Month: February 2026

  • İnsanlar daha az pivə içir, məşhur şirkət minlərlə işçisini ixtisar edir

    Məşhur pivə istehsalçısı “Heineken NV” içkiyə tələbatın azalması səbəbindən işçilərinin təxminən 7%-ni ixtisar edəcək.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Ümumilikdə, Niderland pivə istehsalçısının dünya miqyasında 87 min işçisi var. Əsasən Avropada 5-6 min iş yerinin ixtisar ediləcəyi gözlənilir. Şirkət bildirib ki, işçilərin sayının azaldılması xərclərin azaldılması proqramının bir hissəsi olaraq iki il ərzində baş verəcək. Lakin ixtisarların hansı vəzifələrə təsir edəcəyi dəqiqləşdirilməyib.

    “Şirkət həmçinin 2025-ci ildə pivə satışlarında azalma olduğunu bildirib, baxmayaraq ki, 2,4% azalma analitiklərin proqnozlaşdırdığından bir qədər kiçik göstəricidir. “Heineken” səhmləri Amsterdamda 5,5% artıb ki, bu da son 12 ayda ən böyük günlük artımdır. Çərşənbə axşamı bağlanışına qədər ilin əvvəlindən bəri 7% artım göstərib”, deyə hesabatda bildirilir.

    ABŞ və Avropa kimi əsas bazarlarda pivə istehlakı bir müddətdir azalır. Bu fonda “Heineken” rəhbərliyində dəyişiklik müşahidə olunub. Keçən ay baş direktor Dolph van den Brinkin altı il rəhbərlikdən sonra may ayında istefa verəcəyi açıqlanıb. İdarə Heyəti hazırda onun yerinə başqa bir şəxs axtarır.

    Van den Brink inkişaf etmiş bazarlarda “daha böyük və daha cəsarətli innovasiyaya” ehtiyac olduğunu söyləyir. O, az spirtli və alkoqolsuz pivələrin böyük potensiala malik olduğunu görür.

    Ayrı-ayrılıqda, şirkət bu il əməliyyat mənfəətinin 2-6% artacağını proqnozlaşdırır ki, bu da proqnoz diapazonunun aşağı həddi olan 2025-ci ildəki 4,4%-ə qarşıdır.

    Rəqib şirkətlərin satışlarına da pivə istehlakının ümumi azalması təsir edib. Vəziyyətə yalnız qiymətlər deyil, həm də istehlakçıların alkoqolun sağlamlığa təsiri ilə bağlı narahatlıqları təsir edib.
    //qaynar.az

  • Bakıda yeni metrostansiya nə vaxt açılacaq? – Rəsmi açıqlama (Video)

    Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır.

    Sakinlər bildirdilər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

    “Bakı Metropoliteni” QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

    “Bakı Metropoliteni”ninin rəsmisi bildirdi ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.//Xəzər TV

  • İnternet tanışlıqları xoşbəxt münasibətlərə səbəb olurmu? – Yeni sorğu

    İnsanlar bir çox hallarda xoşbəxt münasibət qurmaq istəyərəkən müxtəlif tanışlıq tətbiqlərindən istifadə edir. Lakin “Asda” tərəfindən aparılan yeni araşdırmaya görə, xoşbəxt münasibət qurmaq istəyən şəxslərin real həyatda tanış olduqları zaman uğur qazanma ehtimalı daha yüksəkdir.

    Bu barədə “The Mirror” nəşri məlumat yayıb.

    Tədqiqat nəticələrinə əsasən, şəxsi tanışlıq yolu ilə bir araya gələn cütlüklərin 44 faizi özlərini uzunmüddətli və sadiq münasibətdə hesab edir. İnternet vasitəsilə tanış olanlar arasında isə bu göstərici cəmi 7 faiz təşkil edir.

    Eyni zamanda, real həyatda tanış olan cütlüklərin 62 faizi münasibətlərini “son dərəcə xoşbəxt” kimi qiymətləndirir. Tanışlıq tətbiqləri vasitəsilə bir araya gələnlərdə bu göstərici 51 faizdir.

    Materialda qeyd olunur ki, tərəfdaşla şəxsən tanışlıq daha çox etimada əsaslanan münasibətlərə səbəb olur. Respondentlərin 71 faizi partnyoruna “100 faiz etibar etdiyini” bildirib. Tanışlıq tətbiqləri vasitəsilə tanış olanlar arasında isə bu göstərici 63 faizdir. Bundan əlavə, dostlar vasitəsilə, iş yerində, pubda və ya supermarketdə tanış olanlar münasibətlərini daha çox “dərin dostluq” kimi təsvir edirlər.

    Bu səbəbdən respondentlərin 87 faizi real həyatda tanış olmağın daha yaxşı olduğu ilə razılaşıb. Subay şəxslərin 81 faizi isə itlə gəzinti zamanı, qəhvə içərkən və ya alış-veriş edərkən kiminləsə tanış olmağa hazır olduqlarını bildirib.

    Araşdırmaya görə, respondentlərin 64 faizi yerli supermarketlərində bəyəndikləri birinin olduğunu etiraf edib. Lakin ilk addımı atmaq hər zaman asan deyil. Subayların 82 faizi kimdənsə telefon nömrəsini istəməyə utandıqlarını qeyd edib.

    Tanışlıq zamanı düzgün göz təmasının qurulması da mühüm amil hesab olunur. Sorğuda iştirak edənlərin 51 faizi bunun ilk andan daha yaxın əlaqə hiss etməyə kömək etdiyini düşünür.

    Bundan başqa, dostlar vasitəsilə tanışlıq ortaq maraqların formalaşmasına şərait yaradır. Respondentlərin 30 faizi bunun ünsiyyətdə buzların əriməsinə kömək etdiyini, 33 faizi isə şəxsi əlaqələrin daha vacib olduğunu bildirib.
    //qaynar.az

  • Leyla Əliyeva dairəvi xalçanın kəsim mərasimində iştirak edib

    Heydər Əliyev Fondu, “PASHA Holding” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb.

    Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

    Bildirilib ki, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında toxunaraq başa çatdırılıb, ikinci mərtəbə üçün hazırlanan xalça isə “Azərxalça” ASC-nin Şabran emalatxanasında toxunub.

    Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim prosesində Leyla Əliyeva iştirak edib. Daha əvvəl Leyla Əliyeva İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və bu tarixi əsərin bir hissəsinə çevrilərək xalçaya ilmə atıb. Kəsim mərhələsində isə xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.

  • Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

    Şəmkirdə evlərdən birinə basqın edən şəxs həbs olunub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini Akif Məmmədov maska və əlcək geyinərək, qonşusu Tahirə Əmirovanın evinə basqın edib. O, qadının evində pul olduğunu zənn edərək, mənzildə axtarışa başlayıb.

    Həmin vaxt həyətdə olan qadın evə daxil olarkən A.Məmmədovla qarşılaşıb. Maskalı şəxs ev sahibəsinə hücum edərək, ona baş nahiyəsindən xəsarət yetirib.

    Daha sonra qonşusunu ölümlə hədələyərək, evindəki pulları tələb edib. Həyatına təhlükə yarandığını görən qadın evində olan üç min manatı gətirərək A.Məmmədova verib. O, pulları alandan sonra hadisə yerini tərk edib.

    Təxminən bir saatdan sonra A.Məmmədov alibi yaratmaq üçün həyat yoldaşına bildirib ki, Tahirə Əmirovanın evinə oğru girib. O, arvadı ilə birlikdə T.Əmirovanın evinə gəlib, hadisədən xəbərsiz kimi ona təsəlli verib.

    Ancaq A.Məmmədovun əməli qısa müddətdə ifşa edilib. Polisin keçirdiyi tədbirlərlə hadisənin onun tərəfindən törədildiyi məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, A.Məmmədovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

  • Devid Bekhem Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb

    “İnter Mayami”nin sahibi Devid Bekhem “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu haqqında danışıb.

    Oxu.Az “Championat”a istinadən xəbər verir ki, daha əvvəl Bekhemin Ronaldunu Lionel Messinin oynadığı “İnter Mayami”yə dəvət etməyi ciddi şəkildə düşündüyü bildirilmişdi.

    “Ronaldu “Real Madrid”də? Bu, inanılmaz idi. Kriştianu oynadığı hər komanda ilə bir miras qoyub gedib. Əvvəlcə Portuqaliya millisində, sonra isə “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus”, “Ən-Nəsr” kimi komandalarda. Bugünkü karyerasına baxsanız, sadəcə inanılmaz idi”, – deyə Bekhem “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinandın aparıcılığı ilə keçirilən podkastda bildirib.

  • Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə hökm oxundu

    Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Vüqar Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Oxu.Az-ın məlumatına görə, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirib və qarşı tərəflə barışıq əldə edildiyini deyib. Zərərçəkmiş tərəf sürücüyə yüngül cəza verilməsini xahiş edib.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədəliyev 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    İttihama görə, hadisə ötən ilin fevral ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. 1965-ci il təvəllüdlü V.Məmmədəliyev idarə etdiyi “Saipa” markalı avtomobillə piyada, 1971-ci il təvəllüdlü Məryəm Novruzovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. M.Novruzova Bakıdakı orta məktəblərin birində ibtidai sinif müəlliməsi olub.

  • Külək GÜCLƏNƏCƏK – Ərazilər açıqlandı

    Fevralın 13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakıda yollardan biri iki gün tam bağlı qalacaq

    Sabunçu rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

    Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən açıqlama verilib.

    Qeyd olunub ki, sözügedən məhdudiyyət planlaşdırılan təmir-bərpa işləri səbəbindən tətbiq edilir.

    Məlumata əsasən, 14 fevral saat 07:00-dan başlayaraq 15 fevral saat 23:00-a qədər paytaxtın Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsi boyunca (Yavər Əliyev küçəsi ilə kəsişmədən Əhmədbəy Ağayev küçəsinə qədər olan aralıqda) avtomobillərin gediş-gəlişi tamamilə dayandırılacaq.

    “Sürücülərdən aparılan yenidənqurma işlərini anlayışla qarşılamaları və göstərilən vaxt ərzində mənzilbaşına çatmaq üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – deyə qurumun məlumatında vurğulanıb.

  • Sabirabadda bir ailənin zəhərləndiyi hadisə ilə bağlı YENİ XƏBƏR

    Sabirabad rayonunun Saraxanbəyli kəndində zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

    Bu barədə Oxu.Az-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından (ŞMX) məlumat verilib.

    Bildirilib ki, zəhərlənən şəxslərin vəziyyəti stabildir:

    “Fevralın 12-də saat 01:20-da zəhərlənmə şübhəsi ilə dörd nəfər (üçü qadın, biri kişi olmaqla) Şirvan ŞMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.

    Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

    Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü azyaşlı (kişi) fevralın 12-də saat 15:00-da Şirvan ŞMX-yə hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.

    Hazırda digər üç nəfərin müalicəsi Şirvan ŞMX-nin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”.