Month: Mart 2026

  • Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

    Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

    Bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

    “Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – səfirliyin açıqlamasında bildirilib.

  • İranda son hücumlarda neçə adam ölüb? – Qızıl Aypara Cəmiyyəti açıqladı

    28 fevraldan bəri ABŞ və İsrail hücumları nəticəsində ən azı 555 İran sakini həlak olub.

    Bu barədə İran Qızıl Aypara Cəmiyyəti öz “Telegram” kanalında məlumat verib.

    “Qızıl Aypara Cəmiyyətinin hesablamalarına görə, indiyə qədər 131 şəhər hücuma məruz qalıb və bu hücumlar nəticəsində 555 həmvətənimiz həyatını itirib.

    Qızıl Aypara Cəmiyyətinin humanitar missiyasına əsaslanaraq, yardım əməliyyatları fasiləsiz şəkildə davam edir, xilasedicilər zərərçəkmiş ərazilərdə işləri davam etdirirlər və bütün ölkə ərazisində 100 mindən çox xilasedici tam hazırlıq vəziyyətindədir”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib.

  • Gəncədə Cümə məscidində təmir-bərpa işlərinə 1,6 milyon vəsait ayrıldı

    Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinə 1.6 milyon manat ayrılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

  • Siyəzəndə sürücü sükan arxasında infarkt keçirdi, maşın kanala aşdı

    Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

    Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 10 MU 248 nömrəli maşın yolun kənarındakı su kanalına düşüb.

    Hadisənin sürücünün sükan arxasında infarkt keçirməsi səbəbindən baş verdiyi bildirilir.

    Araşdırma aparılır.

  • Moped idarə edənlərin NƏZƏRİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq

    Moped idarə edənlərdən martın 26-dan sürücülük vəsiqəsi tələb olunacaq.

    Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin moped sürücülərinə müraciətində deyilir.

    Müraciətdə moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti nəzərə almaları və qanunvericiliyin tələblərinə riayət etmələrinin təmin olunması məqsədilə normativ-hüquqi bazada müvafiq dəyişikliklər edildiyi bildirilib.

    Qeyd olunub ki, dəyişikliyə əsasən, 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq:

    “Müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur.

    Bildiririk ki, bütün prosedurlar vahid qaydada tətbiq olunur və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edilir.

    Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur”.

  • 47 yaşlı kişi bıcaqlandı: Qaynı saxlanıldı

    Goranboyda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarnın kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

    Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N.Əliyev saxlanılıb.

    Məlumata görə, N.Əliyev C.Hüseynovun qaynıdır. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Siyəzəndə 10-cu sinif şagirdinin meyiti tapılıb

    Siyəzən rayonunda məktəbli qızın meyiti tapılıb.

    Hadisə martın 1-də baş verib.

    Belə ki, 2010-cu il təvəllüdlü Arzu Pənah qızı Kamilovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

    Qeyd edək ki, A.Kamilova Siyəzən şəhər Şirin İsmayılov adına 3 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi olub.

  • Leyla Əliyeva “Woman Bazaar” festivalından paylaşım etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Gender Hub Azerbaijan”, Beşinci “Woman Bazaar” festivalından paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı şok fakt: Dörd dəfə ad-soyadını dəyişib

    Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrində qeyd olunub.

    Belə ki, ictimaiyyətin Dəniz Əsədova kimi tanıdığı şəxsin əvvəlki adı Aygün olub. O, müxtəlif vaxtlarda Aygün Dostəliyeva, daha sonra Aygün Miriyeva soyadlarını daşıyıb. Dəniz adını götürməzdən əvvəl isə Aygün Əsədova kimi tanınıb.

    Cinayət işi materiallarında qeyd olunub ki, Aygün Əsədova pul müqabilində saxta əlillik sənədi düzəltmək məqsədilə müxtəlif şəxslərlə danışıqlar aparıb. İttihama görə, o, son olaraq adını yenidən dəyişərək Dəniz Əsədova olub və bundan sonra müğənnilik fəaliyyətinə başlayıb.

    Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü (təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3-cü (rüşvət verməyə təhrik etmə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, o, vətəndaşlardan pul alaraq saxta əlillik sənədləri düzəltməkdə təqsirləndirilir. Bildirilir ki, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi, hazırda barəsində məhkəmə araşdırması aparılan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

    İş üzrə dövlətə 1.6 milyon manat məbləğində ziyan vurulduğu iddia edilir.

    Xatırladaq ki, Dəniz Əsədova bundan əvvəl dələduzluq, eləcə də bir neçə şəxsə qarşı təhqir və böhtan ittihamları üzrə xüsusi ittiham qaydasında məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir etdiyinə və ona böhtan atdığına görə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra başqa bir şəxslə bağlı analoji əmələ görə cəzası artırılıb.

    Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktı əsasında çəkilməmiş cəzasından azad edilib.

  • Əfqanıstan təyyarələri Pakistanın hərbi obyektlərinə yeni zərbələr endirib

    Əfqanıstanın döyüş təyyarələri Pakistan ərazisindəki hərbi təyinatlı obyektlərə, o cümlədən bazalara, düşərgələrə və qərargahlara yeni hücumlar edib.

    Xəbəri “RTA” telekanalı martın 2-də səhər saatlarında Əfqanıstan Müdafiə Nazirliyinə istinadla paylaşıb.

    Mənbənin bildirdiyinə görə, Əfqanıstan Hərbi Hava Qüvvələri tərəfindən Ravalpindi şəhərində yerləşən Nur Xan aviabazasına, Bəlucistan əyalətinin Kvetta şəhərindəki 12-ci korpusun qərargahına, eləcə də Xvazai hərbi düşərgəsinə və Qulani bazasına yenidən hava zərbələri endirilib.