Month: December 2025

  • Bu yollarda diqqətli olun – Sürücülərin nəzərinə

    Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
    Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

  • Meyxanaçı Kərim dəfn edildi – VİDEO

    Ötən gün 61 yaşında vəfat edən meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağada dəfn edilib.

     
    Onun nəşi Maştağa kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
    Dəfn mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib.
    Xatırladaq ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.

    //azxeber

  • Buraxılış imtahanları apreldə keçirilə bilər? – DİM sədrindən cavab

    Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib.
    DİM sədri buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibət bildirərkən qeyd edib ki, yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir:
    “Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işlə məşğul ola biləcək müəllimlərin bilik və bacarıqları da əhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlar təşkil edirik. Müəllimlər imtahandan keçərək marker olmaq səlahiyyəti əldə edə bilərlər. Onların Bakıda, Naxçıvanda yaxud bölgələrdə yaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işə qoşula və kifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyə bilərlər. Amma müəllimlər buna çox da maraqlı deyillər, çünki burada ciddi şəkildə işləmək lazımdır.
    Bizim martda yoxladığımız bilik və bacarıqlar kurikuluma uyğun olaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir il ərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləri toplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ay ərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı elə qurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəb rəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yaza bilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq, nəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir; qaydalar mövcuddur və istifadə oluna bilər.
    Başqa bir məsələ də var. Martda imtahan verəndən sonra uşaqlar kurslara və repetitorların yanına getmirlər. Arada üç aylıq fasilə yaranır. Repetitor müəllimlərin etirazı əsasən bu məsələ ilə bağlıdır. Xaricdə universitetlərə qəbul yanvarda başlayır və il boyu aparılır. İl boyu sənədləri verirlər, imtahandan keçirlər və məktəbi bitirəndə universitetdən cavab alırlar. Bizdə isə yekun qiymətləndirmə ali məktəblərə qəbul üçün imtahanların birinci mərhələsidir. İlk 300 bal da buraxılış imtahanından toplanılır.
    Bu imtahanlardan sonra uşaq dərsə davam etməlidir ki, digər fənlərdən qiymətləndirmə aparılsın. Əgər imtahanı dərs bitdikdən sonra keçirsək və nəticələr sentyabrda təqdim edilərsə, ali məktəblərdə dərs ili nə vaxt başlayacaq? Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə keçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərə müraciət edirik: gəlin, kurslara yazılın”, – deyə o əlavə edib.
    Qeyd edək ki, bəzi müəllimlər buraxılış imtahanlarını mart ayında keçirəndən sonra uşaqların dərsə davamiyyətini təmin etməyin çətinliklərindən şikayət edirlər.

  • 19 yaşlı oğlan qəfil öldü

    Bakıda gənc oğlan qəfil vəfat edib.

    Hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib.
    2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib.
    Yaxınları onun insult keçirdiyini bildiriblər.
    Faktla bağlı araşdırma aparılır.
     
    ///Qafqazinfo

  • Bakıda bu avtobuslarda bank kartı ilə ödəniş aktivləşdirildi

    Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
    Bildirilib ki, layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttində (metronun “20 Yanvar” stansiyası – Sumqayıt şəhəri) tətbiq edilib.
    Pilot layihə 1-3 gün müddətində sınaqdan keçiriləcək. Nəticələr təhlil edilməklə sistemin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” tam şəkildə tətbiq olunacaq.
    Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart” daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
    Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon və “BakıKart”dan istifadə etməlidirlər.
    Məlumat üçün bildirək ki, “MasterCard” və “Visa” kartları ilə ödəniş sistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur. 
    Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.

  • Rusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadıldı

    Yekaterinburq məhkəməsi qətllər törətməkdə ittiham olunan Azərbaycan diasporunun üç üzvünün həbs müddətini uzadıb.

    Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

    Qeyd edilib ki, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq törədilən qətl, muzdlu qətl, muzdlu qətlə cəhd maddələri ilə ittiham olunublar.

    Məlumata görə, məhkəmə qərarı ilə onların həbs müddəti 29 mart 2026-cı ilə qədər uzadılıb. Qərar hələ qüvvəyə minməyib. Tərəflər üç gün ərzində apellyasiya şikayəti verə bilərlər.

  • Pulsuz verilən mənzil və avtomobillərlə bağlı YENİ AÇIQLAMA

    “Son aylarda yeni yaşayış komplekslərindən daha 100 mənzil alınaraq bu kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib və proses davam etdirilir”.

    Median.Az xəbər verir ki, bu barədə Baku.ws”ə Sosial Xidmətlər Agentliyindən bildirilib.

    Qeyd edilib ki, Ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri də şəhidlərimizin ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və imtiyazlı kateqoriyadan olan digər vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır:

    “Bu kateqoriyadan olan şəxslərin mənzil təminatı növbəlilik qaydasında həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 44 günlük Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub.

    Qeyd edək ki, Nazirlik tərəfindən ms.sosial.gov.az saytı vasitəsilə həyata keçirilən mənzil satışı proqramından əldə olunan vəsait də ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

    Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib. 2024-cü ildə bu təminat üçün növbədə olan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı artıq tam şəkildə yekunlaşdırılıb. Avtomobilə tibbi göstəriş veriləcək şəxslərin də avtomobillərlə təminatı həyata keçiriləcək”.

  • Təcili yardımlar niyə gecikir? – TƏBİB rəhbəri danışdı

    Bakı və Bakı ətrafı ərazilərdə təcili yardım, ambulansların gecikməsi, briqadaların yetməməsi bu il də gündəmdə olub. Bununla bağlı şikayətlər hər gün olur.
     
    Bunu TƏBİB sədri Vüqar Qurbanov ilin yekunlarına aid brifinqdə Medicina.az-ın mövzu ilə bağlı sualına cavabında deyib:
     
    “Bütün dünyada təcili yardım çağırışları kateqoriyalara bölünür. Təcili yardım resursu çox dəyərlidir. Məsələn, çağırış olur ki, qızdırmalı xəstədir, 37 qızdırma var, mənə təcili yardım gəlsin. Xəstələr çeşidlənəndə artıq dispetçer tərəfindən konkret suallar veriləcək: hansı şikayətlər var, xəstə huşu özündədir, xəstə neçə yaşındadır və s.
     
    Şikayətin, vəziyyətin dərəcəsinə uyğun ambulanslar yönləndiriləcək. Birinci acil ağır vəziyyətlərə yönləndirilir. Çağırışlarda sıxlıq çoxdursa, burda artıq vacib dərəcələr var: yəni ilk olaraq hansı vətəndaşın üzərinə təcili yardım getməlidir. Kritik hallarda gecikmə demək olar ki, olmur. Müəyyən təzyiq yüksəlmələri, baş ağrıları, qızdırma və s.-də bir qədər müddət uzana bilər. Şikayətlər həddən artıq azalıb. Növbəti ildən elektron sistem də tam oturuşandan sonra təcili yardımla bağlı sıxlıq qalmayacaq”.

  • Platinin qiyməti 17 illik maksimuma çatdı

    Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin yanvar ayı üçün platin füçerslərinin qiyməti bir Trua unsiyasına görə 2 000 dolları keçib.

    Bunu ticarət məlumatları sübut edir.

    Bildirilir ki, bu, 15 iyul 2008-ci ildən bəri ilk dəfə baş verib.

    Məlumata görə, ilin əvvəlindən bəri qiymətli metalın qiyməti iki dəfədən çox, 115.39%, dekabrın əvvəlindən isə 16.46% artıb.

  • Ali təhsil müəssisələri paytaxtdan kənara köçürülür?

    “Ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi məsələsi hazırda cəmiyyət və ekspertlər arasında müzakirə olunur. Belə bir addım həm potensial faydalar, həm də ciddi çətinliklər gətirə bilər”.

    Median.Az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Əli Əhmədov deyib.

    Onun sözlərinə görə, şəhərdəki sıxlıq və yüksək kirayə xərcləri nəzərə alınsa, kampusların regionlara yayılması tələbələr üçün daha əlverişli şərait yarada və şəhərlərdəki infrastruktur yükünü azalda bilər:

    “Həmçinin, bu addım regional inkişafı təşviq edə, yerli iqtisadiyyata müsbət təsir göstərə bilər. Paytaxtdan kənarda yerləşən universitetlər üçün akademik kadr təminatı, laboratoriya və texniki baza kimi məsələlər çətinliklər yarada bilər. Tələbələr və müəllimlər üçün nəqliyyat və yaşayış şəraiti də problemli ola bilər, xüsusən yüksək ixtisaslı kadrlara görə. Bu proses yalnız yaxşı planlaşdırılmış logistika, maddi dəstək və regionlarda təhsil infrastrukturunun inkişafı ilə effektiv ola bilər. Belə bir köçürmə strategiyası uzunmüddətli perspektivdə faydalı ola bilər, lakin hazırkı mərhələdə yalnız müzakirə səviyyəsindədir və rəsmi qərar yoxdur”.