Month: March 2026

  • Tramp Hörmüz boğazının açılması üçün 3 ölkədən YARDIM İSTƏDİ

    Biz neftimizin 1%-dən azını Hörmüz boğazdan əldə edirik.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp açıqlama verib. O, boğazın açılması üçün bu logistika arteriyasından asılı olan ölkələrin hərbi dəstək verməsini istəyib.”

    “Bəzi ölkələr bu boğazdan daha çox neft əldə edir: Yaponiya – 95%, Çin – 90% və Cənubi Koreya – 35%. Biz onların gəlib boğazla bağlı bizə kömək etmələrini istəyirik”.

    Xatırladaq ki, ABŞ İsraillə İrana qarşı hərbi əməliyyatlara
    başladıqdan sonra Hörmüz boğazı vasitəsilə neft-qaz daşıyan gəmilər hücuma məruz qalır. 

  • İranın İsraili vuracaq neçə raketi qalıb? – SAY AÇIQLANDI

    ABŞ prezidenti Donald Tramp İran raket ehtiyatlarının cəmi 8%-nin qaldığını bildirib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatına (İsrail mənbələri də daxil olmaqla) əsaslanan hesablamalara görə, İranın 2025-2026-cı illərə qədər 2500-3000 raket arsenalına sahibdir. Buraya İsrail üçün böyük narahatlıq doğuran mənzilli raketlər də daxildir.

    ABŞ-da yerləşən Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutu (JINSA) bu rəqəmləri 2026-cı ilin fevral ayında dərc edilmiş hesabatda təsdiqləyir.

    İrandan 2000 km mənzilli orta hesabla 2750 raket rəqəminə əsasən, İranın İsrailə çata biləcək 220 raketi qalıb. İsrail məlumatlarına görə, 3 martdan 14 marta qədər İranın İsrailə raket atışlarının sürəti gündə təxminən 13-15 raket olduğundan, İran iki həftə ərzində raketlərini tükəndirəcək. Həmin raketlərin isə Səudiyyə Ərəbistanı və İordaniyaya qarşı deyil, yalnız İsrailə qarşı istifadə ediləcəyi gözlənilir.

    Lakin İranın 1000 km-ə qədər mənzilli neçə raket buraxdığı məlum deyil. 

  • Xocavənddə bir sıra evlərin təmirinə başlanılır

    Xocavənd rayonlarının bir sıra kəndlərində fərdi evlərin təmir işlərinə başlanılır.

    Median.Az bu”Trend”ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.

    Məlumata görə, rayonun Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndləri ərazisində fərdi evlərin təmir işlərinə müəllif nəzarəti işləri həyata keçiriləcək.

    Bundan başqa, Tuğ, Məmməddərə, Zərdanaşen, Qağartsı, Böyük Tağlar kəndləri ərazisində 637 ədəd fərdi evlərin, Hadrut, Qaradağlı, Cəmiyyət, Sos, Ağbulaq, Arpadüzü, Köhnə Tağlar, Görərçi, Müşkabad, Çağaduz, Kəndxurt kəndləri ərazisində isə 639 ədəd fərdi evlərin layihələndirilməsi işləri aparılacaq.

    Dövlət xidməti sözügedən işlərlə bağlı “Himmen Construction” və “ERA Design Group” Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) ilə müqavilələr bağlayıb.

    Bağlanmış müqavilələrə əsasən, ümumilikdə qeyd olunan işlərin icrası 3.2 milyon manata başa gələcək.

  • JIVA-nın “Avroviziya 2026” üçün mahnısı təqdim olundu

    Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub.

    Median.Az xəbər verir ki, “Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.

    Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir.

    Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.

    Xatırladaq ki, JIVA Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub. Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

  • İsrail İranın əsas “beyin mərkəzi”ni VURDU

    İsrail Müdafiə Qüvvələri İran rejiminin kəşfiyyat komandanlıq mərkəzinə zərbə endirdi.

    Median.Az İran KİV-nə istinadən xəbər verir ki, zərbələr səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri tərəfindən kəşfiyyat məlumatlarına əsasən endirilib. Hava hücumu Tehranın mərkəzindəki İran Elektrik Enerji Şirkəti ilə eyni kompleksdə yerləşən İran rejiminin kəşfiyyat komandanlıq mərkəzinə yönəlib.

    İsrail tərəfi İran hakimiyyətinin komandanlıq mərkəzlərini mülki obyektlərdə yerləşdirdiyini və  ki, bununla zərbələrdən qorunmağa çalışdığını bildirib.

    İran Xarici İşlər Nazirliyi isə Tehranın enerji qovşağına endirilən zərbənin ölkənin infrastrukturuna qəsdən endirilmiş zərbə olduğunu bildirib. 

  • Köçəryan baş nazirliyə namizəd oldu

    Robert Köçəryan Ermənistan müxalifətindəki “Hayastan” blokunun baş nazirliyinə namizəd olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, namizədlik bu gün İrəvanda Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində keçirilən mərasimdə elan edilib.
    Blokun seçki kampaniyasının şüarı “Birlikdə bacaracağıq”dır.

  • Qırmızı dənizdə gərginlik artır: Nəhəng internet layihəsi dayandırıldı

    “Meta” şirkətinin 3 milyard insanı dünyaya birləşdirəcək nəhəng kabel layihəsi “2Africa”, Qırmızı dənizdəki gərginliyin qurbanı olub.
     
    Median.Az
    xəbər verir ki, okean dibinə çəkilən 45 min kilometrlik nəhəng şəbəkə dayanma nöqtəsinə gəlib çıxarkən, bölgədəki risklər həm rəqəmsal gələcəyi, həm də iqtisadi mənfəəti təhlükəyə atır.

    Dünya üzrə internet trafikin təxminən 95%-i okean dibinə çəkilən kabel şəbəkələri vasitəsilə daşınır. “Meta” rəhbərliyində həyata keçirilən “2Africa” layihəsi tamamlandığında dünyanın ən böyük dənizaltı kabel sistemi olacaq.

    Afrika, Avropa və Asiya qitələrini bir-birinə bağlayacaq bu şəbəkənin 3 milyard insana yüksək sürətli internet təqdim etməsi planlaşdırılır. Lakin Yaxın Şərqdə artan gərginlik bu nəhəng sərmayəni ciddi çətinliklə üz-üzə qoyub. Bölgədəki təhlükəsizlik risklərinə görə, layihənin ən kritik keçid nöqtəsi olan Qırmızı dənizdə işlər tamamilə dayandırılıb.

    Kabellərin çəkilişindən məsul olan “Alcatel Submarine Networks” (ASN) əməliyyatların təhlükəsiz davam etdirilməsinin artıq mümkün olmadığını açıqlayıb. Şirkət müştərilərinə “fors-major”  bildirişi göndərərək bölgədəki hərbi hərəkətlər və hücumların kabel gəmilərini birbaşa təhdid etdiyini bildirib.
     
    Planlaşdırılan 45 min kilometrlik şəbəkənin böyük hissəsi tamamlanmış olsa da, layihənin “İncilər” (Pearls) adlandırılan Bəsrə körfəzi bağlantısı və Qırmızı dənizin cənubundakı strateji hissələri hələ bitirilməyib.

    Bu qeyri-müəyyənlik yalnız texnologiya gecikməsi deyil, həm də ciddi maliyyə zərbəsi deməkdir. Analizlərə görə, “2Africa” layihəsi fəaliyyətə başladığı ilk illərdə Afrika ÜDM-nə 37 milyard dollar əlavə etməli idi. İşlərin dayanması isə iqtisadi canlanma gözləntilərini qeyri-müəyyən vaxta saxlayıb. Hətta münaqişələr dayansa belə, dəniz dibində qalmış partlamamış sursatların təmizlənməsi və yeni təhlükəsizlik araşdırmaları layihənin açılmasını uzun müddət ləngidə bilər.

    Bu vəziyyət texnologiya nəhənglərini daha baha üsullara məcbur edir. Qırmızı dənizdəki risklərdən qaçmaq istəyən şirkətlər, kabel marşrutunu Bəhreyn və Səudiyyə Ərəbistanı üzərindən keçən quru yollarına yönəltməyi düşünür. Lakin quru üzərindən kabel çəkmək, dəniz dibinə nisbətən daha yüksək xərc tələb edir və inşaat müddətini xeyli uzadır.

  • Bu metal qızıldan daha sürətlə bahalaşır: Bir ildə 6,6 dəfə artım

    Silah və yarımkeçirici istehsalında istifadə olunan volfram son vaxtlar geosiyasi gərginliyin mərkəzinə çevrilib. Çindən ixrac məhdudiyyətləri və hərbi tələbatın artması təklifin kəskin azalmasına səbəb olur və qiymətləri rekord səviyyələrə yaxınlaşdırır.
     
    Median.Az
    xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

    Volfram – çox yüksək sıxlığa malik metal olub qazma avadanlıqları və zirehdələn sursatların əsas komponentlərindən biridir. 2026-cı ilin əvvəlindən bəri bu metalın qiyməti iki dəfədən çox artıb. Son bir ildə isə qiymət 557% (təxminən 6,6 dəfə) yüksələrək metrik ton üçün 2250 dollara çatıb. Bu artım Pekinin ötən ilin fevralında ABŞ ilə ticarət mübahisəsi fonunda bəzi volfram məhsullarını ixrac nəzarəti siyahısına daxil etməsindən sonra baş verib.

    Son həftələrdə qiymət artımı daha da sürətlənib. Alıcılar ehtiyatlarını tükəndirməyə başlayıb və Yaxın Şərqdəki münaqişə hərbi məhsullara tələbatı daha da artırıb.

    “Əmtəə bazarlarında işlədiyim 12 il ərzində volfram bazarında indiki kimi çatışmazlıq görməmişəm. Bəlkə də yalnız 2021-ci ildə litium bazarında buna bənzər vəziyyət var idi”, deyə “BMO Capital Markets” şirkətinin xammal bazarları üzrə tədqiqatlar üzrə vitse-prezidenti Corc Heppel bildirib.

    Onun sözlərinə görə, litiumdan fərqli olaraq volfram hasilatı üzrə yeni layihələri tez bir zamanda işə salmaq çətindir.

    Çin – dünyada ən böyük istehsalçı – ixrac məhdudiyyətlərini sərtləşdirdikdən sonra istehsalçılar alternativ tədarük mənbələri axtarmağa başlayıblar. Analitik şirkət “Project Blue”nun hesablamalarına görə, ötən il Çindən nəzarət edilən volfram növlərinin ixracı təxminən 40% azalıb.

    Bu vəziyyət Qərb hökumətlərinin niyə Çin mənşəli kritik minerallardan asılılığı azaltmağa çalışdığını göstərir. Pekin bu resurslardan artıq ticarət və texnologiya mübahisələrində təsir aləti kimi istifadə edib.

    “Almonty Industries” şirkətinin baş direktoru Lyuis Blek bildirib ki, sənaye sektoru bu materiala “kəskin ehtiyac duyur”. Şirkət dekabr ayında Cənubi Koreyada yeni mədən işə salıb və ABŞ-də son onilliklərin ilk volfram mədənini açmağı planlaşdırır. Onun sözlərinə görə, ABŞ hakimiyyəti artıq şirkətə təcili tədarüklərlə bağlı müraciət edib. Koreyada istehsal olunan volframın təxminən yarısı Pensilvaniyaya göndərilərək sursat istehsalında istifadə olunur.

    Strateji əhəmiyyətinə baxmayaraq, volfram bazarı nisbətən kiçikdir. “Project Blue”nun qiymətləndirməsinə görə, bu bazarın həcmi 2026-cı ildə təxminən 16 milyard dollar olacaq ki, bu da mis bazarının təxminən 5%-inə bərabərdir. Bununla belə, son bir ildə artım tempinə görə volfram qızıl və neft kimi xammalları xeyli geridə qoyub.

    Qiymət artımına təsir edən əlavə amillərdən biri də Yaxın Şərqdəki münaqişədir. “Project Blue” analitiki Janin Le Ru bildirir ki, bu il volframın hərbi istehlakı – o cümlədən helikopterlər, qırıcı təyyarələr və sursat üçün – 12% artacaq.

    Volfram ərintiləri raket komponentlərində, təyyarə və helikopterlərdə əks-çəki elementlərində, artilleriya mərmilərində, qumbaralarda və zirehli texnikada geniş istifadə olunur. Metalın yüksək sıxlığı sursatın impulsunu qorumasına və zirehi daha effektiv deşməsinə imkan verir.

    ABŞ Geoloji Xidmətinin məlumatına görə, Çin bu sahədə dominant mövqedədir. Ötən il Pekin dünya volfram hasilatının 79%-ni – təxminən 85 min ton – təmin edib. Məsələn, ABŞ-də isə 2015-ci ildən bəri kommersiya məqsədli volfram hasilatı aparılmır.

    Analitiklərin fikrincə, mövcud çatışmazlığın tezliklə aradan qalxması gözlənilmir. İspaniya, Braziliya, Avstraliya və ABŞ-də hasilatı artırmaq mümkündür, lakin yeni layihələrin işə salınması, investorların yüksək qiymətlərin davamlı olacağına inanacağı halda belə, təxminən iki il çəkə bilər.

  • Rusiya axtarışda olan şəxsi Azərbaycana verdi

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Zaməddin Bəfadar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Baş Prokurorluqdan  verilən məlumata görə, Sumqayıt hərbi prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə İbrahimov Zaməddin Bəfadar oğlunun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

    Zaməddin İbrahimov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.//qaynarinfo

  • Masazırda iynə vurulan 38 yaşlı qadın öldü

    Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.

    Median.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

    İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub.

    Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.(Report.az)