Month: February 2026

  • Azərbaycanda beş idarə ləğv edildi – Aralarında dövlətə borcu olanlar da var

    Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar Neftçala Melioservis, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama, Ucar Melioservis, Yevlax Melioservis və Bərdə Melioservis idarələridir.

    Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin son rəisi Nizami Nəsirov olub. Qurumun hazırda dövlətə 93 min 285.84 manat borcu var.

    Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və axırıncı rəisi Ramis İsmayılovdur.

    Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, ləğv edilənədək rəisi Cəsarət Zülüyev olub.

    Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, ləğv olunanadək ona Nüsrət Məmmədov rəhbərlik edib. Müəssisənin hazırda dövlətə 8 min 532.45 manat borcu mövcuddur.

  • Bu marşrutların hərəkət sxemi dəyişdirilir

    32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, fevralın 7-dən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək.

    Qeyd edək ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.

  • Vüqar Səfərlinin əmlaklarından birinin müsadirəsi barədə qərar ləğv olundu

    Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, Vüqar Səfərlinin əmlaklarından biri ilə bağlı onun həyat yoldaşının iddiası təmin olunub. İş üzrə maraqlı şəxs qismində tanınan Vüqar Səfərlinin həyat yoldaşının adına olan mənzilə qoyulan xüsusi müsadirə qərarı ləğv olunub, mənzilin üzərindən həbs götürülüb.

    Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər – Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

    Bakı Apellyasiya Məhkəməsi qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

    Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

  • Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri – ANBAAN VİDEO

    Səhər saatlarında “İdrak” liseyində baş verən insidentin ilkin görüntüləri yayılıb.

    Median.Az Musteqil.az-a istinadən xəbər verir ki, görüntülərdə yeniyetmənin silahı liseyə necə keçirdiyi görünür.

    Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib. Hadisə zamanı silahdan açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib.

  • Məşhur türkiyəli aktrisa vəfat etdi

    Türkiyə kinosunun görkəmli simalarından biri və “Yeşilçam” aktrisası Nevin Efe xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli keçirdiyi kəskin narahatlıq səbəbindən vəfat edib.

    Bu barədə Median.Az “TGRT Haber” nəşrinə istinadən xəbər verir.

    78 yaşlı aktrisa bir müddətdir müalicə aldığı Taksim İlk Yardım Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

  • Azərbaycan və İran müdafiə nazirləri Bakıda görüşdülər

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

    Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

    General-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

    Briqada generalı Ə.Nəsirzadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

    Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.

    Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

  • Əcnəbilərə qaytarılan “tax free”nin məbləği açıqlandı

    2026-cı ilin yanvar ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 718,2 min manat təşkil edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, 2026-cı ilin yanvar ayı ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 19 milyon 680,2 min manat olub.

  • В Турции произошло еще одно землетрясение

    В районе Кемах турецкой провинции Эрзинджан произошло землетрясение магнитудой 4.9.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Управлением по борьбе со стихийными бедствиями (AFAD) при правительстве Турции.

    По имеющейся информации, землетрясение было зафиксировано в 14:16 по местному времени (15:16 по Баку – ред.).

    О жертвах и разрушениях в результате стихийного бедствия не сообщается.

    Напомним, сегодня в Турции было зафиксировано еще одно землетрясение.

  • Türkiyədə daha bir zəlzələ oldu

    Türkiyənin Erzincan bölgəsinin Kemah rayonunda 4.9 bal gücündə zəlzələ olub.

    Bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:16-da (Bakı vaxtı ilə 15:16 – red.) qeydə alınıb.

    İtki və dağıntı barədə məlumat verilməyib.

    Yada salaq ki, bu gün Türkiyədə daha bir zəlzələ qeydə alınıb.

  • Bakıda şagirdi tərəfindən güllələnən müəllimə əməliyyat olundu: Vəziyyəti necədir?

    Bakıda “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilova əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

    Vəziyyəti sabit-ağır olaraq qalır.