Month: February 2026

  • Türk Hava Yolları İrəvana uçuşlara başladı

    Türk Hava Yolları şirkəti növbəti aydan etibarən İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlayacaq.
     
    Bu barədə aviaşirkətdən məlumat verilib.
     
    İlk reysin 11 martda həyata keçirilməsi planlaşdırılır.

  • Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu

    Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
     
    Median.Az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
     
    Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

  • Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

    Bakıda 32 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, fevralın 7-dən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək.

    Qeyd edilib ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.

  • Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

    Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.

    Hadisə ilə bağlı “Trend”in sorğusuna cavab olaraq 10 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı açıqlanmır) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb.

    Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.

    “Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

    Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.

    Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb”, – deyə məlumatda bildirilib.

    Klinik Tibbi Mərkəzdən isə qeyd edilib ki, bu gün saat 16:30-da 2012-ci il təvəllüdlü kişi cinsli şəxs Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.

  • ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib

    ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib. Vaşinqtonun məlumatına görə, Pekin bu sınağı 2020-ci ildə beynəlxalq nəzarətdən gizlətməyə çalışaraq həyata keçirib.

    Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

    ABŞ Dövlət katibinin silahlara nəzarət üzrə müavini Tomas DiNanno bildirib ki, Çin hərbçiləri yüzlərlə ton gücündə nüvə partlayışı hazırlayıb həyata keçiriblər. Onlar seysmik monitorinqin effektivliyini azaltmaq üçün xüsusi üsullardan istifadə ediblər.

    ABŞ iddia edir ki, Çinin gizli sınağı 22 iyun 2020-ci ildə baş tutub. Bu, Çinin nüvə sınaqlarının qadağan edilməsi ilə bağlı öhdəliklərini pozur. Pekin ittihamları rədd edib.

  • Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

    Biləsuvar şəhərinin bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.

    Fevralın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.
    Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
    Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı

    BMT-nin baş katibi Antonio Quterreş Tehran və Vaşinqton arasında davam edən dialoqu dəstəklədiyini bildirib.

    Bu barədə Baş katibin ofisinin rəsmi açıqlamasında bildirilib.
    “Baş katib İran İslam Respublikası ilə ABŞ arasında bu gün yenidən başlayan danışıqları alqışlayır və ümid edir ki, bu danışıqlar regional gərginliyin azaldılmasına və daha geniş böhranın qarşısının alınmasına kömək edəcək”, – deyə bildirilib.
    Qeyd edilib ki, bütün narahatlıqlar sülh yolu ilə həll edilə bilər və edilməlidir.

  • Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş

    Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi – 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, güllə yarası alan riyaziyyat müəllimi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.
    Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəvi şəkildə vəfat edib. 

  • Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

    Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sabirabad rayonunda qeyd olunan kateqoriyadan olan şəxslərə yeni mənzillər veriləcək.
    Proqram çərçivəsində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Sabirabadda 10 ədəd üçotaqlı mənzilin verilməsi nəzərdə tutulub.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan mənzillərin satın alınmasına isə 694,4 min manat vəsait xərcləyək.
    Artıq qurum bununla bağlı Şahin Sərdar oğlu Quliyevlə müqavilə bağlayıb.

  • Masallıda “Mercedes”lər toqquşdu – Ölən var

    Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb.
    Belə ki, 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadənin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
    Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır olan Q. Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilib.
    Aparılan bütün reanimasyon tədbirlərinə baxmayaraq Qardaş Fətullayevin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü V. Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.
    Qeyd edək ki, Q. Fətullayev Masallı Ziyalıları İctimai Birliyinin sədri, YAP-ın Masallı Rayon Təşkilatının, rayon Ağsaqqallar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin şura üzvü idi.
    Faktla bağlı araşdırma aparılır.