Month: November 2025

  • Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

    Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

    Median.Az “E-huquq.az”a istinadla xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır. Azyaşlının babası isə tanınmış vəkil Elçin Qəmbərovdur.
    Bildirilib ki, Ə. Qəmbərovun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
    Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.
    Faktla bağlı cinayət işi başlanıb.

  • Mehdiabadda çoxmərtəbəli yaşayış binasındakı yanğında 3 nəfər tüstüdən zəhərlənib

    Bu gün saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

    Bu barədə “Report”un soruğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi xidmət göstərilib.

  • Günəş sistemi kosmosda sürətlə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir

    Günəş sistemi Kainatda standart kosmologiyanın proqnozlaşdırdığından daha sürətlə hərəkət edir.

    Qaynarinfo xəbər verir ki, “Earth.com”un yazdığına görə, Almaniya alimləri qalaktikaları araşdıraraq onların kosmik izlərinin nəzəriyyənin proqnozlarını üstələdiyini müəyyən ediblər.

    “Physical Review Letters” jurnalında dərc olunan yeni radiogalaktika araşdırması, kosmik cisimlərin hərəkətinə dair standart mənzərəni təsdiqləmədi. Müəlliflərin göstərdiyi uyğunsuzluq isə ya kosmoloji modellərin , ya da genişmiqyaslı müşahidələrin hansısa mühüm amili nəzərə almadığını göstərə bilər.

    Almaniyanın Bilefeld Universitetindən astrofizik Lukas Beme başda olmaqla tədqiqat qrupu uzaq qalaktikaların radio müşahidələrini aparıb. Məqsəd, Kainatın təsvirinin reallığa nə dərəcədə uyğun olduğunu yoxlamaq olub.

    Kosmik hərəkət üçün istifadə olunan standart istinad sistemi erkən və isti Kainatdan qalan zəif elektromaqnit fonuna əsaslanır. Bu fon göstərir ki, Günəş sistemi müəyyən istiqamətdə sürətlə hərəkət edir. Bu hərəkət isə qalaktikaların sayında proqnozlaşdırılan iz buraxmalıdır.

    Bu, eyni zamanda kosmoloji prinsipin – Kainatın bütün istiqamətlərdə eyni görünməsi ideyasının – təsdiqidir. Bu prinsipə görə, Günəşin hərəkəti nəzərə alındıqdan sonra aparılan qalaktika müşahidələrində bütün istiqamətlərdə demək olar ki, eyni sayda mənbə qeydə alınmalıdır.

    Komanda güclü radio dalğaları yayan qalaktikalara diqqət yetirib. Radio dalğaları görünən işığı bloklayan toz buludlarını keçdiyi üçün adi təsvirlərdə görünməyən qalaktikaları aşkar etməyə imkan verir.

    Günəş sisteminin hərəkəti nəzərə alınarsa, hərəkət istiqamətində daha çox, arxada isə daha az radiogalaktika tapılmalıdır ki, bu da statistik uyğunsuzluq yaradır. Tədqiqatçılar bu uyğunsuzluğu ölçmək üçün böyük radiomənbə xəritələrini birləşdiriblər. Söhbət şimal səmasının təxminən dörddə birində yerləşən təqribən dörd milyon radiomənbədən gedir.

    Beme və həmkarları qalaktikaların sayını dəqiq hesablamaq üçün mənfi binom bölgüsünə əsaslanan model hazırlayıblar. Bu statistika üsulu hədsiz səpələnmiş hesab məlumatlarını emal etməyə imkan verir. Bu metod sayəsində bir neçə komponentli radiomənbələr bir mənbə kimi qiymətləndirilə bilir.

    Alimlər həmçinin məlumatları və əvvəlki ehtimalları birləşdirərək yeniləyən qiymətləndirmə üsulu yaradıblar. Bu üsul müxtəlif səma müşahidələrinin həssaslığını nəzərə alaraq qalaktika dipolunun gücünü və istiqamətini müəyyən edir.

    Üç böyük kataloqun məlumatları üzərində aparılan ölçmələr, qalaktikaların və Günəş sisteminin dəqiq sürətini ortaya çıxarıb. Geniş şəkildə qəbul edilən Günəş sisteminin sürəti təxminən 827 000 kilometr/saatdır. Bu sürət qalaktika müşahidələrinin həm istiqamət, həm də güc baxımından uyğunlaşmalı olduğu standartı müəyyən edir. Lakin yeni araşdırmanın nəticələri standart kosmologiyaya əsaslanan gözləntilərlə ziddiyyət təşkil edir. Qalaktikaların buraxdığı izlərin gücü və miqyası alimlərin əvvəlki fərziyyələrini yenidən nəzərdən keçirməyə vadar edir.

    Gələcək tədqiqatlarda radio dalğalarındakı artığın daha sərt nəzarət və kalibrləmə tətbiq olunduqdan sonra da qalılıb-qalmayacağı araşdırılacaq. Uyğunsuzluq bu sınaqdan keçərsə, kosmoqoqlar çətin, lakin maraqlı seçim qarşısında qalacaqlar: ya böyükmiqyaslı homogenlik fərziyyəsi doğru deyil, ya da materiyanın Kainatda necə paylandığını müəyyən edən naməlum bir amil mövcuddur.

  • Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı

    Əhalisinin sayına görə Afrikanın ən böyük ölkəsi sayılan Nigeriyada bir katolik məktəbindən 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb. Bu hadisə ölkədə bir həftə ərzində baş verən ikinci belə basqındır.

    Median.Az yerli mediaya istinadla xəbər verir ki, Nigeriya Xristianları Birliyinin bəyanatına görə, qaçırılanların ümumi sayı 303 şagird və 12 müəllim olub. Hadisə Saint Mary katolik məktəbində baş verib. Bildirilir ki, qaçırılan şagirdlər arasında qızlar da var. Nigeriya polisi qaçırılan insanları tapmaq üçün əməliyyata başlayıb, yaxınlıqdakı meşə zonaları axtarılır. Hadisədən dərhal sonra Nigeriya Prezidenti beynəlxalq səfərlərini ləğv edib və ölkədəki təhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Nigeriyanın şimal qərbindəki Maqa vilayətində yerləşən internat məktəbinə silahlı hücum nəticəsində 25 məktəbli qız oğurlanaraq naməlum istiqamətə aparılıb.

    Bu hadisələr ABŞ Prezidenti Donald Trampın Nigeriyanı xristianların öldürülməsinə cavab olaraq hərbi müdaxilə ilə hədələdiyi bir dövrə təsadüf edir. Qeyd olunur ki, bu hadisə son 11 ildən bəri baş vermiş ilk böyük sayda şagird oğurluğu hadisəsidir. Borno vilayətindəki bir məktəbə böyük hücum 2014-cü ildə Boko-Haram terrorçu qruplaşmasının üzvləri tərəfindən edilmişdi. Həmin hücumda 276 tələbə oğurlanmışdı.

  • Türkiyədə 54 şagird qidadan zəhərləndi

    Türkiyədə 54 şagird qidadan zəhərlənib.

    Koceli şəhərində yerləşən özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra səhhətlərində kəskin narahatlıq hiss ediblər.

    Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

    Hər iki şəhərdə zəhərlənən şagirdlər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

    Araşdırmalara başlanıb.

  • Ermənistan Konstitusiyasını nə vaxt dəyişəcək? – Paşinyan açıqladı

    Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Baş nazir Nikol Paşinyan bildirib ki, referendum parlament seçkilərindən — 2026-cı ildən sonra təşkil olunacaq.

    Paşinyan bu barədə bu gün K. Demirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçuları ilə görüşü zamanı məlumat verib.

    Onun sözlərinə görə, seçkilərdən əvvəl siyasi qüvvələr cəmiyyətə bu məsələyə dair öz mövqelərini təqdim etməli, çoxluq qazanmış qüvvənin mövqeyi isə yeni Konstitusiya layihəsinin formalaşdırılmasında həlledici rol oynamalıdır.

  • “Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər”

    “Binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı “Loft” restoranı tərəfindən nəzarətə götürülərək qapadılmışdı”.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri bir neçə gün əvvəl restoran əməkdaşları tərəfindən döyülən binanın ustası Yusif Həsənov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, təxliyə qapısı vətəndaşların istifadəsində olsa idi, ölüm hadisəsi baş verməzdi:

    “Bir neçə gün əvvəl şaxtanın açarını restoran sahiblərindən istədim, vermədilər və məni döydülər. Komendant Samir Məhəmmədov oranı təmizləmək üçün mənə tapşırıq vermişdi. Amma icazə vermədilər. Məni döydülər və bundan sonra polisə şikayət etdik. Daha sonra üzr istədilər, barışdıq. Şaxtanın bizə aid olan hissəsini bağlayıblar, girişə icazə vermirlər. Orada avtomobillərin elektrikdoldurma cihazları üçün generator quraşdırıblar. Yanğın da orada başladı və tüstüdən insanlar zəhərləndilər. Amma düzü, bilmirəm, generator qurğuları o cihazlara qoşulub, ya yox. İki ilə yaxındır, burada çalışıram, amma bir dəfə də olsun, zirzəmiyə daxil ola bilməmişəm”.

    Xatırladaq ki, noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib.

  • Ekspertlərin seçimi: Qış səyahətləri üçün ən yaxşı 5 elektromobil

    Elektromobilin qış səyahətləri üçün seçimi ən asan tapşırıq deyil. Soyuq hava şəraitində tam elektrikli modellərin mənzili əhəmiyyətli dərəcədə azalır və avtomobilin idarə edilməsi daha çətinləşir.

    BGR qış səyahətləri üçün ən yaxşı 5 elektromobili seçib. Ekspertlərin sözlərinə görə, bu modellər mürəkkəb istismar şəraitinin öhdəsindən gələ bilir.

    Audi e-tron

    Nəşrdə qeyd olunub ki, 2022-ci ildə “Audi” şirkəti öz elektrokrossoverinin sərt qış şəraitinin öhdəsindən gəlib-gələ bilməyəcəyini yoxlayıb. “Norveç qışının öhdəsindən gəlirik” adlı tədqiqatda avtomobil istehsalçısı 36 yaşlı yerli sakin Lizelott Lundanın “Audi e-tron 55 quattro” almasından danışıb. Qadın bölüşüb ki, bu model gecə görmə sistemi və tam “Audi Quattro” sükanı də daxil olmaqla bir çox faydalı funksiya təklif edir.

    Bundan əlavə, Lunde bildirib ki, “Audi e-tron 55 quattro” qış səyahətləri üçün kifayət qədər olan böyük mənzil təklif edir. “Audi”nin işçisi Pyer Voltman danışıb ki, bu elektrokrossover intellektual istilik tənzimləmə sisteminə malikdir ki, bu da salonu və batareya qabını lazımi temperatur rejimində saxlamağa imkan verir.

    Tesla Model X

    Həmçinin nəşrdə “Tesla Model X”ə diqqət yetirmək tövsiyə olunub. Jurnalistlər qeyd ediblər ki, bu model müasir texnologiyalar təklif edir və tam ötürmə sayəsində qarlı yollarda səyahət üçün uyğundur.

    Xatırladılıb ki, “Tesla Model X”də hava şassisi var ki, bu da yol klirensinin hündürlüyünü tənzimləməyə imkan verir. Bunun sayəsinde elektrokrossover dərin qarda və ya təmizlənməmiş qış yollarında sürüş üçün qalxa bilir.

    Bundan əlavə, “Tesla Model X”in böyük mənzili var. Nəşrdə qeyd olunub ki, sınaqlar zamanı model sıfırın altındakı temperaturda elan edilmiş mənzilin təxminən 89%-ni qoruyub saxlayıb.

    Hyundai Ioniq 5

    Nəşrdə deyilib ki, “Hyundai Ioniq 5” müəyyən edilmiş güc üçün cərəyanı azaldan, rezistiv itkiləri azaldan və soyuq şəraitdə doldurma səmərəliliyini yaxşılaşdıran 800 voltluq arxitektura malikdir. Təxminən -6,6 dərəcə Selsi temperaturunda keçirilən sınaqlar zamanı tam ötürməli Ioniq 5, 314 kilometr məsafə qət edə bilib.

    Nəşrdə xəbərdarlıq edilib ki, “Hyundai Ioniq 5″in soyuq havada doldurma sürəti əhəmiyyətli dərəcədə azala bilər. Lakin, batareya qabının optimal temperaturuna çatdıqdan sonra doldurma sürəti daha sürətli olur.

    Kia EV9

    Nəşrdə qeyd olunub ki, böyük elektrokrossover “Kia EV9” qışda səyahəti daha rahat edən qış paketi ilə təklif olunur. Bu model qış sınaqları zamanı batareyanın 80% doldurulma vəziyyətində 311 kilometr məsafə qət edib ki, bu da kifayət qədər yaxşı nəticədir.

    Bundan əlavə, “Kia EV9” batareya qabını optimal səviyyəyə qədər qızdırmaq sistemini əldə edib. Üstəlik, tam ötürmə sistimi sürüşkən yolda yaxşı sabitlik təmin edir.

    Polestar 2

    Nəşrdə təsdiq edilib ki, “Polestar 2” rəqibləri arasında qış şəraitində mənzili nə qədər yaxşı qoruyub saxlaması ilə fərqlənir. Kanada Avtomobil Assosiasiyası tərəfindən həyata keçirilən qış mənzili testinə görə, bu model ətraf mühitin -7 ilə -15 dərəcə Selsi arasında dəyişdiyi temperaturda elan edilmiş mənzilin cəmi 14%-ni itirib.

    “Polestar 2″nin idarəolma keyfiyyəti yüksək qiymətləndirilib. Bu model qışda belə əla sabitlik təmin edən tam ötürmə ilə təklif olunur.
    //valyuta.az

  • Azərbaycan 2026-cı ilədək elektrik avtobus parkını 1 100 vahidə qədər artıracaq

    Azərbaycanda 2025-ci ildə 500 elektrik mühərrikli avtobusun istismara verilməsi və 2026-cı ilədək onların sayının 1 100-ə qədər artırılması planlaşdırılır.

    Bu barədə Median.Az Azərbaycanın yenilənmiş “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr”inə (NDC 3.0) istinadən xəbər verir.

    Gələcəkdə hər il əlavə 500 elektrik avtobusunun istismara buraxılması nəzərdə tutulur. Bunun dövlət operatoru olan “BakuBus” və özəl daşıyıcılar tərəfindən marşrut şəbəkəsi çərçivəsində həyata keçiriləcək.

    Xatırladaq ki, 2024-cü ildə ölkədə 600 elektrik avtobusu istismara verilib.

    Yerli istehsal hesabına elektrik avtobuslar parkını formalaşdırmaq üçün illik 500 avtobus buraxılış gücü olan “Azerbaijan Energy Automotive Factory” MMC Azərbaycan-Çin birgə müəssisəsi yaradılıb. İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun, “SARDA Group” və Çinin “BYD” şirkətinin təşəbbüsü ilə yaradılan müəssisə 2025-ci ilin sentyabr ayının sonunda fəaliyyətə başlayıb.

    Bu ilin sonuna qədər zavod 300 elektrik avtobusu (200-ü Bakı, 60-ı Naxçıvan və 40-ı Qarabağ regionu üçün) istehsal etməyi planlaşdırır.

    Hesabatda qeyd olunub ki, nəqliyyat sektoru ÜDM-in təxminən 6 %-ni təmin edərək ölkə iqtisadiyyatının mühüm bir hissəsini təşkil edir. Yol nəqliyyatında illik yanacaq istehlakı 2 704 kiloton (benzin, dizel, LNG/LPG, elektrik enerjisi) təşkil edir. 2022-ci ildə dəmir yolu, hava və dəniz nəqliyyatı birlikdə 220 kiloton dizel, aviasiya yanacağı və gəmi yağı istehlak edib.

    NDC-yə görə, ölkənin nəqliyyat sektorunda iqtisadi inkişaf, əhali artımı və avtomobil parkının böyüməsi nəticəsində emissiyaların əhəmiyyətli şəkildə artması müşahidə olunub. 2022-ci ildə bu, bütün istixana qazı emissiyalarının 13 %-ni təşkil edirdi ki, bunun 92 %-i avtomobil nəqliyyatı (əsasən benzin və dizel istifadəsi səbəbindən), 5 %-i aviasiya, 2 %-i dəniz nəqliyyatı, 1 %-i dəmir yollarının payına düşüb.

    Bundan əlavə, hesabatda nəqliyyatda enerji keçidinin üç əsas vəzifəsi müəyyən edilib. Buraya nəqliyyat vasitələrinin ümumi yürüşünün azaldılması; effektivliyin artırılması və “təmiz yanacaq növləri”nə keçid hesabına kilometr başına emissiyaların azaldılması; ictimai nəqliyyatın və yeni mobillik həllərinin inkişafı vasitəsilə modal dəyişikliyə nail olmaq daxildir.

    “Əsas məqsəd ictimai nəqliyyatın, mikromobilliyin inkişafı və daxili yanma mühərriklərindən tədricən imtina edilməsi yolu ilə şəhər mobilliyinin emissiyalarının azaldılmasıdır. Bunun üçün enerjidoldurma infrastrukturuna və elektromobillərin istifadəsini stimullaşdıran mexanizmlərə əhəmiyyətli investisiyalar tələb olunur. Həmçinin aviasiya və dəniz nəqliyyatı da daxil olmaqla, bioyanacağın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur”, – hesabatda bildirilib.

    Bundan əlavə, 2035-ci ilə qədər dekarbonizasiya məqsədlərinə çatmaq üçün emissiyaların yumşaldılması üzrə ətraflı hazırlanmış plan təklif olunur. Bu, metro, avtobus və dəmir yolları şəbəkələrinin genişləndirilməsi və modernləşdirilməsini; ictimai nəqliyyata və mikromobilliyə keçidin stimullaşdırılmasını; dəmir yolu nəqliyyatından istifadənin artırılmasını; daxili yanma mühərrikili avtomobil parkının ilkin istismardan çıxarılmasını və şəhər nəqliyyatının yenilənməsini; minik avtomobilləri, avtobuslar və yük maşınları arasında elektromobillərin payının artmasını; elektromobillərin təşviqi üçün stimullaşdırma proqramlarını; aviasiya yanacağı da daxil olmaqla, bioyanacağın tətbiqini və onun qarışdırılmasını əhatə edir.

    Qeyd edilir ki, dayanıqlı nəqliyyata keçid elektrikli avtomobil infrastrukturu, xüsusilə də enerjidoldurma stansiyaları və elektrik şəbəkələrinin modernləşdirilməsi üçün əhəmiyyətli investisiya tələb edəcək. İlkin yüksək xərclərə baxmayaraq, uzunmüddətli perspektivdə elektrikli avtomobillərinin daha aşağı yanacaq və texniki xidmət xərcləri sayəsində əməliyyat xərclərinin azalacağı gözlənilir.

    Bundan əlavə, Azərbaycan “Azərişıq” ASC və “AzərEnerji” ASC-nin iştirakı ilə Bakıda, regionlarda və azad edilmiş ərazilərdə elektromobillərin enerjidoldurma infrastrukturunu genişləndirməyi planlaşdırır. Elektrikli avtobusların xidmət göstərməsi üçün son marşrutlarda dörd nəqliyyat-mübadilə mərkəzində enerjidoldurma stansiyaları quraşdırılacaq.

  • Keytrinq xidmətlərində təhlükə artır: Agentlikdən xəbərdarlıq

    Son illər Azərbaycanda keytrinq xidmətlərinə tələbat artıb. Xüsusilə də korporativ tədbirlər, ofislər və istehsalat müəssisələrində bu sahənin canlanması nəzərə çarpır. Lakin artan rəqabət fonunda bəzi şirkətlərin qida təhlükəsizliyi standartlarına tam əməl etməməsi və xidmət keyfiyyətində çatışmazlıqlar müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirib. Məlum olub ki, bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir və onların fəaliyyətində ciddi nöqsanlar var. Agentlik xəbərdarlıq edir ki, qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər.

    Median.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

    Təcrübəsiz və təlimsiz işçilər problemi

    Qida mühəndisi Fərid Səfərov açıqlamasında bildirir ki, keytrinq bazarı hər zaman eyni standartda deyil. Bəzi şirkətlər yüksəksəviyyəli, beynəlxalq qida təhlükəsizliyi sertifikatlarına malikdir, digərləri isə sadəcə kommersiya məqsədli fəaliyyət göstərir, sanitar və texniki normalara tam əməl etmir: “Bunun bir neçə səbəbi var. Birincisi xərclərin azaldılmasıdır. Soyuducu sistemlər, termik nəqliyyat qutuları, laborator analizlər və sanitar təmizləmə prosesi əlavə xərc tələb edir. Bəzi şirkətlər bunu qənaət məqsədi ilə etmir. İkincisi, nəzarətin zəifliyidir. Müəyyən dövrlərdə yoxlamaların azlığı bəzi müəssisələri “rahatlaşdırır”. Üçüncüsü isə kadr çatışmazlığıdır. Təcrübəsiz və təlimsiz işçilər təhlükəsizlik qaydalarının əhəmiyyətini anlamır. Həmçinin böyük sifarişlərdə vaxt az olduğundan sanitar prosedurlar ötürülür”.

    Mütəxəssis vurğulayır ki, peşəkar kadr çatışmazlığı və işçi təlimsizliyi bu riskləri artırır: “Keytrinqdə çalışan işçilər çoxu qida mühəndisliyi və ya texnoloq ixtisasına malik deyil. HACCP (Hazard Analysis and Critical Control Points) və GMP (Good Manufacturing Practice) sistemlərindən xəbərsizdir. İstilik zənciri (“cold chain”) nəzarətinin nə olduğunu bilmir. Nəticədə mikrobioloji çirklənmə, çarpaz yoluxma (xüsusilə çiy və bişmiş məhsullar arasında) halları artır”.

    Kəskin qida zəhərlənmələri, allergik reaksiyalar…

    F.Səfərov deyir ki, qida təhlükəsizliyinə əməl etmədikdə istehsalçı ciddi şəkildə zərər görür: “Ən tipik risklər kəskin qida zəhərlənmələri, bağırsaq infeksiyaları, allergik reaksiyalardır. Bu hallar xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün daha təhlükəlidir. Məsələn, bişmiş yeməyin iki saatdan çox otaq temperaturunda saxlanması Salmonella və Clostridium perfringens riskini, çiy və bişmiş qidaların eyni səthdə hazırlanması çarpaz çirklənməni, istifadə müddəti keçmiş və ya düzgün soyudulmayan məhsullar botulizm və ya stafilokok toksini riskini yaradır”.

    Peşəkar keytrinq xidmətini necə seçməli?

    Mütəxəssis bildirir ki, bu kimi risklərin qarşısının alınması üçün keytrinq müəssisələrində qida təhlükəsizliyini təmin etmək üçün həm dövlət, həm də sahibkar səviyyəsində davamlı nəzarət mexanizmləri vacibdir. Bu istiqamətdə daimi dövlət nəzarəti olmalı, HACCP sisteminin tətbiqi (Qida zəncirinin hər mərhələsində risklərin idarə olunması üçün bu beynəlxalq sistemin məcburi tətbiqi), işçilərin mütəmadi təlimi, laborator nəzarət vacibdir. Qida təhlükəsizliyi yalnız cərimə və yoxlamalarla deyil, həm də stimullaşdırıcı mexanizmlərlə möhkəmləndirilməlidir: “Xidmət sifariş edən şəxslər isə şirkətin rəsmi lisenziyası və qeydiyyatının olması, personalın gigiyenik geyimdə işləməsi və iş səthlərinin təmizliyi, qidanın temperaturu və görünüşü (çox isti və ya çox soyuq olmamalıdır), menyu və allergen siyahısının təqdim edilməsi, sosial mediada və ya AQTA-nın saytında müəssisə haqqında şikayət və ya xəbərdarlıqların olub-olmamasına diqqət yetirməlidirlər”.

    “Belə hallarda dövlət nəzarəti də yetərsiz olur”

    İstehsal meneceri Sayat Quliyeva deyir ki, bəzi iaşə obyektlərinin təqdim etdiyi yeməklər birbaşa həmin obyektlərin özündə deyil, səyyar qida təminatı ilə məşğul olan xidmətlər və ya fərdi şəxslər tərəfindən hazırlanır: “Hətta evdar xanımlar belə öz evlərində hazırladıqları yeməkləri restoranlara və fərdi müştərilərə təqdim edirlər. Bu, keytrinq xidmətlərinin inkişafının bir nümunəsi olaraq qiymətləndirilə bilər. Amma bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmirlər. Hətta qida təhlükəsizliyi üzrə dövlət nəzarəti yetərsiz olur. Çünki belə səyyar qida təminatının həyata keçirən şəxslər qidanı öz yaşayış sahələrində hazırladıqları üçün bu da nəzarətdən kənarlaşma ilə nəticələnir”.

    S.Quliyeva bildirir ki, keytrinq müəssisələrinin qida təhlükəsizliyi standartlarına əməl etməsini təmin etmək üçün bir neçə əsas tədbir görülə bilər. Ən əsası, hüquqi tənzimləmə və nəzarət gücləndirilməli, dövlət qurumları tərəfindən mütəmadi yoxlamalar və auditlər aparılmalı, müştərilər fərdi şəxslərlə deyil, korporativləşmiş müəssisələrlə çalışmalıdır. Hətta bu müəssisələrdən də sertifikatlaşdırma və akkreditasiya sistemlərinin olmasına dair sənəd tələb edilməli, sertifikatlaşdırma prosesi yalnız kağız üzərində deyil, faktiki olmasıyla bağlı praktik yoxlamalar aparılmalıdır.