Month: March 2026

  • Samir Nuriyev məmurları Xocəvənddə TOPLADI (YENİLƏNİB)

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
    Median.Az xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

    Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.
    İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.
    Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.

    S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.

    Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

    Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.
    İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.
    Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhəri və Hadrut qəsəbəsinin Baş planları ilə tanış olublar. Xocavənd şəhərində təmir olunmuş fərdi evlərə, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinə və Quzeyxırman kəndində aparılan təmir-bərpa işlərinə əyani baxış keçirilib. Həmçinin Hadrutda turizm inkişaf konsepsiyası təqdim olunub, təmir edilməsi nəzərdə tutulan mehmanxana layihəsi ilə bağlı məlumat təqdim edilib.

    Xocavənd rayonunda bağçılıq təsərrüfatına və Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib, müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.
    Səfər zamanı Hadrut məscidi ziyarət edilib, Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub və ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.

  • Xamenei SEPAH-ın sabiq komandanını özünə müşavir təyin etdi

    İranın ali rəhbəri Müctəba Xamenei general-leytenant Möhsün Rzayini özünə hərbi müşavir təyin edib.

    Median.Az xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

    Bildirilib ki, 71 yaşlı Rzayi əvvəllər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəhbərlik edib. O, daha sonra ölkənin siyasi sistemində bir sıra yüksək vəzifələr tutub.

  • Bu ərazilərdə qaz olmayacaq

    Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və Qapanlı kəndlərinin qaz təminatı dayandırılacaq.

    Median.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatının dayandırılması Şəmkir RQİİ-nin Kür qazpaylayıcı stansiyasından qidalanan Kür qəsəbə qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar edilmiş qaz sızmasının və itkisinin aradan qaldırılması ilə əlaqədardır.

    Təmir işləri zamanı ümumilikdə 3 369 abonentin qaz təchizatı dayandırılacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

  • Ramazanın 27-ci gününün duası – İftar və imsak vaxtları

     Bu gün, 19:48Sabah Ramazan ayının 27-ci günüdür.

    Median.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 17-də Bakıda imsak saat 05:23-də, iftar isə saat 19:04-dədir.

    Ramazan ayının 27-ci gününün duası:
    “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”.

    Tərcüməsi:
    “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

    İftar duası:
    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

    Tərcüməsi:
    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Azərbaycanda xəstəxana direktoru cərimələndi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlama aparıb.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, xəstəxana rəhbərliyi barəsində idarəetmə qaydaları əleyhinə olan inzibati xəta – yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlı protokol tərtib olunub.

    Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilib və işə məhkəmədə baxılıb. Araşdırma zamanı məlum olub ki, xəstəxana binası yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməyib. Bundan başqa, obyektin elektrik naqilləri Elektrik Qurğularının Quraşdırılması Qaydalarına (EQQQ) uyğun çəkilməyib.

    Elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətinin yoxlanılması ilə bağlı akt da tərtib edilməyib. Eyni zamanda, obyektin tikintisində istifadə olunan taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim olunmayıb. Bina norma və standartlara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və ümumilikdə binada cəmi bir ədəd odsöndürən balonun olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə “Quba Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Əliyar Sərvərov İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə olunub.

  • Bazarda qiyməti 70 manata çatan bu məhsulun sirri açıldı

    Son günlər bazarlarda və marketlərdə püstənin qiyməti alıcıları təəccübləndirib. Bayram ərəfəsində bəzi satış nöqtələrində püstənin bir kiloqramının qiyməti 65-70 manata qədər yüksəlib. Bir çoxları üçün bu rəqəm kifayət qədər yüksək görünsə də, mütəxəssislər bildirirlər ki, püstə həm dünyada məhdud istehsal olunan çərəzlərdən biridir, həm də sağlamlıq üçün olduqca faydalı qidalardandır.

    Median.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bayram dövründə çərəzlərə tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olan əsas faktor olsa da, püstənin baha olmasının başqa səbəbləri də mövcuddur.

     Belə ki, bu məhsulun yetişdirilməsi uzun illər tələb edir və məhsuldarlıq da hər il eyni səviyyədə olmur. Püstə ağacları adətən 7-10 ildən sonra məhsul verməyə başlayır və tam məhsuldarlıq mərhələsinə çatması üçün daha uzun müddət lazımdır. Bu isə onun bazarda digər çərəzlərlə müqayisədə daha bahalı olmasına gətirib çıxarır.

    Bununla yanaşı, püstə tərkibindəki qida maddələri ilə də seçilir. Həkimlər bildirirlər ki, püstə zəngin vitamin və mineral mənbəyidir. Onun tərkibində B qrup vitaminləri, E vitamini, kalium, maqnezium və dəmir kimi insan orqanizmi üçün vacib maddələr var. Bu maddələr orqanizmin enerji balansının qorunmasına və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.

    Dietoloqların sözlərinə görə, püstə ürək-damar sistemi üçün də faydalı hesab olunur. Tərkibində olan sağlam yağlar və antioksidantlar xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edir. Mütəmadi və ölçülü şəkildə püstə istehlakı ürək xəstəlikləri riskinin azalmasına müsbət təsir göstərə bilər.
    Eyni zamanda, püstə protein və lif baxımından da zəngindir. Bu xüsusiyyətlər onu həm toxluq hissi yaradan, həm də sağlam qidalanma proqramlarında tez-tez istifadə olunan çərəzlərdən birinə çevirir. Xüsusilə idmanla məşğul olan şəxslər və aktiv həyat tərzi keçirən insanlar üçün püstə yaxşı enerji mənbəyi hesab edilir.
    Püstənin digər üstünlüklərindən biri də beyin fəaliyyəti üçün faydalı olmasıdır. Tərkibindəki antioksidantlar və faydalı yağ turşuları yaddaşın güclənməsinə və sinir sisteminin daha sağlam fəaliyyət göstərməsinə kömək edə bilər.

    Bununla yanaşı, püstə dərinin sağlamlığı üçün də faydalı hesab olunur. E vitamini və antioksidantlar dərinin elastikliyini qorumağa və vaxtından əvvəl qocalma prosesini ləngitməyə kömək edir.
    Mütəxəssislər bildirirlər ki, püstə faydalı olsa da, onun normadan artıq istehlakı tövsiyə edilmir. Çünki yüksək kalorili qida olduğundan artıq qəbul edildikdə çəki artımına səbəb ola bilər. Buna görə də gündə təxminən bir ovuc püstə yemək optimal hesab edilir.//yeni sabah

  • Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı

    Bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında qiymət artımı davam edib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

    Yanvar, fevral və mart aylarında paytaxtın bütün inzibati rayonlarında həm yeni tikili, həm də köhnə tikili mənzillərin kirayə qiymətlərində artım qeydə alınıb. Artım əsasən mərkəzi və biznes aktivliyi yüksək olan rayonlarda daha qabarıq müşahidə olunur.

    Yanvar ayında kirayə bazarında ən yüksək artım mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda yeni tikili mənzillərin kirayə qiymətləri +1,4 %, köhnə tikililərdə isə +1,2 % artıb. Bu rayonda 2 otaqlı mənzillərin orta aylıq kirayə qiyməti yeni tikililərdə təxminən 1 400 manat, köhnə tikililərdə isə 1 000 manat təşkil edib.

    Nəsimi rayonunda yeni tikililərdə artım +1,3 %, köhnə tikililərdə +1,1 %, Yasamal rayonunda isə müvafiq olaraq +1,25 % və +1,05 % olub. Bu rayonlarda orta aylıq kirayə qiyməti yeni tikililərdə Nəsimidə təxminən 1 000 manat, Yasamalda isə 700 manat, köhnə tikililərdə isə müvafiq olaraq 700 manat və 550 manat civarında formalaşıb.

    Nərimanov rayonunda yeni tikili mənzillərin kirayə qiymətləri +1,2 %, köhnə tikililərdə isə +1 % artıb. Bu rayonda orta aylıq kirayə qiyməti yeni tikililərdə 800 manat, köhnə tikililərdə isə 600 manat təşkil edib.

    Xətai rayonunda yeni tikililərdə +1,1 %, köhnə tikililərdə +0,9 %, Nizami rayonunda isə müvafiq olaraq +1 % və +0,9 % artım qeydə alınıb. Bu rayonlarda orta kirayə qiymətləri yeni tikililərdə Xətaidə 800 manat, Nizamidə isə 700 manat, köhnə tikililərdə isə müvafiq olaraq 550 manat və 550 manat olub.

    Digər rayonlarda artım daha mülayim olub. Binəqədi rayonunda yeni tikililərdə qiymətlər +0,9 %, köhnə tikililərdə +0,8 %, Sabunçu rayonunda isə hər iki kateqoriya üzrə +0,8 % artıb. Bu rayonlarda orta kirayə qiyməti yeni tikililərdə Binəqədidə təxminən 650 manat, Sabunçuda isə 550 manat, köhnə tikililərdə isə müvafiq olaraq 500 manat və 400 manat təşkil edib.

    Suraxanı rayonunda yeni və köhnə tikililərdə artım +0,7 %, Qaradağ rayonunda isə +0,6 % təşkil edib. Bu rayonlarda kirayə qiymətləri yeni tikililərdə orta hesabla Suraxanıda 550 manat, Qaradağda isə 400 manat, köhnə tikililərdə isə müvafiq olaraq 450 manat və 300 manat olub.

    Paytaxtın kənar ərazilərində yerləşən rayonlarda artım nisbətən aşağı olub. Xəzər rayonunda yeni və köhnə tikili mənzillərin kirayə qiymətləri +0,6 %, Pirallahı rayonunda isə yeni tikililərdə +0,5 %, köhnə tikililərdə +0,4 % artıb. Bu rayonlarda orta kirayə qiyməti yeni tikililərdə Xəzərdə təxminən 450 manat, Pirallahıda isə 300 manat, köhnə tikililərdə isə müvafiq olaraq 300 manat və 250 manat səviyyəsində olub.

    Ümumilikdə yanvar ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 1,05 %, köhnə tikililərdə isə 0,92 % təşkil edib.

    Fevral ayında kirayə bazarında artım tempi yanvarla müqayisədə bir qədər zəifləsə də, bütün rayonlarda müsbət dinamika qorunub.

    Belə ki, Səbail rayonunda yeni tikililərdə artım +1,1 %, köhnə tikililərdə +0,9 %, Nəsimi rayonunda isə müvafiq olaraq +1 % və +0,8 % olub. Yasamal rayonunda yeni tikililərdə +0,95 %, köhnə tikililərdə +0,75 %, Nərimanov rayonunda isə +0,9 % və +0,7 % artım qeydə alınıb.

    Bu rayonlarda orta kirayə qiymətləri də müvafiq olaraq artaraq Səbaildə yeni tikililərdə təxminən 1 410 manat, Nəsimidə 1 005 manat, Nərimanovda 810 manat, Yasamalda isə 705 manat səviyyəsində formalaşıb.

    Xətai rayonunda yeni tikililərdə kirayə qiymətləri +0,8 %, köhnə tikililərdə +0,7 %, Nizami rayonunda isə müvafiq olaraq +0,8 % və +0,7 % artıb. Binəqədi rayonunda yeni tikililərdə +0,7 %, köhnə tikililərdə +0,6 % artım müşahidə olunub.

    Digər rayonlarda artım daha aşağı səviyyədə olub. Sabunçu rayonunda hər iki kateqoriya üzrə +0,6 %, Suraxanı rayonunda +0,5 %, Qaradağ rayonunda isə +0,4 % artım qeydə alınıb.

    Eyni zamanda Xəzər rayonunda yeni və köhnə tikili mənzillərdə +0,4 %, Pirallahı rayonunda isə hər iki kateqoriya üzrə +0,3 % artım olub.

    Fevral ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 0,71 %, köhnə tikililərdə isə 0,62 % təşkil edib.

    Mart ayında kirayə bazarında artım tempi yenidən bir qədər yüksəlib.

    Belə ki, Səbail rayonunda yeni tikililərdə artım +1,2 %, köhnə tikililərdə +1 %, Nəsimi rayonunda isə müvafiq olaraq +1,1 % və +0,9 % olub. Yasamal rayonunda yeni tikililərdə +1 %, köhnə tikililərdə +0,85 %, Nərimanov rayonunda isə +1 % və +0,8 % artım qeydə alınıb.

    Mart ayında orta kirayə qiymətləri də yüksələrək Səbaildə yeni tikililərdə təxminən 1 420 manat, Nəsimidə 1 015 manat, Nərimanovda 815 manat, Yasamalda isə 710 manat səviyyəsinə çatıb.

    Xətai rayonunda yeni tikililərdə kirayə qiymətləri +0,9 %, köhnə tikililərdə +0,8 %, Nizami rayonunda isə müvafiq olaraq +0,9 % və +0,8 % artıb. Binəqədi rayonunda yeni tikililərdə +0,8 %, köhnə tikililərdə +0,7 % artım müşahidə olunub.

    Digər rayonlarda da müsbət dinamika davam edib. Sabunçu rayonunda hər iki kateqoriya üzrə +0,7 %, Suraxanı rayonunda +0,6 %, Qaradağ rayonunda isə +0,5 % artım qeydə alınıb.

    Eyni zamanda Xəzər rayonunda yeni və köhnə tikili mənzillərdə +0,5 %, Pirallahı rayonunda isə hər iki kateqoriya üzrə +0,4 % artım olub.

    Mart ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 0,81 %, köhnə tikililərdə isə 0,72 % təşkil edib.

    Yanvar–mart aylarının nəticələri əsasında aparılan hesablamalara görə, bəzi rayonlarda kirayə qiymətlərinin orta artım tempi daha yüksəkdir. Məsələn, Nərimanov rayonunda yeni tikili mənzillər üzrə orta artım 1,03 %, köhnə tikililər üzrə isə 0,83 % təşkil edir.

    Ümumilikdə kirayə bazarında artımın xüsusilə Səbail, Nəsimi, Yasamal və Nərimanov kimi mərkəzi və işgüzar rayonlarda daha yüksək olduğu müşahidə olunur. Bu isə əsasən həmin ərazilərdə nəqliyyat əlçatanlığı və yaşayışa olan tələbatın daha yüksək olması ilə izah olunur.

  • Vilayət Eyvazov sıra baxışı keçirib – Video

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 16-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

    Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

  • Paytaxtda 20 istiqamətdə sıxlıq var

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Babək prospekti, mərkəz istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    15. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    18. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    19. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Müctəba Xamenei süni tənəffüs aparatına qoşulub

    İranın yeni Ali Lideri Müctəba Xamenei hava hücumu nəticəsində ağır yaralanıb və hazırda süni tənəffüs aparatına qoşulub.

    Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

    Məlumata görə o, reanimasiyadadır.

    56 yaşlı Xameneini müalicə edən xəstəxana ilə əlaqəsi olan bir mənbə qəzetə verdiyi açıqlamada onun komada olduğunu, ən azı bir ayağını itirdiyini və qaraciyər və mədə zədəsi almış ola biləcəyini bildirib. Bu gün isə eyni mənbə onun vəziyyətinin pisləşdiyini və hazırda süni tənəffüs aparatına qoşulduğunu bildirib.
    //unikal.az