Month: March 2026

  • İsrail bu şəhəri ələ keçirdi

    İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.

    Bu barədə Livan televiziyası məlumat yayıb.

    “Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, – məlumatda qeyd olunub.

    İsrail ordusundan bildirilib ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı gücləndirilmiş müdafiə mövqeyinin qurulması planının bir hissəsidir.

  • Rolik sürən qız velosiped zolağını qoyub avtomobillərin hərəkətinə mane oldu – Video

    Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində təhlükə yaradan gənc qız lentə alınıb.

    Hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, rolik sürən qız digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. Qulaqlıqla mahnı dinləyən gənc qız yol boyu riskli hərəkətlər edib və arxadan gələn avtomobilin hərəkətini məhdudlaşdırıb. Daha sonra o, sola manevr edərək digər hərəkət zolağına keçib.

    Videodan aydın görünür ki, sözügedən ərazidə velosiped zolağı mövcuddur. Qanunvericiliyə əsasən rolik və digər kiçik nəqliyyat vasitələrinin sürücüləri velosiped zolağından istifadə etməlidirlər. Onların avtomobillər üçün nəzərdə tutulmuş zolaqda hərəkət etmələri qadağandır və inzibati məsuliyyətlə nəticələnə bilər.
    //avtosfer.az

  • Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? – RƏSMİ AÇIQLAMA

    Son günlər sosial şəbəkələrdə saxta yumurta istehsal edilməsi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Bəziləri iddialara edir ki, bu yumurtalar zahiri görnüşünə görə həqiqi yumurtadan seçilmir, hətta onları qaynatmaq, qızartmaq və müxtəlif yeməklərə qatmaq da mümkündür. Bu məhsul toyuq olmadan, yalnız kimyəvi maddələr vasitəsilə hazırlanır və dadı da adi yumurtaya çox bənzəyir. Digərləri isə iddia edir ki, sosial şəbəkələrdə paylaşılan bəzi videolar əslində Çində dekorativ məqsədli məhsulların hazırlanmasını və ya Çin mətbəxinə aid olan “Century egg” (əski yumurta konservi) kimi ənənəvi yeməyin hazırlanma prosesini göstərir. Bu məhsul xüsusi üsulla konservləşdirilmiş yumurtadır və süni yumurta deyil.

    Məsələyə Azərbaycan kontekstində yanaşdıqda isə maraqlıdır, bəs görəsən xaricdən ölkəyə idxal olunan məhsulların yoxlanışı necə həyata keçirilir və saxta yumurtalar insan orqanizmində hansı fəsadlara yol açır?

    Məsələ ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, belə məhsulların insan orqanizminə mənfi təsiri mədə-bağırsaq pozğunluğu, ürəkbulanma, qusma, allergik reaksiyalar, qaraciyər və böyrək funksiyalarının pozulması kimi hallarla müşahidə oluna bilər:

    “Saxta yumurta ilə bağlı iddialar hələ ki, rəsmi şəkildə təsdiqlənməyib. Əgər belə bir fakt təsdiqlənsəydi, bununla bağlı konkret sübutlar, laboratoriya nəticələri və istehsal forması barədə məlumatlar mövcud olardı. Laboratoriya şəraitində müəyyən məhsulun az miqdarda hazırlanması mümkün olsa da, onun kütləvi istehsalı və satışa çıxarılması faktı sübut olunmayıb. Hazırda ölkəmizdə satışda tam sintetik yumurtanın olması təsdiq edilməyib. Qida təhlükəsizliyinə nəzarət edən qurumlar satışda olan yumurtalara daim nəzarət edir və məhsulların etiketlənməsi tələb olunur. Etiketlənmə məhsulun harada istehsal olunduğunu və istehsal tarixini təsdiqləyir. Hər bir yumurtanın üzərində istehsal tarixi qeyd edilir ki, bu da məhsulun mənşəyini müəyyən etməyə imkan verir. Saxta yumurtaların tərkibində süni boyalar, dadlandırıcılar, jelatin və digər sənaye komponentləri ola bilər. Qabıq hissəsi isə adətən kalsium-karbonatdan ibarət olur. Belə məhsullar sənaye üsulu ilə istehsal edilə bilər. Bu maddələrin bəziləri qida sənayesində nəzarətli şəkildə istifadə olunsa da, nəzarətsiz və normadan artıq istifadə edildikdə insan sağlamlığı üçün risk yarada bilər. Xüsusilə uşaqlar və hamilə qadınlar üçün risk daha yüksək ola bilər. Saxta yumurtanı təbii yumurtadan ayırmaq məsələsinə gəldikdə isə, bəzi fərqlər qeyd olunur. Təbii yumurtanı sındırdıqda sarısı şişkin və bütöv formada qalır. Sintetik məhsulda isə bu xüsusiyyət müşahidə olunmaya bilər. Təbii yumurtada kəskin və ya sintetik qoxu olmur. Qaynadıldıqdan sonra sarı və ağ hissə təbii şəkildə ayrılır. Saxta olduğu iddia edilən məhsullarda isə elastiklik və qeyri-adi tekstura müşahidə oluna bilər. Bununla belə, ölkəmizdə saxta yumurta faktı rəsmi olaraq qeydə alınmayıb. Tövsiyə olunur ki, yalnız sertifikatlı və etiketlənmiş məhsullardan istifadə edilsin. Qablaşdırılmasına, istehsal tarixinə diqqət yetirilməli, üzərində çat və ya hər hansı zədə olan yumurtalar alınmamalıdır. Çünki qabıqda çat olduqda məhsul daha tez xarab ola bilər və bu da pis qoxu, eləcə də sağlamlıq problemləri ilə nəticələnə bilər”.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, dünyada saxta ət, düyü, yumurta və digər məhsulların mövcud olduğuna dair müxtəlif məlumatlar yayılır, lakin birmənalı şəkildə qeyd olunmalıdır ki, belə bir məhsul Azərbaycan bazarında yoxdur:

    “Aparılan araşdırmalar zamanı məlum olub ki, toyuğun yemindən asılı olaraq yumurtanın xüsusiyyətləri dəyişə bilər. Məsələn, yumurtanın qabığı soyulduqdan sonra bəzən rezinə bənzər elastiklik müşahidə olunur. Bu da birbaşa olaraq toyuğun qidalanması ilə əlaqədardır. Yəni yumurtanın müəyyən elastikliyə malik olması onun süni olması demək deyil, bu xüsusiyyət toyuğun yemindən asılı olaraq formalaşa bilər. Azərbaycanda süni yumurta faktı qeydə alınmayıb. Ölkəyə idxal edilən bütün qida məhsulları müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır, yoxlanılır və qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin olunur”.

    Qida Təhlükəsizliyi Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Çindən Azərbaycana ərzaqlıq süfrə yumurtaları idxal olunmur.

  • Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi – FOTO – VİDEO

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikovu saxlayıblar.

    Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyən edilib.

    R.Məlikov barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

  • “Ramiz Mehdiyev qanun hazırlamışdı ki, bu halda valideynlər 100 manat cərimələnsin” – Artur Rasizadə

    “Bu, xəyanətdən daha da artıq məsələdir. Çünki belə şey eləməzlər axı. Sənə o qədər böyük hörmət ediblər. Sən necə bunları unuda bilərsən?”

    Median.Az xəbər verir ki, bunu Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə Musavat.com-a ağır dövləti cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı müsahibəsində deyib.

    “Mənim bəzi məsələlərlə bağlı prinispial mövqeyim ondan fərqlənirdi. Birmənalı. Amma dövlətçilik naminə bunu açıq büruzə vermək düzgün deyildi. Çünki dövlət var. Amma mən bəzi məsələlərlə bağlı dəfələrlə tamam ayrı fikrim olub. Misalçün Ramiz Mehdiyev qanun hazırlamışdı ki, tibbi arayış olmadan şagirdlər məktəbə getməsə, valideynlər 100 manat cərimə olunsun. Dedim ayə, siz nə düşünürsünüz, belə şey ola bilər? Belə bir qanun layihəsi hazırlamışdılar. Əgər uşaq səbəbsiz 5 gün məktəbə getmirsə, o zaman valideynlər 100 manat cərimə olmalıdır. Bir misal kimi yadıma düşdü. Belə şeylər çox olub. Şükürlər olsun ki, mən oradan ayrılandan sonra Ramiz Mehdiyev mənə bir dəfə də zəng eləməyib. Yaxşı ki, eləməyib”.

  • Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib

    Dövlət Dəniz və Liman Agentliyi Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzində Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ) sisteminin proqram təminatını müasirləşdirib.

    Bu barədə Agentlikdən məlumat verilib.

    Qeyd edilib ki, məqsəd dəniz təhlükəsizliyinin daha da gücləndirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsidir.

    Yenilənmə nəticəsində sistemin funksionallığı genişləndirilib, məlumatların emal sürəti və dəqiqliyi artırılıb, həmçinin kibertəhlükəsizlik səviyyəsi gücləndirilib. Aparılan texniki təkmilləşdirmələr real vaxt rejimində gəmilərin izlənməsini daha operativ və etibarlı şəkildə həyata keçirməyə imkan verir.

    Proqram təminatı Azərbaycanın qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS-74) tələblərinə, o cümlədən Beynəlxalq Mobil Peyk Təşkilatının (IMSO – International Mobile Satellite Organization) standartlarına tam uyğunlaşdırılıb.

    Sistem Azərbaycan bayrağı altında üzən gəmilərin uzaq məsafədən tanınması və izlənməsinin daha effektiv həyata keçirilməsinə şərait yaradır. Aparılan işlər dənizdə hərəkətin monitorinqi, potensial risklərin vaxtında müəyyən olunması və fövqəladə hallara operativ reaksiya imkanlarını genişləndirir.

    Eyni zamanda, proqram təminatı regional və beynəlxalq məlumat mübadiləsi platformaları ilə inteqrasiyanı daha yaxşı təmin edir, dənizdə axtarış-xilasetmə mərkəzləri, gəmi sahibləri, eləcə də gəminin identifikasiyası və hərəkətinə nəzarət üçün zəruri mövqe məlumatlarına ehtiyac duyan digər aidiyyəti istifadəçilərlə məlumat mübadiləsini həyata keçirir.

  • Qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng tapıldı

    Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan avtomat silahları aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 tapança, 3 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 7 patron darağı və 829 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Kuryer xidməti bahalaşacaq — AÇIQLAMA

    Daxili İşlər Nazirliyi-nin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) moped sürücülərinə müraciət edib. Bildirilib ki, martın 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq. Bu qərar xüsusilə gündəlik qazancını mopeddən çıxaran yüzlərlə insan üçün ciddi dəyişiklik deməkdir. Bəziləri üçün əlavə xərclər və sənədləşmə proseduru çətinlik yarada bilər. Belə olan halda alternativ nəqliyyat vasitələrinə, xüsusilə velosipedə marağın artacağı istisna edilmir.

    Median.Az-ın məlumatına görə, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a bildirib ki, “A1” kateqoriyalı vəsiqə, qeydiyyat və nömrə nişanı tələbi ilkin mərhələdə əlavə xərclər və vaxt itkisi deməkdir:

    “Bu isə xüsusilə gündəlik qazancını mopeddən çıxaran kuryerlər və çatdırılma xidməti göstərən şəxslər üçün qısamüddətli çətinliklər yarada bilər. Əmək bazarına təsir əsasən çatdırılma sektorunda hiss oluna bilər. Sənədləşmə xərclərini qarşılaya bilməyən və ya proseduru keçmək istəməyən bəzi sürücülər bazardan müvəqqəti və ya tamamilə çıxa bilər. Bu da təklifin azalmasına, nəticədə isə xidmət göstərənlərin sayında qısamüddətli azalmaya səbəb ola bilər. Qaydaların sərtləşdirilməsi sektorda daha rəsmi və təhlükəsiz iş mühiti formalaşdıra, uzunmüddətli perspektivdə isə peşəkarlaşmanı artıra bilər”.

    O deyib ki, sözügedən qərarın kuryer qiymətlərinə təsir ehtimalı yüksəkdir:

    “Əlavə xərclər sürücülük vəsiqəsinin alınması, qeydiyyat rüsumları, texniki tələblər xidmətin maya dəyərini artırır. Əgər bazarda kuryer sayı azalarsa, bu da qiymətlərə təzyiq yaradacaq. Qısamüddətli dövrdə çatdırılma qiymətlərində təxminən 5-15 faiz arası artım mümkündür. Artımın dəqiq səviyyəsi bazardakı rəqabətdən, platformaların subsidiyalaşdırma siyasətindən və sürücülərin nə dərəcədə tez uyğunlaşmasından asılı olacaq. Ümumilikdə qərar ilkin mərhələdə qiymət artımı və bazarda daralma yarada bilər, lakin uzunmüddətli perspektivdə daha nizamlı və təhlükəsiz nəqliyyat mühiti formalaşdırmaq potensialına malikdir”.

  • Dayanmadan qar yağacaq, 10 dərəcə şaxta olacaq – Sabahın havası

    Martın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək?

    Son günlər ABŞ-İSrail qüvvələrinin İrana hücumu nəticəsində dünya gündəminin Yaxın Şərqə, məhz Azərbayanın cənubuna yönəlməsi bir sıra təsirlərlə özünü göstərir. Beynəlxalq dairələrdə hadisələrin İranın istəkləri üzrə cərəyan etməsi nəticəsində müharibənin öz ərazisindən ətrafa səpələnməsi baş verə bilər. Bu isə regionda təkcə geosiyası yox, həm də iqtisadi sabitliyin də çökməsinə gətirib çıxaracaq.

    Bu gün Azərbaycan nefti dünya birjaında 86 dollara təklif olunur və 2026-cı il üçün ən yüksək məbləğdir. Cəmiyyəti narahat edən məsələ isə ölkə neftinin qiymətinin hansı həddə qalxacağı, digər tərəfdən isə bu artımın nə qədər müddət davam edəcəyidir.

    Mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Avtosfer.az-a açıqlmasında bildirib ki, neftin qiymətinin artımı istənilən halda Azərbaycan üçün xeyirlidir.

    “Nəyə görə? Çünki Azərbaycan iqtisadiyyatı üçün bir nümrəli ixrac məhsulu məhz xam neftdir. Ondan sonra təbi qaz, sonra artıq neft məhsullarıdır. Bu baxımdan da onun qiymətinin artımı əlavə gəlirlər deməkdir. Əlavə gəlirlər o deməkdir ki, Azərbaycan iqtisadiyyatı proqnozdan daha çox gəlir əldə edə bilər.

    Ancaq bu indiki zaman kəsiyindədir. Yanvar ayında “Brent” markalı neftin orta qiyməti 64 dollardan da ucuz olub. Yəni, hesab edək ki, Azərbaycan nefti de 64-dən bir qədər baha olsun. Bu, cari il üçün dövlət büdcəsindəki qiymətdən aşağıdır. Bəli, fevral ayında haradasa 65-70 dollar arasında qiymətlər dəyişdi. İndi martın əvvəlindən orta qiymət artıq 75-80 dollar arasındadır.

    Nə qədər davam edəcək bu qiymət artımı? Bu, müharibədən asılıdır. Ona görə də real olaraq iqtisadiyyatımıza verdiyi töhvəni biz rübün yekunları ilə açıqlanan qiymətdən biləcəyik. Bunu Maliyyə Nazirliyi istəsə, açıqlayacaq.

    Ancaq rübdə bir dəfə Azərbaycan Mərkəzi Bankı tədiyyə balansında bu gəlirləri göstərir. Ancaq bunu da maydan tez bilmək mümkün deyil”.