Month: January 2026

  • Smart-kart tipli su sayğacının itirilmiş və ya zədələnmiş kartının dəyişdirilməsi ÖDƏNİŞLİDİR

    Azərbaycanda smart-kart tipli su sayğacının sərfiyyat yükləmə kartı itirildikdə və yaxud zədələndikdə onun yenisi ilə dəyişdirilməsi ödənişlidir.

    Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabelində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bəyan edib.

    Məlumata görə, yeni kartın qiyməti sayğacın markasına görə dəyişir – Türkiyənin “Elektromed” şirkətinin istehsalı olan “Alfasu” sayğacının kartının qiyməti 15 manat, “Metlab” şirkətinin istehsalı olan “Teksan” sayğacının kartının qiyməti 10 manat, “Gəncə Cihazqayırma Zavodu” ASC-nin istehsalı olan “Abşeron” sayğacının kartının qiyməti isə 7 manatdır.

    “Smart-kartı oxuyucuya daxil etmədən balansa onlayn ödəniş etdikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Abonent bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və kartla birlikdə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinə və yaxud yerli sukanal idarəsinə yaxınlaşaraq məbləği hesabından karta yüklətdirə bilər”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda Əməkdar müəllim vəfat etdi

    Uzun illər akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü liseydə fəaliyyət göstərmiş, son dövrlərdə isə fəaliyyətini N.Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə davam etdirən Əməkdar müəllim Püstə Tahir qızı Mehdiyeva dünyasını dəyişib.

    Bu barədə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbi məlumat yayıb.

    Onun ölüm səbəbi açıqlanmayıb.

  • Dünyanın ən varlı adamları bu şəhərlərdə yaşayır

    Dünyanın ən varlı insanlarının yaşadığı şəhərlərin siyahısı ilbəil dəyişir. Bu dəfə də ən varlı şəxslərinin yaşadığı şəhərlər bəlli olub.

    Bu barədə “Altrata” şirkəti məlumat yayıb. Varlıların yaşadığı şəhərlər arasında Nyu-York, Los Anceles, Honkonq ilk sıralardadır.

    Siyahıda Nyu-York birinci yerdədir. Orada 21 380 varlı adam yaşayır. İkinci pillədə Los Anceles var. Bu şəhərdə 11 680 varlı adam var. Honkonq siyahıda üçüncü yerdədir. Burada varlıların sayı 17 215 nəfərdir.

    Varlıların yaşadığı digər şəhərlər isə San Fransisko, Çikaqo, Tokio, London, Dallas, Vaşinqton və Hyustondur.
    //Baku.ws

  • Tanınmış boksçu “İlin hakimi” seçilib

    Azərbaycanın tanınmış boksçusu və Beynəlxalq Boks Assosiasiyasının (İBA) beynəlxalq dərəcəli referesi Fuad Aslanov “İlin hakimi” seçilib.

    Qaynarinfo xəbər verir ki, “İlin hakimi” Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının idman azarkeşləri və mütəxəssislər arasında keçirdiyi rəy sorğusuna əsasən müəyyənləşib.

    Fuad Aslanov 28 iyun 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. O, 2004-cü ildə Yunanıstanln paytaxtı Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında boks üzrə bürünc medala sahib olub.

    Boksçu bu uğuruna görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

    Fuad Aslanov hazırda “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGŞM) direktorudur.

  • AYNA: 525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur

    Yanvarın 7-dən Masazır qəsəbəsini Bakı metrosunun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 CNG texnologiyası ilə təchiz edilən “King Long” markalı avtobus cəlb ediləcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

    Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənib. Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır.

    Bildirilir ki, yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək.

  • Texnologiya milyarderləri 2025-ci ildə 16 milyard dollar nağdlaşdırıb

    Süni intellekt dalğası ilə birja rekordları alt-üst olarkən, texnologiya dünyasının rəhbərləri də kağız üzərindəki sərvətlərini real pula çevirdi. Ceff Bezosdan Yensen Huana qədər nəhəng adların atdığı bu strateji addımların pərdəarxası məqamları diqqət çəkir.

    Qaynarifno xəbər verir ki, texnologiya sektorunun aparıcı fiqurları üçün 2025-ci il təkcə yeni rekordların qeydə alındığı dövr deyil, eyni zamanda səhmlərin nağd pula çevrildiyi iri miqyaslı bir “məhsul yığımı” ili olub. Birjadakı texnologiya rallisi kağız üzərindəki sərvətləri sürətlə artırarkən, şirkətlərin başındakı şəxslər də bu fürsəti dəyərləndirib.

    “Bloomberg”in paylaşdığı məlumatlara görə, sektorun aparıcı rəhbərləri il ərzində ümumilikdə 16 milyard dollardan artıq həcmdə səhm satışı həyata keçirib.

    Bəs bu iri satış siyahısının önündə kimlər dayanır və proses necə baş verib?

    Milyarderlər klubu satış yarışında

    Siyahının zirvəsində “Amazon”un qurucusu Ceff Bezos yer alır. Bezos iyun və iyul aylarını əhatə edən qısa müddətdə 25 milyon səhm sataraq 5,7 milyard dollar gəlir əldə edib. Bu satışların onun Venesiyadakı toy hazırlıqları ilə eyni dövrə təsadüf etməsi də diqqət çəkən məqamlardandır. Onu 2,5 milyard dollarlıq satışla “Oracle” şirkətindən Safra Kats, 2,2 milyard dollarla isə Maykl Dell izləyib.

    Süni intellekt çılğınlığının mərkəzində olan “Nvidia”nın icraçı direktoru Censen Huanq da bu dalğanı davam etdirənlər sırasındadır. Şirkətinin bazar dəyəri 5 trilyon dollar həddini aşan ilk müəssisə olarkən, Huanq bu müddətdə təxminən 1 milyard dollarlıq səhm satışı edib. Oxşar şəkildə, yüksək sürətli şəbəkə avadanlıqlarına tələbatın artması fonunda şəxsi sərvəti 6 milyard dolları keçən “Arista Networks”in icraçı direktoru Ceyşri Ullal da təxminən 1 milyard dollara yaxın satış həyata keçirib.

    Satışlar təsadüfi deyil, planlı addımlardır

    Bu iri məbləğlər ilk baxışda ani qərarlar təsiri bağışlasa da, əslində əksəriyyəti əvvəlcədən planlaşdırılmış strategiyalara əsaslanır. Yüksək vəzifəli rəhbərlər adətən aylar öncədən müəyyən etdikləri avtomatik ticarət planları çərçivəsində bu əməliyyatları icra edirlər. Məsələn, “Meta”nın rəhbəri Mark Zukerberq öz fondu vasitəsilə 945 milyon dollarlıq satış edib. “Palo Alto Networks”in icraçı direktoru Nikeş Arora və “Robinhood”un həmtəsisçisi Baiju Bhatt kimi adların hər biri isə 700 milyon dollardan artıq gəlir əldə edib.

    Süni intellekt küləyi cibələri doldurdu

    Bütün bu nağd axının əsas hərəkətverici qüvvəsi isə şübhəsiz ki, süni intellekt olub. İl ərzində investorların süni intellektə olan inamı və texnologiya səhmlərinə yönəlməsi qiymətlərin davamlı artmasına səbəb olub. Şirkətlərin bazar dəyərləri yüksəldikcə, daxildəki rəhbərlər də sahib olduqları səhmləri zirvəyə yaxın səviyyələrdə satmaq imkanı qazanıblar. 2025-ci il texnologiya nəhəngləri üçün təkcə innovasiyanın deyil, eyni zamanda maliyyə strategiyalarının da qalib gəldiyi il kimi tarixə düşüb.

  • Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb

    Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı daha bir nəfər tutulub.

    Median.Az apa-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

    Onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

    Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.

    Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq:

    – 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq),

    – 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və

    – 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

    Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

    İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktiki rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov, gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq

    – 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq),

    – 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama),

    – 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır, sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkar birliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

  • “Memar Əcəmi” metrostansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

    “Bakı Metropoliteni” QSC-nin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

    Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.

  • Azər Zahid barədə cinayət işinə xitam verildi

    “TikTok” sosial şəbəkəsində qumar oyunu təşkil etməkdə təqsirləndirilən aparıcı Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov barəsində başlanmış cinayət işi ilə bağlı qərar verilib.

    Oxu.Az-ın məlumatına görə, istintaq başa çatıb və hər iki şəxslə bağlı cinayət işinə xitam verilib.

    Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Azər Zahid və köməkçisinə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs həbsdən azad edilib və barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • Direktor müavinini işdən çıxardı

    “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb.

    Median.Az Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.

    Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.

    Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.

    O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi.