Month: March 2026

  • İsrailə hücum: nazir oğlu da yaralandı

    Hizbullah növbəti dəfə İsrailə raket hücumu həyata keçirib.  
     
    Median.Az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.  
     
    Qeyd olunub ki, hücum nəticəsində 8 hərbçi yaralanıb. Yaralılar arasında İsrailin maliyyə naziri Betzalel Smotriçin oğlu da var./axar.az

  • Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq

    Ba Bakı şəhəri, Nərimanov rayonu, Bağırov körpüsünün tunel hissəsində (Koroğlu metro stansiyası istiqamətində) aparılacaq təmizlik işləri ilə əlaqədar olaraq şəbəkə formalı üzlük daşlarının və səki daşlarının yuyulması planlaşdırılır.  
     
    Median.Az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.  
     
    Bildirilib ki, bununla əlaqədar olaraq 7 mart saat 08:00-dan 8 mart saat 22:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.  “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

  • İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

    Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

    Bildirilib ki, söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.

    Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

    Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.

    Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığı bildirib.

    Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

  • İtaliya İranın Naxçıvana dron hücumlarından narahatlığını ifadə edib

    6 mart tarixində İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.

    Nazir Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkil edir.

    Nazir Antonio Tajani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

    İtaliya naziri İtaliya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

    Telefon danışığı zamanı tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

  • Sumqayıtda qadın qətlə yetirildi: 18 yaş böyük ƏRİ SAXLANILDI

    Sumqayıtda qadın qətlə yetirilib. Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

    Məlumata görə, 49 yaşlı İsmayıl Ramazanovun qeyri-rəsmi nikahda yaşadığı 31 yaşlı Mehriban Ağabalazadəni qətlə yetirdiyi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Mərhumun qohumu Baku TV-yə bildirib ki, onların tez-tez mübahisələri olurdu: “Övladı deyirdi ki, anasını qabağında boğurdu. Gəlinin sözlərinə görə, kişi içəndən sonra onu döyüb, söyürdü. Dəfələrlə zəng edib, onu ölümlə hədələyib. Əvvəl bir yerdə yaşayıblar. Bir həftədən çoxdur ki, gəlin burada qalırdı. Qorxurdu ki, uşağına xəsarət yetirə bilər”.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Ramazanın on yeddinci gününün – imsak, iftar vaxtı və duası

    Sabah Ramazan ayının on yeddinci günüdür.  
     
    Median.Az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 7-si Bakıda imsak vaxtı saat 05:40, iftar isə 18:53-ə təyin olunub.  
     
    Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
     
     Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9  
     
    İftardan qabaq oxunan dua:
     
     İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!  On yeddinci günün duası:  İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt. Ehtiyac və arzularımı yerinə yetir. Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah. Məhəmmədə və pak əhlibeytinə sənin salavatın olsun!  Allah orucunuzu qəbul eləsin!

  • KİV: İran raket buraxılış qurğularının 60 faizini itirib

    İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatlar zamanı raket buraxıcılarının və hava hücumundan müdafiə sistemlərinin təxminən 60%-ni itirib.

    Median.Az xəbər verir ki, bu barədə İsrailin I24 televiziya kanalı məlumat yayıb.

    Bildirilir ki, bu rəqəmlər martın 5-i İsrail Təhlükəsizlik Kabinetinin iclasında açıqlanıb. Mənbələrin sözlərinə görə, İsrail ordusu əməliyyatın gedişatından və ABŞ ilə koordinasiyadan razıdır.

    Hərbi mənbələr qeyd ediblər ki, İsrail qüvvələri ən azı daha bir həftə ərzində İrandakı hədəflərə aktiv zərbələr endirməyi, daha sonra isə hücumların intensivliyini azaltmağı planlaşdırır.

    Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da ABŞ ordusunun İranın raketlərinin 60%-ni və buraxılış qurğularının 64%-ni məhv etdiyini bildirmişdi.

  • Şəkidə 3200 abonent qazsız qalıb

    Bu gün saat 16:45-dən etibarən Şəki rayonunun Sarıtorpaq, M.F.Axundov, Əzizbəyov, Haqverdiyev, Giləhli, Ş.Axundova, Əfqanlar, Otaqeşiyi küçələrində (ümumi olaraq Şəki şəhərinin Yuxarı Baş adlanan ərazisi) cəmi 3 200 abonentin qaz təchizatı daxildən dayandırılıb.

    Median.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Şəki rayonu ərazisində diametri 57 millimetr olan orta təzyiqli qaz xəttində aşkarlanan sızmanın ləğvi ilə əlaqədar təmir işləridir.

    Qeyd olunub ki, təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

  • Alen Berse: “İranın Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir”

    Avropa Şurasının (AŞ) baş katibi Alen Berse bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir.

    Median.Az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

    “Həftənin əvvəlində mən Azərbaycan Prezidenti İlham Əliyevlə İranda və bütün Yaxın Şərqdə kəskinləşən böhranı, eləcə də onun Avropanın təhlükəsizliyi üçün nəticələrini müzakirə etdim.

    Azərbaycana PUA ilə hücum gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir. Beynəlxalq hüquq güc tətbiqi üçün əsas olaraq qalmalıdır”, – deyə o bildirib.

  • Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə 2025-ci il ərzində 11 klinik protokol təsdiq edilib. Bu il ərzində isə nazirliyin əmri ilə əlavə olaraq 14 klinik protokol təsdiq olunub.

    Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən məlumat verilib.

    “Təsdiq edilmiş klinik protokolların bir qismi ölkə üzrə müvafiq sahələrdə ilk dəfə hazırlanaraq tətbiqə təqdim edilmiş sənədlərdir. Bu protokollar onkologiya, uşaq onkologiyası, stomatologiya, oftalmologiya, travmatologiya və diyetologiya sahələrini əhatə edir.

    Hazırda nazirlikdə üz-çənə cərrahiyyəsi, yardımçı reproduktiv texnologiyalar, mama-ginekologiya, travmatologiya, onko-hematologiya və stomatologiya sahələri üzrə yeni klinik protokolların hazırlanması prosesi davam etdirilir.

    Bununla yanaşı, əvvəlki illərdə hazırlanmış klinik protokolların müasir tibbi elmi nailiyyətlərə və beynəlxalq praktikaya uyğunlaşdırılması məqsədilə onların yenilənməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir”, – məlumatda qeyd olunub.