Month: March 2026

  • Azərbaycanın sərhədləri bağlı saxlaması – uzaqgörən siyasətin göstəricisidir

    “Dünyanın müxtəlif regionlarında müharibələr gedir, münaqişələr aktiv fazaya daxil olur. Beynəlxalq münasibətlər sistemində dövlətlər öz yerini müəyyənləşdirmək, qurulacaq yeni nizamda söz sahibi olmaq, habelə resursların bölüşdürülməsi məsələsində uduzmamaq üçün var gücləri ilə çalışırlar”.

    Bunu BAKU.WS-ə Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

    Onun sözlərinə görə, belə olan məqamda regional əməkdaşlıqlar, konsolidasiya demək olar ki, beynəlxalq əməkdaşlıqların fövqündə dayanır:

    “Çünki uzaqgörən Azərbaycan Liderinin də bildirdiyi kimi hər bir ölkə sərhədləri boyu təhlükəsizlik haqqında ciddi düşünməlidir.

    Enerji resurslarına duyulan ehtiyac son dərəcə kritik mərhələyə çatıb. Bu istiqamətdə Azərbaycanın uğurunu təmin edən məsələlərdən biri ondan ibarətdir ki, adıkeçən resursu təzyiq müstəvisinə keçirtmir. Habelə, toqquşan, uzlaşmaz və barışmaz maraqların, rəqabətin mərkəzində balanslı, neytral mövqədə durmağı bacarır. Lakin bu, o demək deyil ki, Azərbaycanın konkret mövqeyi yoxdur, qətiyyət göstərmir.

    Azərbaycan son dərəcə qətiyyətli siyasət yürüdür. Sözün konkret və məcazisi mənasında sərhədlərin harada başlayıb, harada bitdiyini düzgün müəyyənləşdirə bilir. Diplomatik kanalları heç zaman bağlamır, uzlaşmanın zəruri olduğunu göz önündə saxlayır. Diplomatiya da məhz budur.

    Elə bu məqamda demək yerinə düşür ki, sərhədlər bağlanarkən də Azərbaycan dövlətini son dərəcə kəskin şəkildə tənqid edən tərəflər var idi. Sərhədlərin bağlı saxlanılması ilə bağlı uyğunsuz fikirlərin, hətta ittihamların da şahidi idik. Bu gün özümüzdən həm Şimalda, həm də Cənubda gedən müharibə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyev heç bir qərarı əsassız almır. Alınan hər bir qərarın arxasında məntiqli yanaşma, konkret məqsəd və səbəb-nəticə əlaqəsi dayanır. Bu baxımdan dövlət başçımız hər zaman bildirir ki, sərhədlər boyu təhlükəsizlik əsas amillərdən biridir”.

    Şəbnəm Həsənova əlabə edib ki, daxildə heç bir risk yoxdur. Bütün potensial risklər xaricdəndir ki, Azərbaycan lideri bu riskləri dəf etməyi bacarır, təhlükəsizliyi daxili olduğu qədər, xarici amil kimi zəruri bilir, bu cür də formalaşdırır:

    “Məhz bunun nəticəsidir ki, Astara sərhədindən bu günə qədər Azərbaycana təhlükəsiz şəraitdə keçən müxtəlif dövlətlərin vətəndaşları tərəfindən təşəkkür ifadə olunur.

    Azərbaycan barış, anlaşma, uzlaşma, etimad körpüsüdür. Ən ali səviyyələrdə Azərbaycana minnətdarlıq dilə gətirilir. Şübhəsiz ki, bu, dövlət başçımızın hər zaman olduğu kimi yürüdüyü siyasətin, əsas və mahiyyəti etibarilə yürüdülən bu siyasətdə Azərbaycan vətəndaşlarını düşünməyin nəticəsidir. Habelə, Azərbaycan etimad göstəriləcək, söykəniləcək tərəf olduğunu bir daha sübut edir”.

  • 5-ci mərtəbədən yıxılan qız ağır xəsarət aldı

    Bu gün Mingəçevirdə bədbəxt hadisə baş verib.

    “Qafqazinfo” xəbər verir ki, şəhər sakini 19 yaşlı Nailə Əkbərova yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

    Ağır xəsarət alan qız Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Sözügedən tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan qıza ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanaxma diaqnozu qoyulub: “Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır”.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Quba yolunda 2 yük maşını toqquşdu, sürücü yaralandı – Video

    Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1977-ci il təvəllüdlü Abbasov Babək Şükür oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • 100-dək kişiyə ödənişli atalıq məzuniyyəti verildi

    Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

    Artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

    Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.

    İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib

  • Qatarların qrafiki dəyişir – Qadınlar Gününə görə

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart – Beynəlxalq Qadınlar Gününü ilə bağlı qatarların hərəkət cədvəlində dəyişiklik edəcək.

    Bununla bağlı ADY məlumat yayıb.

    Bildirilib ki, 8 martın bazar gününə düşməsi ilə əlaqədar 9 mart qeyri-iş günü kimi təsdiqləndiyi üçün 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər.

  • Sabunçuda göl gecə ilə qanunsuz qurudulur – Video

    Sabunçu rayonunun Maştağa qəsəbəsi, “Sovxoz Ramana” ərazisində yerləşən gölün qanunsuz doldurulması faktı araşdırılıb.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

    Bildirilib ki, gölün doldurulması faktı Xidmətin və DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılıb. Araşdırma çərçivəsində Maştağa qəsəbəsi, 1K ünvanında yerləşən sututara baxış keçirilib. Müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.

    Qeyd edək ki, sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji baxımdan həssas zonadır. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

    Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

  • Cərimələndiyinizə dair bu SMS-lərə inanmayın!

    Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

    Müraciətdə deyilir:

    “Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.

    Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

    Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.

    Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır”.

  • “Alimentlə bağlı icraatda olan işlərin sayı son 5 ildə 10 minədək artıb” – Nazir müavini

    “Alimentlə bağlı icraatda olan işlərin sayı ciddi şəkildə artıb və bu işlərin sayı son 5 il ərzində 10 minədək artıb”.

    Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib:

    “2025-ci ildə icraatda 141 min aliment işi olub. Bununla belə aliment işlərinin icra edilməmə halları aşağı faiz təşkil edir. Aliment işlərinin icrasında yaranan çətinliklər bəzən müəyyən vəsaitlərin olmaması, iş yerlərinin olmaması ilə bağlıdır, şəxslərin yaşayış yerlərini, iş yerlərini tez-tez dəyişməsi ilə bağlı olur”.-deyə nazir müavini qeyd edib

  • Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı

    Keçən il Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb.

    Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib:

    “2025-ci ildə 11 558 nikahdankənar uşaq doğulub”.

    Nazir müavini bildirib ki, 2022-ci ildə bu rəqəm 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə isə 13 228 olub:

    “Bu azalma dövlət orqanlarının birgə fəaliyyəti və məktəblərdə, təhsil müəssisələrində profilaktik tədbirlərin nəticəsi kimi qiymətləndirilir”.

  • “Xəstə uşağım var” deyə dələduzluq edən keçmiş direktora hökm oxundu

    Sumqayıt şəhərində fəaliyyət göstərən “Edinaya Roşka” və “Kolobok” uşaq bağçalarında direktor vəzifəsində işləmiş Zərinə Səfixanovanın məhkəməsi başa çatıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə), 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Zərinə Səfixanovaya 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, Zərinə Səfixanova müxtəlif vədlərlə 11 nəfər qarşı dələduzluq edib. O, əsasən “xəstə uşağım var” iddiası ilə vətəndaşlardan pul alıb qısa müddətdə qaytaracağını desə də, vədinə əməl etməyib.

    Bir neçə il əvvəl mediada gedən məlumatlarda isə bildirilir ki, Zərinə Səfixanova yaxın tanışı Şahmar Abdullayevlə ilə birgə 50-yə yaxın vətəndaşa qarşı dələduzluq edib. “Bu adamlar dələduzluq yolu ilə biz vətəndaşlara məxsus külli miqdarda pulları mənimsəyiblər. Onlar öz cinayət əməllərini biz vətəndaşlardan kurs keçmək adı ilə, saxta mədaxil qəbzi əsasında pullar almaqla və kursdan sonra saxta sertifikatlar verməklə aldadaraq işlə təmin etmək adı ilə əvvəlcədən hazırladıqları plan əsasında həyata keçiriblər. Bundan əlavə, vətəndaş Zərinə Səfıxanova həyat yoldaşı adlandırdığı, mərkəzin direktoru Şahmar Abdullayevlə birgə faktiki olmayan uşaqlarının xəstəlik və sair bəhanələri adı altında öz əməkdaşları olan, biz zərərçəkmişləri aldadaraq etibarımızdan sui-istifadə etməklə, qısa müddətdə qaytaracaqları adı ilə külli miqdarda pullarımızı alaraq dələduzluq yolu ilə mənimsəyiblər”, – deyə dələduzluğa məruz qalmış vətəndaşlar həmin vaxt bildiriblər.