Month: January 2026

  • Azərbaycanın xarici borcu 18 faiz azalıb

    Son 1 il ərzində Azərbaycanın xarici borcu 1.162 milyard dollar və ya 18 faiz azalıb.

    Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

    O bildirib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi vacib məqamlardan biri xarici borcumuzun ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6,3 faizini təşkil etməsi ilə bağlı idi:

    “Xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqillik baxımından vacib göstəricilərdən hesab olunur. Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik olan ölkələrdən biridir. Maliyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, Azərbaycanın xarici borcu cəmi 5.299 milyard dollardır.

    ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Eyni zamanda, Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB-də ən yaxşı göstəriciyə malik olan dövlətlərdəndir. Xarici borcun ÜDM-də payı Qırğızıstanda 74, Özbəkistanda 55, Qazaxıstanda 54, Belarusda 50, Gürcüstanda isə 32 faizdir. Bununla yanaşı, ölkəmiz həm də xarici maliyyə mənbələrindən asılılıq və daxili resursların mobilizasiyası baxımından da MDB-də və bütövlükdə regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdəndir”.

    Deputat əlavə edib ki, inkişaf etmiş ölkələrdə borclanma payı son dövrlərdə sürətlə artır:

    “Xarici borc ÜDM-i Böyük Britaniyada 3, Fransada 2.5, Almaniyada 1.5, Kanadada 1.3, İtaliyada isə 1.2 dəfə üstələyir. Xarici borcun tənzilənməsi Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur”.

  • Rusiyada keçmiş məşhur teleaparıcı beynəlxalq axtarışa verildi

    Moskva məhkəməsi keçmiş jurnalist və teleaparıcı Yevgeni Kiselyovu (Rusiyada xarici agent hesab olunur) iki ay müddətinə qiyabi həbs edib və beynəlxalq axtarışa verib.

    Bu barədə “RİA Novosti” məhkəmə materiallarına istinadən xəbər verir.

    Materiallardan məlum olur ki, o, terror qrupu yaratmaqda və ya belə bir qrupa rəhbərlik etməkdə qiyabi ittiham olunur.

  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

    Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 2-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Azərbaycana 8 min tabut gətirilib

    2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən səkkiz min ağac məmulatlarından hazırlanmış tabut gətirilib.

    Median.Az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu qəbildən olan tabutların hamısı Çindən alınıb.

    2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur.

    Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi həm ənənəvi, həm də praktiki tərəflərə malikdir. Belə ki, Azərbaycanda tabut (çox vaxt buna “meyit qutusu” və ya sadəcə, “tabut” deyilir), əsasən, cənazəni məsciddən qəbiristanlığa daşımaq üçün istifadə olunur. Mərasim bitdikdən sonra tabut, adətən, geri qaytarılır və ya məscidə təhvil verilir.

    Azərbaycanda yaşayan xristianlar (pravoslavlar, katoliklər və s.) tabutdan öz dini ayinlərinə uyğun olaraq istifadə edirlər.

  • Azərbaycanın Ermənistanın hava məkanından istifadəyə görə ödədiyi məbləğ açıqlandı

    Azərbaycan aviaşirkətləri 2025-ci ilin 11 ayı ərzində Ermənistan hava məkanı üzərindən uçuşlar üçün təxminən 400.000 avro ödəyib.

    Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

    “Armaeronaviqasiya” QSC 2025-ci il yanvarın 1-dən noyabrın 30-dək olan dövr üçün 396.282 avro alıb.

    Daha 3,4 milyon avro Türkiyə aviaşirkətləri tərəfindən köçürülüb.

  • Bəzi yollarda duman olacaq, buz bağlayacaq

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 2-də küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

    Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Mikayıl Cəfərov dünyasını dəyişdi

    Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.

    Bu barədə BDU-dan məlumat verilib.

    Mikayıl Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub. O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

  • Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.

    Bu barədə nazirliyin “X” sosial media hesabından paylaşım edilib:

    “Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.

    Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.

    Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq”.

    Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.

  • Bu il maaşlardan nə qədər vergi tutulacaq?

    Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin bu gün başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.

    Yeni qayda 2026-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.

    Dəyişikliklərə görə, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər.

    Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər olacaq.

    Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.

    Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8 000 manatadək olduqca 0 faiz, 8 000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.//Oxu.az

  • Ajda Pekkan Azərbaycandan gələn cəlbedici təklifdən imtina edib

    Məşhur türkiyəli müğənni Ajda Pekkan Yeni il gecəsində təşkil olunan tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn cəlbedici təklifi qəbul etməyib.

    Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat verib.

    Məlumata görə, tanınmış sənətçiyə Ankaradan, Bakıdan və Kipr şəhərlərindən birindən fantastik təkliflər göndərilib.

    İddia olunur ki, superulduz bir gecə üçün 20 milyon lirə (təxminən 792 min manat) qarşılığında səhnəyə çıxmaqdan boyun qaçırıb.

    Məşhur sənətçinin müalicə olunan bacısı Semiramis Pekkanı tək qoymamaq üçün belə addım atdığı vurğulanır.

    Təşkilatçıların qonorarı artırmaq təklifləri Pekkanın mövqeyini dəyişdirməyib. O, Yeni ili bacısı ilə birlikdə Bodrumdakı villasında keçirib.