Month: December 2025

  • Hazırda paytaxt yollarında vəziyyət necədir?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı

    Daşkəsən rayonunda yeniyetmə oğlan dava zamanı xəsarət alıb.

    Hadisə bu gün günorta saatlarında rayonun Mədənçilər qəsəbəsində baş verib. Qəsəbə sakini, 2011-ci il təvəllüdlü E.Orucovla 2012-ci il təvəllüdlü Y.Tağıyev dava edib. Bu zaman Y.Tağıyev özü ilə gətirdiyi şüşə qabı sındıraraq E.Orucovun qulağına, qollarına və baş nahiyəsinə xəsarətlər yetirib.

    Yaralı təcili xəstəxanaya çatdırılıb.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 13 yaşlı Y. Tağıyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

    Prezident İlham Əliyev “Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları”nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nə edilən dəyişikliklə:

    – sifarişçi tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvəqqəti tikililər barədə məlumatlandırılan orqana məlumatların və sənədlərin təqdim edilməsi;

    – məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə müvafiq məlumatların və sənədlərin elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

    – tikintilərin Dövlət reyestrində müvəqqəti tikililər barədə məlumatlar və sənədlər təhlil edildikdən sonra sənədlər tam olduğu halda müvəqqəti tikililərə dair məlumatların reyestrdə uçota alınması və bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilməsi, sənədlər tam olmadığı halda isə onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatlandırılan orqana və sifarişçiyə məlumat göndərilməsi;

    – məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikili barədə məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ötürülməsi;

    – məlumatlandırılan orqanı məlumatlandırmaqla, sifarişçi tərəfindən müvəqqəti tikilinin sökülməsi barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin olunmalıdır.

    Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

  • DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub

    Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən kibercinayətkar şəbəkənin üzvləri – Sərdar Niftalıyev və Rafiq Zöhrabovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər.

    Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Sərdar Niftalıyevə və Rafiq Zöhrabova yeddi il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı DTX-nin İstintaq baş idarəsində AR Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.

    Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət ediliblər, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.

    Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü Rafiq Mahir oğlu Zöhrabov və 1979-cu il təvəllüdlü Sərdar Əlixan oğlu Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunublar, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
    //oxu.az

  • Şirkət rəhbəri borca görə məhkəməyə verildi – Qərar verildi

    “AETA İnşaat” MMC-nin rəhbəri Hidayət Əsgərovun ölkədən çıxışı məhdudlaşdırlıb.

    Qaynarinfo xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova bununla bağlı qətnamə çıxarıb.

    İş materiallarından aydın olur ki, Hidayət Əsgərovun rəhbərlik etdiyi “AETA İnşaat” MMC-nin və başqa şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə ümumilikdə olaraq 40 min manata yaxın borcu olub. Borcun ödənilmə müddəti keçdiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tuataraq borc ödənilənədk Hidayət Əsgərova “stop” qoyulmasını xahiş edib.

    Məhkəmə qurumun ərizəsini əsaslı sayaraq təmin edib.

  • Bakıda restoranın havalandırma borusu ALIŞDI (Video)

    Bakıda restoranlardan birinin havalandırma borusunda tüstülənmə baş verib.

    Bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, hadisə Dərnəgüldə yerləşən restoranlardan birinə məxsus havalandırma borusunda qeydə alınıb. Borunun aşağı hissəsində başlayan yanğına bina sakininin müdaxilə etdiyi görünür.

    Hadisə yerindən kadrları təqdim edirik:

  • “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib – SƏRƏNCAM

    “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Nazirlər Kabineti konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

  • Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı

    Dekabrın 4-də İncəsənət Gimnaziyası yaxınlığındakı yeraltı keçiddə eskalatorun qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

    Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib.

    “Pasiyentlərə dərhal zəruri tibbi yardım göstərilib, onlara başın açıq yarası, sol ayağın sınığı və diz oynağının əzilməsi diaqnozları təyin edilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda qeyd olunub.

  • Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib – SİYAHI VƏ MƏBLƏĞLƏR

    Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı – nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunurlar. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu cinayət hadisəsi iki formada həyata keçirilib.

    Daha dəqiq desək, rüşvət iki növ şəhadətnamənin verilməsi müqabilində alınıb:

    1. Xaricdə təhsil alan tələbələrin ölkə ərazisində praktiki fəaliyyətə buraxılması üçün verilən şəhadətnamə;

    2. Beşillik sertifikasiya imtahanı nəticəsində tibb işçilərinə verilən şəhadətnamə.

    Ümumi qayda belədir ki, praktiki fəaliyyətə buraxılma üçün vətəndaş Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya müraciət edir. Bütün tələblərə cavab verirsə, müsbət geridönüş alır. Şəhadətnamə ala bilməyənlər isə beşillik sertifikasiyaya buraxılmayıblar. Həmin komissiyanın sədri isə səhiyyə nazirinin müavini İlqar Qasımov olub.

    Bu cinayət işinin əsas fiquru Səidə Rüstəmovadır. İttihamda deyilir ki, qanunsuz tibbi fəaliyyətə razılıq məhz onun tərəfindən verilib və bu razılıq əsasən rüşvət müqabilində olub. O, konkret olaraq birbaşa özü və ya vasitəçilərdən istifadə etməklə ümumilikdə 266 500 manat rüşvət, eləcə də nüfuz alveri yolu ilə 33 min manat pul alıb. Cinayət yolu ilə əldə etdiyi ümumilikdə 280 min manat vəsaiti isə leqallaşdırıb.

    İstintaq materiallarında Səidə Rüstəmovanın rüşvət aldığı şəxslərin adları yer alıb. Həmin siyahıda 18 həkimin adı var:

    1. E.Dadaşova – Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) həkim-cərrah işləyib. O, sertifikasiya imtahanından keçə bilmədiyi və işdən qovulduğu üçün xəstəxananın baş həkimi Leyla Seyidəliyeva vasitəsilə 25 min manat rüşvət verib. Bundan sonra əvvəlki vəzifəsinə bərpa edilib.

    2. S.Qasımova – Azərbaycan Dəmir Yolları Xəstəxanasında həkim işləyib. Onun Bakıdakı 20 saylı Uşaq Poliklinikasında həkim-pediatr işləməsinə razılıq verilməsi üçün 5 min manat rüşvət alınıb.

    3. T.Nurəliyeva – Zaqatala RMX-nin Muğanlı kənd məntəqəsində işləyib. Onun digər xəstəxanada fəaliyyətini davam etdirməsi üçün 3 min manat alınıb.

    4. R.Bayramov – Şüa-diaqnostika ixtisası üzrə rezidentura təhsili olmadığı halda həmin ixtisas üzrə sertifikasiya imtahanına buraxılması üçün 20 min manat rüşvət verib.

    5. P.Salmanova – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə praktiki fəaliyyətə buraxılması üçün 25 min manat rüşvət verib.

    6. X.Cəfərov – İxtisasca ümumi cərrahdır. Amma rezidentura təhsili olmadığı halda plastik cərrah fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində 32 min manat rüşvət verib.

    7. R.Həsənov – İxtisasca həkim-terapevt olub, endokrinoloq üzrə rezidentura təhsili olmadığı halda 20 min manat rüşvət verməklə həmin ixtisas üzrə sertifikasiya imtahanından keçib.

    8. Ş.Abdullayeva – Xaricdə anesteziologiya-reanimatologiya üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə fəaliyyət göstərməsi üçün 16 min manat rüşvət verib.

    9. S.Məmmədov – İxtisasca ümumi cərrahdır. Qanunsuz olaraq – 25 min manat rüşvət verməklə plastik cərrahiyyə üzrə sertifikasiyadan keçib.

    10. O.Musayev – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Ölkədə fəaliyyət göstərməsi üçün sertifikasiya almaq məqsədilə 5 min manat rüşvət verib.

    11. X.Qafarova – Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Həkim-bioloq üzrə rezidentura ixtisasına sahib olmadığı halda həmin ixtisas üzrə sertifikasiya almaq üçün 10 min manat rüşvət verib.

    12. D.Xodjaxov – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 17 min manat rüşvət verib.

    13. H.Pirzadayeva – Respublika Klinik Xəstəxanasında qanköçürmə şöbəsinin müdiri işləyir. Faktiki olaraq praktik fəaliyyətlə məşğul olmayıb. Həkim-terapevt kimi fəaliyyət göstərmək üçün sertifikatı 13 min manat müqabilində alıb.

    14. A.Tağıyeva – Onun ölkədə diplomu tanınmayan “Loğman Təsərrüfat Hesablı Tibb Məktəbi”ni bitirdiyi qeyd olunur. Tibb bacısı kimi sertifikasiya imtahanından keçməsi üçün 2 min manat verib.

    15. R.Kərimli – Rezidentura üzrə təhsili olmadığı halda plastik cərrahiyyə ilə məşğul olub. Bu fəaliyyət üçün 35 min manat rüşvət verərək sertifikat alıb.

    16. A.Abdullayeva – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 25 min manat rüşvət verib.

    17. S.Mamedova – Ukrayna vətəndaşıdır, orada mama-ginekologiya üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət üçün 20 min manat rüşvət verib.

    18. G.Kazımova – Əmək müqaviləsinin uzadılması üçün 1500 manat rüşvət verib.

    Səidə Rüstəmova rüşvətin böyük hissəsini Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın köməkliyi ilə nazirlikdəki xidməti otağında qəbul edib. Bundan əlavə o, səhiyyə nazirinin keçmiş müavinləri Rahim Əliyev və mərhum Abbas Vəlibəyovun imzalarını xəbərsiz çap edərək qanunsuz fəaliyyətə əlavə edib.

    Prokurorluq müxtəlif qurumlar vasitəsilə də topladığı məlumatlarla müəyyən edib ki, Səidə Rüstəmova cinayət yolu ilə əldə etdiyi pullarla böyük əmlaka sahib olub. Həmin əmlakların çoxu da yaxınlarının adlarına rəsmiləşdirilib.

    Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Səidə Rüstəmova və digər təqsirləndirilənlər ev dustaqlığındadır. Yekunda təqsirləri sübuta yetirilərsə, saxlanılanları 10 ildən çox həbs cəzası gözləyir.

  • Yeni milli park yaradılır – Kəlbəcər, Laçın, Ağdərə, Xocalını əhatə edəcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.

    Qeyd olunub ki, nazirlik tərəfindən Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Hazırda yeni milli parkın yaradılması istiqamətində işlər davam etdirilir.