Month: January 2026

  • Futbol üzrə Qabon millisinin fəaliyyəti dayandırıldı

    Futbol üzrə Qabon millisinin texniki heyətinin bütün üzvləri ilə müqavilələrə xitam verilib, yığmanın fəaliyyəti müddətsiz dayandırılıb.

    Buna komandanın Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokundakı uğursuz çıxışı səbəb olub.

    Bütün oyunlarda məğlub olan Qabon yığması turnirlə vidalaşıb. Bununla bağlı Qabon hökuməti sərt qərarlar qəbul edib. Rəsmi məlumata görə, hökumət qərarı ilə futbolçular Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın milli komandada çıxış etməsi qadağan olunub.

  • Moskva yenidən PUA hücumuna məruz qalıb

    Moskva yeni ilin ilk günü kütləvi PUA hücumuna məruz qalıb.

    Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

    Onun sözlərinə görə, dünən gecə saatlarından paytaxt Moskvaya dron hücumu başlayıb və bu gün axşama qədər davam edib.

    Mer bildirib ki, Rusiya Hava Hücumundan Müdafiə sistemləri Moskva istiqamətində uçan 28 PUA-nı vurub.

    Sobyanin Ukrayna PUA-larının 20-nin son bir neçə saat ərzində məhv edildiyini söyləyib.

    Moskvaya kütləvi dron hücumu ilə əlaqədar paytaxt hava limanlarının işi məhdudlaşdırılıb.

    Domodedovo, Vnukovo və Jukovski aeroportlarında təyyarələrin uçuşu və enişinə icazə vermir.

    Şeremetyevo hava limanında isə uçuş və enişlər müvafiq orqanlarla razılaşdırılır.
    //APA

  • Lənkəranda evdə yanğın olub – Video

    Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

    Yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb.

    İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

    Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

    Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.

    Faktla bağlı araşdırma aparılır.
    //apa.az

  • Rusiya-Gürcüstan quru sərhədi qar uçqunu təhlükəsi səbəbindən bağlandı

    Rusiya-Gürcüstan quru sərhədi əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanıb.

    APA xəbər verir ki, Rusiya-Gürcüstan sərhədində yerləşən
    Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

  • 32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü

    Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke & Live Bar” gecə klubunun qarşısında qətl törədilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müştərilər arasında baş verən mübahisə qanla bitib.

    Yanvarın 1-i gecə 2 radələrində 36 yaşlı H.Məcidovla 32 yaşlı E.Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

    Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.

  • Bakıda bayram günü əkizlər doğuldu – Biri evdə, biri xəstəxanada

    Yeni ilin ilk günündə Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.

    Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.

    Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə qız dünyaya gəlib.

    Yenidoğulmuş oğlan körpənin çəkisi 2 kq 450 qram, boyu 54 sm-dir. Ana və hər iki körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

  • Naxçıvanda məsciddə yanğın baş verib

    Naxçıvanda məsciddə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda saxlanıldı

    Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Monteneqro ərazisində yeri müəyyən edilib.

    Oxu.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

    Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

  • Bu şəxslər üçün icbari tibbi sığorta haqqı dəyişib

    Bu gündən əməkhaqqı 8 min manatadək olan neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə icbari tibbi sığorta üzrə sığorta haqlarının yeni dərəcəsi müəyyənləşib.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta üzrə sığorta haqları tutulurdu.

    Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

  • Bayram günləri Bakıdan bölgələrə nə qədər sərnişin daşınıb?

    Azərbaycanın avtovağzal və avtostansiyalarının gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyi 29-31 dekabrda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 838 reyslə 25 046 sərnişin daşınıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Məlumata görə, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 200-dən çox reys həyata keçirilib.
    Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından alıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab olunur.

    Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az”dan əldə etmələri tövsiyə olunur.