Month: January 2026

  • Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ – Bundan sonra…

    Azərbaycanda apteklərin böyük əksəriyyətinin elektron sistemə keçməsi ilə vətəndaşlar artıq reseptlərini onlayn şəkildə izləyə və dərmanlarını kağız resept olmadan əldə edə bilirlər.

    Median.Az-in məlumatına görə, hazırda tibb müəssisələrində reseptlər elektron qaydada verilir və həkimlər dərman təyinatlarını elektron resept sistemi vasitəsilə aparırlar.
     
    Yeni sistemin əsas üstünlüklərindən biri vaxt itkisinin aradan qalxmasıdır. Əvvəllər vətəndaşlar resepti əlində gəzdirərək uyğun dərmanı tapmaq üçün bir neçə aptek dolaşmalı olurdusa, indi kodlaşdırılmış elektron reseptlə birbaşa yaxın aptekə müraciət edərək dərmanı vaxtında əldə edə bilirlər.
     
    Elektron resept sistemi həkimə dərman yazarkən ölkə üzrə mövcud preparatlar, onların hansı apteklərdə olduğu və miqdarı barədə məlumat verir. Bu da həm həkim, həm də pasiyent üçün dərmanın tapılmasını xeyli asanlaşdırır. Xəstə əvvəlcədən bilir ki, təyin olunan dərman hansı aptekdə mövcuddur və resept kodu ilə həmin aptekdən dərmanı ala bilər.
     
    Sistem həkimləri, tibb müəssisələrini və aptekləri vahid elektron platformada birləşdirir. Həkimlər pasiyentin əvvəl istifadə etdiyi dərmanları görə, yeni təyin olunan preparatların təsirini əvvəlkilərlə müqayisə edə bilirlər. Bu isə xəstə təhlükəsizliyinin artırılmasına və düzgün müalicə planının qurulmasına şərait yaradır.
     
    Elektron reseptlər həkim–əczaçı əlaqəsini də asanlaşdırır. Əllə yazılan reseptlərdə rast gəlinən xəttin oxunmaması, dərman adlarının səhv başa düşülməsi və ya preparatların düzgün verilməməsi kimi risklər elektron sistemdə tamamilə aradan qalxır. Bütün məlumatlar sistemdə dəqiq və standart formada qeyd olunur.
     
    Vətəndaşlar elektron reseptlərinə mobil telefon və ya internet üzərindən baxa, dərmanların əldə olunması prosesini daha rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Qeyd edək ki, elektron resept sistemi səhiyyədə rəqəmsallaşmanın vacib tərkib hissəsi olmaqla, həm pasiyent məmnuniyyətini artırır, həm də dərman dövriyyəsinə nəzarəti gücləndirir./baku.ws

  • Bakıda genişmiqyaslı təmir başlayır – 65 milyonluq LAYİHƏ

    Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri aparılacaq.

    Median.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

    Belə ki, sözügedən işlər Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ və Pirallahı rayonlarını əhatə edəcək.
    Paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinə 65 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.//
    Iqtisadiyyat.az

  • Zirəddindən İranla bağlı proqnoz: Apreldə

    İranda baş verən hadisələrlə bağlı sizin sayta öncədən proqnoz vermişdik. Çox təəssüf ki, özünü doğrultdu. İranda baş verən daxili qarışıqlığın səbəbi isə Qərb və İngiltərədir. Dünya iqtisadiyyatı onların idarəçiliyində olduğu üçün çox təəssüf ki, İrandakı vəziyyəti idarə edə bilirlər.

    Median.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

    “Qərbin bu kimi iqtisadi silahlardan sabah kimlərə qarşı istifadə edəcəyi də sual altındadır. Bu gün İran, sabah da başqası.

    Düşünürəm ki, İran üçün yaz, yayın əvvəlləri, həmçinin aprel ayı təhlükəli və uğursuzdur.

    2026-2027-ci illərdə İranda hazırkı hakimiyyət böyük ehtimalla devriləcək. Bu da yay və payız aylarına təsadüf etməlidir. İran üçün sentyabr ayı, o cümlədən 17 rəqəmi daha aktiv tarixi cəhətdən önəmli ay və rəqəmdir.

    İranın ali dini lideri Ayətullah Əli Xameneiyə gəldikdə isə öz xalqı istisna olmaqla, ona qarşı heç bir təhlükə görmürəm”, – deyə ekstrasens qeyd edib.

  • Onlara işıq pulunda güzəşt edilə bilər

    Hazırda ölkəmizdə soyuq aylarda əhalinin çox hissəsi qazdan istifadəni sərfəli hesab edir. Səbəb isə təbii qazın qiymətinin nisbətən ucuz olması və illərdir formalaşmış infrastrukturun mövcudluğudur.

    Məhz mavi yanacağa əli çatmayan şəxslər qışı necə keçirir?

    Median.Az xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, elektrik enerjisi ilə isitmə təhlükəsizlik baxımından üstün sayılsa da maddi baxımdan hər zaman sərfəli olmur. Xüsusilə adi elektrik qızdırıcıları və radiotarlar istifadə etdikcə enerji sərfiyyatı xeyli artır və bu da aylıq ödənişlərə birbaşa təsir göstərir. 

    İqtisadçı Rəşad Həsənov bildirib ki, hökümət həm elektrik enerjisinə görə, həm də qaza görə müəyyən etdiyi limitlər çərçivəsində güzəştlər tətbiq olunur:
    Ailə qazdan istifadə etmirsə, bu o deməkdir ki, güzəştin yalnız birindən istifadə etmək olar. Digərlərindən istifadə edə bilmir. Qazla sərfiyyat daha əlverişlidir və bundan məhrum olmuş ailə təsərrüfatı eyni zamanda daha yüksək tariflərlə elektrik enerjisinin xərcini çəkməli olur. Bu da büdcəyə zərərlidir”. 

    Ekspert qeyd edib ki, enerji təchizatı sahəsində bir neçə faktor nəzərə alınmaqla güzəştli tariflərin tətbiqi labüd sayılır. Xüsusən tək elektrik enerjisi ilə təmin olunan regionlarda buna daha çox ehtiyac görülür. //Milli.az

  • Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu – FOTO

    Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təltif olunublar.
     
    Median.Az  bildirir ki, bu haqda Teleqraf-a Xalq artisti Gülyanaq Məmmədova məlumat verib.
     
    “Mənsum İbrahimovla birlikdə Özbəkistanda böyük bir tədbirə dəvət aldıq. Orada ölkənin Mədəniyyət Nazirliyinin “Mədəniyyət və incəsənət fədaisi” medalı ilə təltif olunduq. Eyni zamanda, “Yeni Özbəkistan Ulduzları”milli mədəniyyət və incəsənət mükafatının təntənəli təqdimetmə mərasimində konsertdə fəxri qonaq kimi iştirak etdik”, – Xalq artisti əlavə edib.

  • Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? – RƏSMİ

    Azərbaycanda yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək “Reklam haqqında” qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
    Qanuna dəyişikliyin əsas səbəbi nədir? Bu qadağa nə vəd edir?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib ki, uşaq hüquqları haqqında qanun layihəsindən irəli gələrək uşaqların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər qanunvericilik aktlarına uyğunlaşdırılma aparılıb.
    Onun sözlərinə görə, bu dəyişikliklərdən biri də “Reklam haqqında” qanuna edilib:
    “Cəmiyyətimiz uşaq hüquqlarının qorunmasını yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət olaraq olaraq qəbul edir. Qanunvericilik bu məsuliyyətin ailə, cəmiyyət və dövlət arasında bölgüsünü formalaşdırıb.
    Reklamda uşaqların görüntüsü ilə bağlı məhdudiyyətin tətbiqi uşağın özünün razılıq vermək iqtidarında olmaması, reklamın doğurduğu hüquqi nəticələri dərk edə bilməməsi və yayılmış görüntünün uzun müddət informasiya ehtiyatlarında qalması ilə bağlıdır.
    Reklam kommersiya məqsədli olduğundan yayılmış görüntülər iqtisadi dəyərə çevrilir. Eyni zamanda uşağın şəxsi həyatına və toxunulmazlığına ziyan vura bilər və gələcəkdə sosial mühitdə həm yaşıdları tərəfindən ələsalmalar, bullinqə və başqa xoşagəlməz hallara məruz qalma riskini artırmış olur”.
    O bildirib ki, uşaqların görüntülərinin yayılması gələcəkdə reklamda həmin görüntülərdən sui-istifadə edilməsinə şərait yarada bilər.
    “Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilərkən bir çox inkişaf etmiş ölkələrin hüquq sistemində oxşar yanaşmaların olduğu müşahidə edilib. “Fərdi məlumatlar haqqında” qanuna əsasən yetkinlik yaşına çatmayan şəxsin barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qanuni nümayəndə razılığı əsasında yol verilir. Bu mənada “Reklam haqqında” qanunun 12-ci maddəsinə təklif edilmiş dəyişiklik reklamda uşaqların görüntüsünün yayılmasının onların valideynlərinin razılığı ilə həyata keçirilməsini şərtləndirir”, – S.Məmmədov vurğulayıb (Mənbə:Teleqraf)

  • Trampdan Venesuela ilə bağlı yeni tapşırıq

    ABŞ Prezidenti Donald Tramp administrasiyasına Venesuela üzərindən bütün kommersiya uçuşlarını bərpa etməyi tapşırıb.
     
    Median.Az xəbər verir ki, bu barədə Tramp kabinet görüşündə deyib.
     
    Dövlət başçısı bildirib ki, uçuşların bərpası günün sonuna nəzərdə tutulub.
     
    “Mən indicə Venesuela prezidenti ilə danışdım və ona Venesuela üzərindən bütün kommersiya hava uçuşlarımızı bərpa edəcəyimizi bildirdim. ABŞ vətəndaşları çox qısa müddətdə Venesuelaya gedə biləcək və orada təhlükəsiz olacaqlar”,- deyə Tramp qeyd edib.

  • Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: “Xəbərdarlıq da etmədilər”

    Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, Xətai rayonunda, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsi tikinti şirkəti tərəfindən dağıdılıb.

    Sözügedən şəxs iddia edir ki, söküntü zamanı tikinti şirkəti tərəfindən ona nə əvvəlcədən xəbərdarlıq edilib, nə də hər hansı rəsmi müraciət olunub.

    Şikayətçi Rəna Əsgərovanın vəkili Raman Abışovun sözlərinə görə, dekabrın 2-də qeyd olunan qeyri-yaşayış sahəsi sökülüb. Söküntü nəticəsində yaranan uçqun zamanı obyektin daxilində olan əşyalar da yararsız vəziyyətə düşüb. Bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilib.
    Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslə tikinti şirkəti arasında bir neçə dəfə danışıqlar aparılıb:
    “Danışıqlar aparılsa da, şirkət qeyri-yaşayış sahəsinə heç bir aidiyyətinin olmadığını bildirib”.

  • Şahruddindən maraqlı paylaşım — FOTO

    “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev yeni paylaşımı ilə diqqət çəkib.
     
    Median.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 8-ci turunda keçirilən “Liverpul” – “Qarabağ” qarşılaşmasından sonra Ağdam təmsilçisinin futbolçusu “Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekkerlə xatirə şəkli çəkdirib.
     
    Təcrübəli qolkiper həmin fotonu sosial media hesabında paylaşıb.
     
    Xatırladaq ki, “Enfild” stadionunda keçirilən matç “Liverpul”un 6:0 hesablı qələbəsi ilə başa çatıb.( mənbə: demokrat.az)

  • Bu şəxslərə çuğundur YEMƏK OLMAZ

    Mütəxəssislər bildirirlər ki, çuğundur böyrək daşı xəstəliyi və hipotoniya (aşağı təzyiq) zamanı yemək üçün uyğun deyil.

    Median.Az xəbər verir ki, böyrək daşı xəstələrində çuğundurdakı oksalatlar daş əmələ gəlməsini stimullaşdırır, aşağı təzyiqi olanlarda isə təzyiqi daha da aşağı sala bilər.
     
    Çuğundur həmçinin mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet və allergiyası olan insanlar tərəfindən məhdud miqdarda qəbul edilməlidir.
     
    Vitamin ehtiyatını doldurmaq üçün faydalı və ucuz məhsullar arasında dəniz kələmi və paxlalılar da tövsiyə olunur. Məsələn, dəniz kələmi gündəlik yod ehtiyacının böyük hissəsini qarşılayır və maqnezium, dəmir, kalium, A, E, K və B qrup vitaminləri ilə zəngindir. Paxlalılar isə bitki mənşəli zülal və lif mənbəyi hesab olunur./baku.ws