Month: December 2025

  • Türkiyədə narkotik əməliyyatı: Tanınmış prodüser Timur Savcı saxlanıldı

    Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq davam edir.

    İstintaq çərçivəsində dekabrın 24-də 22 nəfər haqqında saxlanılma qərarı verilib.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, narkotik əməliyyatı çərçivəsində son olaraq “TİMS&B Productions” şirkətinin baş direktoru və məşhur prodüser Timur Savcı saxlanılıb. Timur Savcı saç və qan nümunələri vermək üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna göndəriləcək.

    “Narkotik və ya stimullaşdırıcı maddələrdən istifadəni asanlaşdırmaq üçün xüsusi yer, avadanlıq və ya materiallar təmin etmək, narkotik istifadəçilərinin ələ keçirilməsini çətinləşdirmək üçün tədbirlər görmək, istifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək və ya saxlamaq maddələri üzrə şübhəli bilinən Yusuf Timur Savcı təlimatlarımıza uyğun olaraq 24 dekabr 2025-ci il tarixində İstanbul Vilayət Jandarm Komandanlığı tərəfindən saxlanılıb, bioloji material nümunələrinin (qan, saç və s.) götürülməsi üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna göndəriləcək, daha sonra ifadə verməsi üçün Baş Prokurorluğa aparılacaq. İstintaq məxfilik və dəqiqliklə davam edir”, – deyə İstanbul Respublika Baş Prokurorluğundan məsələ ilə bağlı verilən açıqlamada bildirilib.

  • DDLA-dan hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

    Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

    Bununla bağlı Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

    Xəbərdarlığa əsasən, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

  • İranda təyyarəni qaçırmaq istədilər

    Son həftələrdə kəşfiyyat qüvvələri Tehrandan Məşhədə uçan təyyarəni qaçırmaq cəhdinin qarşısını alıblar.

    Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aviasiya təhlükəsizlik bölməsinin komandiri general Hadi Mollanuri bildirib.

    General qeyd edib ki, hadisə noyabrın əvvəlində baş verib. Həmin vaxt böyük fiziki gücə malik bir şəxs təyyarənin mühafizəçisini tərksilah etməyə çalışıb və hətta girov götürməyi planlaşdırıb. Komandir vurğulayıb ki, cəhd edən şəxs SEPAH aviasiya təhlükəsizlik qüvvələrinin sayıqlığı və əməliyyat tədbirləri sayəsində zərərsizləşdirilib.

    Daha sonra təyyarə Məşhəddə təhlükəsiz eniş edə bilib.
    //unikal.az

  • Bir sıra ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyuldu

    Quş qripi aşkarlanan bir sıra ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Fransanın Mərkəz-Luara vadisi regionunda aueski xəstəliyi, Nigeriyanın Sokoto ştatında, Monqolustanın Süxbaatar vilayətində dabaq xəstəliyi aşkarlanıb.

    Nigeriyanın Akva İbom ştatında xırdabuynuzlu heyvanların taun xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cersinin Sent-Martin, Sent-Piter, Sent-Sevior, Sent-Brelad inzibati ərazilərində blutanq xəstəliyi, Slovakiyanın Preşov diyarında Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Şotlandiya Sərhədləri inzibati ərazi vahidində, İtaliyanın Toskana regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Pirotexniki vasitələr satan şəxslər saxlanıldı

    Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

    Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 29 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası və rayonlararası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, kassalarda tariflərə uyğun olaraq biletlərin qanunamüvafiq qaydada satışı, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması barədə tapşırıqlar verilib.

    Bayram ərəfəsində və bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Bu məqsədlə AYNA-nın əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, eyni zamanda, digər şəhər və rayonların avtovağzal və avtostansiyalarına təhkim ediləcəklər.

    Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

    Biletləri avtovağzal və avtostansiyaların kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə etmək mümkündür. Hazırda “biletim.az” portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub.

    Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

  • Azərbaycanda tanınmış alim vəfat etdi

    Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.

    Bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb.

    Alim 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

    Qeyd edək ki, 1963-cü ildə Qazax rayonunda anadan olub.

  • Təhlükə hər yerdədir! – ETX-dən maarifləndirici VİDEO

    Bir elanda “iş imkanı”, bir klikdə “ödənişsiz Wi-Fi”, bir e-poçtda “maaş artımı”, bir paylaşımda “sərfəli kampaniya”… kibertəhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

    Elektron Təhlükəsizlik Xidməti (Milli Cert ) tərəfindən “Təhlükə hər yerdədir!” devizi ilə hazırlanmış maarifləndirici videoda bu cür kibertəhlükələrlə bağlı xəbərdarlıq edilir.

  • Himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb

    Azərbaycanda ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

    Qeyd edilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələlərə verilən uşaqlardan 36-sı qız, 24-ü oğlandır.

    Onlardan 28-i 6 yaşadək, 26-sı 7-13 yaş arası, 6-sə isə 14-18 yaş arası uşaqlardır.

    Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı ( Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.

  • Ucarda küçə itləri yaşlı kişiyə hücum etdi

    Ucar şəhərinin 28 May küçəsində 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

    Köməksiz vəziyyətdə qalan şəxs son anda itlərin hücumundan güclə xilas olub. Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan Rəhman Əsgərov ətrafda olan sakinlərin köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    İt dişləməsi nəticəsində xəsarət alan şəxsə xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Hadisə ilə bağlı araşdırma aparılır.