Month: November 2025

  • Sumqayıtda dəmir yolundan rels oğurladılar

    Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

    Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar – 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.

    Araşdırma aparılır.

  • Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb – AQTA

    Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilir ki, qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb. Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür. Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.

  • Azərbaycanlı kikboksçu 24 ay müddətinə diskvalifikasiya olundu

    Azərbaycanlı kikboksçu Ayxan Əzizov 24 ay müddətinə diskvalifikasiya edilib.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

    Bildirilib ki, buna səbəb 17 yaşlı idmançının antidopinq qaydalarının pozması olub. Onun nümunəsində qadağan edilmiş maddənin mövcudluğu aşkarlanıb.

  • Prokuror sağlamlıq mərkəzinin külli miqdarda pulunu mənimsəyən şəxsə ağır cəza istədi

    Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzinə məxsus 379 min manatdan artıq pul vəsaitini post terminallar vasitəsilə ələ keçirib leqallaşdırmaqda təqsirləndirilən Mahir Saadovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Mahir Saadovun 4 il müəyyən vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilməsini və dəymiş zərərin ondan tutularaq müvafiq quruma ödənilməsini məhkəməyə təklif edib.

    Zərərçəkən qurumun nümayəndəsi dövlət ittihamçısının çıxışı ilə tam razı olduğunu bildirib.

    Təqsirləndirilən şəxsin vəkili çıxışında Mahir Saadovun cinayət işində məcəllənin 271.3-cü və 193-1.3.2-ci maddələri sübuta yetirilmədiyi üçün xitam verilməsini, digər maddənin isə tövsif olunaraq ona yüngül cəzanın verilməsini xahiş edib.

    Təqsirləndirilən şəxsə son söz üçün vaxt verilib. Növbəti proses noyabrın 19-na təyin edilib.

    Qeyd edək ki, Mahir Saadov Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq mərkəzinin külli miqdarda pulunu talamaqda ittiham olunur. İttihama görə, o, həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri “geri qaytar” düyməsini basaraq geri alıb. O, tamah məqsədilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.

    Mahir Saadova Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 271.3-cü (kompüter sisteminə qanunsuz daxilolma – ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
    //oxu.az

  • Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manatdan çox olub.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % və yaxud 563 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,7 % artaraq 3 milyard 503,5 milyon manatı keçib.

    Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 % artaraq 185,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 141,8 milyon manata çatıb.

    İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 % artaraq 916,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 % artaraq 650 milyon manat təşkil edib.

  • В Бадамдаре просела дорога – ФОТО

    В Сабаильском районе Баку, на Бадамдарском шоссе, просела дорога.

    Как сообщает Qafqazinfo, происшествие зафиксировано на улице Нефтчиляр в посёлке Бадамдар.

    Представляем кадры инцидента, произошедшего на территории, известной как дорога Бадамдар – 20-й участок:



  • Badamdarda yol çökdü – FOTO

    Bakının Səbail rayonu, Badamdar şosesində yol çöküb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb.

    Badamdar – 20-ci sahə yolu kimi tanınan ərazidə baş verən hadisənin görüntülərini təqdim edirik:



  • Ramanada restoran yanır

    Bakıda restoranda yanğın başlayıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.

    FHN-in Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar xəttinə yanğınla əlaqədar çağırış daxil olub. Məlumatla əlaqədar hadisə yerinə Dövlət Yanğınla Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər.

    Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

  • QHT rəhbəri Hafiz Həsənova ittiham aktı elan edilib

    “QHT işi” üzrə ittiham olunanlardan biri – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

    İttihamda bildirilib ki, Hafiz Həsənov rəhbərlik etdiyi qeyri-hökumət təşkilatında (QHT) layihələr keçirmək adı ilə ABŞ-nin German Marşal Fondundan ümumilikdə 415 min manatdan artıq pul vəsaitini qrant alaraq leqallaşdırıb.

    Hafiz Həsənov elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyib.

    Növbəti proses dekabrın 3-nə təyin edilib.

    Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

    Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunub.

    Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

    Cinayət işi üzrə bir sıra QHT, onların rəhbərləri, həmçinin xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

    “İştirak Evi ” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq QHT haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi – hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs ediliblər.
    //oxu.az

  • Balakəndə kafedə xuliqanlıq – Bakalla tanışına xəsarət yetirən şəxs saxlanıldı (Video)

    Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb. Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.