Month: January 2026

  • Gündə yalnız 1 çay qaşığı istifadə etmək olarmış…

    Duz gündəlik qidalanmanın ayrılmaz hissəsidir. Yeməklərə dad verməklə yanaşı, orqanizmdə su-duz balansının qorunmasında, sinir sisteminin və əzələlərin normal fəaliyyətində mühüm rol oynayır.
     
    Lakin mütəxəssislər bildirirlər ki, duzdan həddindən artıq istifadə sağlamlıq üçün ciddi risklər yarada bilər. Buna görə də yeməklərə nə qədər duz tökülməli olduğu məsələsi xüsusi diqqət tələb edir.
     
    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, sağlam yetkin insanın gündəlik duz qəbulu 5 qramdan, yəni təxminən bir çay qaşığından artıq olmamalıdır. 
     
    Bu miqdara yalnız evdə yeməyə əlavə edilən duz deyil, eyni zamanda çörək, pendir, kolbasa məmulatları, konservlər və digər hazır qidaların tərkibində olan duz da daxildir. Araşdırmalar göstərir ki, insanların əksəriyyəti fərqində olmadan gündəlik normadan xeyli artıq duz qəbul edir.
     
    Həddindən artıq duz istifadəsi ilk növbədə arterial təzyiqin yüksəlməsinə səbəb olur. Bu isə ürək-damar xəstəlikləri, infarkt və insult riskini artırır. Bundan başqa, artıq duz böyrəklərə əlavə yük yaradır, bədəndə suyun yığılmasına, şişkinliyə və uzun müddət davam etdikdə böyrək problemlərinə yol aça bilər. Bəzi elmi tədqiqatlar duzun normadan artıq qəbulunun mədə xərçəngi riskini də artırdığını göstərir.
     
    Mütəxəssislər yeməklərin hazırlanması zamanı duzdan mümkün qədər az istifadə etməyi tövsiyə edirlər. Yeməyi bişirərkən duzu çox əlavə etməkdənsə, bişmənin sonuna yaxın və az miqdarda qatmaq daha məqsədəuyğundur. Süfrədə əlavə duz səpmək vərdişindən uzaq durmaq da duz qəbulunu azaltmağa kömək edir. Gün ərzində bütün qidalar nəzərə alınmaqla istifadə olunan duzun miqdarı bir çay qaşığını keçməməlidir.
     
    Qeyd etmək lazımdır ki, duzun böyük hissəsi evdə bişirilən yeməklərdən deyil, hazır və yarımfabrikat məhsullardan daxil olur. Pendir, kolbasa, sosiska, çips, hazır şorbalar və müxtəlif souslar “gizli duz” mənbəyi hesab olunur. Bu səbəbdən məhsul alarkən etiket məlumatlarına diqqət yetirmək və az duzlu məhsullara üstünlük vermək vacibdir.
     
    Nəticə etibarilə, duz orqanizm üçün zəruri olsa da, onun normadan artıq istifadəsi sağlamlığa ciddi zərər vurur. Yeməklərə az duz tökmək, təbii ədviyyatlardan və alternativ dadvericilərdən istifadə etmək sağlam qidalanmanın əsas prinsiplərindən biridir və uzunmüddətli sağlamlığın qorunmasına xidmət edir.
     

  • Çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı

    İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Fuad Həmid oğlu Şirinova məxsus çörək emalı müəssisəsində keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.
     
    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
     
    Bildirilib ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.
     
    Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.milli.az

  • Bu şəxslər rüsumdan azad edildi

    Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilib.
     
    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
     
    “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib.
     
     
    Buraya aiddir:
     
    – daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;
     
    – torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
     
    – daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
     
    – (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;
     
    – eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
     
    Dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının – müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.

  • AFFA bu qərarları ləğv etdi

    AFFA Region Liqasında çıxış edən üç komandanın apellyasiya şikayətləri təmin edilib.
     
    Bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.
     
    Araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Ağsu Siti” klubunun təqsiri olmadığı müəyyən edilib. Ötən ilin oktyabrında keçirilməli olan “Ağsu Siti” – “Ağcabədi” qarşılaşmasında təhlükəsizlik (polis) təmin olunmadığı üçün İntizam Komitəsi (İK) meydan sahiblərinə texniki məğlubiyyət verib. İK-nın qərarı ləğv edilib, qarşılaşma isə yenidən keçiriləcək.
     
    “Hacıqabul” klubu tərəfindən verilən apellyasiya şikayəti də təmin edilib. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə bölgə təmsilçisinin təqsirsiz olduğu üzə çıxıb. Ötən ilin dekabrında “Ucar”la görüşdə həkim təyin olunmadığından “Hacıqabul” texniki məğlubiyyətlə üzləşmişdi. İK-nın bu qərarı da ləğv olunub və matç yenidən baş tutacaq.
     
    Bu turnirdə çıxış edən “Lokomotiv Baku” da müsbət cavab alıb. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə paytaxt komandasının təqsiri olmadığı müəyyən edilib. İK “Lokomotiv Baku”ya “Crystal”la qarşılaşmaya görə texniki məğlubiyyət vermişdi. Bu qərar da ləğv edilib və oyun yenidən keçiriləcək.

  • Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır

    “A TAKSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
     
    Median.Az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər.
     
    Qeyd edək ki, MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Elmixan Mehtiyevdir./banker.az

  • Bu Avropa kəndində bir nəfər yaşayır

    Portuqaliyanın daxili hissəsinin dağlıq bölgəsində yerləşən Talasnal, uzun müddət səssiz qalan yaşayış məntəqələri arasındadır. Lusañ dağlarının yaxınlığında yerləşən kənd bir vaxtlar böyük ailələrlə dolu idi. Zamanla miqrasiya dalğaları həyatı demək olar ki, tamamilə söndürüb. 
     
    Bu gün kənddə yalnız bir nəfər qalır. Sosial mediada paylaşılan təcrübələr Talasnalı yenidən görünən hala gətirir. 
     
     
    Talasnal Lusañ dağlarındakı tarixi şist kəndlərindən biri hesab olunur
     
     
    Talasnal Portuqaliyanın mərkəzindəki Lusañ dağlarında yerləşir. Şist daş memarlığı ilə tikilmiş evləri, dar cığırları və terraslı planları ilə tanınır. 1900-cü illərin əvvəllərində məktəb, zeytun sahələri və çoxsaylı təsərrüfatlar aktiv idi. Əhalisi 120-dən çoxa çatmışdı.
     
    1950-ci və 1960-cı illərdə sürətlənən kənd miqrasiyası prosesi kəndi sürətlə boşaltdı. Nəqliyyat çətinlikləri və məhdud iqtisadi imkanlar səbəbindən ailələr sahil şəhərlərinə köçdülər. 1980-ci illərə qədər Talasnalda yalnız iki daimi sakin qaldı. Sonrakı illərdə bu say daha da azaldı.
     
    Kənddə yaşamağa davam edən yeganə sakinin adı Xorxedir. O, Talasnalda yeganə poçt qutusuna sahib olduğunu izah edir. Gündəlik həyat kəndin mərkəzində yerləşən kiçik biznes ətrafında fırlanır. Ziyarətçilərlə ən çox əlaqə burada olur.
     
    Xorxe ailəsi vasitəsilə kəndi tanımaq hekayəsini danışır. O deyir ki, Talasnalı oğlundan bu barədə eşitdikdən sonra ziyarət edib. Oğlu turist qrupu ilə bölgəyə gəlib. Səfərdən sonra kəndlə əlaqə qurulub. Bu gün o, kəndə gələn turist və səyyahlar vasitəsilə dolanışığını təmin edir. Çanfana kimi yerli yeməklər ziyarətçilərin daddığı dadlar arasındadır. 2000-ci illərdə başlayan bərpa prosesi Talasnala can verib. 
     
    2000-ci illərin əvvəllərində icma tərəfindən dəstəklənən bərpa işlərinə başlanılıb. Şist evlərinin təmiri başa çatıb. Qonaq evləri, kiçik yemək və içki müəssisələri açılıb. Bu gün kənd yürüyüş yolları boyunca istirahət yeri kimi tanınır.
     
    Ərazi Lusa bələdiyyəsinin turizm şəbəkəsində mühüm mövqe tutur. Serra çayı boyunca yürüyüş yolları, dağ velosiped yolları və çay çimərlikləri fəaliyyət göstərir. Talasnal “Şist Kəndləri” şəbəkəsində mədəni irs nümunələri arasında yer alır. Kənddə yerləşən Bar o Curral, ziyarətçilər üçün məşhur bir yer olaraq qalmaqdadır.
    //sfera.az

  • Miri Yusif qızı ilə rəqs etdi – Video

    Xalq artisti Miri Yusif qızı Adellə kamera qarşısına keçib. 
     
    Müğənni məşhur rəqs trendinə qoşulub. 
     
    O, videonu sosial şəbəkə hesabında yayımlayaraq “Köhnə və yeni” qısa şərhini yazıb. 
     
    Qeyd edək ki, Nərgiz adlı xanımla ailəli olan müğənninin 3 övladı var. 

  • Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb

    Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında klassiklərin yarışına yekun vurulub.

    Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 97 kq-da medalçılar müəyyənləşiblər.

    60 kq

    1. Ayxan Cavadov (Abşeron, DİN)

    2. Ziyad Zeynalov (Neftçi)

    3. Nihad Quluzadə (Neftçi), Murad Məmmədov (Neftçi).

    67 kq

    1. Fərid Xəlilov (Sumqayıt-Təhsil, “Neftçi”)

    2. Məhəmməd Şükürzadə (MOİK, Lənkəran)

    3. Məhəmməd Qasımzadə (Neftçi), Murad Əliyev (AHİTA).

    77 kq

    1. Sənan Süleymanov (Neftçi)

    2. Rəvan Nuriyev (Sumqayıt-Təhsil, “Neftçi)

    3. Nihad Məmmədli (DİN, ROİL), Davud Məmmədov (Neftçi).

    87 kq

    1. İslam Abbasov (Neftçi)

    2. Laçın Vəliyev (Neftçi)

    3. Abdulla Həsənov (AHİTA), Səid Axundzadə (Sumqayıt, Təhsil).

    130 kq

    1. Beka Kandelaki (Neftçi)

    2. Sərxan Məmmədov (Neftçi)

    3. Məzaim Mərdanov (“Mywrestling”, Şəmkir), Ayxan Mərdanov (“Mywrestling”, Şəmkir).

  • “Gmail”də yeni funksiyalar təqdim edilib

    “Google” şirkəti “Gmail” poçt xidmətində yeni “AI Inbox” rejimini təqdim edib.

    Bu barədə “The Verge” nəşri məlumat yayıb.

    Ənənəvi məktub siyahısı əvəzinə, süni intellektə əsaslanan köməkçi istifadəçi üçün maraqlı ola biləcək mövzular üzrə qısa icmallar və fərdiləşdirilmiş tapşırıqlar tərtib edir. Bu funksiya daxil olan məktubları daim çeşidləmək məcburiyyətində qalanlar və ya e-poçtu “işlər siyahısı” kimi istifadə edənlər üçün ciddi köməkçi ola bilər.

    İlkin mərhələdə bu funksiyadan yalnız ABŞ-də olan “etibarlı istifadəçilər” yararlana biləcəklər və xidmət yalnız veb-interfeysdə işləyəcək. Bundan əlavə, funksiya yalnız “Google Workspace” platformasına bağlı olmayan adi “Gmail” hesabları üçün əlçatan olacaq.

    “Gmail”də daha bir mühüm yenilik pulsuz funksiyaların genişləndirilməsidir. İndi bütün istifadəçilər cavabların yazılması üçün fərdiləşdirilmiş məsləhətlər, məktub zəncirləri üzrə xülasələr və yeni mesajların yazılmasına daha güclü kömək funksiyalarını pulsuz əldə edəcəklər.

    “Google One AI Pro” (aylıq 19.99 dollar) və “Ultra” (aylıq 249.99 dollar) tariflərinə abunə olanlar isə brauzer daxilində genişləndirilmiş orfoqrafiya yoxlaması və süni intellekt xülasələrindən yararlana biləcəklər.

    “Gmail”də süni intellekt funksiyalarını söndürmək mümkündür, lakin bunu ayrı-ayrılıqda deyil, yalnız hamısını birlikdə deaktiv etməklə həyata keçirmək olar.
    //oxu.az

  • Müalicə, yoxsa özünüreklam? – Reabilitasiya mərkəzlərinin piar oyunu

    “Özünü piar etmək üçün insanların həyatı barədə yalan məlumatlar yaymaq qanunazidd hərəkətdir”.

    Median.Az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında hüquqşünas Pərviz Hacıyev son günlər reabilitasiya mərkəzləri ətrafında baş verən hadisələri şərh edərkən bildirib.

    O vurğulayıb ki, sözügedən məsələləri şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirmək olar:

    “Zərərçəkmiş şəxs məhkəməyə müraciət edə bilər. Çünki bir çox məsələlərin açıqlanması doğru deyil. Həmin şəxslər əksərən reabilitasiya mərkəzlərinə yaxınlarından, ictimaiyyətdən xəbərsiz gedirlər. İstəyirlər ki, bunu ailəsi, qohumları bilməsin. Müəyyən hallarda isə mərkəz rəhbərləri populyar şəxslərdən istifadə edərək özlərininin piarı qurur, yalan məlumat yayırlar. Təəssüf ki, qanunvericilikdə sözügedən müəssisələrin fəaliyyətini tənzimləyən konkret normalar yoxdur. İddiaçı tərəf bu hallarla bağlı məhkəməyə müraciət edə bilər. Qurum da buna görə təkzib verməlidir. Ümumilikdə isə bu, zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasıdır. Düşünürəm ki, qanunvericiliyə gələcəkdə sözügedən məsələləri tənzimləyən maddələr əlavə oluna bilər. İnzibati Xətalar Məcəlləsində də bununla bağlı dəyişikliyə ehtiyac var.

    Qısası, cəmiyyəti aldatdıqları üçün məsuliyyətə cəlb olunmaları barədə konkret məlumat yoxdur. Ümumilikdə isə hazırkı məqamda reabilitasiya mərkəzləri baş qatırlar. Ora gedənlərin cəmi 10-15 faizi sağalır. Mərkəz rəhbərləri düşünürlər ki, piar zəmanəsidir, buna görə də insanlardan istifadə edirlər. Dediyim kimi, reklamda istifadə olunan şəxs bundan razı deyilsə, məhkəməyə şərəf və ləyaqətinin alçaldılmasına görə müraciət edə bilər”.

    Psixoloq Gülnar Orucova isə açıqlamasında bildirib ki, bəzi təbliğatlar müəyyən kütlələrə səhv mesaj verə bilər.

    O vurğulayıb ki, problem nə qədər çox qabardılsa, onun gələcəkdə təkrarlanması ehtimalı da bir o qədər artıqdır:

    Müalicə, yoxsa özünüreklam? – Reabilitasiya mərkəzlərinin piar oyunu

    “Digər problem isə qeyri-peşəkar təqdimatdır. Bəzən reabilitasiya mərkəzlərində olan şəxslərə anormal suallar verilir və bu formada cəmiyyətə təqdim olunur. Təbii ki, bu, kökündən səhvdir. Sözügedən mərkəzlər bəzən təqdimatlar keçirir, mərkəzdə olan şəxslərin, hətta onların yaxınlarının belə razılıqları olmadan görüntülərini paylaşırlar. Bu, faydadan çox ziyan verir. Yaxşı müəssisənin reklama ehtiyacı yoxdur. Normal fəaliyyəti olan mərkəz özünü bu qədər reklam etməməlidir. Demək ki, fəaliyyətlərində hardasa boşluqlar var və bunu doldurmaq istəyirlər. Daha çox pasiyent yığmağa çalışırlar. Reklamdansa, özlərini inkişaf etdirsinlər. Həmçinin, qeyd etməliyik ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə daxil olmasında yaş məhdudiyyəti yoxdur. Onlar dırnaqarası reklamları, təbliğatları görür və həvəslənirlər. Bu çıxışlardan sonra həmin şəxslərin zərərli maddələrdən istifadəsi də mümkündür. Bu, onlara ciddi şəkildə təsir edə bilər. Mərkəzlərdən digər narazılıqlar da olur. Zərərli maddələrdən əziyyət çəkən şəxsləri orada məcburi saxlamaq olmaz”.

    G.Orucova vurğulayıb ki, ölkədə fəaliyyət göstərən özəl reabilitasiya mərkəzlərinin qiyməti yüksəkdir:

    “Onlar reklamlara pul sərf edirlər, həmçinin efirlərə çıxıb müsbət imic formalaşdırmağa çalışırlar. Burada da məqsəd insanlardan daha çox pul almaq istəyidir. Eyni zamanda cəmiyyətə doğru olmayan məlumatlar verirlər. Efirlərdə öz həyatında düzgün qərar verə bilməyən şəxslərə tribuna verilir və onlar başqalarına yol göstərirlər. Zərərli vərdişlərdən əziyyət çəkən şəxslərlə bağlı süjet hazırladıqda onların aldığı həzzdən yox, çəkdikləri əziyyətdən danışmaq lazımdır. Səhv təqdimat pis vərdişlərdən istifadənin daha da artmasına gətirib çıxara bilər”.