Month: December 2025

  • Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı

    Ötən gecə Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində baş verən güclü yanğınla bağlı cinayət işi açılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məılumat yayıb.

    Bildirilib ki, massivdə yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər AR Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.

    Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

    İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olundu

    Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qurumun rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində təqsirləndirilir.

    O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib.

    R.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

  • İki milyondan danışanlar indi nə deyəcəklər? – Rusiyanın açıqladığı rəqəmlər qaragüruhu ifşa etdi

    Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə bu ölkədə rəsmi qeydiyyatda olan müxtəlif kateqoriyalı Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 224 397 nəfər təşkil edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, burada xarici vətəndaşların ölkə ərazisində bu və ya digər şəkildə yaşadığı bütün aspektlər – müvəqqəti yaşama icazəsi alanlar, daimi yaşama icazəsi olanlar, müxtəlif kiçik qayda pozuntularına görə “Nəzarət olunan şəxslərin reyestri”nə düşənlər, həmçinin miqrasiya uçotuna duran bütün şəxslər nəzərə alınıb.

    Bəzi ekspertlərin fikrincə, Rusiyada miqrasiya qanunvericiliyində 2024-2025-ci illər ərzində aparılmış genişmiqyaslı dəyişikliklər və sərtləşdirmələr bu ölkədəki xarici vətəndaşların demoqrafik dinamikasına, miqrasiya davranışına və uzunmüddətli yerləşmə imkanlarına ciddi təsir göstərib. Tətbiq edilən yeni hüquqi məhdudiyyətlər, inzibati nəzarət mexanizmləri, habelə sosial-iqtisadi və hərbi amillər Rusiya vətəndaşı, bu ölkədə miqrasiya uçotunda olan, müvəqqəti və daimi yaşamaq icazəsinə malik digər xalqların nümayəndələrinin ümumi sayında azalmaya səbəb olub.

    Lakin Rusiyada 2010 və 2021-ci illərdə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən Rusiya vətəndaşları olan etnik azərbaycanlıların sayı müvafiq olaraq 603 070 və 474 576 nəfər təşkil edib.

    Bu da göstərir ki, Rusiyada 2 milyon və daha çox azərbaycanlının daimi və ya müvəqqəti yaşadığı barədə iddiaların əsası yoxdur.

    Rusiyada yaşayan və işləyən azərbaycanlıların sayı uzun illər müxalifətin, onun orbitində olan QHT-lərin, ekspertlərin, jurnalistlərin və digərlərinin manipulyasiya predmeti olub. Hər bir seçki dövründə guya Rusiyada 2 milyondan artıq azərbaycanlının yaşadığı və onların səslərinin saxtalaşdırıldığı, yaxud insanların ölkədə yaşaya bilməməsi və buna görə də qazanc dalınca RF-yə üz tutduğu iddiaları irəli sürülüb. Bundan başqa Rusiyada yaşayan azərbaycanlıların davamlı şəkildə öz ailələrinə pul göndərməsi əsas gətirilərək bu vəsaitlərin kəsiləcəyi təqdirdə Azərbaycanda vəziyyətin pisləşəcəyi deyilib. Üstəlik, bu məsələ Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqlarından biri kimi şərh olunub. Elə hazırda həbsdə olan AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın funksionerləri, fəalları, digər radikal partiyaların nümayəndələri, müxalifyönlü ekspertlər məsələni manipulyasiya obyektinə çevirib Azərbaycan ictimaiyyətini çaşdırmağa çalışıblar.

    Ancaq indi bəlli olur ki, bütün deyilənlər ağ yalandır, hakimiyyətin həyata keçirdiyi siyasəti ləkələmək, ölkədə vəziyyəti olduqca bədbin tonda təqdim etmək məqsədilə uydurulub və şişirdilib.

    Bu faktın özü seçki manipulyasiyalarını, Azərbaycanda sosial-iqtisadi durumla bağlı irəli sürülən iddiaları alt-üst edir.

    Maraqlıdır, görəsən bu günə kimi Rusiyada 2 milyon və daha çox azərbaycanlının yaşadığını iddia edərək ağızdolusu danışanlar indi nə deyəcəklər?

  • Hərbi xidmətə çağırılan şəxsin dövlət qulluğuna xitam verilə bilər

    Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün müavinət və güzəştlər müəyyənləşir.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilə bilər.

    Bu halda dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək. Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər. Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.

  • Qanunsuz yolla dövlət sərhədini keçən Suriya vətəndaşı həbs edildi

    İrandan Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisinə qanunsuz yolla keçən Suriya Ərəb Respublikasının vətəndaşının məhkəmə prosesi baş tutub.

    Hadisə oktyabrın 8-də baş verib.

    Təqsirləndirilən şəxs izahatında bildirib ki, İraqın Ərbil şəhərinə köçsə də, orada iş tapıb işləyə bilmədiyi üçün İrana getmək qərarına gəlib. O, İrana qanunsuz yolla keçərkən şəxsiyyətini təsdiq edən sənədlərini itirib. Bir müddət İranda qaldıqdan sonra iş tapıb işləyə bilmədiyi üçün Azərbaycana gəlmək istəyib.

    O, internetdə Azərbaycan haqqında araşdırma aparıb və ölkəyə yerüstü necə gəlmək olduğunu öyrənib. Oktyabrın 8-i səhər saatlarında dövlət sərhədinə gəlib. Bir neçə saat orada müşahidə apardıqdan sonra həmin tarixdə, dövlət sərhədində olan körpünün üzərində yük maşınlarının arası ilə İranla dövlət sərhədini qanunsuz yolla keçib. İran sərhədçisi arxasınca qışqırıb onu çağırsa da, ona fikir verməyib. Azərbaycan ərazisində körpünün üzərində yük avtomobillərinin arası ilə hərəkət edərkən sərhədçilər tərəfindən aşkar edilib.

    Naxçıvan MR Culfa Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək üç ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
    //oxu.az

  • Milli mədəni irs obyektlərinin ölkədən qanunsuz aparılmasına görə cərimələr iki dəfə artırılır

    Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan ərazisindən qanunsuz aparılmasına görə cərimələr iki dəfə artırılır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcəklər.

    Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcəklər.

    Qüvvədə olan Məcəlləyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilirlər.

    Mühafizə dərəcəsi tətbiqedilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilirlər.

  • Абдул Байрамов освобождён от должности

    Абдул Байрамов, начальник отдела занятости Абшерон-Хызынского регионального управления Государственного агентства занятости, освобожден от должности.

    Как передает Report, соответствующий приказ подписал министр труда и социальной защиты населения Азербайджана Анар Алиев.

    Кто будет назначен на его место, не сообщается.

  • Əbdül Bayramov vəzifəsindən azad edilib

    Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri Əbdül Bayramov vəzifəsindən azad edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

    Onun yerinə kimin təyin olunacağı barədə məlumat verilməyib.

  • Deputat: “2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyaları artacaq”

    “Azərbaycanda ortaaylıq əməkhaqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1 087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardakı artım pensiyaların indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımından da vacibdir”.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

    Deputat qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir:

    “Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İlkin gözləntilərə əsasən, 2026-cı ildə ortaaylıq əməkhaqqı 9.2 faiz artacaq. Yəni bu halda pensiyaların 9.2 faiz artacağı gözlənilir. Bununla belə, daha dəqiq göstərici fevral ayının əvvəlində rəsmi qaydada elan olunacaq.

    İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının üç növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

    V.Bayramov bildirib ki, qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq:

    “Belə ki, ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.

    Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım, təxminən, 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal ortaaylıq əməkhaqqındakı artım faizinə uyğun həyata keçiriləcək”.

  • Azərbaycanda cəzalardan biri sərtləşdirilir: Səkkiz ilədək həbs edilə bilərsiniz

    Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə cəzalar sərtləşdirilir.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Layihəyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

    Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Yuxarıda nəzərdə tutulmuş əməllər:

    – təkrar törədildikdə;

    – vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

    – qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

    – milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

    “Dövlət tərəfindən qorunan mədəni sərvətlər” dedikdə “Mədəniyyət haqqında” qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.

    “Xeyli miqdar” dedikdə üç min manatdan yuxarı olan mәblәğ başa düşülür.