Month: Yanvar 2026

  • İrandakı partlayışın səbəbi bilindi – FOTO

    İranın cənubundakı Bəndər-Abbas liman şəhərində baş verən güclü partlayış ABŞ və İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.

    Median.Az xəbər verir ki, dövlət mediası hadisəyə səbəb kimi qaz sızmasını göstərir.

    İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, şənbə günü baş verən hadisədə ən azı 1 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Partlayış şəhərin Müəllim bulvarı ərazisindəki səkkizmərtəbəli yaşayış binasında qeydə alınıb. Dövlət televiziyası partlayışın iki mərtəbəni tamamilə dağıtdığını, ətrafdakı mağazalara və bir neçə avtomobilə ciddi ziyan vurduğunu bildirib.

    Yerli yanğından mühafizə idarəsinin rəisinə istinadən “Mehr” agentliyi qeyd edib ki, Fars körfəzi sahilindəki bu binada partlayışa qaz sızması səbəb olub. Hörmüzqan vilayətinin böhran idarəetmə direktoru Mehrdad Həsənzadə isə hadisə ilə bağlı araşdırmaların hələ də davam etdiyini vurğulayıb.

    İnternetdə yayılan şayiələrdən sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq bildirib ki, bölgədə onlara məxsus heç bir hərbi dəniz obyekti hədəf alınmayıb. Eyni zamanda, İraq sərhədi yaxınlığındakı Əhvaz şəhərində də qaz partlayışı nəticəsində 4 nəfərin öldüyü xəbər verilib. İsrailli rəsmilər “Reuters” agentliyinə açıqlamalarında şənbə günü baş verən bu hadisələrdə İsrailin heç bir əlaqəsinin olmadığını bildiriblər.

    Bu hadisələr Vaşinqton və Tehran arasında münasibətlərin olduqca həssas olduğu bir dönəmdə baş verib. Belə ki, ABŞ bölgəyə aviadaşıyıcı qrupunu göndərib. Ötən çərşənbə günü prezident Donald Tramp İrana qarşı yenidən xəbərdarlıq edərək, Tehranı nüvə proqramı ilə bağlı saziş bağlamağa çağırmışdı.

  • AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı

    Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
     
    Median.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
     
    Belə ki, “Toyoto” markalı avtomobilin sürücüsü 32 yaşlı Pərvanə Əliyeva Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
     
    Qəza zamanı avtomobildə olan 4 nəfər, sürücü və sərnişinlər – 31 yaşlı Akif Əliyev, 66 yaşlı Təranə Xəlilova və 19 yaşlı Aytən Xasıyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
     
    Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
     
    Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.//bizimmedia

  • Ucarda iki nəfər dəm qazından zəhərləndi

    Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

    Median.Az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

    Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.//apa

  • Əbdül Mahmudov xəstəxanadan danışdı: “Zəng edib, Rasim Balayevə deyəcəyəm ki… “

    Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov səhhətində yaranmış ciddi problemlər ilə bağlı xəstəxanaya yerləşdirilib.

    Median.Az xəbər verir ki, Şeyx Əbdül xəstəxanadakı müalicə prosesi, kino cameəsində baş verən son proseslərlə bağlı musavat.com-a danışıb.

    -Əbdül bəy, hazırda vəziyyətiniz necədir? Ötən gün mədəniyyət nazirinin köməkçisi Fərid Cəfərov bildirmişdi ki, tezliklə nazirlik tərəfindən sizi ziyarət edəcəklər. Sizinlə maraqlanırlarmı?

    -Nazir Adil Kərimli özü dünən şəxsən zəng etdi. Bildirdi ki, hazırda aeroportdadır, səfərə gedir və 3 gündən sonra geri qayıdandan sonra görüşəcəyik.
    Dünən isə Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov, kinostudiyanın rəhbərliyi və nazirliyin rəsmiləri yanıma gəldilər. Mənə ağsaqqal, Xalq artisti kimi böyük hörmət göstərirlər. Həkimlər də çox diqqətlidirlər. Bütün müalicə göstərişləri verilib, dövlət hesabına müalicə alıram. Belimlə bağlı Türkiyədən mütəxəssis dəvət ediblər, o da gələcək. Mədə-bağırsaq, bel ağrıları və digər problemlərlə bağlı müalicələrim davam edir.

    -Həkimlər nə deyir? Neçə gün xəstəxanada qalmağınız planlaşdırılır?

    -Bazar ertəsindən etibarən üç xəstəliyimin müalicəsinin birinci mərhələsinə başlanılacaq. O cümlədən gözlərimlə bağlı. Son günlər gözümdə tor əmələ gəlib, görməmdə problem var. Daha sonra bel məsələsi həll olunacaq ki, rahat gəzə bilim. Yəqin ki, təxminən 10 gün xəstəxanada qalacağam.

    -Xəstəxanadan bir video müraciət də etmişdiniz, küsülü olduğunuz Şəfiqə Məmmədova və Rasim Balayevə çağırış etmişdiniz ki, bir araya gələsiniz…

    -Bəli. Şəfiqə Məmmədova ilə kurs yoldaşı olmuşuq. Rasim Balayevlə isə 50 illik ailə dostluğumuz var. Söhbət kino ittifaqları tərəfindən kino cameəsinin parçalanmasından və mənim buna qarşı mübarizəmdən gedirdi. Nəhayət ki, bu proses baş tutdu – iki kino ittifaqı bir araya gəldi, sədr də seçildi. Bundan sonra kimsə buna qarşıdırsa, küsüb inciyirsə, bu artıq onların problemidir. Əslində kino ittifaqı bir təşkilatdır. Bu təşkilat milli kinomuzun dirçəlməsində nə edə bilər? Kinonun inkişafına əsas töhfəni ARKA və Mədəniyyət Nazirliyi verə bilər. İttifaq isə çalışmalıdır ki, kino cameəsi bir araya gəlsin, qarşıdurma, tərəfkeşlik olmasın, söz-söhbət yaranmasın. Kiməsə kömək edəndə digərini də unutmamalıdırlar. Şəfiqə Məmmədova və Rasim Balayevlə münasibətlərimə gəlincə, hazırda heç kimə qarşı küskünlüyüm yoxdur. Sadəcə, umduğum yerdən incimişdim. 80 illik yubileyimlə bağlı məni quru sözlə belə təbrik etmədilər, tədbir keçirmədilər. Mən isə ittifaqlar birləşəndə, Rasim Balayev sədr seçiləndə gedib şəxsən onu öpüb-qucaqlayıb, təbrik etmişdim.

    -Yəqin bilirsiniz, Rasim Balayev də xəstəxanaya yerləşdirilmişdi, ötən gün evə buraxılıb.

    -Bunu dünən yanıma gələnlərdən eşitdim. Etdiyim duaların içində birinci onun üçün dua etdim. İnanıram ki, xəstəliyi ağır deyil. Rasim Balayev bizə sədr kimi yox, böyük sənətkar, kino adamı kimi lazımdır. Kinomuzun dirçəlməsində onun xeyir-duası vacibdir. Ona Allahdan cansağlığı arzulayıram.

    -Zəng edib bunu özünə deməyi düşünürsünüzmü?

    -Bir az özümə gəlim, mütləq zəng edib hal-əhval tutacağam.Məni narahat edən odur ki, son zamanlar köhnə açıqlamalarımı yenidən gündəmə gətirirlər. Mən əlimdə tüfəng hər kəsin arxasınca düşə bilmərəm ki… Bu nəyə lazımdır? Artıq kino cameəsi birləşməlidir. Artıq kino ilə bağlı komissiya da yaradılır. Komissiyada Ramiz Rövşən, Hüseyn Mehdiyev, Ayaz Salayev, Ramiz Həsənoğlu və mən olacağam. Nazir Adil Kərimli səfərdən qayıdandan sonra işə başlayacağıq”.

  • Azərbaycanda kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı

    Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.

    Median.Az xəbər verir ki, hadisə rayonun Qaysa kəndində qeydə alınıb.

    38 yaşlı Kamal Məmmədov (ad və soyad şərtidir) yaşadığı evin həyətində bacanağını, evin qonaq otağında isə arvadını bıçaqlayıb. Bu əməllərinə görə, o saxlanılıb və barəsində cinayət işi başlanıb.

    İttiham aktına görə, bacanağı onun evinin həyətindəki tikilidə gizlənib “Whatsapp” vasitəsilə Kamalın arvadına mesaj yazaraq həyətə düşməsini istəyib. Bundan xəbər tutan Kamal Məmmədov qısqanclıq zəminində həyətdə bacanağını bıçaqlayıb. Daha sonra evə girərək qonaq otağında arvadına da bıçaqla xəsarət yetirib.

    Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı barəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

    Balakən rayon Məhkəməsinin qərarı ilə K. Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub. //lent.az

  • Dərsliklərin rəqəmsallaşdırılması təklif edildi: Uşaqlar üçün faydaları və riskləri

    Deputat Ceyhun Məmmədov dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı təklif irəli sürüb. O bildirib ki, dərsliklərdə mövcud olan səhvlərin aradan qaldırılması və digər texniki məsələlərin elektron formatda həlli daha asan və səmərəlidir. Deputatın sözlərinə görə, bu yanaşma həm də xərclənən vəsait baxımından da daha sərfəlidir.

    Vətəndaşlar isə məsələyə fərqli mövqedən yanaşırlar.

    “Kitablar da lazımdır. Amma müasir dövr üçün rəqəmsal kitablar daha yaxşı metoddur”, – onlardan biri söyləyib.

    Digər bir sakin isə qeyd edib: “Mən rəqəmsal kitabların əleyhinəyəm. Bu, uşaqlara zərər verir, onlarda tənbəllik yaradır”.

    Ceyhun Məmmədov bildirib ki, hər il dövlət büdcəsindən milyonlarla manat yeni dərsliklərin nəşrinə ayrılır: “Zaman keçdikcə bu dərsliklər yararsız hala düşür və yenidən çap olunması əlavə maliyyə vəsaiti tələb edir. Həmçinin dərsliklərdə səhv aşkarlandıqda onların yenidən nəşri də əlavə xərc yaradır. Bu sahədə əsas çətinliklər maliyyə yükü, dərsliklərin davamlı çapı və şagird çantalarının ağırlığı ilə bağlıdır”.

    Elm və Təhsil Nazirliyindən isə qeyd edilib ki, ümumtəhsil pilləsi üzrə dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb: “Hazırda ümumtəhsil pilləsinin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur. Eyni zamanda dərsliklərin elektron versiyaları www.trims.edu.az saytında da yerləşdirilib”.

    Vurğulanıb ki, bu dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür. Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri ilə zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.

  • Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəldi

    Median.Az report-a istinadən xəbər verir ki, Mozambik Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son 24 saatda yeni yoluxma halları 135 artaraq, 2025-ci ilin sentyabrında epidemiya başlayandan ümumilikdə 3 449-a yüksəlib. Bu göstəricidən 1 576 yoluxma Nampula, 1 334-ü isə ölkənin mərkəzində yerləşən Tete şəhərinə aiddir.

    Bundan əvvəlki epidemiya (2024-cü ilin oktyabrı – 2025-ci ilin iyulu) zamanı 4 420 yoluxma qeydə alınıb, onların 3 590-u Nampulada qeydə alınıb.

    Mozambikin səhiyyə naziri Usseni İssenin sözlərinə görə, vəba ilə mübarizə üçün hökumət xaricdən 3,5 milyon doza vaksin alıb. Məqsəd 2030-cu ilə qədər xəstəliyin dövri epidemiyalarına son qoymaqdır.

  • Fevralda bu BÜRCLƏR maddi rahatlıq tapacaqlar

    Astroloqlar, ulduzların maliyyə vəziyyətlərinin yaxşılaşacağını vəd etdiyi üç bürcün adını çəkib.

    Median.Az bildirir ki, 2026-cı ilin fevral ayı Bürc dairəsinin ayrı-ayrı nümayəndələrinin maliyyəsi üçün əsas ay olacaq. Bu dövrün astroloji konfiqurasiyaları pul qazanmaq üçün əlverişli şərait yaradır, lakin risklərə balanslaşdırılmış yanaşma tələb edir. Qoç, Dolça və Oğlaq yeni gəlir mənbələrinə və maliyyə məsələlərində sabitliyə arxalana bilərlər.

    Qoç

    Qoç üçün fevral ayı çoxdan gözlənilən maliyyə sabitliyi gətirəcək. Ayın əvvəlindən aprelin sonuna kimi onlar üçün əvvəlki səylərin nəhayət öz bəhrəsini verəcəyi mühüm mərhələ başlayacaq.

    Bu bürcün nümayəndələri gözlənilməz gəlir və ya maliyyə müstəqilliyinin möhkəmlənməsini gözləyə bilərlər. Əsas ani xərcləmələrin şirnikləndirilməsinə tab gətirmək deyil, resursları ağılla idarə etməkdir.

    Dolça

    Fevralın 10-dan Dolçalar maliyyə enerjisinin axını hiss edəcəklər. Pul müxtəlif mənbələrdən gələcək: maaş artımları, bonuslar, uğurlu investisiyalar və ya gözlənilməz gəlir.

    Bununla belə, astroloqlar xərclərlə ehtiyatlı olmağı məsləhət görürlər. Ayın sonu büdcənizi nəzərdən keçirmək, xərclərə nəzarət etmək və borcları ödəmək üçün ideal vaxtdır. Vəsaitlərin ağıllı idarə edilməsi uzunmüddətli uğurun açarı olacaq.

    Oğlaqlar

    Oğlaqlar üçün 17 fevralda pul qazanmağın innovativ yolları ilə bağlı yeni maliyyə dövrü başlayacaq. Onlayn layihələrə və texnologiya sektoruna xüsusi diqqət yetirilməlidir.

    Əsas məsləhət dəyişikliyə açıq olmaqla ehtiyatlılığı tarazlaşdırmaq olacaq. Qərar verməkdə tələsməməli, amma ümidverici təkliflərdən də imtina etməməlisən. Bu ay düzgün seçim gələcək illər üçün maliyyə rifahınızı müəyyən edə bilər.

    Ümumiyyətlə, bütün bürclər üçün fevral ayı risk və sabitlik arasında balanslaşdırılmış yanaşma tələb edir. Yeni imkanlara açıqlıq maliyyə yastığının yığılması ilə birləşdirilməlidir.

  • Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara DİN-dən reaksiya

    Daxili İşlər Nazirliyi (DİN) Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-a açıqlamasında bildirib ki, polisə vətəndaş Asif Məhərrəmovun evinin təmir-tikinti işləri zamanı pul vəsaitinin ələ keçirilməsi iddiası ilə bağlı müraciəti daxil olub.

    Onun sözlərinə görə, müraciət əsasında Binəqədi Rayon Polis İdarəsində zəruri araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

  • İlham Əliyev Məsud Pezeşkiana zəng edib

    Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

    Median.Az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.

    Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.

    Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

    Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
    Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.