Month: March 2026

  • BMT-nin Bakı nümayəndəliyi Naxçıvandakı dron hücumlarına münasibət bildirib

    BMT-nin Azərbaycandakı nümayəndəliyi Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarına münasibət bildirib.

    APA xəbər verir ki, qurum yaralanan şəxslərin tezliklə sağalmasını arzulayır.

    “Qəlbimiz bu gün Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarından zərər çəkənlərin yanındadır. BMT-nin Azərbaycandakı nümayəndəliyi yaralanan dörd nəfərin tezliklə sağalmasını arzulayır”, – deyə bəyanatda qeyd olunub.

  • Bolqarıstanın 10-dan çox diplomatı İrandan Azərbaycana təxliyə olunub – FOTO

    Astara dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam edir.

    APA xəbər verir ki, hazırda İran İslam Respublikasında fəaliyyət göstərən Bolqarıstan Respublikasının 10-dan çox diplomatik nümayəndəsi 5 nəqliyyat vasitəsi ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçid edir.

    Bundan əlavə, 10-dan çox Çin vətəndaşı, eləcə də İran əsilli digər ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.

    Bildirilib ki, sərhəd məntəqəsində təxliyə prosesi hazırda da davam edir.

  • 13 növ xərçəng riski – Şirniyyatsevərlər diqqət

    Şəkərin həddindən artıq qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
     
    Median.Az xəbər verir ki, usiyalı onkoloq Vladimir İvaşkov bildirib ki, rasionda şəkərin çox olması xərçəng xəstəliklərinin ən azı 13 növünün yaranma riskini artırır.
     
    Onun sözlərinə görə, artıq şəkər orqanizmdə xroniki iltihab proseslərini gücləndirir. Bu isə xərçəng hüceyrələrinin böyüməsi və yayılması üçün əlverişli mühit formalaşdırır.
     
    “Xərçəng hüceyrələri inkişaf etmək və yayılmaq üçün iltihab siqnallarından istifadə edir”, – deyə həkim vurğulayıb.
     
    İvaşkov şəkərin eyni zamanda piylənmə epidemiyasının əsas səbəblərindən biri olduğunu qeyd edib. Artıq çəki isə bir sıra ağır xəstəliklərlə yanaşı, müxtəlif onkoloji diaqnozların yaranma ehtimalını yüksəldir.
     
    Onkoloqun diqqət çəkdiyi məqamlardan biri də statistik göstəricilərdir. O bildirib ki, ABŞ-də qoyulan onkoloji diaqnozların təxminən 40 faizi artıq çəki ilə əlaqələndirilir.
     
    Mütəxəssislər balanslı qidalanmanın, şəkərli məhsulların məhdudlaşdırılmasının və fiziki aktivliyin artırılmasının xərçəng riskini azaltmaq üçün vacib amillərdən olduğunu vurğulayırlar./milli.az

  • Edqars Rinkeviçs Prezident İlham Əliyevə zəng edib

    Martın 5-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    APA xəbər verir ki, telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.

    Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib.

    Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

  • Pensiyalarla bağlı mühüm açıqlama

    SSRİ dövründə toplanmış iş stajının hazırkı pensiya sistemində nəzərə alınması məsələsi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Bu stajın necə hesablanması, yenidən qiymətləndirilməsi və mümkün pensiya artımlarının iqtisadi təsirləri sosial siyasət baxımından aktualdır.
     
    Median.Az bildirir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu məsələ ilk baxışda iqtisadi və fiskal nəticələri baxımından ciddi suallar doğursa da, mahiyyət etibarilə sosial ədalət məsələsidir.
     
    İnsan vaxtında çalışıb, zəhmət çəkib, lakin ahıl çağında yetərli sosial təminat ala bilmirsə, burada həm hüquqi, həm də institusional səbəblər mövcuddur.
     
    “Hazırkı pensiya sistemi fərdi sosial sığorta prinsipi əsasında fəaliyyət göstərir. Lakin 1991-ci ilə qədər, SSRİ dövründə fərdi kapital yığımı mexanizmi mövcud olmayıb. Buna baxmayaraq, həmin dövr üzrə əmək stajı “şərti kapital” kimi nəzərə alınır və real maliyyə təminatı olmadan dövlət üçün öhdəlik yaradır. Bu isə o deməkdir ki, SSRİ stajına görə əlavə pensiya artımı faktiki olaraq bu gün işləyənlərin ödədiyi sosial sığorta haqları və dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Mövcud fiskal reallıq göstərir ki, əgər SSRİ stajı daha yüksək əmsalla yenidən hesablanarsa, pensiya xərcləri kəskin artar, büdcədən sosial müdafiə sisteminə transfertlər böyüyər və fiskal kəsir riski yüksələr. Onsuz da sistem ciddi çağırışlarla üz-üzədir. İşləyənlərlə pensiyaçıların nisbəti azalır, demoqrafik qocalma sürətlənir, kölgə məşğulluq tam aradan qalxmayıb. Belə şəraitdə maliyyə mənbəyi göstərilmədən əlavə öhdəliklərin yaradılması populist qərar təsiri bağışlaya bilər”.
     
    Ekspert bildirib ki, sosial ədalət arqumenti vacibdir, lakin təkbaşına yetərli deyil:
     
    “SSRİ dövründə çalışmış və aşağı pensiya alan şəxslərin vəziyyəti həssasdır. Ancaq sosial ədalət prinsipi fiskal məsuliyyətlə balanslaşdırılmalıdır. Əks halda, əlavə yük gənc nəslin üzərinə düşə bilər, sosial sığorta haqlarının artırılması, gələcəkdə pensiya yaşının yenidən qaldırılması kimi addımlar gündəmə gələ bilər. Bu isə sosial ədalətin başqa formada pozulması deməkdir. Alternativ yanaşmalar daha rasional ola bilər: kütləvi və bahalı yenidən hesablama əvəzinə ünvanlı sosial dəstək mexanizmləri, minimum pensiyanın mərhələli artırılması, aşağı gəlirli pensiyaçılar üçün diferensial indeksasiya və struktur islahatların dərinləşdirilməsi kimi addımlar sistemin dayanıqlığını qorumağa kömək edə bilər”.
     
    Onun sözlərinə görə, SSRİ stajının yenidən qiymətləndirilməsi emosional baxımdan cəlbedici görünə bilər və bu istəyi anlamaq mümkündür:
     
    “Lakin mövcud iqtisadi reallıqlar göstərir ki, hər əlavə pensiya manatı gələcək nəsillər üçün yeni öhdəlik deməkdir. Bu baxımdan hökumətin prioriteti qısamüddətli sosial məmnuniyyətdən daha çox uzunmüddətli maliyyə sabitliyinin təmin olunmasıdır”.
     
    Yəni, SSRİ dövründə qazanılmış stajın pensiya üçün yenidən hesablanması ilk baxışda maaşların artması demək olsa da, bu addım dövlət büdcəsi üçün çox böyük maliyyə yükü yarada bilər. Həmin illərdə indiki kimi fərdi yığım sistemi olmadığına görə köhnə stajın qarşılığı olan pul hazırda işləyən gənclərin ödənişləri və büdcə vəsaitləri hesabına ödənilməlidir. Bu vəziyyət gələcəkdə pensiya yaşının artırılması və ya sosial sığorta haqlarının çoxalması kimi çətinliklərə yol aça bildiyi üçün ekspertlərr kütləvi artım əvəzinə daha ehtiyatlı və ünvanlı dəstək təklif edirlər. Bir sözlə, bu gün verilən hər artıq manat gələcək nəsillərin üzərinə yeni borc yükü qoya biləcəyi üçün iqtisadi balansın qorunması sosial ədalət qədər vacibdir.

  • Şamaxıda Qəbələ sakininin üzərinə avtomobil aşıb

    Şamaxıda Qəbələ sakininin üzərinə avtomobil aşıb.

    APA-nın Şirvan bürosu xəbər verir ki, hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

    Belə ki, Qəbələ sakini 1982-ci il təvəllüdlü Cəmşid Səlimov avtomobilini təmir edən zaman nəqliyyat vasitəsi onun üzərinə aşıb.

    O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti stabildir.

  • Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə zəng edib

    Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

    Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı dövlətimizin başçısı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib.

    Dövlətimizin başçısı telefon zənginə görə Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür edib.

    Prezident İlham Əliyev İranın BƏƏ-yə raketlərlə və pilotsuz uçuş aparatları ilə hücumlarını bir daha pisləyib və fevralın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə telefon danışığında qeyd etdiyi kimi, ölkəmizin BƏƏ-nin yanında olduğunu vurğulayıb.

    Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

  • İpoteka limitləri saniyələr sonra bitdi?

    Bu gün saat 11-də İpoteka və Kredit Zəmanət Fondu 2026-cı il üçün müvəkkil kredit təşkilatlarına ayırdığı limitləri aktivləşdirib.

    Bununla belə, ipoteka kreditləri üçün müraciətlərin qeydə alınması prosesi cəmi bir neçə saniyə çəkib. Hazırda Fondla əməkdaşlıq edən bütün banklarda ipoteka kreditləşməsi bağlıdır.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb. İpoteka üçün müraciət edənlərin bəziləri sistemdə texniki xətaların olduğunu, müvafiq bölmələri seçdikləri halda, yenidən seçim etmək təklif olunduğunu yazıblar.

    Eyni halla üzləşənlər arasında iqtisadçı ekspert Samir Əliyev də var. O, sistem üzərindən göstərilən texniki xətanın fotosunu paylaşaraq “Kreditləşmə açılandan 10 saniyə ərzində mənə verilən cavab” şərhini verib.

    Digər vətəndaşlardan da eyni vəziyyətlə qarşılaşanlar var. Onlar sistemin kiberdələduzlar üçün açıq olduğunu, bəzilərinin müəyyən proqramlar vasitəsilə avtomatik şəkildə müraciət göndərərək limiti tutduğunu iddia ediblər.

    Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fonduna verdiyimiz sorğuya cavabda isə sabah güzəştli ipoteka üzrə seçimlərin açılacağı xatırladılıb, yekun açıqlamanın da bundan sonra veriləcəyi qeyd edilib.

    Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılıb. Güzəştli ipoteka üzrə seçimlər isə 6 mart saat 11.00-da olacaq.

  • Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

    Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər arasında İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub.

    Nazirlər həmçinin, ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

  • Ərdoğan İlham Əliyevə zəng edib

    Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

    Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.