Month: December 2025

  • Volodimir Zelenski: Mümkün ərazi həlli məsələsi referendum yolu ilə müəyyən edilməlidir

    Mümkün ərazi həlli məsələsi Ukrayna xalqı tərəfindən – seçkilər və ya referendum yolu ilə müəyyən edilməlidir.

    APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 11-də jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Amerika tərəfi Donbasın bir hissəsində “azad iqtisadi” zona və ya rusların dediyi kimi, “demilitarizasiya” zonasının yaradılmasını təklif edir. Bu plana görə, Ukrayna qoşunları ərazinin bu hissəsində, rus qoşunları isə onun kənarında qalacaq.

    Eyni zamanda, Zelenski bildirib ki, bir çox suallar açıq qalır. Daha doğrusu, bu zonaya kimin nəzarət edəcəyi, monitorinq mexanizminin necə olacağı, rus qoşunlarının hansı məsafəyə çəkilib-çəkilməyəcəyi və Rusiya qüvvələrinin “mülki” qüvvələr adı altında mümkün sızmasının qarşısının necə alınacağı məsələləri sual doğurur.

  • Paytaxtın bu ərazilərində qaz kəsiləcək – Xəbərdarlıq

    Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb .

    Bildirilib ki, təmir işləri ilə əlaqədar 12.12.2025-ci il saat 10:00-dan etibarən Yasamal rayonu, M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət, 7,8,9-cu Sallaqxana küçələrinin və Xətai rayonu, Ağ şəhər ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Qadınların arxasınca fit çalan şəxs həbs edildi

    Samux rayonunda qadınların arxasınca fit çalan, onlara söz atan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Samux rayonu İstixana qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, 12 nəfərdən çox qəsəbə sakini E.R.-nin etdiyi hərəkətlərlə bağlı polisə şikayət edid. Şikayətdə bildirilib ki, təqsirləndirilən şəxs ictimai yerdə mütəmadi olaraq çılpaq gəzir, nalayiq ifadələr işlədir və küçədən keçən qadınların arxasınca fit çalır. O, eyni zamanda İstixana qəsəbəsində yerləşən kafedə nalayiq ifadələr işlədərək, ictimai qaydaları pozur.

    Məhkəmənin hökmü ilə E.R. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 5 gün müddətində həbs edilib.

  • Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib – FOTO

    Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılış mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər.

    Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib.

    Sonra Sümük iliyi nəqli mərkəzinin açılışı olub.

    Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır.

    Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil aferes bölməsində aparılır.

    Eyni zamanda, Qan bankı eritrosit, trombosit, plazma və digər komponentlərin hazırlanması, o cümlədən qranulosit süspansiyonunun əldə olunması imkanına malikdir. Köçürmə xəstələrinin təhlükəsizliyi üçün “işınlama” və filtrləmə prosedurları mütəmadi olaraq tətbiq edilir.

    Qeyd edək ki, Sümük iliyi nəqli mərkəzi Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərara əsasən verilən lisenziya əsasında açılıb.

    Xatırladaq ki, sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan müasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstənin özündən (avtoloji) və ya donorundan (alojenik) əldə edilərək, yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsəd xəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qan yaradıcılığını bərpa etməkdir.

  • Paşinyan İlham Əliyevə təşəkkür edib

    Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu sahəni Birliyin qlobal iqtisadiyyatdakı rolunun daha da gücləndirilməsində əsas amil hesab edir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında bildirib.

    Onun sözlərinə görə, yeni azad ticarət sazişlərinin bağlanması təkcə dialoqu intensivləşdirməklə yanaşı, həm də AİB-in rəqabət qabiliyyətinin artmasına töhfə verir və regionda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.

    “İqtisadi əməkdaşlığın digər vacib elementi nəqliyyat və logistika sektorudur. Nəqliyyat infrastrukturunun şaxələndirilməsi ticarət dövriyyəsinin artmasına əlavə təkan verə bilər.

    Bu kontekstdə qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlamaq istərdim. Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olmasında əldə edilən mühüm nailiyyətlərdən biridir”, – baş nazir qeyd edib.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bmətbuata birgə bəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb.

    “Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Sürücülərin başına oyun açan nişan: Çətin görünən problemin asan həlli necə olmalıdır?

    Baku TV-nin “Necə olmalıdır?” verilişinin yeni buraxılışı yayımlanıb.

    Bu dəfə paytaxtın Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində yaşanan problem barədə məlumat verilib.

    Qeyd edilib ki, Mikayıl Müşfiq küçəsindən Nəriman Nərimanov heykəli istiqamətində gedən nəqliyyat vasitələri üç zolaqla hərəkət edir.

    Vurğulanıb ki, üçüncü zolağın yalnız sağa dönməni əmr etməsi sürücülərin hərəkətinə ciddi şəkildə mane olur və günün pik saatlarında sıxlığın yaranmasına gətirib çıxarır.

    “Onsuz da, kəsişmədən sonra Nərimanov heykəli istiqamətində velosiped zolağı davam etmir. Yaxşı olar ki, velosiped zolağını kəsişməyə 30-40 metr qalmış bitirsinlər və həmin boşluğu yalnız sağa yönləndirsinlər. Hazırda sağa dönməni əmr edən zolağı isə həm düzünə, həm də sağa istiqamətləndirsələr, yaxşı olar”, – deyə əlavə edilib.

    Daha ətraflı süjetdə:

  • İŞİD-in üzvü olan azərbaycanlı ilə bağlı yekun qərar verildi

    Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və qardaşı Mircavad Salahovun barələrində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

    Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.
    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mircəlal Salahov və Mircavad Salahovun hər biri 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

    Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

    Qeyd edək ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində “İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib.

    Daha sonra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənmişdir.

    Həmçinin müəyyən edilib ki, Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.
    Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Əli Abbasov deputat mandatından məhrum edildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Əli Feyzulla oğlu Abbasov barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

    Qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

    Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

  • Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ – Siyahı təqdim olundu

    Azərbaycanda müxtəlif bələdiyyələrə məxsus torpaq sahələrinin satış və icarəsi ilə bağlı növbəti hərrac və müsabiqələr 7 yanvar tarixində keçiriləcək.

    Median.Az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.

    Məlumata görə, Abşeron, Salyan, Saatlı, Sabirabad, Neftçala, Yevlax, Kürdəmir, Ağdaş və digər rayonlarda yerləşən onlarla torpaq sahəsi satışa və uzunmüddətli icarəyə çıxarılıb.

    Abşeron rayonunda Qobu, Xırdalan və Fatmayı bələdiyyələrinin ərazilərində fərdi yaşayış evi tikintisi üçün torpaqlar təklif olunur. Qobu qəsəbəsində 800 kv.m sahə 8800 manat ilkin qiymətlə, Xırdalanda 100 kv.m sahə 5323 manatla, Fatmayıda isə 400 kv.m torpaq 6500 manatla hərraca çıxarılıb.

    Salyan rayonunun Şorsulu kəndində sahibkarlıq fəaliyyəti üçün 400 kv.m-lik torpaq sahəsi satışa çıxarılıb. Arbatan bələdiyyəsinin Marışlı kəndində isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8680 kv.m-lik sahə 15 illik icarəyə verilir.

    Kənd təsərrüfatı təyinatlı torpaqların ən çox təklif olunduğu bölgələr Sabirabad və Neftçala rayonlarıdır. Sabirabadda Surra, Qaralı, Axısxa və Qaratəpə kəndlərində 1 hektardan 100 hektaradək dəyişən əkin və örüş sahələri icarəyə çıxarılıb. Neftçalanın Xoltəzəkənd kəndində isə 3–4 hektar arası torpaqlar 15 illik icarəyə təklif olunur.

  • Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi

    Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmə bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.