Month: Yanvar 2026

  • Rusiyada azərbaycanlının 2 milyonluq evi ƏLİNDƏN ALINDI

    Rusiyanın Sverdlovsk vilayətinin Alapayevsk şəhərində yaşayan, Rusiya vətəndaşlığı almış azərbaycanlıya xaricilərin saxta qeydiyyata alınması ilə bağlı cinayət işi açılıb və o, mənzilindən məhrum edilib.

    Lent.az yerli mediaya istinadla bildirir ki, ittihama görə, o, 2024 və 2025-ci illərdə 46,6 kvadratmetr sahəsi olan ikiotaqlı mənzilində faktiki olaraq orada yaşamayan doqquz həmvətənini qeydiyyata alıb. Həmin mənzildə eyni zamanda ailəsi ilə birlikdə bir kirayəçi də yaşayırmış.

    Azərbaycanlının mənzilində qeydiyyata aldığı şəxslərin hamısı qonşu yaşayış məntəqəsində yerləşən mişar sexində işləyiblər. Orada ustabaşı kimi çalışan tanışı ondan bu “xidməti” xahiş edib və qarşılığında kommunal xərcləri ödəyib.

    Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilib, ona 200 min rubl cərimə kəsib və təxminən 2 milyon rubl dəyərində olan mənzilini də müsadirə edib.

    “Müttəhimə məxsus mənzil cinayətlərin törədilməsində vasitə kimi istifadə olunub, üstəlik bu yaşayış sahəsi müttəhim tərəfindən yaşayış üçün istifadə edilmir. Bu səbəbdən sözügedən mənzil dövlət mülkiyyətinə məcburi və əvəzsiz şəkildə müsadirə edilməlidir”, — deyə məhkəmə materiallarında qeyd olunub.

    Məhkumun vəkili Zarina Adıyeva hökmün vilayət məhkəməsində yenidən baxılması üçün apellyasiya şikayəti hazırlayıb. “Bu halda mənzil cinayətin törədilmə vasitəsi sayıla və deməli, müsadirə edilə bilməz. Əgər bu məntiqlə yanaşsaq, onda qətl və ya zorlamaların baş verdiyi mənzilləri də müsadirə etməliyik”, — deyə o bildirib.

  • Balakəndə kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı – QISQANCLIQ

    Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.

    Hadisə rayonun Qaysa kəndində qeydə alınıb.

    38 yaşlı Kamal Məmmədov (ad və soyad şərtidir) yaşadığı evin həyətində bacanağını, evin qonaq otağında isə arvadını bıçaqlayıb. Bu əməllərinə görə, o saxlanılıb və barəsində cinayət işi başlanıb.

    İttiham aktına görə, bacanağı onun evinin həyətindəki tikilidə gizlənib “Whatsapp” vasitəsilə Kamalın arvadına mesaj yazaraq həyətə düşməsini istəyib. Bundan xəbər tutan Kamal Məmmədov qısqanclıq zəminində həyətdə bacanağını bıçaqlayıb. Daha sonra evə girərək qonaq otağında arvadına da bıçaqla xəsarət yetirib.

    Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı barəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

    Balakən rayon Məhkəməsinin qərarı ilə K. Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.
    //lent.az

  • Azərbaycanda əhalinin bank əmanətləri artıb – RƏQƏMLƏR

    Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 726,3 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,6 % az, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 3,6 % çoxdur.

    Bunun 50,4 %-i, yaxud 21 milyard 032,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6,7 % azdır.

    İl ərzində ev təsərrüfatlarının əmanətləri 14,4 % artaraq 16 milyard 772,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 27,5 % artaraq 3 milyard 921 milyon manata çatıb.

    Hesabat dövründə cəmi depozitlərin 23 milyard 189,9 milyon manatı (il ərzində 3,7 % az) qısamüddətli, 18 milyard 536,4 milyon manatı (+14,4 %) isə uzunmüddətli olub.

  • İranın bir neçə şəhərində partlayışlar oldu – Video

    Bu gün İranın Bəndər Abbas limanında və ölkə paytaxtının cənub-qərbində yerləşən Pərənd şəhərində partlayışlar baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yerli vaxtla saat 13:45-də Bəndər Abbas şəhərinin Müəllim bulvarında yerləşən binada güclü partlayış baş verib. Yerli medianın verdiyi məlumata görə, hadisəyə yaşayış binalarından birində qaz sızmasının səbəb olduğu ehtimal edilir. İtkilər barədə məlumat yoxdur. Hədəfin guya İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məcid Musəvi olduğu bildirilib, lakin İran mediası bunu təkzib edib.

    Başqa bir partlayışın Parand şəhərində baş verdiyi bildirilir.

    İran mediasında eyni zamanda bir sıra başqa şəhərlərdə də partlayışların qeydə alındığı barədə məlumat verilir. “Euronews” İraq sərhədi yaxınlığında yerləşən Əhvaz şəhərindəki partlayışda ən azı, dörd nəfərin həlak olduğunu yazıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.

  • Azərbaycanda ekstern imtahanları keçirildi

    Yanvarın 31-də Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün elektron qaydada eksternat imtahanları keçirilib.

    Bu barədə Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunan imtahanlarda ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə eksternlər hər birindən 10 sual olmaqla 11 fənn üzrə biliklərini nümayiş etdiriblər. Hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) imtahan veriblər.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri imtahan prosesini izləyiblər.

    Qeyd edək ki, eksternat imtahanlarında iştirak etmək üçün BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyatdan keçib.

    Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

  • Həkim-xəstə qarşıdurması: Günahkar kimdir?

    Həkimlərin laqeydliyi, xəstələrə qarşı aqressiv münasibətləri, klinikaların pasiyentlərin şikayətlərinə məhəl qoymamaları Azərbaycan səhiyyə sistemi ilə bağlı əsas şikayətlər arasındadır. Hətta ən bahalı klinikalarla bağlı da bu cür narazılıqlar səslənməkdədir. Paralel olaraq, həkimlər arasında da pasiyentlərin davranışlarından narazılıqlar artmaqdadır.

    Son günlər sosial platformalarda da klinikalarda pasiyentlərə qarşı həkimlərin və ümumən personalın kobud rəftarı və səhlənkarlıqları ilə bağlı silsilə statuslara rast gəlinir. Yəni istənilən xəstənin tibb müəssisələrində barmaqarası xidmətlə üzləşmək riski var. Belə hallarda xəstənin həm pulu gedir, həm də canı.

    Maraqlıdır, əgər vətəndaş dövlət tibb müəssisəsində və ya özəl klinikada göstərilən tibbi yardımın keyfiyyətindən və ümumən qeyri-insani münasibətdən narazıdırsa, kimdən imdad diləməlidir?

    Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pasiyent-həkim münasibətləri bəzi hallarda təşəkkür, bəzən isə pasiyent məmnuniyyətsizliyi, kobud rəftar, peşəkar olmayan davranışlarla müşahidə olunur:

    “Amma təbii ki, bu cür qeyri-peşəkar davranışların artması narahatlıq doğurur. Pasiyentin öz hüquqlarını və müəssisədəki davranış qaydalarını bilməsi, o cümlədən də tibb personalının işində qaydalara və təlimatlara uyğun hərəkət etməsi qarşıdurma və neqativ halların qarşısını almaq üçün ən yaxşı çıxış yoludur”.

    Millət vəkili hesab edir ki, bu cür halların tənzimlənməsində daha çox müəssisənin məsuliyyəti ön plana çıxarılmalıdır:

    “Bizdə hətta xırda texniki proseslərə görə də çox vaxt həkimlə pasiyent qarşı-qarşıya gəlir. Bütün məsələlər həkimdən və digər tibb personalından tələb olunur. Düşünürəm ki, xəstə-həkim-tibb münasibətlərinin tənzimlənməsində “Xəstə xidmətləri şöbəsi”nin rolu artmalı və bu proseslər onlar tərəfindən tənzimlənməlidir. Həkim – həkim deontologiyasına, tibb işçisi – tibb işçilərinin davranış qaydalarına uyğun şəkildə addımlar atmalı və peşəkar vəzifə borclarını həyata keçirməlidir. Biz çox vaxt münasibətlərin gərginləşməsini adi prosedur qaydalardakı pozuntularla başladığını görürük. Burada cavabdeh şəxs kimi həkim yox, hüquqi şəxs olaraq klinikaların cavabdehlik daşıması çox önəmlidir. Dünyanın əksər ölkələrində bu proseslərdə hüquqi şəxs olan müəssisə məsuliyyət daşıyır. Pasiyent belə hallarla üz-üzə qaldıqda ilk növbədə xəstəxana rəhbərliyinə müraciət etməlidir. Əgər hadisədə inzibati pozuntu varsa, Səhiyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarının müdaxilə edəcəyi bir durum varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır”.

    Professor Adil Qeybulla isə hesab edir ki, ümumiyyətlə, bu cür məsələlər qanunla tənzimlənməlidir:

    “Həkim etikası kodeksi” həkimlə xəstə, xəstə ilə tibb bacısı və başqa personal arasında münasibətləri tənzimləməlidir. Bu sənəddə elə maddələr var ki, pozulduğu halda birbaşa məsuliyyət yaradır. Buna görə də bu cür halları hansısa Hippokrat andına və ya mənəvi prinsiplərə bağlamaq yox, qanunla tənzimləmək lazımdır”.

    Həkim-cərrah bildirir ki, əgər xəstəxana şəraitində xəstə ilə kobud davranılıbsa və lazımi diqqət göstərilməyibsə, buna görə xəstənin əmək qabiliyyətində və ya səhhətində problem yaranıbsa, xəstəxana hüquqi məsuliyyət daşıyır:

    “Fikrimcə, bizdə də “Həkim etikası kodeksi” qəbul edilməlidir ki, bu cür məsələlər birdəfəlik çözülsün. Əks halda, belə hallar davam edəcək. Bu kodekslə həm də həkimin, tibb bacısının hüquqları qorunur. Kimsə özünə artıq nəvaziş istəyə, yaxud da başqa tələblər qoya bilməz. Mən bunu 90-cı illərdən deyirm. Amma təəssüf ki, bizdə tibb kollektivi, həkimlə xəstə arasında hüquqi münasibətlər uzun illərdir tənzimlənməmiş qalır”.

    Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov bildirir ki, həkim-pasiyent münasibətlərindəki qeyri-müəyyənlik vətəndaş cəmiyyətini də narahat edir:

    “Biz 2021-ci ildən bəri dövlət səhiyyə qurumu, həkim və pasiyent təşkilatlarının birgə çalışmalarının faydasını göstərməyə çalışırıq. İlk dəfə keçirdiyimiz forumda pasiyentlərin hüquqlarının qorunması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan bəyannamə qəbul olundu. Biz bu sənədi aidiyyəti dövlət qurumlarına təqdim etdik. Düşünürük ki, bu sahədə bəzi qanunların yenlənməsi vacibdir: pasiyentin vaxtına hörmət, təhlükəsiz müalicənin təminatı, xəstəni ağrı və əzabdan qurtarmaq kimi məsələlər həll edilməlidir. Bir sıra məqamlar var ki, onlara yenidən baxılmalıdır. Son vaxtlar müşahidə etdiyimiz xoşagəlməz hallar da bu cür hadisələrdir. Xəstə-həkim münasibətləri sırf qanun çərçivəsində olsa, bu cür xoşagəlməz hadisələr də baş verməz”.

    Təşkilat rəhbəri hesab edir ki, özəl klinikaların fəaliyyətinə, o cümlədən orada çalışan həkimlərə nəzarətin artırılması da vacibdir. Həmçinin həkim-pasiyent münasibətlərində tibb işçilərinin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır: “Bəzən pasiyent tərəfindən də həkimə qarşı müəyyən xoşagəlməz davranışlar baş verir. Qanunvericilikdə olan boşluqlar buna imkan yaradır. Təbii ki, bu sahədə nəzarət mexanizminin gücləndirilməsi, pasiyent hüquqlarına yenidən baxılması, müstəqil ekspertizanın yaradılması çox vacibdir. Paralel olaraq həkimlərin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır. Bunu təmin edə bilsək, belə xoşagəlməz hadisələr də baş verməyəcək. Həm tibb müəssisəsinin, həm həkimin, həm də pasiyentin məsuliyyəti olacaq”. (“Kaspi” qəzeti)

  • Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb

    Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3 milyard 989 milyon manat olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd olunub ki, xidmətlərin 69.2 faizi əhali sektorunu əhatə edib.

    2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2024-cü illə müqayisədə 8.7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82.8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

    Xidmətlərdən əldə edilən gəlirin 32.4 faizi və ya 1 milyard 290.9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

  • “Kəpəz” “Şamaxı”ya uduzdu

    Misli Premyer Liqasının XVIII turunda “Kəpəz” “Şamaxı”ya məğlub olub.

    Yevlax şəhər stadionunda baş tutan matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.

    “Şamaxı”nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.

    Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci sıraya yüksəliblər. “Kəpəz” isə 12 xalla 11-ci pillədə yer alıb.

    Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.

  • Bu yollarda duman olacaq

    Ölkənin avtomobil yollarındakı vəziyyət açıqlanıb.

    Median.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

    Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir. Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.

    Onu da bildirək ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

  • “NexTrack” şirkəti müqaviləsiz işçi çalışdırıb – 20 min cərimə

    “NexTrack” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.

    Məlum olub ki, D.F. adlı şəxs 2025-ci ilin avqust ayının 3 günü sınaq müddəti ilə praktiki fəaliyyətə cəlb edilib, həm günlər üzrə əmək haqqı ödənilib, bununla da əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunub.

    Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinub və 20 min manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, ötən ilin fevral ayında yaradılan, nizamnamə kapitalı 10 manat olan “NexTrack” MMC merçendayzer (bir şirkətin məhsullarının mağaza rəflərində düzgün və cəlbedici şəkildə yerləşdirilməsini, təşviqat materiallarının (POS-material) quraşdırılmasını, tədarük zəncirini təmin etməyi və satış nöqtələrində brendin görünürlüyünü artırmağı hədəfləyən peşəkar şəxs) xidməti göstərir. Şirkətin qanuni təmsilçisi Xəlilov Elşən Tərxan oğludur.