Month: February 2026

  • Pezeşkian maaşının miqdarını açıqladı

    “Prezident kimi aylıq əməkhaqqım təxminən 1000 dollar (1700 AZN) təşkil edir”.

    “Qafqazinfo” “Iran International”a istinadən xəbər verir ki, bu barədə milli valyutanın devalvasiyası haqqında danışarkən İran Prezidenti Məsud Pezeşkian bildirib.

    “Əvvəllər düzgün əməkhaqqı verirdik, 6 min tümən 6 min dollara (10200 AZN) bərabər idi. Amma indi mən prezident olaraq 1000 dollar əməkhaqqı alıram”, – dövlət başçısı bildirib.

    Qeyd edək ki, hazırda İranda 1 dollar 162 min tümənə (1,7 AZN), 1000 dollar isə 162 milyon tümənə bərabərdir.

  • “Sumqayıt”dan yeni transfer

    “Sumqayıt” mövsümün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

    Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Slovakiyanın “Spartak” (Trnava) klubunda çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. Burkina Faso millisinin 28 yaşlı üzvü ilə 1,5+1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak”la yanaşı, vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.

  • Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

    2025-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 128 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48 milyard 905,8 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 24 milyard 526,1 milyon dollarını və ya 50,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 24 milyard 379,7 milyon dollarını (49,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb. real ifadədə isə 8,6 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 8,7 faiz azalıb.

    2025-ci ildə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 628,2 milyon dollar təşkil etmiş və 2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artmış, real ifadədə isə 18,1 faiz azalıb.

    Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 24,0 faizi İtaliya, 11,6 faizi Türkiyə, 10,0 faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1 faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və Yunanıstan, 1,7 faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Çexiya və Özbəkistan, hər biri 1,4 faiz olmaqla Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3 faizi İran, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla Portuqaliya və Belarus, hər biri 0,8 faiz olmaqla Fransa və Hindistan, 12,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

    Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,6 faizi Çin, 15,3 faizi Rusiya, 9,6 faizi Türkiyə, 6,1 faizi ABŞ, 5,3 faizi İsveçrə, 3,7 faizi Avstraliya, 3,4 faizi Almaniya, 3,3 faizi Birləşmiş Krallıq, 2,9 faizi Özbəkistan, 2,6 faizi İran, 2,4 faizi Qazaxıstan, 2,1 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və Meksika, hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi Afrika Respublikası, 1,1 faizi Fransa, 0,9 faizi Hindistan, 11,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

    İxracın 45,3 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,3 faizini Yunanıstana, 3,2 faizini Bolqarıstana, 3,0 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Xorvatiyaya, 2,5 faizini Rumıniyaya, 2,2 faizini Almaniyaya, 1,9 faizini İsveçrəyə, 1,7 faizini Portuqaliyaya, 1,4 faizini Birləşmiş Krallığa, 1,2 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizini Niderlanda, 0,7 faizini Hindistana, 0,6 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla Suriya, Serbiya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstana, 4,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

    Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,5 faiz), Gürcüstana (9,6 faiz), İsveçrəyə (9,6 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,2 faiz), Özbəkistana (2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,7 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

    2024-cü illə müqayisədə 2025-ci ildə xam şəkər idxalı 24,2 faiz, unlu qənnadı məmulatları – 0,3 faiz, mal əti – 12,9 faiz, təzə tərəvəz – 29,0 faiz, siqaretlər – 3,0 dəfə, minik avtomobilləri – 38,1 faiz, avtobuslar – 2,2 dəfə, mineral gübrələr – 6,8 faiz, polietilen – 20,7 faiz, məişət kondisionerləri – 10,3 faiz, polipropilen – 3,1 faiz, qara metallardan künclüklər – 5,9 faiz, məişət soyuducuları – 10,3 faiz artmış, buğda idxalı isə 1,9 faiz, bitki yağları – 18,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,9 faiz, təzə meyvə – 13,1 faiz, şokolad və şokolad məhsulları – 4,2 faiz, çay – 6,4 faiz, kartof – 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 31,6 faiz, dərman vasitələri – 14,9 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan borular – 7,5 faiz, hesablama maşınları, blok və qurğuları – 9,1 faiz, ayaqqabılar – 2,2 faiz, rezin şinlər – 5,7 faiz, yük avtomobilləri – 3,2 faiz, sintetik yuyucu vasitələr – 7,3 faiz, qara metallardan çubuqlar – 18,0 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, sement – 19,7 faiz azalmışdır.

    2025-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 18,0 faiz, şəkər – 67,6 faiz, siqaretlər – 38,4 faiz, kartof – 47,8 faiz, bitki yağları – 25,0 faiz, polipropilen – 0,8 faiz, emal olunmamış alüminium – 87,0 faiz, polietilen – 12,7 faiz, sement klinkerləri – 11,5 faiz, pambıq ipliyi – 30,5 faiz artıb, tütün ixracı isə 30,9 faiz, meyvə və tərəvəz şirələri – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 16,4 faiz, çay – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,8 faiz, mineral gübrələr – 3,8 faiz, pambıq lifi – 8,0 faiz, elektrik enerjisi – 29,8 faiz, qara metallardan borular – 11,3 faiz, qara metallardan çubuqlar – 36,1 faiz, bentonit gili – 15,1 faiz azalıb.

  • “Şəki” kafesində nöqsanlar aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhərinin S. Rəhman küçəsində fərdi sahibkar Fərahim Yavər oğlu Abdulkərimova məxsus “Şəki” kafesində yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

    Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

  • ADY vətəndaşlara müraciət etdi – VİDEO

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib.

    ADY-dən verilən məlumata görə, 30 ildən artıq dəmir yollarında çalışan maşinist Xoşbəxt Hüseynov işinin məsuliyyətindən və qarşılaşdığı risklərdən danışıb.

    ADY maşinistindən vacib çağırış: dəmir yollarında təhlükəsizlik hər kəsin məsuliyyətidir.

    Məlumata görə, hərəkət zamanı insanların qəfil yola çıxması və təcili tormozlama qatar heyəti və sərnişinlərdə qorxu, stres və həyəcan yaradır.

    “Təhlükəsizlik qaydalarının pozulması həm də insanlar və qatarlara ciddi ziyan dəyməsi ilə nəticələnir”, – məlumatda qeyd olunur.

  • Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü

    Ötən gün Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal” xəbər verir ki, qəza Tbilisi-Rustavi avtomobil magistralında qeydə alınıb.

    Minik avtomobilinin sürücüsü ötmə hərəkətləri edərkən yük maşınına çırpılıb.

    Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Ölənlərdən biri Dmanisi bələdiyyəsinin Hamamlı kənd sakini Zaur Əliyevdir.

    Faktla bağlı araşdırma aparılır.

  • Kim Çen In 13 yaşlı qızını varisi təyin edib

    Şimali Koreya lideri Kim Çen In qızı Kim Cu-eyni varis təyin edib. Lider övladını Şimali Koreyaya rəhbərlik etmək üçün hazırlayır.

    Bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) məlumat yayıb.

    Kəşfiyyat agentliyi qeyd edib ki, Kim Çen In və qızı mühüm tədbirlərdə iştirak edir. O cümlədən, onlar birlikdə siyasi məsələlərin müzakirələrində iştirak edirlər.

    Kim Çen Inın qızı Kim Cu-eynin dəqiq yaşı məlum deyil, lakin Cənubi Koreya kəşfiyyatı onun 2013-cü ildə anadan olduğunu qeyd edir.
    //unikal.az

  • İcra başçısının sabiq birinci müavini niyə döyülüb?

    Samux Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Tahir Qarayevə qarşı fiziki güc tətbiq edərək xuliqanlıq əməli törədən şəxsin məhkəməsi yekunlaşıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hökmə əsasən, hadisədə günahlandırılan Samux rayonunun Lək kəndinin sakini – 2000-ci il təvəllüdlü Fərhad Quliyev (ad və soyad şərtidir – red.) iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Lakin məhkəmə onun cəzasını şərti hesab edərək, şəxsin üzərində 1 il 6 ay sınaq müddəti təyin edib.

    Araşdırmalar zamanı məlum olub ki, tərəflər arasında gərginlik icra başçısının birinci müavininin qarşı tərəfə əlaqə nömrəsini verməməsindən sonra yaranıb. Mübahisə zəminində F.Quliyev icra hakimiyyətinin balansında olan HAVAL markalı nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb və nəticədə quruma 350 manat maddi ziyan dəyib.

    İnsident nəticəsində Tahir Qarayev sol qolunun said nahiyəsinin əzilmiş yarası və biləyin hematoması ilə müşayiət olunan bədən xəsarətləri alıb.

    Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisənin kökündə Samux rayonunun Lək kəndindəki evində yaranan qaz problemi dayanır. Vətəndaş küçəyə qaz xətti çəkilsə də, onun evinə təbii yanacaq verilmədiyi üçün icra hakimiyyətinə müraciət edibmiş. Bundan əlavə, o, rəhbərlikdən evi üçün qaz sobası istəyib. Ona söz verilməsinə baxmayaraq, vəd yerinə yetirilməyib.

    Məhkəmə iclasında zərərçəkmiş qismində tanınan T.Qarayev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bəyan edərək, ona yüngül cəza təyin olunmasını xahiş edib.

    Qeyd edək ki, məhkum olunan şəxs Vətən müharibəsi iştirakçısıdır.

    Xatırladaq ki, T.Qarayev ötən ilin dekabr ayında tutduğu vəzifədən azad olunub. Onun işdən ayrılmasına səbəb kimi səhhətində yaranmış problemlər əsas gətirilib.

    Xatırladaq ki, hazırda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir.

  • Hər gün 22 min insanı öldürən təhlükə – Həkim xəbərdarlıq edir

    Dünyada təxminən 1,8 milyard insanın həyatını təhlükəyə atan siqaret hər gün 22 min insanın ölümünə səbəb olaraq, hətta müharibələrdən daha böyük bir fəlakət yaradır.

    Qaynarinfo xəbər verir ki, ağciyər xəstəlikləri üzrə türkiyəli mütəxəssis, professor Muhammed Emin Akkoyunlu bildirib ki, siqaret ağciyər xərçənglərinin təxminən 80%-inin əsas səbəbidir.

    Professor Akkoyunlu vurğulayıb ki, siqaret digər risk faktorlarından fərqlənir.

    “Siqaret insanın təbii həyat dövründə heç bir funksiyası olmayan, yalnız xaricdən alınan və insanlığa ən böyük zərəri vuran maddələrdən biridir,” – deyə o əlavə edib.

    Mütəxəssis bildirib ki, küflü qida və ya toksik su yalnız müəyyən şərtlərdə zərərli olsa da, siqaret həmişə zərərlidir və qlobal bir epidemiya kimi qiymətləndirilir.

    Dünyada təxminən 1,8 milyard insan siqaret çəkir və hər gün 22 min nəfər siqaretlə bağlı səbəblərdən həyatını itirir. Siqaret yalnız ağciyər xərçənginin deyil, həmçinin bağırsaq, sidik kisəsi, prostat xərçəngi və lenfoma da daxil olmaqla, demək olar ki, bütün xərçəng növlərinin riskini artırır.

    Siqaret yalnız xərçənglə məhdudlaşmır. Ürək-damar xəstəlikləri, damar tıxanıqlığı, xüsusilə ayaq damarlarında daralma nəticəsində amputasiya kimi ağır fəsadlar da siqaretin nəticələrinə daxildir.

    KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi) üçün əsas risk faktorunun siqaret olduğunu qeyd edən professor Akkoyunlu əlavə edib ki, uşaqlarda astma inkişafında da ciddi rol oynayır. Siqaret adətən yeniyetməlik dövründə, sosial təsir nəticəsində başlayır. Buna görə də gəncləri erkən yaşda siqaretdən uzaq tutmaq, gələcəkdə xəstəlik yükünü azaltmağın ən effektiv yoludur.

    Siqareti tərgitməklə bədəndə bərpa prosesi dərhal başlayır. Lakin xərçəng riski siqareti atdıqdan sonra da təxminən 10 il davam edə bilər. Buna görə də, siqareti nə qədər tez tərgitsəniz, bədəndə qalıcı zərərin qarşısını almaq daha mümkündür.

    Professor Akkoyunlu vurğulayıb ki, siqaretdən uzaq durmaq həm özümüz, həm də ailəmiz üçün qəbul edə biləcəyimiz ən vacib sağlamlıq tədbiridir.

  • Aygün Kazımovanın vergiyə külli miqdarda borcu yığılıb

    Xalq artisti Aygün Kazımovanın vergi borcu yaranıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müğənninin vergi borcu hazırda 27 023,21 manat təşkil edir.

    Məsələ ilə bağlı Aygün Kazımova ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.

    Araşdırmalarımız zamanı məlum oldu ki, bu vaxtı keçmiş borc deyil. Əks halda Xalq artistinin ölkədən çıxışı məhdudlaşdırıla bilərdi. Borcun ödənilməsi üçün nəzərdə tutulan vaxt hələ başa çatmayıb.