Month: January 2026

  • Binəqədidə maşın qaçıran şəxs saxlanıldı

    Binəqədi rayonu ərazisində vətəndaş polisə müraciət edərək VAZ-2107 markalı avtomobilinin yaşadığı evin yaxınlığından qaçırıldığını bildirib.

    Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda gedərkən maşında nasazlıq yaranıb, bu səbəbdən onu yaxınlıqdakı parklanma zonasına yerləşdirərək ərazidən uzaqlaşıb.

    Araşdırma davam etdirilir.

  • Tanınmış həkim Ədalət Rüstəm vəfat etdi

    Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm yanvarın 16-da axşam saatlarında vəfat edib.

    Ədəlat Rüstəmin yaxınları bildiriblər ki, mərhum ürək çatışmazlığından vəfat edib:

    “Bir müddət əvvəl ürəyinə kardiostimulyator qoyulmuşdu. Bir neçə gün öncə də qrip virusuna yoluxmuşdu, bu onun ürək fəaliyyətinə çox mənfi təsir göstərdi. Yanvarın 16-da axşam vəziyyəti qəfil kritikləşib və dünyasını dəyişib”.

    Xatırladaq ki, o, 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, Kliniki Tibbi Mərkəzdə çalışıb.

    Qeyd edək ki, Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.

  • Bu balıq bir neçə ay oksigensiz yaşaya bilər: Bunu necə edir?

    Bir çox onurğalılar üçün oksigen çatışmazlığı hətta balıqlar üçün belə ölüm hökmüdür. Bununla belə, demək olar ki, hər hansı digər canlını öldürə biləcək şəraitdə müntəzəm olaraq sağ qalan bir kiçik şirin su balığı var.

    Qaynarinfo xəbər verir ki, təkamül bioloqu Skott Travers “Forbes”ə adi xaç sazanı (Carassius carassius) haqqında danışıb. Bu balıq oksigensiz həftələrlə və hətta aylarla yaşaya bilər.

    Adi sazan oksigensiz necə yaşayır?

    “Journal of Experimental Biology” jurnalında dərc olunmuş bir araşdırmada bildirilir ki, adi sazan Şimali Avropa və Asiyadakı gölməçələrdə və göllərdə yaşayır və onların bir çoxu qış aylarında donur. Qışın ortalarına qədər bu sular tamamilə oksigensiz hala gəlir.

    Bir çox balıq qışda Şimali Avropa və Asiyadakı gölməçələrdən və göllərdən köç edir, əks halda boğulacaqdılar. Lakin adi sazan yerində qalır.

    Tədqiqat əksər heyvanlar üçün oksigenin mitoxondrial tənəffüsdə son elektron qəbuledicisi kimi xidmət etdiyini vurğulayır. Onsuz elektron daşınması zənciri dayanır, adenozin trifosfatın (bütün canlı hüceyrələr üçün universal enerji mənbəyi) istehsalı dayanır və hüceyrələr anaerob qlikolizə keçmək məcburiyyətində qalırlar. Bu proses çox az enerji verir və eyni zamanda tez bir zamanda zəhərli yan məhsullar istehsal edir.

    Travers izah edib ki, əksər onurğalılarda uzun müddət davam edən anaerob metabolizm süd turşusunun yığılmasına, toxuma asidozuna, orqan çatışmazlığına və nəticədə ölümə səbəb olur. Hətta hipoksiyaya davamlı hesab edilən növlər belə oksigensiz uzun müddət yaşaya bilməzlər.

    Digər tərəfdən, adi xaç sazanı anaerob metabolizm zamanı laktatın toplanmasına imkan vermir. Bunun əvəzinə, onlar laktatı etanola çevirirlər.

    Bu proses ilk dəfə 1980-ci ildə aparılan bir araşdırmada təsvir edilib. Xüsusilə, alimlər oksigen yox olduqda, adi xaç sazanın qlikolizin son məhsullarını laktatın toplanmasından modifikasiya olunmuş mitoxondrial fermentlərdən istifadə edərək etanolun sintezinə yönləndirdiyini aşkar ediblər. Öz növbəsində, balıqlar bu etanolu qəlsəmələri vasitəsilə ətrafdakı suya buraxırlar.

    Adi xaç sazanı oksigensiz nə qədər yaşaya bilər?

    Bioloq qeyd edib ki, təkcə etanol istehsalı oksigensiz yaşamaq üçün kifayət deyil. Bu mürəkkəb tullantıların atılması sistemi ilə belə, enerji istehlakı əhəmiyyətli dərəcədə azaldılmalıdır.

    2021-ci ildə aparılan başqa bir araşdırmada adi xaç sazanın anoksiya zamanı dərin metabolik depressiyaya məruz qaldığı bildirilir. Bu müddət ərzində balığın ürək döyüntüsü yavaşlayır, hərəkəti azalır və böyüməsi dayanır.

    Bu müddət ərzində adi xaç sazanın metabolizmi normal səviyyənin 10 faizindən azına düşə bilər. Həddindən artıq aktivliyin qarşısını almaq üçün neyronlarda ion kanalları tənzimlənir. Zülal sintezi də minimuma endirilir və adenozin trifosfat istehlakı ciddi şəkildə tənzimlənir.

    Alimlər izah edib ki, bu koordinasiyalı bağlanma anaerob yollarla əmələ gələn məhdud miqdarda adenozin trifosfatın bir neçə ay ərzində əsas hüceyrə funksiyalarını dəstəkləməsinə imkan verir. Aşağı temperaturda aparılan laboratoriya təcrübələrində tədqiqatçılar adi xaç sazanının dörd aydan çox oksigensiz yaşadığını müşahidə ediblər. Lakin təbiətdə bu müddət temperaturdan, enerji ehtiyatlarından və bədən ölçüsündən asılı olacaq.

  • Bakıda mobil internetin vəziyyəti necədir?

    2025-ci ilin dekabr ayı üzrə açıqlanan qlobal reytinqə əsasən, Bakı mobil internet sürətinə görə mövqeyini yaxşılaşdırıb.

    Paytaxt 1 pillə irəliləyərək 155 şəhər arasında 106.70 Mbps nəticə ilə 80-ci yerdə qərarlaşıb.

    Mobil internet sürəti üzrə siyahıya Əbu-Dabi başçılıq edib. Birləşmiş Ərəb Əmirlikləri paytaxtı 835.57 Mbps göstərici ilə lider olub. Reytinqin sonunda isə La Paz yer alıb – Boliviya şəhərində mobil internet sürəti cəmi 12.25 Mbps təşkil edib.

    Sabit genişzolaqlı internet sürətində isə Bakı üçün mənzərə fərqlidir. Şəhər bu kateqoriyada 1 pillə geriləyərək 88.14 Mbps nəticə ilə 116-cı yerə düşüb.

    Bu sahədə də Əbu-Dabi liderliyini qoruyub – sabit internet sürəti 420.37 Mbps olub. Siyahının ən sonunda isə Hələb qərarlaşıb. Suriya şəhərində sabit internet sürəti cəmi 2.94 Mbps təşkil edib və 199-cu yerlə kifayətlənib.
    //valyuta.az

  • Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

    Bir şirkət (məsələn, market və ya bank) müştəri narazılığı və ya qiymət səhvi səbəbilə məhkəməyə verilir və nəticədə məhkəmə həmin şirkəti 4-5 min manat cərimələyir. Daha sonra şirkət rəhbərliyi bu cəriməni işçiyə ödətməyə çalışır.

    Məhkəmənin şirkətə qarşı tətbiq etdiyi cəriməni hüquqi baxımdan işçiyə ödətmək mümkündürmü? Əgər işçi bu tələblə razılaşmayıb məhkəməyə müraciət edərsə və bildirərsə ki, “bu məbləği ödəməyə imkanı yoxdur və niyə mən ödəyim ki?” bu halda məhkəmə məsələyə necə baxır?

    Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Valyuta.az-a bildirib ki, bu cür hallarda adətən iş yeri və ya işəgötürən tərəfindən işçi barəsində intizam tədbirləri tətbiq olunur:

    “Bu tədbirlərə xəbərdarlıq, töhmət, şiddətli töhmət, eləcə də bəzi hallarda işçinin yol verdiyi səhvə görə əmək müqaviləsinə xitam verilməsi daxildir. Lakin cərimənin işçi tərəfindən ödənilməsi düzgün hesab edilmir. Əgər baş vermiş hadisədə qəsd yoxdursa, bu halda qeyd edilən cərimə işçi tərəfindən ödənilə bilməz. Çünki iş prosesinə və işçinin fəaliyyətinə nəzarət işəgötürən tərəfindən həyata keçirilməlidir. Belə hallarda hər hansı maddi məsuliyyətin nəzərdə tutulması mümkün deyil və bu risk biznes riski kimi qiymətləndirilir. Bəzən işəgötürən və ya iş yeri reqresiya hüquq qaydasında ona dəymiş zərəri işçidən tutmaq məqsədilə işçiyə əməkhaqqından tutulma ilə bağlı razılıq ərizəsi imzaladır və sonradan bu tələbi məhkəmə qaydasında irəli sürür”.

    “Lakin məhkəmələr bu tip işlərə baxarkən, adətən, aşağıdakı əsas məsələlərə diqqət yetirir: işçi ilə işəgötürən arasında tam maddi məsuliyyət və ya məhdud maddi məsuliyyət haqqında müqavilənin olub-olmaması, əgər belə müqavilə mövcuddursa, həmin müqavilədə cərimələrin nəzərdə tutulub-tutulmaması, eləcə də maddi məsuliyyətin yalnız işəgötürənin əmlakına vurulmuş zərərlə məhdudlaşıb-məhdudlaşmaması”, – deyə C.Qasımzadə vurğulayıb.

  • Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq

    Təhsilalanlar və əcnəbilərlə də əmək müqaviləsi bağlanıla biləcək.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

    Qanuna əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.

  • İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi

    İsveçrə Rusiya neftinin daşınması ilə bağlı məhdudiyyətləri pozan daha 41 tankeri sanksiya siyahısına əlavə edib.

    Teleqraf xəbər verir ki, Azərbaycan vətəndaşları Anar Mədətli (2Rivers Group-un həmtəsisçisi və direktoru), Tələt Səfərov (2Rivers Group-un həmtəsisçisi) və Etibar Eyub (Coral Energy/2Rivers-in təsisçisi) da daxil olmaqla beş azərbaycanlının adları sanksiya siyahısına daxil edilib.

    Qeyd edək ki, daha öncə Avropa İttifaqı Tələt Səfərov və Etibar Eyyuba “Rusiya hökuməti üçün əhəmiyyətli gəlir təmin edən iqtisadi sektorlarda iştirakı”na görə sanksiya tətbiq edib.
    Tələt Səfərov əvvəllər “Coral Energy” kimi tanınan və neft ticarəti ilə məşğul olan “Rivers” şirkətlər qrupunda yüksək vəzifə (CEO) tutur. Bu qrup, xüsusən də Rusiyanın dövlət neft şirkəti Rosneftin neft tədarükü və ixracını həyata keçirir.

    Etibar Eyub “Coral Energy” daxil olmaqla, bir sıra şirkətlər şəbəkəsini təsis edib və idarə edir.

    Xatırladaq ki, bu il oktyabrın 15-də Böyük Britaniyanın Rusiyaya qarşı açıqladığı sanksiya paketində də hər iki azərbaycanlının adları olub.

    Həmin sanksiya siyahısında “Lukoil”in prezidenti Vahid Ələkbərov, “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov, onunla əlaqəli olan Zarax İliyev, “Coral Energy Group” neft ticarət şirkətinin rəhbərləri Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub və Tahir Qarayevin, həmçinin “Zəngəzur” şirkətinin rəhbəri Şükürovun və azərbaycanlı telejurnalist Nailə Əsgərzadənin adları yer alıb.

  • Şənbə günü sulu qar yağacaq

    Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

  • “Porsche”nin satışları 10 faiz azaldı

    Almaniyanın idman avtomobilləri istehsalçısı “Porsche”nin ötən il satışları 10% azalaraq 279.449 minə enib.

    Median.Az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

    Qeyd edilib ki, 2024-cü ildə bu rəqəm 310.718 min olub.

    Satışların azalmasının əsas səbəbi Çinin avtomobil bazarındakı yavaşlama və “718 Boxster” və “718 Cayman” modellərinin istehsalının dayandırılması olub.

    Hesabat dövründə Çində satışlar 26% azalaraq 41.938-ə enib. “Porsche”nin ümumi satışlarında elektrikli nəqliyyat vasitələrinin payı isə ötən il 22%-ə qədər artıb,/İqtisadiyyat.az

  • Gəncədə 73 yaşlı qadını maşın vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticlənən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, 1953 cü il təvəllüdlü Səmərqənd Cəfərovanı maşın vurub.

    73 yaşlı qadın xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır

    Faktla bağlı araşdırma başlanılıb.