Azərbaycan tərəfinin WUF13 konfransına Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məndə məlumat yoxdur.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, bu tədbirin özünün formatı var:
“Həmin format kontekstində hansı dövlətlərin dəvət edilməsi də müəyyən ediləcək. Bu tədbirə Azərbaycanla əməkdaşlığı olan ölkələr dəvət edilir. Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur”, – nazir qeyd edib.
Bakının Nəsimi rayonu ərazisində dayanacağın qanunsuz şəkildə bağlandığı iddia olunur.
Sakinlər avtomobilini park edə və ya saxladığı yerdən çıxara bilmirlər.
Ərazinin zəncirlə bağlanması təkcə nəqliyyat vasitələrinin yox, piyadaların hərəkətinə də mane olur.
Çəkiliş zamanı ərazi üzrə Mənzil istismar sahəsinin əməkdaşları gələrək zəncirləri açdılar. Məlum oldu ki, bu hal ilk dəfə yaşanmır.
Ərazidə yerləşən restorandan bildirildi ki, zəncirləmə işini onlar həyata keçirməyib. İddiaya görə, ərazidəki tikinti şirkəti binanın qarşısını qanunsuz zəbt edib. Şirkətin işçilərindən də məsələyə münasibət öyrənməyə çalışdıq, amma mümkün olmadı.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur.
Naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb. Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı deyir ki, vəziyyət fevralın 20-si axşam saatlarında onlara məlum olub:
“Bəzilərini isə heç bilmirik hardan götürüblər. Elə şəxslər vardır ki, heç profillərində şəkillərini paylaşmayıblar. Bizim xəbərimiz yoxdu ki, kimdir. Hələ ki, heç kim tapa bilmir. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi”.
İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələrinə qarşı istifadə etməyə başlayıb.
“Hekayə bölməsində yazıb ki, pul atın kartıma. Tapıblar ki, mail Rusiyadan açılıb və birdəfəlik gmaildir”, – deyə tələbə əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tələbələrin müraciəti əsasında araşdırma başlanılıb.
Bakı Dövlət Universitetindən isə qeyd edilib ki, təhsil müəssisəsi tələbələrin müraciəti əsasında vəziyyətdən xəbər tutub.
“Hadisə hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Tələbələrə şantaj edən şəxsin kimliyi, onun niyə məhz hüquq fakültəsində oxuyanları hədəf alması isə məlum deyil”.
Hadisə paytaxtın Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 ünvanında baş verib. Ağdam rayonunda daimi qeydiyyatda olan 1950-ci il təvəllüdlü Yusif Məmməd oğlu Məmmədov qeyd edilən ünvandakı binanın bloklarından birinin girişində naməlum səbəbdən ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. //oxu.az
Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Növbəti tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun idarə etdiyi avtomobilindən və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda texniki baxış üçün tələb edilən avadanlıqların icarəyə verilməsi ilə bağlı elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, müvafiq dəstin nağd satış qiyməti 60 manat, icarə haqqı isə 20 manat təşkil edir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, bu hal yolverilməzdir.
“Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə ciddi şəkildə riayət etməlidirlər. Həmin tələblərə əsasən, avtomobildə yanğınsöndürən balon, ilkin tibbi yardım çantası və digər zəruri avadanlıqlar daim mövcud olmalıdır.
Texniki baxış zamanı bu avadanlıqların icarəyə götürülərək sonradan geri qaytarılması kimi hallar yolverilməzdir. Qeyd olunan vasitələr yol-nəqliyyat hadisələri və digər fövqəladə hallarda insan həyatının və sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, bildiririk ki, sonradan yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsində həmin avadanlıqların mövcud olmaması aşkar edilərsə, sürücü barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbirləri görülür”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinin birinci bəndinə əsasən, maşında yanğınsöndürən balon, tibb çantası və qəza nişanı olmadıqda 50 manat cərimə tətbiq edilir.
Biləsuvar rayonunda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb.
Hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyev kirayə yaşadığı evdə olarkən iki nəfər ona hücum edib. Həmin şəxslər F.Həziyevə bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.
Yaralı təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. F.Həziyev Reanimasiya şöbəsinə yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tural Əmirxanov və Əli Məmmədov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər F.Həziyevin iş yoldaşıdırlar.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal ərazisində baş verib. Bakı şəhər sakini – 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov rayonun A.Məlikov küçəsində piyada hərəkət edərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Hüseynov orada ölüb.