Month: December 2025

  • Bakıda tələbə tanımadığı evin tualetinə girdi, qızılları oğurladı

    Bakıda qeyri-adi oğurluq olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

    Belə ki, 22 yaşlı Qurban Babayev (ad və soyad şərtidir) küçədə sərxoş halda gəzərkən qəfil qarınağrısı tutub və o, təbii ehtiyacını ödəməyə yer axtarıb. Evlərdən birinin qapısında açarı üzərində olan qıfıl görüb. O rahatca evə daxil olub. Təbii ehtiyacını bitirəndən sonra 400 manat dəyərində olan qızıl boyunbağını da götürərək aradan çıxıb.

    Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış yerinə, binaya və s. qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsi ilə cinayət işi açılıb.

    Təqsirləndirilən Qurban Babayev ifadəsində bildirib ki, həmin gecə restoranda dostları ilə birgə spirtli içki qəbul edərək, sərxoş olub. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini deyib. Həmçinin Qurban məhkəmədən tələbə olmasını da nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş edib.

    Zərərçəkən şəxs isə deyib ki, səhər saat 5 radələrində evə kiminsə daxil olduğunu hiss etsə də, qorxusundan səsini çıxarmayıb:

    “Həmin şəxs evdə axtarış apardı. O, bir müddət evdə qalandan sonra telefonuna zəng gəldi və mənzildən çıxıb getdi. Sonra qızıl yerinə baxanda gördüm ki, 400 manat dəyərində qızıl qolbağım və boyunbağım yoxdur. Atamın sözü ilə polisə şikayət etdim. Lakin sonradan dəyən ziyan tam ödənildi”.

    Zərərçəkən qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini istəyib.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə Qurban Babayevə 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

  • Bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin olunacaqlar

    “Birinci plenar iclasda sual qalxmışdı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əlilləri üçün mənzil və yaxud fərdi evlərin inşasından maraqlı deyil. Bu belə deyil”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

    Nazir bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil, məişət şəraitinin yaxşılaşdırılması üçün 2 proqram icra edilir:

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqramları icra etmək üçün kifayət qədər vəsaitə malikdir, proqrmalar dayandırılmayıb və davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çoxmənzilli binalarda mənzillərin alışını həyata keçirir və bu məqsədlə müvafiq tenderləri elan edirik. Ümumilikdə bu proqram çərçivəsində 15,7 min mənzil və fərdi evlərin verilməsi təmin edilib. 2018-2025-ci illərdən bu kateqoriyadan olan şəxslərə 10 min mənzil və fərdi evlərin verilməsini təmin etmişik. Post-müharibə dövründə 6,9 min mənzil verilməsini təmin etmişik. Cari ildə isə bu məqsədlər üçün 400-ə yaxına mənzilin alınmasını təmin edəcəyik.

    Dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq. Mənzil-məişət şəraitin yaxşılaşdırılmasına ehtiyacı olan məznil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin olunacaqlar”.
    //unikal.az

  • Məhkəmə “Roşka”nı ev dustaqlığına buraxmadı

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktoker hakim heyətindən işinə yenidən baxılmasını istəyib.

    Daha sonra sənədlərin tədqiqi mərhələsi elan olunub. Cinayət işinə əlavə edilmiş videogörüntülərə baxış keçirilib. Təqsirləndirilənin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.

    Vaxt məhdudiyyəti səbəbindən sənədlərin tədqiqi dekabrın 16-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə davam edəcək.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. R.Süleymanovun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Bakıda narkokuryer tutuldu – Video

    Bakının Nəsimi rayonunda narkokuryerlikdə şübhəli bilinən 38 yaşlı Elvin Əliyevdən 13 kiloqram narkotik aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ondan qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

    Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Polkovnikin beş min manatını mənimsəyən taksi sürücüsünə hökm oxundu

    “N” saylı hərbi hissənin sabiq komandiri (rəisi), polkovnik-leytenant Məmmədovun (şərti) 5 min manatını mənimsəyən taksi sürücüsünə məhkəmədə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü E.X. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək mühakimə olunub.

    Məlum olub ki, E.X. sabiq komandiri inandıraraq onu hərbi qulluqçuların mənzil təminatı siyahısında önə çəkdirəcəyinə dair yalan vədlər verib, etibarından sui-istifadə etməklə 5 min manatını ələ keçirib. Zərərçəkmişlə təqsirləndirilən şəxs Azərbaycan Ali Hərbi Məktəbinin eyni ilin məzunları olduğundan “AAHM2002 məzunları” adlı “WhatsApp” qrupunda tanış olublar.

    E.X. hazırda taksi sürücüsü olsa da, sözügedən məktəbin məzunu olub. O, Məmmədovu inandırıb ki, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən 7 saylı binada mənzil alaraq, onu da həmin binada öz qonşuluğunda yerləşən mənzillə təmin edəcək.

    Zərərçəkmiş internet vasitəsilə mənzil siyahısında 3365-ci sırada olduğunu öyrəndikdən sonra önə çəkilmədiyini görüb və təqsirləndirilən şəxsin etibarından sui-istifadə edərək aldadıldığını anlayıb, şikayət etmək qərarına gəlib.

    Məhkəmədə sabiq komandir Silahlı Qüvvələrinin 100 illiyi Yubiley medalı və “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edildiyini qeyd edərək, artıq E.X.-ə qarşı iddia və tələbinin olmadığını, istintaq dövründə onunla barışdığını bildirib.

    Məhkəmənin hökmü ilə E.X. 1 il 11 ay 14 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

  • Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı – Qəza törətdi

    Bakıda bardan çıxaraq “Carsharing” MMC-yə məxsus avtomobili qaçıran və qəza törədən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 2004-cü il təvəllüdlü Gündüz F. Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə çıxarılıb.

    Məlum olub ki, Gündüz dostları Aydın, Nicat və Cəmillə birlikdə Bakıda bir gecə klubunda əylənib. Klubdan çıxdıqdan sonra piyada hərəkət edərkən, saat 06:15 radələrində Səbail rayonu, R. Behbudov küçəsi, 8 nömrəli tam orta məktəbin yaxınlığında park edilmiş avtomobillərin arasında “Carsharing” MMC-yə məxsus ağ rəngli “Geely Geometry” markalı avtomobili görüb.

    Heç bir sürücülük vəsiqəsi olmayan Gündüz avtomobili sürməyə qərar verib. Şirkətin tətbiqini yükləyərək dostu Nicatın elektron ünvanını qeyd edib. Daha sonra avtomobili işə salıb və Sumqayıta yola düşüb.

    Sumqayıtda, 29-cu məhəllədə, Gündüz idarə etdiyi “YJ” qeydiyyat nişanlı “Geely Geometry” ilə park edilmiş “Toyota Prado”ya çırpılıb. Hadisədən sonra heç bir tədbir görmədən avtomobili yol kənarında saxlayıb və ərazini tərk edib.

    Hadisə nəticəsində şirkətə 5 080 manat maddi ziyan dəyib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Gündüzə məhkəmə tərəfindən həbsdə olduğu 1 ay 13 gün nəzərə alınmaqla, 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, cəzasını elektron qolbaq ilə çəkəcək.

  • Kimlərin icbari tibbi sığorta ödəməyəcəyi məlum oldu

    Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib ki, uşaqlar, pensiyaçılar, əlilliyi olanlar, əmək qabiliyyəti olmayan şəxslər, o cümlədən işsizlər dövlət tərəfindən icbari tibbi sığorta olunacaq.

    Nazir qeyd eidb ki, növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait ayrılıb: “Bu, təqribən 7,3-7,5 milyon insanın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortası əmək müqaviləsinin şərtlərinin uyğun olaraq işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır. Yəni, minimum əhalinin 95%-i tibbi sığorta ilə tam şəkildə əhatə olunacaq.

    Kimlər əhatə dairəsindən kənarda qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalır. Söhbət qeyri-formal məşğul şəxslərdən gedir. Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortalarını özləri ödəyəcək.

    Bəs belələri necə müəyyən ediləcək? Xüsusi qaydalar olacaq, belələrinin müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşmiş məlumat, təqdim olunan şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, bir dəfə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti, güzəştli və müsbət bir addımdır”.

  • Xaçmazda torpaq qalmaqalı – Alınmış sahə başqa şəxsin adına rəsmiləşdirilib

    Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Vüsal Başaratovun iddiasına görə, bacısı Gülnar Başaratovaya məxsus torpaq sahəsi başqa şəxsə sənədləşdirilib.

    Onun Qaynarinfo-ya bildirdiyinə görə, Gülnar Başaratova 2018-ci ildə Xaçmaz Rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında 4 sot torpaq sahəsi alıb. 2022-ci ildə həmin sahə üzrə onun adına çıxarış və texniki pasport verilib.

    Başaratovun sözlərinə görə, çıxarış üçün müraciət zamanı ərazidə elektron xəritələrdə sürüşmə qeydə alınıb: “Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Kərim bəyin iştirakı ilə torpağa baxış keçirildi, faktiki koordinatlar müəyyən olundu və xəritədə düzəliş ediləcəyi bildirildi. Lakin bu günədək həmin dəyişikliklər elektron bazada əksini tapmayıb”.

    Vətəndaşın sözlərinə əsasən, 2025-ci ildə məlum olub ki, torpaq sahəsi başqa bir şəxsin adına rəsmiləşdirilib: “Gülnar Başaratovaya məxsus torpaq sahəsi Nuruyeva Könül Nurəddin qızının, həmin ərazidə tikilmiş ev isə Museyibov Müslim Tofiq oğlunun adına keçib.

    Əldə etdiyim məlumata əsasən, Könül Nuruyeva təxminən iki il əvvəl həmin sahəyə çıxarış almaq istədikdə, əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən imtina verilib. Sonradan isə həmin sahəyə çıxarış almağa nail olub.

    Bələdiyyə mülkiyyəti yenicə özəlləşdirildiyinə görə, Könül Nuruyeva 5 il ərzində torpaq sahəsini nə sata, nə də bağışlaya bilərdi. Buna baxmayaraq, o, torpaq sahəsini qanunsuz olaraq Museyibov Müslim Tofiq oğluna satıb. Hazırda torpaq sahəsi Könül Nuruyevanın, üzərindəki ev isə Museyibov Müslim Tofiq oğlunun adına rəsmiləşdirilib. Halbuki, Azərbaycan qanunvericiliyinə görə, torpaq və onun üzərindəki tikili fərqli şəxslərin adına ola bilməz.

    Massivdə sürüşmə qeydə alındıqda, dəyişikliklərin aparılması üçün müvafiq akt yerli bələdiyyə və icra nümayəndələrinin, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının və çəpər qonşularının iştirakı ilə tərtib olunmalıdır. Lakin akt hazırlanarkən çəpər qonşusu olan Gülnar Başaratovanın iştirakı təmin edilməyib”.

    Vüsal Başaratov iddiaları ilə bağlı sənədləri redaksiyamıza təqdim edib. O, məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etdiyini də bildirib.

  • “28 Mall”ın parkinqindən oğurluq – Həbs olunan var

    “28 Mall” Ticarət Mərkəzinin parkinqində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən C.V. (2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

    Məlum olub ki, C.V. parkinqdə vətəndaşlara məxsus avtomobillərdən uşaqlara aid skuteri və velosipedi oğurlayıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.

  • Azərbaycanda bu ölkənin səfirliyi açılacaq

    2 dekabr 2025-ci il tarixində nazir Ceyhun Bayramov ilə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Telefon danışığı zamanı, Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.

    Ölkələrimiz arasında intensivləşən siyasi dialoqun və qarşılıqlı səfərlərin məmnunluq doğurduğu bildirilib. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

    Telefon danışığı zamanı, nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində bu addımın təqdirəlayiq olduğunu bildirib. Bu addımın iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

    Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.