Month: December 2025

  • ABŞ Qəzza ilə bağlı “Günəşin doğuşu” layihəsini hazırlayıb – DETALLAR

    ABŞ Qəzzanın Fələstinin nəzarətində olan ərazisini yüksək texnologiyalı metropola çevirməyi hədəfləyən “Günəşin doğuşu” layihəsini təqdim edib.

    “The Wall Street Journal” bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

    112.1 milyard dollarlıq planı ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoff hazırlayıblar.

    ABŞ 10 il ərzində anklavın yenidən qurulması xərclərinin təxminən 20%-ni üzərinə götürmək niyyətindədir. Plana əsasən, Qəzzada smart şəbəkələri və yüksəksürətli dəmiryolu olan yüksəktexnologiyalı kurort salınması planlaşdırılır.

    Layihə potensial sərmayədarlara təqdim olunub, lakin qəzetin yazdığına görə, bəzi amerikalı rəsmilər onun həyata keçirilməsinə şübhə ilə yanaşıblar.

    “Biz tamamilə əminik ki, humanitar dəstəyin bütünlükdə bərpası və uzunmüddətli perspektivdə onun təmin edilməsi üçün investorlar tapacağıq”, – qəzet ABŞ dövlət katibi Marko Rubiodan sitat gətirir.

    Layihənin sponsorları və podratçılarla bağlı təfərrüat açıqlanmır.

  • Ceyhun Bayramov: Azərbaycan və Monteneqro müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir

    “Azərbaycan və Monteneqro arasında olan münasibətlərin çox dərin və müsbət tarixi mövcuddur. Biz ən müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik”.

    Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.
    Nazir bildirib ki, həmkarımın Azərbaycana bu səfərini çox vaxtında olan səfər sayır: “Biz 2025-ci ildə siyasi məsləhətləşmələr keçirmişdik, o cümlədən konsulluq məsləhətləşmələrinin keçirilməsi üzrə bu gün iki ölkə arasında Saziş imzalandı. Ümumilikdə mövcud olan 22 saziş müxtəlif sahələri əhatə edir”.

  • Kərkicahana ilk köç karvanı yola salındı

    Dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb.

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
    Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 30 ailə – 115 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Rəşad Dağlı Kərimin dəfninə əklilgöndərdi

    Həbsdə olan meyxanaçı Rəşad Dağlı vəfat edən meyxanaçı Ağakərimin məzarına əklil göndərib.
     
    Əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yazılıb.
     
    Mərhum meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağa qəbiristanlığında torpağa tapşırılıb.
     
    Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Qazaxda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

    Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolu kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev elə hadisə yerində həyatını itirib.1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Dərhal yaralıya yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

  • Ötən gün 47 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

    Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən

    Axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 262 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

  • Azərbaycan neftinin qiyməti 64 dolları keçdi

    Azərbaycan neftinin qiyməti 64 dolları keçdi
    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar və ya 0,59 % artaraq 64,25 ABŞ dolları təşkil edib.
    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 61,17 ABŞ dolları təşkil edib.
    Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,38 ABŞ dolları və ya 0,61 % artaraq 62,15 ABŞ dolları təşkil edib.
    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

  • Mobil operatorlar 1,2 milyard manat qazanıb

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 3464,5 milyon manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
    Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.
    Dövr ərzində xidmətlərin 70,7%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 1166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

  • FHN “Baku Electronics”in mağazasını bağladı

    FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb. 

    Bu barədə FHN-dən məlumat verilib.
    Qeyd edilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
    Bildirilib ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, daxili yanğın kranları işlək vəziyyətdə deyil, obyektin zirzəmisində qeyri-standart elektrik qızdırıcısından istifadə edilib, obyekt odsöndürən balonlarla təmin olunmayıb; yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, zirzəmidə təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır, obyektin zirzəmisində müxtəlif təyinatlı otaqlar tikilərkən qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmayıb, obyektin birinci mərtəbəsində fəaliyyət göstərən satış mağazasında havalandırma sistemi mövcüd deyil, obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib və tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq obyektin anbar sahəsi çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşdirilib.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

     
    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • İmran Xan və həyat yoldaşına 17 il həbs cəzası verildi

    Korrupsiya cinayətində ittiham olunan Pakistanın sabiq Baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibiyə 17 il həbs cəzası verilib.

    Bu barədə İmran Xanın vəkili məlumat verib.
    O bildirib ki, sabiq Baş nazir elan olunmuş ittihamda özünü təqsirli bilməyib. Onun partiyası həbsin siyasi motivli olduğunu bildirib.
    Məhkəmədən verilən məlumata görə, hər ikisinə Pakistanın Cinayət Məcəlləsinin etibardan sui-istifadə maddəsinə görə 10 il, qanunlara əsasən isə daha 7 il həbs cəzası təyin edilib və onlara 16,4 milyon rupi cərimə kəsilib.
    Cinayət işi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəsmi səfərlər zamanı Xana hədiyyə etdiyi lüks saatlarla bağlıdır.
    Prokurorlar bildiriblər ki, Xan və həyat yoldaşı Pakistanın hədiyyə qaydalarını pozaraq dövlətdən çox endirimli qiymətə saatlar alıblar.
     
    ///apa