Month: November 2025

  • Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər – FOTOLAR

    Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib.

    Median.Az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

    Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.

    “Fire Land Group” tərəfindən təşkil olunan tədbir həm də “Mənim oğlum qəhrəmandır!” layihəsinin 5 illik yubileyinə təsadüf edib.

    Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar.

    Tədbir zamanı “44” adlı tammetrajlı bədii filmin treylerinin təqdimatı olub. Film Vətən müharibəsində Zəfərə gedən yoldan, Ordumuzun qəhrəmanlığından bəhs edir.

    Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

    Şəhid Hüseyn Tağıyevin anası Mətanət Məmmədova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirərək deyib: “Biz şəhid anaları, həyat yoldaşları və qazilər müxtəlif tədbirlərdə bir araya gəlirik. Bizləri unutmurlar, həmişə yad edirlər. Buna görə hər kəsə minnətdaram”.

    Şəhid baş leytenant Rahim Mikayılovun anası Ulduz Mikayılova isə müsahibədə oğlunun şəhidlik zirvəsinədək ucalan döyüş yolundan danışıb, dövlətimizin şəhid ailələrinə dəstəyini yüksək qiymətləndirib.

    Tədbirin sonunda şəhid ailələri Leyla Əliyeva və Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Onlar dövlətimizin və Heydər Əliyev Fondunun hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

    Artıq beş ildir ki, “Mənim oğlum qəhrəmandır!” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində şəhidlərimizin xatirəsi yad edilir, onların ailələri bir araya gətirilir. Bu illər ərzində keçirilən silsilə tədbirlərdə ümumilikdə 5000-ə yaxın şəhid anası və 1700-dən çox şəhid övladı iştirak edib.

    O cümlədən bu il Ramazan ayı ərzində “Mənim oğlum qəhrəmandır!” layihəsi üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən görüşlərdə Azərbaycanın bütün bölgələrindən 2000-ə yaxın şəhid anası bir araya gəlib.

    Qeyd olunan tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.

  • “Qarabağ”dan cavab qolu

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) hesab bərabərləşib.

    Median.Az xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər – 1:1.

    29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

  • 30-a yaxın əməliyyat keçirən braziliyalı “Barbi gəlinciyi” yataqda ölü tapıldı

    Çox sayda plastik əməliyyatdan sonra “Barbi gəlinciyi” kimi tanınan braziliyalı bloqer Barbara Yankavski vəfat edib.

    Median.Az-ın məlumatına görə, bu barədə “Daily Star” xəbər verir.

    Qeyd olunub ki, hadisə noyabrın 2-də Braziliyanın San-Paulu şəhərində yerləşən taunhausda baş verib.
    Polis onun ölümünü “şübhəli” kimi təsnif edib. Hazırda hüquq-mühafizə orqanları meyitin yarılmasının nəticələrini gözləyir. Yerli KİV-in məlumatına görə, Yankavskinin gözündə zədə və kürəyində əziklər olub, yatmazdan əvvəl qadında öskürək tutması baş verib.
    Vəkil olan 51 yaşlı ev sahibi polisə “Barbi gəlinciyi” ilə günü keçirdiyini və onu intim xidmətlər üçün tutduğunu bildirib. Vəkil bloqerlə birlikdə narkotik qəbul etdiyini və sonra onun televizora baxarkən yanında yuxuya getdiyini bildirib.

    Vəkilin həmin gün daha əvvəl orada olan və Yankavskinin ölümündən əvvəl evi tərk edən rəfiqəsi polisə bildirib ki, Barbara səhər tezdən yıxılaraq gözünü zədələyib.

    Qeyd edək ki, Barbara Yankavski həyatı boyunca 27 plastik əməliyyat keçirib. O bunlara 42 min funt sterlinq xərcləyib. Sosial şəbəkələrdə populyarlıq qazandıqdan sonra o, televiziya proqramlarında və reklam kampaniyalarında iştirak edib.

  • Anar: “Erməni yazıçılar istəsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam”

    “Mən xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəyərlərsə, təşəbbüs göstərərlərsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam”.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
    Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək: “Erməni yazıçıların belə niyyəti varsa, qoy bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq. Əgər görüş xoşniyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki? Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır”.
    Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.
    Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova (“1news.az” saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri) təmsil ediblər. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir.

  • Bağışladığı orqanları ölümündən sonra 100 nəfəri xilas etdi

    Cənubi Koreyada orqan və toxuma donoru ölümündən sonra təxminən 100 xəstəyə kömək etdi.

    Cənubi Koreyada 60 yaşlı bir kişi ölümündən sonra orqan donoru olaraq 100 nəfərə yeni həyat bəxş edib.

    Bu barədə “Korea JoongAng Daily” məlumat yayıb.

    9 avqustda Mun Cu Hvan bir dostu ilə söhbət edərkən huşunu itirib və xəstəxanaya aparılıb, burada onun beyin ölümü qeydə alınıb. Bundan əvvəl Mun Cu Hvan və oğlunun donor kimi qeydiyyatdan keçdiyi məlum olub.

    Onun ailəsi kişinin digər insanlara kömək etmək istəyinə hörmət etdiyi üçün buna razılıq verib. Nəşr qeyd edir ki, kişi həmişə donor kartını pul kisəsində daşıyırmış.

    İndi onun ağ ciyərləri və toxumaları Enphyondakı Müqəddəs Mariya Xəstəxanasının təxminən 100 xəstəsinin funksional pozuntulardan sonra sağalmasına kömək edəcək.

  • Bakıda daha bir sosial ev dələduzluğu

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə tikilən sosial evlərlə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

    Mehman Məmmədov (şərti) adlı şəxs Aytən Hüseynova (şərti) adlı vətəndaşa MİDA-nın sifarişi ilə Yasamalda tikilən sosial evlərdən mənzil almaqda kömək edəcəyini deyərək ondan 6000 manat pul alıb.

    Lakin o verdiyi vədi yerinə yetirməyib. Aytən Hüseynova hadisə barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında faktla bağlı Cinayət Məcəlləsinin 178. 2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə zamanı Mehman Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, iddia edib ki, Aytən Hüseynovadan sadəcə borc pul alıb. Həmin məbləğin də 4200 manatını ödəyib.

    Aytən Hüseynova isə bildirib ki, Mehman Məmmədovu qohumuna görə tanıyıb və ona borc verməsi mümkün deyil. Zərəçəkmiş deyib ki, Mehman Məmmədov ona sosial evlərdən mənzil almaqda yardım edəcəyini və bunun üçün də 6000 manat pul lazım olduğunu bildirib. O, sonradan aldadıldığı başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Zərəçəkmiş həmçinin bildirib ki, Mehman Məmmədov bu adla bir neçə vətəndaşı aldadıb.

    Məhkəmənin hökmü ilə Mehman Məmmədov 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, bundan əvvəl də sosial evlərlər bağlı bir neçə dələduzluq cinayəti baş verib.
    //qaynar.az

  • Buzlar əridi, güc balansı dəyişdi: Ən sülhsevər ölkə 156 il sonra ordu qurur?

    Uzun illərdir Qlobal Sülh İndeksində birinci yeri tutaraq “dünyanın ən dinc ölkəsi” kimi tanınan İslandiya mühüm bir dönüşümün astanasındadır.

    1869-cu ildən bəri ordusu olmayan ada ölkəsində müdafiə qüvvəsinin yaradılması ilə bağlı çağırışlar səslənir.

    1869-cu ildən bəri ordusu mövcud olmayan və NATO-nun qurucu üzvlərindən biri sayılan İslandiyada ordu yaradılması məsələsi gündəmə gəlib. “The Times” qəzetinin məlumatına görə, “Guardians of Iceland” adlı təşəbbüs qrupu hökumətə bu təklifləri təqdim edib: 2 min nəfərlik kiçik və çevik bir müdafiə qüvvəsinin yaradılması, bu qüvvənin fövqəladə hallarda mühüm infrastruktur obyektlərini qoruması və NATO dəstəyi gələnədək ilkin müdafiə xəttini təmin etməsi. Həmçinin, böhran zamanı səfərbər edilə biləcək, ölkə əhalisinin təxminən onda birinə bərabər 40 min nəfərlik ehtiyat qüvvənin formalaşdırılması üçün kütləvi hərbi təlimlərin başlanması təklif olunub.

    Bu çağırışların arxasındakı əsas səbəb isə Arktika bölgəsində buzlaqların əriməsi və geosiyasi tarazlıqların dəyişməsidir. Arktik buzlaqlarının əriməsi nəticəsində Rusiya və Çin gəmiləri Şimal Buzlu okeanında daha sıx görünməyə başlayıb, Şimali Atlantikdə Rusiya sualtı fəaliyyətləri artıb.

    Hökumət hələlik ordunun yaradılması ideyasına müsbət yanaşmır. Bununla belə, İslandiya Xarici İşlər Nazirliyi parlament üzvlərinə ölkənin ilk rəsmi müdafiə strategiyasının əsasını hazırlamaq tapşırığını verib. Bir neçə həftə əvvəl təqdim olunan komitə hesabatında vurğulanıb ki, İslandiyanın coğrafi təcridi artıq təhlükəsizlik qalxanı deyil və ölkə Avropada baş verə biləcək mümkün bir NATO qarşıdurmasından kənarda qala bilməz. Hesabatda həmçinin Rusiyanın diversiya risklərinə qarşı həssas olan sualtı kabellər, eləcə də Rusiyanın Şimal Donanmasının Atlantikə çıxışı üçün strateji əhəmiyyət daşıyan “Qrenlandiya–İslandiya–İngiltərə keçidi”nin vacibliyi qeyd edilib.

    İslandiya Baş naziri Kristrun Frostadottir isə ordu qurulması ilə bağlı müzakirələrə aydınlıq gətirib. O, üç həftə əvvəl Reykyavikdə keçirilən sammitdə çıxış edərək bildirib: “Düşünürəm ki, mən həyatda olduğum müddətdə İslandiya ordusunu görməyəcəyik”.

    Baş nazir bu sözlərlə hökumətin belə bir planı olmadığını açıq şəkildə ifadə edib. İslandiyanın NATO-ya töhfəsi əsasən müttəfiq ölkələrin hərbi qüvvələrinə baza və logistika dəstəyi vermək, eləcə də ittifaq missiyalarına mülki yardım göstərməklə məhdudlaşır.
    //qaynar.az

  • Masallıda silsilə oğurluqlar edən şəxs saxlanıldı

    Masallı rayonunun Boradigah qəsəbəsi, Bədəlan və Qızılavar kəndlərinin ərazisindəki yaşayış evi və həyətlərdən oğurluqlar edilməsi ilə bağlı polisə məlumatlar daxil olub.

    Naməlum şəxs ayr-ayrı vaxtlarda 8 ünvandan ümumilikdə 2000 manat dəyərində 4 ədəd velosiped, məişət və kənd təsərrüfatı alətləri oğurlayıb.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı İ.Əzizov müəyyən edilərək saxlanılıb.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı

    Abşeron rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb.

    Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatlarını talayaraq hadisə yerini tərk etdiyini bildirib.

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb.

    Araşdırma aparılır.

  • Yeni piyada keçidinin inşası davam etdirilir – Video

    Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir. Yeni yerüstü piyada keçidi Pirşağı–Novxanı-Xırdalan–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 3-cü kilometrliyində tikilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Keçidin uzunluğu 54 metr, üst hərəkət hissəsinin eni 3.5 metr, pilləkənlərin eni 2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir. Keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir.

    Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq. Hazırda piyada keçidinin dayaqlarının tikintisi işləri aparılır. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının quraşdırılması, keçidin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.