Month: November 2025

  • Zelenski xalqa müraciət etdi: “Çətin seçim qarşısındayıq…”

    Ukrayna hazırda ən yeni tarixinin ən ağır mərhələlərindən birini yaşayır.

    Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

    Dövlət başçısı Ukraynanın qarşıdakı günlərdə son dərəcə çətin seçimlə üz-üzə qala biləcəyini vurğulayıb.

    “İndi tariximizin ən ağır anlarından birini yaşayırıq. Ukraynaya təzyiq indiyə qədərki ən ağır səviyyədədir. Ölkə çox mürəkkəb bir seçim qarşısında qala bilər: ya ləyaqəti itirmək, ya da əsas tərəfdaşın itirilməsi riski. Ya çətin 28 bəndlik plan, ya da ən çətin qış və bundan sonrakı risklər. Azadlıq, ləyaqət və ədalət olmadan həyat və bunu bizə artıq iki dəfə hücum etmiş birinə inanaraq yaşamaq mümkün deyil”, – Zelenski deyib.

    O, ABŞ-ın irəli sürdüyü sülh planı ilə bağlı müzakirələrdə Ukraynanın milli maraqlarının nəzərə alınmasının vacibliyini bildirib:

    “Amerika və digər tərəfdaşlarla sakit və konstruktiv işləyəcəyik. Mən arqumentlər gətirəcəyəm, tərəfdaşlarımızı inandırmağa çalışacağam, alternativlər təklif edəcəyəm. Amma düşmənə ‘Ukrayna sülh istəmir’ demək üçün heç bir əsas verməyəcəyik”.

    Zelenski ölkənin daxili siyasi proseslərinə də toxunub və siyasi qüvvələri birlik nümayiş etdirməyə çağırıb:

    “Özümüzü toparlamalıyıq, daxili çəkişmələri, siyasi oyunları dayandırmalıyıq. Dövlət işləməlidir. Müharibə şəraitində parlament birləşmiş şəkildə, hökumət isə səmərəli fəaliyyət göstərməlidir”.

    Dövlət başçısı yaxın həftənin həm siyasi, həm də informasiya müstəvisində çox gərgin keçəcəyini bildirib:

    “Qarşıda çətin günlər var. Çoxlu təzyiq olacaq. Düşmən yatmır”.//Moder.az

  • Yasamalda yaşayış binası yanır – Video+Yenilənib

    Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

    Əlavə məlumat veriləcək.

    ***

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın  baş verməsi barədə ilkin məlumat daxil olub. 

    Median.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. 

    Əlavə məlumat veriləcək.//azxeber.com

  • Yanğına görə bu küçədə hərəkət məhdudlaşdırıldı – Foto

    Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.

    Median.Az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    “Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir”, – məlumatda qeyd edilib.

  • Direktorların işə qəbulu zamanı üstünlük veriləcək namizədlər müəyyənləşib

    “Şagird sayı 500-ə qədər olan ümumitəhsil müəssisələrində direktorların işə qəbul prosesində əsas prinsip həmin məktəbdə çalışan kadrlara üstünlük verilməsidir”.
     
    Median.Az APA-ya istinadən xəbər verir ki bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli deyib.

    “İlk mərhələdə müəssisənin özündə çalışan direktor müavinləri və müəllimlər arasından seçim aparılacaq. Namizədlərdən ilkin olaraq sertifikatlaşdırma, daha sonra müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində və diaqnostik qiymətləndirmə nəticəsinin 70% və daha yuxarı olması tələb olunur”, – Nurlan İsmayılbəyli bildirib.

  • Faciə qurbanı olan Emil hərbi xidmətdən yeni gəlibmiş

    Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar.

    Median.Az qaynarinfo-ya istinadla bildirir ki, dünyasını dəyişənlərdən biri Emil Quliyev Hacıqabul rayonun Axtaçı-Şirvan kəndindəndir.

    Bir müddət əvvəl hərbi xidmətdən gələn Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib. 
    Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranına ofisant kimi işə düzəlibmiş.

    Qeyd edək ki, rəsmi məlumatlarda həlak olanlardan biri Cəmil Quliyev kimi təqdim olunub. Amma əslində o, Emil Quliyevdir və Cəmil həmin şəxsin atasının adıdır.

  • Sığınacaqdan itkin düşən qız tapıldı

    Bakıda sığınacaqdan çıxaraq itkin düşən qız tapılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.

    Qeyd edək ki, yeniyetmənin itkin düşməsi ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yaymışdı. O, məktəblinin bu addımı atası ondan imtina etdiyi üçün atdığını bildirmişdi.

  • Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib – FOTO

    Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

    Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı təmir işlərinə başlanılıb.

    Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial xidmət müəssisəsində kiçik və böyük yaş qrupları üzrə 120 uşaq yerləşib. Binada sinif, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi otaqları, emalatxana yaradılıb. Sosial xidmət müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri əyani vəsaitlərlə təchiz edilib.

    Burada istirahət və tibb otaqları, qarderob, kitabxana, oxu zalı, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Eləcə də oyun attraksionları ilə təmin olunan meydança inşa edilib.

    Sosial xidmət müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.









  • Tural Sadıqlı, Orduxan Teymurxan, Qurban Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib

    Xaricdə yaşayan bloqerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qapalı keçirilən iclasda ittiham aktının elan olunmasına başlanılıb.

    Məlum olub ki, bu cinayət işi üzrə daha 3 nəfər – Orduxan Teymurxan (Bəbirov), Orxan Ağayev və Rəfael Piriyev də ittiham olunur.

    Növbəti proses dekabrın 5-nə təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (silahlı qiyam, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1-ci (rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

  • Ermənistan prezidenti: “Qarşılıqlı etimadın yaradılması İrəvan və Bakı arasında yekun sülh üçün vacibdir”

    “İki ölkə və xalq arasında qarşılıqlı etimad mühitinin yaradılması Ermənistan və Azərbaycan arasında yekun sülh üçün son dərəcə vacibdir”.

    Median.Az “Armenpress” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuş vilayətinin Kirants qəsəbəsində jurnalistlərə bildirib.

    Xaçaturyan vurğulayıb ki, ikitərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu prosesin yekunlaşması hər iki xalqın “mövcud çətinlikləri” aşa biləcəyi zaman olacaq:

    “Heç kim bunun nə vaxt baş verəcəyini deyə bilməz. Əlbəttə, bunun mümkün qədər tez baş verməsini istərdik, amma iki ölkənin hökumətləri sadəcə əlverişli şərait yaratmalı, təmaslar üçün mümkün qədər çox imkan təmin etməli və bir ölkədə narazıların ola biləcəyindən qorxmamalıdırlar. Bunun reallığa çevrilməsinin böyük ehtimal olduğunu güman edirəm”, – deyə Ermənistan prezidenti bildirib.

  • Azərbaycanda toy biznesi çöküş yaşayır: Nikahlar azalır, ənənələr dəyişir, bazar daralır

    Son dövrlər Azərbaycanda bir sıra məşhur müğənnilərlə Mədəniyyət Nazirliyi arasında yaranmış qalmaqal fonunda ölkədə toyların sayının kəskin şəkildə aşağı düşməsi faktı diqqəti cəlb edir.

    Oxu.Az-ın toy biznesi ilə bağlı apardığı araşdırmalardan məlum olub ki, Azərbaycanda nikahların sayında son üç ildə müşahidə olunan azalma tendensiyası toy biznesində özünü daha kəskin formada göstərir.

    Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkədə 61 min 939 nikah qeydə alınmışdısa, 2023-cü ildə bu rəqəm 54 min 200-ə, 2024-cü ildə isə 49 min 508-ə düşüb. Cari ilin ilk 9 ayında isə ölkədə cəmi 36 min 332 nikah rəsmiləşib. Bu rəqəmlər göstərir ki, cəmi iki il ərzində nikahların sayı təxminən 20 faiz azalaraq toy biznesində kəskin durğunluq yaradıb.

    Nikahlarla bərabər toyların daha sürətlə azalmasının digər səbəbi son zamanlar evlənən cütlüklərin bir şadlıq mərasimi ilə kifayətlənməsidir. Əgər əvvəlki illərdə ailələr həm qız, həm də oğlan evində ayrı-ayrılıqda toy təşkil edirdilərsə, son illərdə bu praktika xeyli dəyişib. İndi cütlüklərin böyük qismi birgə toy edərək xərci və hazırlıq işlərini yarıya endirməyə çalışır. Bu isə toy biznesində, xüsusilə şadlıq evlərində, musiqi kollektivlərində, foto-video studiyalarında və gəlinlik salonlarında sifarişlərin ümumi sayını azaldır. Restoran sahibləri bildirirlər ki, əvvəl bir ailə iki toy sifarişi verirdisə, indi bu birdən-birə tək tədbirlə əvəz olunur. Beləliklə, toy sayında statistik azalma ilə yanaşı, real bazar həcmi daha da sürətlə daralır.

    Oxu.Az-ın əməkdaşının Bakıdakı şadlıq saraylarından birinin inzibatçısı olan Ələddin Şahbazov ilə söhbəti zamanı məlum olub ki, son vaxtlar sünnət toylarının da sayında ciddi azalma var. Şahbazov bildirib: “Əvvəllər, konkret pandemiyadan əvvəl ay ərzində azı 5 sünnət toyumuz olurdusa, indi 1 dənə belə toy olanda sevinirik. Toyların sayı çox azalıb. Bunun səbəbini təkcə əhalinin imkansızlığında deyil, həm də daha qənaətcil olmasında görürəm. Məsələn, əvvəllər toya çağrılan qonaqların sayı orta hesabla 300-400 nəfər olurdusa, faktiki indi 150-250 nəfər arasındadır”.

    Başqa tərəfdən inkişaf etmiş ölkələrdə evlənməklə bağlı yanaşmaların dəyişməsi Azərbaycandan da yan keçməyib. Belə ki, yeni nəsil arasında nikaha yanaşma dəyişir. Gənclər karyera və təhsilə daha çox önəm verir, nikah yaşını gecikdirir. Boşanma statistikasının yüksək olması da nikaha inamı zəiflədir. Eyni zamanda, yüksək toy xərcləri və Bakı kimi böyük şəhərlərdə mənzil probleminin kəskinləşməsi gənclərin nikah qərarını təxirə salmasının əsas iqtisadi səbəbidir.

    Toyların sayının az olması səbəbindən artıq Bakının məşhur şadlıq saraylarının bir-neçəsi profilini dəyişib. Məsələn, Bakının 9-cu mikrorayon ərazisindəki “Leyla” şadlıq sarayı profilini dəyişərək xeyir-şər evinə çevrilib. Nikah sayının azalması və toyların birləşdirilməsi sektorda bir sıra problemləri dərinləşdirib: Şadlıq evləri boş günlərlə üzləşir, bəzi obyektlər qiymətləri endirir və ya banket, korporativ tədbirlər kimi alternativ xidmətlərə yönəlir. Müğənnilərin bazarı daralır, xüsusilə yeni və az tanınan ifaçılar toy sifarişi tapmaqda çətinlik çəkirlər. Foto-video xidmətləri arasında kəskin qiymət rəqabəti yaranıb. Gəlinlik və bəy libası salonları satış dövriyyəsinin azalması səbəbindən daha çox kirayə modelinə üstünlük verməyə başlayıblar. Zərgərlik, mebel və cehiz mağazaları da nikahların azalmasından dolayı ciddi satış problemi ilə üzləşiblər.

    Bu faktlar Azərbaycanda toy sənayesinin ciddi bir transformasiya dövründən keçdiyini və iqtisadi-sosial təzyiqlərin bu sektorda çalışan bütün subyektlərə təsir etdiyini göstərir.