Month: February 2026

  • Bakı KOB evinin direktoru vəzifəsindən azad olundu

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB evinin direktoru dəyişib.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Zaur Qasımbəyov direktor vəzifəsindən azad edilib.

    Digər əmrlə, Bakı KOB evinin direktoru vəzifəsinə Yusif Bağırov təyin olunub.

  • Aşıqlar Birliyi: Aşıq Tellinin mərhum qardaşı üzvümüz deyildi

    Aşıq Telli Borçalının mərhum qardaşı Ataxan Qurbanov Azərbaycan Aşıqlar Birliyinin üzvü deyildi.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin katibi Musa Nəbioğlu deyib.

    O qeyd edib ki, Teli Borçalının özü və daha bir qardaşı Azərbaycan Aşıqlar Birliyinin üzvüdür:

    “Onlar ailəliklə aşıq sənətinin davamçılarıdır. Ataxan daha çox Gürcüstanda fəaliyyət göstərib. Tədbir Aşıqlar Birliyinin deyildi, hansısa kitabın təqdimetmə mərasimidir. Ataxan orada çıxış edib. Çıxışdan 5 dəqiqə sonra yerə oturub və onunla da canını tapşırıb”.

    Xatırladaq ki, Aşıq Telliyə ağır itki üz verib. Aşığın qardaşı 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov Atatürk Mərkəzində tədbirlərin birində qəfil vəfat edib.

  • İş adamına qarşı 300 min manatlıq armatur satmaq adı ilə dələduzluq edildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham olunan Adil Bayramovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə baş tutan iclasda yekun qərar elan edilib.

    Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 6 il 5 ay müddətinə həbs cəzasına məhkum olunub.

    İttiham aktına görə, Adil Bayramov tamah məqsədilə etibardan sui-istifadə edərək başqasının külli miqdarda əmlakını mənimsəmək üçün fırıldaq işlədib. O, tanışı vasitəsilə əlaqə qurduğu zərərçəkmiş iş adamı Tağı Yusifliyə (adı və soyadı şərtidir) özünü Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksini dəmir çubuqlar (armatur) təchiz edən şəxs kimi təqdim edib.

    İstintaq sənədlərində göstərilir ki, təqsirləndirilən şəxs özünü uğurlu biznesmen və maddi imkanı geniş olan biri kimi göstərərək, zərərçəkmişi inandırıb ki, böyük məbləğdə sərmayə qoyacağı halda həmin MTK-ya armatur satışı həyata keçirərək yüksək gəlir əldə edə bilərlər. Bu yolla Tağının etibarını qazanan şəxs, əslində onun vəsaitini ələ keçirməyi planlaşdırıb.

    İttihamda vurğulanır ki, Adil Bayramov 2020-ci ildə, müxtəlif vaxtlarda və məkanlarda Tağı Yusiflidən ümumilikdə 300 000 manat nağd pulu vahid qəsdlə ələ keçirib.

    İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs aldığı pulları vəd edilən məqsəd üçün xərcləməyib və bunun nəticəsində zərərçəkmişə külli miqdarda maddi ziyan vurub.

    Məhkəmə prosesində ifadə verən Adil Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə irəli sürülən ittihamla razılaşmadığını və özünü təqsirli bilmədiyini bəyan edib.

  • “Salt Hotel”də oğurluq: Bir müştəri digərinin telefonunu və pulunu aparıb

    Bakının Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Salt Hotel”də oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, otelin müştərilərindən biri digərinə məxsus “iPhone 15 Pro” markalı mobil telefonunu və 200 manat pulunu oğurlayıb.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, zərərçəkmişin çantasından 200 manat deyil, 100 manat götürüb. Həmin pulu da ona özü veribmiş. O, əməlini içkili olması ilə izah edib və bildirib ki, özünü Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilir.

    Məhkəmə onun əməlini 177.1-ci maddəyə tövsif etməklə ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət təyin olunan cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

  • Evlərin və torpaqların sənədləşdirilməsi üçün mühüm qərar: Nələr dəyişəcək? (Video)

    Daşınmaz əmlakla bağlı qərar imzalanıb. Bununla da daşınmaz əmlakın qeydiyyatı zamanı ən çox rast gəlinən maneələrdən biri aradan qalxıb.

    İndiyə qədər vətəndaşın təqdim etdiyi sənədlə torpağın kadastr məlumatları arasında kiçik bir uyğunsuzluq olduqda, proses dayandırılır və vətəndaş aylarla məhkəmə və ya digər qurumlarda vaxt itirirdi.

    Yeni qaydaya əsasən, əgər sənədlərdə torpağın təyinatı fərqli göstərilibsə, qeydiyyat orqanı 15 iş günü müddətində yerquruluşu sənədlərini təhlil edərək araşdırma aparacaq. Əgər məlumatların doğruluğu təsdiqlənərsə, əmlak qeydiyyata alınacaq və kadastrda lazımi düzəlişlər elə dövlət tərəfindən ediləcək.

    Qiymətləndiriclər cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc bildirib ki, bu addım həm də ölkə üzrə illərdir həllini gözləyən sənədsiz evlər probleminin həlli üçün bir keçid mərhələsi hesab olunur. Çünki hazırda sənədləşdirilməyən xeyli sayda fərdi yaşayış evi məhz torpağın kateqoriyasındakı uyğunsuzluqlar səbəbindən müəmmalı statusda qalıb.

    Qeyd edək ki, qərar artıq qüvvəyə minib. Bu isə o deməkdir ki, vətəndaşların sənəd toplamaq və ya texniki xətalara görə imtina almaq yükü xeyli azalacaq.//Xəzər TV

  • Yasamal qəbiristanlığında ölülərin qızıl dişlərini oğurlayan şəxs cəzalandırılıdı

    Ölmüş şəxslərin qızıl dişlərini çıxaran şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Yasamal qəbiristanlığında fəhlə işləyən həmin şəxs meyitləri basdırmamışdan əvvəl qızıl dişlərini çıxarırmış.

    Bu əməli bir neçə dəfə törədən həmin şəxs Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri ilə mühakimə olunub. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılıması cəzası təyin edilib.

    Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək, əməlini maddi ehtiyacları ilə izah edib.

    Bu cinayət işi üzrə iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş zərərin ümumi məbləği 1370 manatdır.

  • ÜST-dən xəbərdarlıq: 94 milyon insan bu səbəbdən görmə qabiliyyətini itirir

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, katarakt səbəbindən görmə qabiliyyətini itirən hər iki insandan biri həyatını dəyişdirəcək əməliyyata ehtiyac duyur. Sadə 15 dəqiqəlik prosedurla görmə qabiliyyətini bərpa etmək mümkündür, lakin qlobal səylərin sürətləndirilməsi vacibdir.

    Qaynarinfo xəbər verir ki, ÜST ölkələrdən bu sahədə daha çox addım atmağı və 2030-cu il hədəflərinə çatmaq üçün sürətli irəliləyiş gözləyir.

    ÜST “The Lancet” tibbi jurnalında yayımlanan katarakt xəstələri ilə bağlı araşdırmaya istinadla yazılı açıqlama verib: “Katarakt səbəbindən görmə itkisi yaşayan hər iki insandan biri həyatını dəyişdirəcək əməliyyata ehtiyac duyur”.

    Təşkilat ölkələrə milyonlarla katarakt xəstəsinin sadə əməliyyatlarla görmə qabiliyyətini geri qazana bilməsi üçün səylərini sürətləndirməyi tövsiyə edir. Açıqlamada bu əməliyyatların qarşısı alına bilən görmə itkisini önləmək üçün ən effektiv və sərfəli tibbi müdaxilələrdən biri olduğu vurğulanıb.

    Son 20 ildə yaşlanan əhali və artan katarakt halları səbəbindən ümumi tələbin yüksəldiyi bildirilib. Katarakt əməliyyatlarının qlobal miqyasda təxminən 15% artdığı qeyd olunub. ÜST bildirir ki, ən son modellər gələcək 10 ildə katarakt əməliyyatı əhatəsinin təxminən 8,4% artacağını göstərir. ÜST-ün 2030-cu il üçün 30% artım hədəfi üçün irəliləyişin sürətlənməsi vacibdir.

    Açıqlamada kataraktın göz linzasının bulanması nəticəsində görmə pozuntusuna və hətta korluğa səbəb ola bilən xəstəlik olduğu vurğulanıb: “Katarakt dünya üzrə 94 milyondan çox insanı təsir edir”.

    Katarakt əməliyyatının 15 dəqiqəlik sadə bir prosedur olduğu və görmə qabiliyyətinin dərhal və qalıcı şəkildə bərpa edilməsini təmin edən ən sərfəli tibbi müdaxilələrdən biri olduğu bildirilib.

    ÜST-ün Qeyri-Yoluxucu Xəstəliklər və Ruh Sağlamlığı Departamentinin direktor müavini Devora Kestel bildirib: “Katarakt əməliyyatı görməni bərpa etmək və həyatları dəyişdirmək üçün ən güclü vasitələrimizdən biridir. İnsanlar görmə qabiliyyətini bərpa etdikdə, müstəqilliklərini, hörmətlərini və imkanlarını da geri qazanırlar”.

  • Sərxoş olub qonşunun qapısını döydü, həbs olundu

    Bakıda içkili halda qonşusunun qapısını döyən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, C.Hacıbəyli küçəsində baş verib.

    1989-cu ildə Bakı şəhərində anadan olmuş Q.R. gecə saat təxminən 01:40 radələrində sərxoş vəziyyətdə yaşadığı mənzilə gəldikdə səhvən qonşunun qapısını döyüb. Zərərçəkmiş F.G.-nı narahat edən təqsirləndirilən şəxs barəsində polisə şikayət verib.

    Q.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə təqsirləndirilən şəxs həmin mənzilin qapısını döyməkdə başqa məqsədi olmadığını, sərxoş olduğu üçün qapıları səhv saldığını bildirib.

    Məhkəmənin qərarı ilə Q.R. 7 gün müddətinə həbs edilib.

  • Dələduzluq edən şəxs axtarışa verildi

    Azərbaycanda vətəndaşlara qarşı dələduzluq əməli törədilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, vətəndaşların şikayəti əsasında 1981-ci il təvəllüdlü Hüseynov Rahib İsmayıl oğlu barəsində hüquq-mühafizə orqanları tərəfindən axtarış elan olunub.

    Qeyd edək ki, təqsirləndirilən şəxs iki dəfə məhkumluq həyatı yaşayıb.

    Digər şəxslərin də bu kimi dələduzluq halları ilə üzləşməmələri üçün hüquq-mühafizə orqanlarına müraciət etmələri vacibdir.

  • Övladını həbsdən çıxarmaq istədi, dələduzluğa məruz qaldı

    Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzluqla üzləşib. 

    Qaynarinfo-nun məlumatına görə, M.Məmmədovanın qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova ilkin mərhələdə qızının cəzasının azadılması, daha sonra isə azadlığa buraxılması üçün yollar arayıb. 

    Vaxtilə hüquq-mühafizə orqanlarından çalışan və qohumu vasitəsi ilə tanıdığı bir nəfər bu məsələdə ona yardım edəcəyini deyərək hissə-hissə olmaqla ondan 34 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

    Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. 

    O, məhkəmənin hökmü ilə 3  il 10 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.