Month: January 2026

  • Roma Papası: “Müharibə yenidən dəbdədir”

    “Dialoqu təşviq edən və bütün tərəflər arasında konsensusa nail olmağa çalışan diplomatiya həm fərdlər, həm də müttəfiq qrupları tərəfindən gücə əsaslanan diplomatiya ilə əvəz olunur”.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Papa XIV Leo Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşü zamanı deyib.

    “Müharibə yenidən dəbdədir. Münaqişələrdən sonrakı dövrdə dövlətlərin sərhədləri pozmaq üçün güc tətbiq etməsini qadağan edən prinsip bu gün dünyada tamamilə sarsılıb. Silah vasitəsilə sülhə nail olmağa çalışırlar, bu, vətəndaşların dinc yaşayışının əsasını təşkil edən qanunun aliliyini təhdid edir”.

  • Nəsimi Nəbizadənin qardaşı həbs olundu

    Əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.

    Oxu.Az-ın məlumatına görə, E.Nəbizadə Sumqayıt şəhərində saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla iki nəfər 13 kiloqram narkotik maddə olan marixuana ilə saxlanılıb. Keçirilən əməliyyat tədbirləri ilə həmin şəxslərin narkotik vasitəni E.Nəbizadədən aldıqları müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə E.Nəbizadə tutulub.

    Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir (RƏSMİ)

    Apteklərdə bəzi dərman vasitələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi ilə bağlı mexanizm mövcud olsa da, bu imkanlardan hər kəs kifayət qədər məlumatlı deyil.

    Dövlət təminatı hesabına verilən dərmanlar əsasən müəyyən xəstəlik qruplarını və sosial kateqoriyaları əhatə edir.

    Kimlərin bu hüquqdan yararlana bilməsi, dərmanların hansı əsaslarla və necə təqdim edildiyi, eləcə də prosesin hansı qaydalarla tənzimləndiyi isə cəmiyyətdə tez-tez müzakirə olunan və maraq doğuran məsələlər sırasındadır.

    Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bəzi dərmanlar vətəndaşlara pulsuz təqdim edilir:

    “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatları, müalicə-profilaktika müəssisələrində stasionar müalicə alan xəstələrə və müvafiq dövlət proqramlarında göstərilən xəstəliklərdən (şəkərli diabet, onkoloji, vərəm, xroniki böyrək çatışmazlığı, İİV/QİÇS, dağınıq skleroz) əziyyət çəkən xəstələrə verilməsi nəzərdə tutulan dərman vasitələrinin siyahılarına daxil olan dərman vasitələri pulsuz verilir.

    Vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”.

  • Ermənistandan Azərbaycana ixrac olanucaq mallar açıqlandı

    Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb.

    “Report” xəbər verir ki, nazir bunu “Factor.am”a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Bakı və İrəvan Ermənistandan Azərbaycana alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları barədə danışıqlar aparır.

    “Eyni zamanda, müəyyən malların idxalında maraqlı olan Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran konkret malların siyahısını təqdim edib, biz ixrac edə biləcəyimiz miqdar haqqında məlumat göndərmişik. Bizim siyahımıza qızılgüllər, istixana məhsulları: pomidor, bibər daxildir. Biz təxmini qiymət təklif etmişik”, – Papoyan deyib.

    Bununla belə, o, tədarükün başlama vaxtını açıqlamayıb.

    Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan

  • “Telegram” və “WhatsApp”la bağlı istifadəçilərə xəbərdarlıq

    Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir.

    Bu barədə ETX-dan bildirilib.

    Qeyd edilib ki, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmur. Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, “Telegram” və “WhatsApp” hesablarında iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.

    “Telegram”da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin “Ayarlar” bölməsinə daxil olmalı, daha sonra “Məxfilik və Təhlükəsizlik” hissəsini seçməlidir. Buradan “İki mərhələli təsdiqləmə” bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda, hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.

    “WhatsApp” tətbiqində isə “Ayarlar” bölməsindən “Hesab” hissəsinə daxil olaraq “İki mərhələli təsdiqləmə” seçilməlidir. Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.

    Bununla belə, qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparılır.

  • Anar Mehdiyev ağır cinayətlərdə ittiham olunur, məhkəmə başlayır

    “Azərşəkər” MMC-nin sabiq rəhbəri və daha iki nəfər külli miqdarda mənimsəmədə ittiham olunur.

    APA-nın xəbərinə görə, bununla bağlı cinayət işi məhkəməyə daxil olub. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun icraatına verilib.

    “Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

    Zərərçəkmi qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınır.

    Cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

  • Ancelina Colinin səhhəti pisləşib: Məşhur aktrisaya övladları qulluq edirlər

    Dünyaca məşhur aktrisa Ancelina Colinin səhhətində ciddi problemlər yaranıb.

    Median.Az “Radar Online” nəşrinə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı Bred Pittlə uzunmüddətli məhkəmə çəkişmələrindən sonra Colinin halı pisləşib.

    Hüquqi müstəvidə mübarizələrin stresi aktrisanın sağlamlığına o qədər ciddi təsir edib ki, uşaqları ona gecə-gündüz qulluq edirlər.

    Məlumata görə, “Oskar” mükafatı laureatı 2017-ci ildən bəri vaxtının çox hissəsini Los-Ancelesdəki 24.5 milyon dollarlıq malikanədə keçirir.

    Aktrisanın altı uşağı analarını tək qoymamağa razılaşıb.

    Bir məlumatlı şəxsin sözlərinə görə, aktrisanın sağlamlıq vəziyyəti hər kəsin təsəvvür edəcəyindən də daha pisdir.

    Qeyd edək ki, Coli və Pitt 12 illik münasibətlərdən sonra 2024-cü ilin sonunda rəsmən boşanıblar.

  • Ötən il dövriyyədən çıxarılan siqaretin miqdarı bəlli olub

    2025-ci il ərzində hüquqpozma predmeti kimi 41 milyon 758 min 798 ədəd xaricdə istehsal edilən siqaret dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, həmçinin 1 440 litr spirtli içki, 91 782.44 litr energetik içki aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

  • Yevlaxda kişi onuncu uşağa hamilə qalan arvadını qısqandı: Öldürməyə cəhd etdi

    Yevlax rayonunda 1985-ci il təvəllüdlü Tural qısqanclıq zəminində 10-cu övladına hamilə olan Səmayəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, o, hamilə qalan arvadının başqa bir kişi ilə sevgi münasibətlərindən şübhələnib.

    2024-cü il avqustun 12-də təxminən saat 9 radələrində o, Səmayəyə bankdan pul krediti götürmək istədiyini və onunla birlikdə banka getməli olduğunu deyib.

    Birlikdə evdən çıxaraq piyada Yevlax şəhərindəki bank filialına gəliblər. Arvadına krediti götürə bilməyəcəyini deyib, piyada evlərinə doğru qayıdıblar. Dəmir yolu xəttinin yaxınlığına çatanda ər-arvad qısqanclıq üstündə mübahisə ediblər. Tural qəfildən gizlətdiyi bıçaqla onlara yaxınlaşan azyaşlı övladının gözü qarşısında arvadına zərbələr vurub.

    Bıçağın əyildiyini görəndə onu yerə ataraq sınmış şüşə qabın parçasını əlinə götürüb. Hadisə zamanı qadın ümumilikdə 11 xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

    İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

    İş üzrə ifadə verən Tural deyib ki, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə təqsirli bilir.

    Turalın sözlərinə görə, arvadına qonşu evinə getməməyi tapşırıb:

    “Amma o buna məhəl qoymadı, hadisədən əvvəl qonşuluqda yaşayan şəxsin evinə getdi, mən də onun niyyətini səhv başa düşdüm. Həmin vaxt sərxoş idim. Qısqanclıq zəminində aramızda mübahisə oldu. Mənim və atamın ünvanına nalayiq ifadə işlətdi. Bu səbəbdən əlimdə olan metal alət və şüşə parçası ilə ona xəsarət yetirdim. Arvadımı öldürmək niyyətim olmayıb”.

    Tural, həmçinin ifadəsində göstərib ki, ibtidai istintaq zamanı ifadə verərkən huşu özündə olmayıb.

    Məhkəmədə Turalın ibtidai istintaqa verdiyi ifadəsi də araşdırılıb. O, həmin ifadəsində qeyd edib ki, təxminən 20 il əvvəl xalası qızı Səmayə ilə qeyri-rəsmi ailə həyatı qurub:

    “4-5 il əvvəl rəsmi nikaha daxil olduq, doqquz övladımız var. Əvvəllər aramızda heç bir mübahisəmiz olmayıb.

    Hadisədən 3-4 ay əvvəl Səmayənin mənə xəyanət etməsindən şübhələnməyə başladım. Bəzən gecələr yuxudan qalxanda arvadımı evdə tapmırdım. Bir neçə saat sonra evə gəlirdi. Səhəri gün harada olduğunu soruşanda məsələnin mənə aidiyyətinin olmadığını bildirirdi. Nə üçün bu cür hərəkətlər etdiyini soruşduqda isə şəxsi həyatı olduğunu söyləyirdi”.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Səmayə hamilə olması barədə hadisədən 20-25 gün əvvəl ona məlumat verib:

    “Onun başqa birindən hamilə qalmasından şübhələndim.

    2024-cü il avqustun 11-də gecə saat 4 radələrində yuxudan oyananda arvadımı yanımda görmədim. Çölə çıxıb onu səslədim. Hasarın üstünə çıxdıqda arvadımla qonşumuzu gördüm.

    Ondan orada nə etdiyini soruşdum, mənə heç bir aidiyyəti olmadığını bildirdi. Əsəbiləşərək hasarı o tərəfə aşdım. Arvadım qonşu ilə birlikdə onun evinə girib, qapını bağladı, mən də məcburən öz evimə qayıtdım. Bir saat sonra arvadım geri qayıtdı. Ondan hansı səbəbə qonşunun evinə getdiyini soruşdum. Əhmədlə münasibətinin olduğunu dedi.

    Arvadımı öldürmək qərarına gəldim, polad materialdan olan məftili biz formasına gətirdim”.

    Tural qeyd edib ki, avqustun 12-də gecə saat 3-4 radələrində yuxudan oyandıqda Səmayənin yenə də evdə olmadığını görüb:

    “Saat 6 radələrində arvadım evə gəldi. Haradan gəldiyini soruşdum, Əhmədin evində olduğunu dedi.

    Həmin gün bankdan kredit almaq adı ilə arvadımla banka getdik. Evə qayıdarkən saat 10 radələrində dəmir yolu xəttinin yaxınlığında biz formalı polad materiallı alətlə Səmayənin kürək nahiyəsinə iki, boğaz nahiyəsinə bir, sol ayağının yuxarı ətrafına bir zərbə vurdum. Biz əyildiyindən onu yerə tulladım.

    Bir qadın arvadıma zərbə vurmaqdan məni çəkindirməyə çalışdı. Təsadüfən orada olan 7 yaşlı oğlum da hadisəni gördü. Yerdən sınmış vəziyyətdə olan şüşə materiallı butulkanı götürdüm, arvadımın sifətinə iki zərbə vurdum. Arvadımın öldüyünü düşündüm və könüllü olaraq polis şöbəsinə təslim oldum”.

    İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, həyat yoldaşı Tural spirtli içkiyə meyilli olub, 3-4 gündən bir spirtli içki qəbul edib:

    “Sərxoş olanda qısqandığına görə mübahisə edir, bəzi hallarda məni döyürdü. O, evə sərxoş vəziyyətdə gələndə dava-dalaş olmaması üçün ya qayınanamgilə, ya da qonşu evinə gedib gözləyirdim.

    Hadisədən 4-5 gün əvvəl ərim evə sərxoş gəldi. Dava-dalaşın olmaması üçün sakitləşənədək çölə çıxdım. Qonşuların evinə getdiyimə görə ərim məni qısqanır, aramızda mübahisə olurdu”.

    Zərərçəkmişin ifadəsinə görə, avqustun 12-də səhər saat 9 radələrində əri ona nağd pul krediti almaq adı ilə banka getməyi təklif edib:

    “Bankdan evə qayıdarkən dəmir yolu xəttinin yaxınlığında ərim biz formalı alətlə qəfildən kürək nahiyəmə bir neçə zərbə vurdu. Turala müqavimət göstərməyə başladım. Təsadüfən azyaşlı oğlum da orada idi.

    Oğlumdan kömək istədim, o da küçədən adam çağırdı. Tural mənə zərbələr vuranda məni öldürmək istədiyini deyirdi”.

    Səmayə bildirib ki, hadisə baş verən zaman təxminən 9-10 həftəlik hamilə olub:

    “Bir ay əvvəl bu barədə ərimə məlumat vermişdim. Aldığım xəsarətlərlə əlaqədar xəstəxanada əməliyyat olunduqda bətnimdəki döl düşdü.

    Əhməd bizimlə qonşuluqda yaşayır. Onunla aramızda hər hansı münasibət olmayıb. Gecə yaşadığım evi tərk etməmişəm. Əhmədin arvadı ilə aramızda normal münasibət olub və bir-birimizin evinə gedib-gəlmişik”.

    İş üzrə şahid qismində danışan Əhmədin sözlərinə görə, Səmayə ilə hər hansı sevgi münasibətində olmayıb:

    “Avqustun 11-də və ya bundan əvvəlki günlərdə gecə vaxtı Səmayə mənim evimə gəlməyib. Tural da arvadı ilə məni birlikdə görməyib”.

    Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Tural 11 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

    Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Qonşusunun pulunu və qızılını oğurlayan qadın tutuldu

    Bakının Nəsimi rayonunda evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlı R.Allahverdiyeva saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evdən çıxarkən açarı qapının üzərində unutduğunu görüb, onu gizlicə götürərək özündə saxlayıb. Daha sonra evdə heç kim olmadığı vaxtda mənzilə qanunsuz girərək oğurluq edib.

    Araşdırma davam etdirilir.