Month: Mart 2026

  • İsrail dünya hərb tarixində ilkə imza atdı – “Hizbullah”ı vurduqları “Dəmir şüa” nədir?

    İsrail dünya hərb tarixində ilk dəfə olaraq “Or Eitan” (“Dəmir şüa”) lazer hava hücumundan müdafiə sistemindən istifadə edib.

    Bu barədə “Cursorinfo” informasiya agentliyi məlumat verib.

    Qeyd olunub ki, İsrail bu silahdan “Hizbullah”ın rəsmi Təl-əvivə qarşı ikinci cəbhə açmasından sonra istifadə edib.

    Xatırladaq ki, İsrail Müdafiə Ordusu (SAXAL) “Hizbullah”ın hücumlarına cavab olaraq Livanda genişmiqyaslı cavab əməliyyatına başlayıb.

  • Yaxın Şərqdə hansı ölkələrin hava məkanı bağlı qalır?

    Qətər, Bəhreyn və Küveytin hava məkanı bu gün ən azı daha 5 saat uçuşlar üçün bağlı qalacaq.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Qeyd olunub ki, sözügedən ölkələrin hava məkanı Bakı vaxtı ilə saat 14.00-a qədər bağlı qalacaq.

    Bundan əvvəl Suriya üzərindən uçuş qadağası 24 saata qədər uzadılıb.

    Məlumata görə, təkcə Omanın hava məkanı Avropa ilə Asiya-Sakit okean regionu ölkələri arasında təyyarələrin tranziti üçün açıq olaraq qalır.

  • İlqar Əliyevin cəzası azaldıldı

    Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib.

    Qərara əsasən, İlqar Əliyevin cəzası dörd ildən üç ilə endirilib. Cəzasının əvvəli 2023-cü ilin dekabrından hesablandığı üçün bu qərarla onun çəkilməmiş 10 ay həbs müddəti qalıb. Üç ilin də üçdəiki hissəsi başa çatdığından şərtlər uyğun gəldiyi halda məhkum daha tez azadlığa çıxa bilər.

    Qeyd edək ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

  • Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi

    Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri buz bağlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında yağan qar və temperaturun dəyişməsi magistral yolda fəsadlar yaradıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Buzlaşma daha çox Qobustan rayonu ərazisindən keçən hissədə müşahidə olunur.

    Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) dörd nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi təyinatlı texnikaları əraziyə cəlb edilib. Yolun təhlükəli sayılan döngəli və enişli-yoxuşlu hissələrinə duz-qum qarışığı səpilib.

    Sürüşmə səbəbindən yolun Şamaxıdan keçən hissəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.

    Hazırda magistralın Qobustan, Şamaxı və Ağsu dolaylarından keçən hissələrində, həmçinin Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur, avtomobillər hər iki istiqamətdə sərbəst hərəkət edir.

  • İranın ölkəmizdəki səfiri Azərbaycana təşəkkür etdi

    “Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə özünün rəsmi və qeyri-rəsmi mesajları ilə dəstəyini nümayiş etdirib”.

    Bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə təşkil edilən mətbuat konfransında deyib.

    “Bu, bizim mədəniyyətimizin bir hissəsidir. Buna görə təşəkkür edirik. Biz hər zaman inanmışıq və Azərbaycan da ən ali şəkildə mövqeyini bəlli edib ki, onun ərazisindən İrana qarşı heç bir hücum təşkil edilməyəcək” – deyə, səfir əlavə edib.
    //oxu.az

  • Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib (FOTO)

    Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festival çərçivəsində təqdim olunan tamaşanın nümayişində Leyla Əliyeva da iştirak edib.

    Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır.

    Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Süleymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.

    Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

    Qeyd edək ki, “Neft bumu hamıya gülümsəyir” festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.








  • Trampın İranın liderliyinə ÜÇ NAMİZƏDİ VAR

    ABŞ Prezidenti Donald Tramp İranın lider postuna üç namizədinin olduğunu bəyan edib.

    Bu barədə “The New York Times” məlumat verib.

    Nəşrin məlumatına görə, jurnalistlərlə söhbət zamanı Ağ EV rəhbəri qeyd edib ki, İrana kimin rəhbərlik edə biləcəyi ilə bağlı onun çox yaxşı üç seçimi var.

    Tramp həmin şəxslərin adlarını açıqlamaqdan imtina edib.

  • Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub – FOTO


    Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək.

    Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat veriblər.

    Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından – Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.

    Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan, məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir. Belə ki, bu, ilk növbədə regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək. Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını, yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu texnikalar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə avtomobil zavodunda çox sayda traktor, kombayn, digər kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və sair texnika istehsal olunub.

    Qeyd edək ki, Gəncə avtomobil zavodunun əsası 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.








  • Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

    Həcc ziyarəti üzrə kvotanın 80 faizdən çoxu tamamlanıb.

    Median.Az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

    Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çox sayda müraciətini nəzərə alaraq builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

    Vüsal Cahangiri bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.

    Xatırladaq ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir.

  • KİV: Xameneinin öldüyü təsdiqləndi

    İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsrail rəsmisinə istinadən məlumat yayıb.