çayı gətirir. Volqa çayının suyunun formalaşmasında Şimali Atlantika üzərində yaranan siklonlar və anti-siklonlardır.

    İkinci səbəb antropogen təsirlərdir. Burda əsasən Xəzərə gələn Volqa çayının suyundan əvəzsiz götürmələrdir. Son illərdə bu götürmələrin miqdarı ildə 40 kubkilometrə çatır.

    Bu sular əsasən içmək üçün götürülür. Xəzərə gələn Volqa çayının hövzəsində təxminən 120 milyon əhali yaşayır. Bu əhalinin suya, kənd təsərrüfatına olan tələbatı Volqa çayının hesabına ödənilir. Son illərdə bu ərazilərdə enerji istehsal edən su elektrik stansiyalarının qurulması da prosesə təsir edir. Eyni zamanda, kiçik stansiyalar üçün su anbarları da tikilir. Bütün bunlar Xəzər dənizinə tökülməli olan Volqa suyunun azalmasına səbəb olur.

    Dünyada gedən qlobal istiləşmə də Xəzərdə dəniz suyunun temperaturunu artırır, nəticədə buxarlanmanın artmasına səbəb olur. Buxarlanmanın artması, Xəzərə gələn suların azalması Xəzər dənizinin son 20 ildə səviyyəsinin düşməsinə səbəb olub. Bu, ildə təxminən 15-20 santimetr deməkdir. Qeyd etdiymiz kimi, Xəzərin səviyyəsinin enməsi periodik prosesdir. Prosesin qanunauyğunluqlarını bilməklə Xəzər dənizi ilə harmoniyada yaşamaq lazımdır”.