Month: December 2025

  • Nikol Paşinyan İlham Əliyevin qərarını alqışladı

    “Cənubi Qafqazda kommunikasiyaların açılması Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əlaqələri gücləndirəcək”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Aİİ Hökumətlərarası Şurasının iclasında bildirib.

    “Qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər”, – deyə o qeyd edib.

    Paşinyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlayıb.

    “Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olmasında mühüm nailiyyətlərdən biridir”, – o əlavə edib.

  • Azərbaycanda dövlət bankının rəhbərliyinə təyinat olub

    İqtisadiyyat Nazirliyindən dövlət bankının rəhbərliyinə təyinat olub.

    Median.Az “APA-Economics”ə istinadla xəbər verir ki, Elnur Rafael oğlu Allahverdiyev “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının üzvü seçilib. Qeyd edək ki, Elnur Allahverdiyev həm İqtisadiyyat Nazirliyinin Korporativ İdarəetmə şöbəsinin müdiridir.

    Elnur Allahverdiyev 2016-2020-ci illərdə keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində şöbə müdiri, 2020-ci ildən 2024-cü ilə kimi Mərkəzi Bankın lisenziyalaşdırma şöbəsinin müdiri, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlir Baş İdarəsinin rəis müavini olaraq çalışıb. Ötən ilin sonundan isə hazırkı vəzifəsini icra edir.

    Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51%-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12.4%-i Türkiyənin “Ziraat Bank”ına, 1.1%-i “Ziraat Bank International”a, 6.5%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

  • Dostlar arasında böyrək davası: “Qardaş kimi ciyərimi də verərəm”

    Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyini bildirən şəxs qarşı tərəfdən bu məqsədlə xeyli miqdarda pul alıb, amma sonda əməliyyat baş tutmayıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, pulu verən Eldar Əhmədov Nadir Behbudovu (ad-soyadlar şərtidir) dələduzluqda ittiham edib və rəsmi orqanlara şikayət edib.

    Məlum olub ki, 1977-ci il təvəllüdlü Nadir Behbudov tanışı Eldar Əhmədovun xanımının dializ xəstəsi olduğunu öyrəndikdən sonra böyrəyini qadına təmənnasız olaraq verə biləcəyini deyib.

    Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib:

    “Könüllü olaraq, heç bir təmənna güdmədən donor olmaq üçün razılıq verdim. Sadəcə, Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyindən sonra əməliyyat baş tutmadı. Böyrəyimi verməyi notariat şəhadətnaməsi ilə də təsdiq etmişdim. Pulları isə şəxsi ehtiyaclarıma xərcləmişəm”.

    Zərərçəkən kimi tanınan Eldar Əhmədov isə ifadəsində əksini söyləyib:

    “Həkimlərin məsləhəti ilə Nadirin böyrəyinin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirildi və tibbi göstərişlər uyğun gəldiyindən razılaşdıq. Bundan sonra Nadir müxtəlif vaxtlarda fərqli səbəblərdən məndən pul istədi. Ona ümumilikdə 17109 manat vermişəm. Nadir müayinədən keçdikdən sonra Səhiyyə Nazirliyində izahat verərək böyrəninin qadına köçürülməsindən imtina etdi. Bundan sonra pulumu geri istəsəm də qaytarmadı”.

    Maraqlıdır ki, Nadir “ASAN Xidmət” mərkəzində səlahiyyətli orqanlara böyrəyinin köçürülməsi ilə bağlı ərizə də yazıb. O, ərizəsində qadına təmənnasız olaraq böyrəyini verəcəyini, heç bir iddia və tələbi olmadığını bildirib. Bundan başqa o, transplantasiya prosesi ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının videogörüntülü iclasına da qatılıb. O, iclasında böyrəyini təmənnasız verməyə hazır olduğunu bəyan etməklə “Dost kimi, qardaş kimi lazım olsa ciyərimi də verərəm” ifadələrini səsləndirib.

    Məhkəmə də bu səbəbdən Nadirin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.

    Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsin ilkin və davamlı niyyəti real olaraq donor qismində çıxış etmək və öz böyrəyini transplantasiya məqsədilə qadına verməkdən ibarət olub. Bu niyyətini təsdiq etmək məqsədilə Nadir könüllü şəkildə notarial qaydada razılıq verib, müvafiq tibbi müayinələrdən keçib və transplantasiya prosedurunun tələb etdiyi bütün zəruri mərhələlərdə iştirak edib. Sonuncunun donor olmaq niyyəti müvəqqəti və situativ deyil, ardıcıl və ciddi şəkildə formalaşmış iradə aktı olub. Bu faktlar onun əvvəlcədən formalaşmış dürüst və ciddi iradəsinin mövcud olduğunu, heç bir aldatma və ya etibardan sui-istifadə məqsədi daşımadığını qəti şəkildə göstərir. Belə ki, transplantasiya prosesində şəxsin iradəsi yekun qərar deyil. Qərar verən struktur Etika Komissiyasıdır. Yəni şəxs öhdəliyini icra etməkdə subyektiv maraq göstərsə də, nəticə onun nəzarətindən kənar baş verib.

    Bildirilib ki, təqsirləndirilən şəxs böyrək müqabilində müəyyən məbləğ tələb etməyib, verilən pulların mahiyyəti iqtisadi əvəzli əməliyyat kimi müəyyən edilməyib, pullar maddi nemətin ələ keçirilməsi məqsədi ilə deyil, müstəqil və əlaqəsiz epizodlar çərçivəsində qarşı tərəfindən könüllü təqdim olunub.

    Yekun nəticədə məhkəmə Nadir Behbudovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilib və iclas zalında həbsdən azad edilib.

  • Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

    Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bakıda Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək

  • Bakıda 2,3 milyon manatlıq şirkət ləğv olunur

    “ASK Aqro” MMC ləğv olunduğunu elan edib və kreditorların iki ay ərzində tələblərini təqdim etməsi tələb olunur.

    Tələblər Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında yerləşən və hazırda ləğv prosesində olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə göndərilməlidir.

    Qeyd edək ki, “ASK Aqro” MMC 29 may 2018-ci ildə dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Şəki rayonunun Öyrət kəndində, Qarasu ərazisində yerləşir. MMC 2 milyon 325 min 827 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Nizami Əbdürəhim oğlu Zamanovdur. Son reyestr çıxarışı 2025-ci il noyabrın 5-də verilib. Vergilər Xidmətinin məlumatına görə, şirkətin 3 min 667.17 manat məbləğində vergi borcu mövcuddur.

    Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC ləğv edilərək korporasiyanın müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

  • Azərbaycanda gələn ilin QEYRİ-İŞ GÜNLƏRİ məlum olub – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən, 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:

    1, 2 yanvar – Yeni il bayramı;

    20 Yanvar – Ümumxalq Hüzn Günü;

    8 Mart – Qadınlar Günü;

    20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

    20, 21 mart – Ramazan bayramı;

    9 May – Faşizm üzərində Qələbə günü;

    27, 28 may – Qurban bayramı;

    28 May – Müstəqillik Günü;

    15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

    8 Noyabr – Zəfər Günü;

    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir.

    2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

    2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan beşi bayramqabağı, biri Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan beşi iş günü hesab edilməyən bayram günləri ilə, üçü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan üçü üst-üstə düşən) və bir Ümumxalq Hüzn Günü var.

    Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

    Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

    2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

    Qanunvericiliyə uyğun olaraq, 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

    Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (https://sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) yerləşdirilib.

  • Narkotiklərin tədarükünə görə saxlanılan ailə üzvlərinə üst-üstə 33 il iş istənildi

    Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar – 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlər Hümbət Cəfərovun 12 il, onun oğlu Əli Cəfərovun 11 il, qızı Şəlalə Cəfərovanın isə 10 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

    Çıxışlar üçün söz müdafiə tərəfinə verilsə də, buna hazır olmadıqlarından vaxt istəyiblər.

    Növbəti proses dekabrın 18-nə təyin edilib.

    Qeyd edilib ki, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.

    Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

    Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

    Onu da qeyd edək ki, təqsirləndirilənlərdən Əli Cəfərov və bacısı Şəlalə Cəfərovanın həyat yoldaşları da eyni əmələ görə hazırda həbsdədirlər.
    //oxu.az

  • Qəbələdə partlayıcı vasitələr satan sahibkar saxlanıldı

    Qəbələdə pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib. Tədbirlərlə özünə məxsus mağazada pirotexniki vasitələrin satışını həyata keçirən Ə.Məsimov müəyyən olunaraq saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
    //oxu.az

  • Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi – Bəziləri birləşdiridi

    Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.

    Qaynarinfo-nun məlumatına görə, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.

    Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:

    * Ərazi-təşkilat məsələləri sektoru
    * Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru
    * İctimai-siyasi və humanitar məsələlər sektoru

    Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:

    * Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru
    * Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:

    * Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru
    * Hüquq və kadr məsələləri sektoru

    Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.

  • Aşağı Muğan kanalının yenidən qurulmasına 75 milyon manat ayrıldı

    “Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi Aşağı Muğan kanalının yenidən qurulması üzrə I mərhələ layihəsi ilə bağlı keçirilən tenderin nəticələrini açıqlayıb

    Layihənin icrası “Euroline” QSC-yə həvalə edilib.

    Tenderin məbləği 75.04 milyon manat (75 047 004,26 AZN) təşkil edir.

    1960-cı ildə istismara verilən və 65,7 km uzunluğuna malik Aşağı Muğan kanalı Aşağı Muğan kanalı Saatlı və Sabirabad rayonlarının inzibati ərazilərinə daxildir.